» » Amerikanın təhlükəli Qarabağ ssenarisi

Amerikanın təhlükəli Qarabağ ssenarisi

Bölmə: Siyasət
Amerikanın təhlükəli Qarabağ ssenarisi
Vaşinqton son vaxtlar xeyli dərəcədə “sözəbaxmaz və müstəqil” olan Türkiyəyə yerini göstərməyin, eyni zamanda Ermənistanı Rusiya orbitindən çıxarmağın yollarını arayır, bəs Azərbaycan?...
Türkiyə-ABŞ münasibətləri öz tarixində ən soyuq bir dönəmi yaşayır. İndi bunu təkcə Amerika mətbuatında son zamanlar Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan barədə gedən neqativ yazılardan yox, dövlət katibi Con Kerrinin bəzi açıqlamalarından da sezmək olar.

Vaşinqton Ankaradan inciklidir - burası dəqiqdir. Bu incikliyi Türkiyənin anti-İŞİD koalisiyasına qoşulmaması daha gücləndirib. Kerrinin münasibətləri qaydaya salmaq üçün ötən həftə Ankaraya etdiyi səfər də bu yöndə faydalı olmadı, Türkiyə öz mövqeyində qaldı. Belə görünür, 49 türk diplomatının girovluqdan azad olunmasından sonra da Ərdoğan iqtidarı İŞİD-lə mübarizədə Ağ Evin yanında yer almağa hazırlaşmır. İndi o da aydın olur ki, NATO-nun Uels sammiti çərçivəsində Obama ilə Ərdoğan arasında saat yarımlıq görüşün əsas mövzusu nə olub?



Dünənədək mühüm strateji tərəfdaşlar olmuş iki ölkə arasında soyuqluğun bu həddə çatması təbii ki, bir günün işi deyil. Başlıca amil 12 ildir hakimiyyətdə olan Ərdoğan iqtidarının ildən-ilə Amerikadan, Qərbdən, o cümlədən min bəhanə ilə Türkiyənin Avropa Birliyinə üzvlüyünü əngəlləyən Avropadan daha müstəqil siyasət yürütməsi ilə bağlıdır.
Belə müstəqil siyasətin tarixçəsi Qərbin İraqa müdaxiləsi zamanı Türkiyənin tutduğu mövqeyə, ardınca - 2010-cu ildə imzalanmış “Sürix protokolları”nın Ankaranın hesabına fiasko olmasına gedib çıxır - o zaman Türkiyə sərhədlərin açılmasını Qarabağ və işğal məsələsində ciddi irəliləyiş şərti ilə əlaqələndirərək Obama hökumətinin “Böyük Güney Qafqaz” projesinin reallaşmasına əngəl olmuşdu, ABŞ isə Ermənistan-Türkiyə sərhədlərinin qeyd-şərtsiz açılmasını, bununla da işğalçı ölkəni Rusiyanın ağuşundan qoparılmasına ümid edirdi. Sonrakı illər isə ərəb-İsrail münaqişəsində, Misir məsələsində Ankaranın açıq-aşkar anti-Qərb, anti-ABŞ mövqe sərgiləməsi ilə yadda qaldı. İndi İŞİD məsələsi.



Başqa bir versiyaya görə, son illər ərzində Türkiyə iqtisadiyyatının əhəmiyyətli şəkildə qabağa getməsi nəticəsində özünün müasir hərbi texnika və silahlar istehsalına başlaması, bu silahların Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana da verməyə başlaması okeanın o tayında qıcıq yaradır. Nəhayət, ilk dəfə olaraq Azərbaycanla Türkiyənin həmin silahlardan istifadə olunmaqla geniş miqyaslı birgə hərbi təlimlər keçirməsi (hələ başa çatmayıb) də Rusiya ilə yanaşı, bölgədə böyük energetik maraqları olan Qərb dairələrini də narahat edə bilərdi. Fakt budur ki, heç vaxt olmadığı qədər artıq güclü bir Türkiyə-Azərbaycan siyasi-hərbi tandemi yaranıb. Ankaranın müstəqilliyini birə-iki artıran, gücünə güc qatan bu faktor belə görünür, heç də Qərbin ürəyincə deyil.

Maraqlı situasiyadır, deyilmi? Belə çıxır ki, Ankaranın daha da güclənərək bölgədə müstəqil siyasət yürüməsini arzulamayan tək Moskva deyilmiş. Bəzi analitiklərə görə, Türkiyənin regionda “ifrat müstəqil siyasət yürütməsi” və özünü daha sərbəst regional oyunçu kimi aparmasını ABŞ uzun müddət həzm edə bilməyəcək və Ankaraya qarşı müəyyən kontur-planlar cızacaq. Bu, PKK, kürd məsələsi də ola bilər, erməni və ya Qarabağ məsələsi də. Yəni Vaşinqtonun Ankaranın məhz “ən zəif yerləri”ndən basacağı ehtimal edilir...

* * * * *
Bu xüsusda Rusiyadakı Strateji Təhqiqatlar İnstitutunun direktoru Andrey İvanov vesti.az-a açıqlaması da maraq doğurur. Qərbin Dağlıq Qarabağ nizamlanmasında fəallaşmasından yaxşı heç nə gözləmədiyini deyən politoloq hesab edir ki, Vaşinqtonu Qarabağ məsələsinin ədalətli həlli heç vaxt düşündürməyib. Onun qənaətincə, Qarabağ fəallaşması sırf Amerika maraqları ilə bağlı olacaq.



“Amerikaya sərfəli olan mümkün ssenarilərdən biri isə budur: Türkiyəyə anlatmağın zamanı çatıb ki, o, yalnız Amerikanın orbitində ola bilər. Son zamanlar isə Ərdoğan kifayət qədər müstəqil siyasət aparır, halbuki Türkiyənin öncəki bütün rəhbərləri Qərb standartlarına sadiqliklərini sübut eləmək üçün az qala ABŞ qarşısında oynamağa belə hazır idilər. Bundan ötrü ən əlverişlisi, Ermənistanla Türkiyəni bir-birinə qarşı qaldırmaq və bu yolla həm Türkiyəni, həm də Rusiyanın KTMT üzrə müttəfiqini zəiflətməkdir. Dağlıq Qarabağ bu halda Azərbaycan və Ermənistan üçün hansısa ”aldadıcı yem" olacaq. Yəni ki, kömək edəcəyik, müstəqilliyi tanıyacağıq və s. Ancaq belə “kömək”dən yaxşı heç nə gözləməyə dəymir. Onun yeganə nəticəsi qanlı müharibə olacaq..."

* * * * *

Bu, əlbəttə ki, rus analitikin subyektiv fikirləridir. Ancaq onu mövcud reallıqlar fonunda tam iqnor eləmək də mümkün deyil. Yeri gəlmişkən, avqustun sonlarında Qarabağ münaqişəsi zonasında qəfildən atəşkəsin genişmiqyaslı pozulmasında Amerikanın da “əl izi” olduğu bildirilirdi. İddia edilirdi ki, bununla Ağ Ev həm də Ermənistanda daxili məxməri inqilaba rəvac verib qərbyönlü qüvvələrin hakimiyyətə gəlişini təmin eləmək, yekun etibarilə bu ölkəni Rusiyanın orbitindən çıxarmaq istəyir.
musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler