» » "ORDU DÖVLƏTİN QARANTIDIR"-ÖTƏRXAN ELTAC

"ORDU DÖVLƏTİN QARANTIDIR"-ÖTƏRXAN ELTAC

Bölmə: Köşə
"ORDU DÖVLƏTİN QARANTIDIR"-ÖTƏRXAN  ELTAC



26 iyun – ORDU DÖVLƏTİN QARANTIDIR
Cəmiyyətin inkişafında, milli tərəqqi yolunda tarixi şəxsiyyətlərin rolu hər zaman yüksək qiymətləndirilib. Ayrı-ayrı xalqların yüksəlişində, dövlətlərin möhkəmlənməsində liderlərin mövqeyi əsas amillərdən biri kimi təsdiqlənib.
Elmə, təhsilə, mədəniyyətə, o cümlədən orduya qiymət verən xalqlar və dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini, ordu quruculuğunu təmin edir, həm də cəmiyyətə böyük töhfələr verirlər.


Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev məhz belə xoşbəxt taleli dahi şəxsiyyətlərdəndir.
Bu gün sürətlə dünyaya inteqrasiya edən müasir Azərbaycan dövlətinin, bütün istiqamətlərdə həyata keçirilən uğurlu islahatların təməli, müasir ordu quruculuğu, məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyri-adi siyasi gücə, iradi qüvvəyə, yüksək sərkərdəlik məharətinə və insani keyfiyyətlərə malik bu böyük şəxsiyyətin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ, həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi qavranılır. Bu mənada Heydər Əliyev milli ordunun və hərbi məktəblərin daha müasir səviyyədə yaradılması istiqamətlərini dəqiq müəyyənləşdirdi. Hakimiyyətə gəlişinin ilk günündən pərən-pərən düşmüş əsgərlərin nizami orduya çevrilməsini ön plana çəkdi, Ölkənin müdafiə gücünün əsas istiqaməti kimi, bu işin uğurla həyata keçirilməsi üçün hər cür şərait yaratdı.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
O vaxtdan xeyli keçib. İndi də ordumuz var – yenilməz, məğlubedilməz bir ordu...
Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun – Silahlı qüvvələr günü elan edilib və hər il xalqımız həmin günü təntənəli şəkildə bayram edir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi, müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.
Ordu - ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət müstəqilliyinə 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordu yox idi. Amma oldu. Bu dönüş ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra baş verdi. Başlanğıcını 1993-cü il noyabrın 2-dən - ulu Öndərin xalqa müraciətindən götürən və tarixə Heydər Əliyevin ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək, çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər.
Heydər Əliyevin 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xitabən dediyi "Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcək. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır" sözlərini unutmayan, ulu öndərin bu xeyir-duasından ruhlanan zabitlərimiz, gizirlərimiz, çavuşlamız və əsgərlərimiz o dövrdə sinələrini yağı gülləsinin qarşısına verməklə, əldə qumbara düşmən tankının altına atılmaqla əsil qəhrəmanlıq göstərdilər.
1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlanıldı. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırışla, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı özünə şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hazırlandı. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.
Məhz Ali Baş Komandan Heydər Əliyevin yüksək və peşəkar sərkərdəlik məharəti sayəsində Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Məlumdur ki, döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib və tarixi əhəmiyyətli bir mərhələdir.
Ali Baş Komandan Heydər Əliyevin təşəbbüsü və Türkiyə ilə imzalanmış protokola əsasən 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. O gündən burada dünya təlim-təhsil sisteminə uyğun şəkildə hərb elminin tədris olunmasına başlanılıb. Hazırda bu məktəb ümummilli Liderin adını daşıyır.
2001-ci ildən bu məktəb Azərbaycan Ordusunu müasir standartlara uyğun yeni hərbi proqram əsasında hazırlanmış zabitlərlə təmin edir. Bundan əlavə, Silahlı Qüvvələrimizin strukturuna daxil olan müxtəlif qoşun növlərini peşəkar hərbi kadrlarla təmin etmək üçün Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Hərbi tibb fakültəsi də yaradılıb. Bu hərbi təhsil müəssisələri ordumuza ehtiyac duyulan bütün hərbi mütəxəssisləri hazırlamaq imkanına malikdir.
Hərbi təhsildən danışanda yada düşən məktəblərdən biri də əsası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə qoyulmuş Cəmşid Naxçıvanski adına hərbi liseydir. Bu məktəbin yaradılması ilə Azərbaycanın hərbi təhsil tarixində yeni bir səhifə açıldı. Bu məktəbin o zaman təsis edilməsi respublikamızda milli zabit kadrları hazırlığının yüksəlməsinə, azərbaycanlıların hərb peşəsinə marağının artmasına təkan verdi. Hazırda liseyin məzunları arasında yetişən onlarla yüksək rütbəli zabit respublikamızın Silahlı Qüvvələrində, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, milli təhlükəsizlik orqanlarında vətənə xidmət edirlər.
Sovetlər dönəmində hərbi təhsil alan azərbaycanlıların sayı çox az idi. Amma Heydər Əliyevin sayəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin açılmasından sonra o vaxt Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olan azərbaycanlıların sayı artdı. Bu da özünü nəticə etibarilə Sovet Ordusunda xidmət edən azərbaycanlılardan ibarət peşəkar kadrların sayının artmasında göstərdi.
Bu gün məhz həmin məktəbin yetirmələridir ki, ən yüksək və ali rütbələrlə müxtəlif yerlərdə xidmət edirlər.
Nə qədər güclü, dəqiq, dağıdıcı silah olsa da, heç şübhə yoxdur ki, o, insan beynin məhsuludur, onun iradəsi ilə hərəkətə gəlir. Deməli, orduda birinci insan amili – kadr böyük rol oynayır. Kadr hazırlığı hər zaman ordumuzun qarşısında duran ən vacib məsələlərdən biridir. Ümummilli lider Heydər Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, ordunun əsas sütunlarından biri onun zabitləridir. Müstəqilliyimizin ilk illərində ordu quruculuğunda meydana çıxan boşluqların əsas səbəblərindən biri, məhz peşəkar zabit kadrlarının çatışmaması idi.
Ali Baş Komandan Heydər Əliyev elə bir məqamda qəti qərar verdi ki, ölkənin taleyi bir nazik teldən asılı qalmışdı. Ordu yaradılmalı idi. Bu ordunun məktəbi və bu məktəbin hazırladığı yüksək səviyyəli peşəkar kadrları olmalı idi. Oldu da... Heydər Əliyev ölkənin xarici siyasətinə, iqtisadi durumunun yaxşılaşdırılmasına nə qədər vaxt ayırdısa, ondan dəfələrlə artıq ordu quruculuğuna diqqət yetirdi. O, bu istiqamətdə qarşıya qoyduğu bütün məqsədlərinə tezliklə nail oldu. Vahid komandanlığa əsaslanan Azərbaycan ordusu formalaşdırdı. İndi hansı hərbi hissədə oluruq, orda görüb, şahidi olduğumuz ab-hava, yüksək səviyyədə yaradılmış şərait, xidmət istər-istəməz sabaha qələbə ümidimizi daha da artırır.
Görəsən, o zaman bu tikanlı yolları qeyri-hərbi və təhlükəsizlik siyasətindən keçməyən birisi keçə bilərdimi? – Əsla! Heydər Əliyevin bu uzaqgörənliyi, yalnız azərbaycanlıların milli tərkibdə üstünlüyünün tədricən təmin olunması demək deyildi. Bu, həm də hərb peşəsinə vurğunluğun, soy kökümüzdən gələn bir hünər idi.
Ordu quruculuğu ilə bərabər Azərbaycanın hərbi sahədə beynəlxalq əməkdaşlığının da əsası qoyuldu. Hərbi quruculuq strategiyası həm də beynəlxalq hərbi əməkdaşlıq səviyyəsində müşayiət olunurdu. 1994-cü ildən Azərbaycan keçmiş hərbi təcrübəni saxlayaraq, hərb elminin müsbət dəyərlərini qorumaqla, qabaqcıl dünya məktəbinə yaxınlaşmaq, daha geniş məkana transformasiya olunmaq imkanlarına nail oldu. Cəbhədə qızğın döyüşlərin getdiyi bir vaxtda – 1994-cü ilin yanvarında ölkəmiz NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına imza atdı. Bu Proqrama qoşulmağın ən böyük anlamı, hər şeydən öncə Azərbaycanın strateji seçimi idi.
2000-ci ildən sonra Azərbaycan – NATO münasibətləri yeni mərhələyə qədəm qoydu. Bu da sözsüz ki, ali baş komandan, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin ümumbəşəri bəhrəsi idi.
Əsil sərkərdə, dövlət başçısı idi Heydər Əliyev. Tarix belə şəxsiyyətləri yüz ildə, min ildə bir kərə yaradır, özü də tək. O, gecə-gündüz işləyirdi. Yorulmadan, “yoruldum” demədən çalışırdı. Dünyaya bunun üçün gəlmişdi. Azərbaycanın əbədi varlığının, sarsılmazlıq, yenilməzlik xəritəsinin konturlarını cızırdı. Özündən sonra “Əbədi kitab” yazıb qoydu. Elə bir kitab ki, hər birimizin stolüstü dərsliyidir. Vətənə sadiq vətənpərvər kimi doğulmağın sirri bu dərslikdə yazılıb. Kitabın əsli isə bu gün onun siyasi kursunun davamçısı olan, Respublikanın Ali Baş Komandanı İlham Əliyevdədir.
Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdir: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülüb. Ölkəmizdə güclü ordu yaradılıb və bu proses davam edəcək. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaq. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcək".
Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Ali Baş Komandanımızın öz vədinə sadiq olduğunu təsdiq edir. Onun xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksələrək, maddi-texniki bazası möhkəmləndirilib. O cümlədən, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb və bu proses davam etdirilir. Bütün bu məsələləri daim diqqətdə saxlayan Prezident İlham Əliyev ordumuzun daha da güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoyub.
Qeyd edək ki, müdafiə məqsədləri üçün ayrılan vəsaitin miqdarı ilbəil artırılır. Bu vəsait hesabına Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar, təyyarələr alınır, ən müasir silah-sursat ordunun arsenalına daxil edilir. Bu vəsaitin artımı, həm də hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, maaşlarının artırılması, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması deməkdir. Bu gün qarşıda duran əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyanın orduya cəlb edilməsidir.
Azərbaycanın NATO ilə uğurlu əməkdaşlığı da Azərbaycan Ordusunun modernləşməsində mühüm əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan hərbçiləri NATO-nun hərbi təlimlərində, sülhyaratma əməliyyatlarında, seminarlarında fəal iştirak edərək, ən müasir hərbi təcrübələri mənimsəyiblər. 2004-cü ildə isə Azərbaycanın NATO-nun "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı"na qoşulması barədə razılıq əldə olunub. Bu sənəd Azərbaycanla NATO arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir. NATO ilə Azərbaycan arasında olan əməkdaşlığa əsasən bu gün ölkəmizin Silahlı Qüvvələrinin müasir standartlara uyğunlaşdırılması istiqamətində islahatlar uğurla həyata keçirilir. Həmçinin hərbçi kadrların yetişdirilməsində NATO standartları artıq neçə ildir ki, əsas götürülür. Ölkəmizdə dəfələrlə səfərdə olan NATO rəsmiləri Silahlı Qüvvələrdə aparılan islahatlardan razılıqlarını ifadə ediblər. Bu baxımdan ordumuzun güclənməsi ölkəmizin üstünlüyünü artırır. Prezidentin qeyd etdiyi kimi: “Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcək. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe barədə dəfələrlə rəsmi bəyanatlar da verilib. Mən də öz çıxışlarımda bəyan etmişəm - Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu başlıca şərtdir. Bunun kənarında heç bir razılaşma, heç bir saziş mümkün deyil. İşğalçı qüvvələr zəbt olunmuş torpaqlardan çıxmalıdır".
Dediklərimiz və deyəcəklərimizdir bu böyük sərkərdənin - Heydər Əliyevin bizim üçün qurub yaratdıqları. Hər birimiz bu məktəbin müdavimləri, gecə-gündüz səngərdə keşik çəkən əsgər və zabitləriyik. Elə bu yol da bizi qələbəyə doğru aparacaq. Başqa cür ola da bilməz.

ÖTƏRXAN ELTAC

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler