» » “Rusiya Amerikaya işləyir”

“Rusiya Amerikaya işləyir”

Bölmə: Siyasət
“Rusiya Amerikaya işləyir”
Vəfa Quluzadə: “Putin Ukrayna böhranından salamat çıxsa, onda Qazaxıstana da, bizə də, Baltik respublikaları və Polşaya da hücum edəcək...”
NATO-nun Uels sammitinin yekunlarını şərh etməyi sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadədən xahiş elədik. Fürsətkən “Baxış bucağı” rubrikasında ona günün başqa aktual suallarını da ünvanladıq. Müsahibəni təqdim edirik.


- NATO-nun Rusiya ilə bağlı ciddi və prinsipial qərar verəcəyi gözlənildiyi halda, yenə də ehtiyatlı davranış müşahidə olundu. Bu, bir görüntü ola bilər, yoxsa Gürcüstanla bağlı aldadıcı mövqedə dayandıqları kimi Ukraynaya münasibət də eyni olacaq?

- Mən elə düşünmürəm. Ukrayna məsələsində Qərb olduqca ciddidir. Lakin Qərb özünü ağır aparır. Qərb Rusiya ilə müharibə edib onu darmadağın etmək istəmir. Qərbin buna tam imkanları var. Rusiya Ukrayna hadisələrinə qədər Qərbi tamamilə təmin edib. Yəni bu, çox böyük imperiya, dünyanın beşdə biridir. Burada qaz, neft, bütün enerji daşıyıcıları, metallar, meşələr, nələr-nələr hər şey var. Qərb də öz ekologiyalarını korlamadan Rusiyadan ürəkləri nə istəyirdisə, idxal edirdilər. Onlar arzu edirdilər ki, bu, davam etsin, Qərbin komfort həyatı korlanmasın. Qərb sanksiyaları tətbiq edir. Lakin sanksiyaların ciddi tətbiq edilməsi Qərbin özünün də komfort həyatına bir balaca təsir edəcək, onlar bunu da istəmirlər. Amma eyni zamanda onlar Rusiyaya Ukraynada qələbə çalmaq imkanı verməyəcəklər. Obama bəyanat vermişdi ki, kim istəyirsə, NATO-nun qapıları onun üzünə açıqdır. Yəni Ukrayna, Gürcüstan da NATO-ya daxil olacaq, Rusiya bu qurumun genişlənməsi ilə barışacaq. Ona görə ki, bu ölkələr NATO-ya Rusiyadan qorxaraq gedir. Əgər Rusiyanın təsiri olmasa, onda bu ölkələr NATO-ya getməzlər. Mənə elə gəlir ki, bir təhlükə kimi Rusiya Amerikaya, Qərbə lazımdır. Çünki bu təhlükə NATO-nu genişləndirir və dünyanın başqa ölkələrini Avropa və Amerika ilə əməkdaşlığa sövq edir.

- Deməli, bu kimi münaqişə ocaqları Rusiya ilə bərabər Qərbə də lazımdır?

- İndi zarafatla deyə bilərik ki, Rusiya Amerikaya işləyir. Çünki Amerikanın planları həyata keçdi. Birincisi, Putin bu 15 ildə Avropa ilə çox geniş iqtisadi əlaqələr yaratdı. Yəni Rusiya nə qədər Avropa pulundan asılıdırsa, Avropa da bir o qədər Rusiyanın xammalından asılıdır. Putinin siyasəti belə idi ki, Avropa Rusiya ilə olmalıdır, Amerika ilə yox. Amerikanın və Avropanın maraqları fərqlidir. Lakin Ukraynaya hücum etməklə Rusiya Avropanı qorxutdu. Avropa başa düşdü ki, Amerika onlara olduqca lazımdır. Ona görə ki, Amerikasız Avropa Rusiyanın qabağında dayana bilməyəcək. Çünki Rusiya Ukraynanı işğal edən kimi Avropanı da işğal edə bilər. Tarixdə çox qəribə məsələlər var, dünya təbliğatı indi bunun üstünü malalayıb. Elə bil ki, tarix təkrar olunur. Hitler hakimiyyətə gələndə hamı onu təlxək sayıb gülürdü. Putin də hakimiyyətə gələndə hamı ona gülürdü. Hesab olunurdu ki, o boyda imperiyanın başına balacaboy birinin gəlməsi gülməlidir. Onlar Putini ciddiyyətə almırdılar. Amma baxın, görün, Putin 15 ildə imperiyanın silahlı qüvvələrini islah etdi, gücləndirdi, ölkə isə çarların vəziyyətindəki kimi bərbad qaldı.

- Putinin nüvə təhdidi və 3-cü dünya müharibəsi ilə hədələməsi nə qədər ciddiyyətə alınmalıdır?

- Bu, real deyil. Putin 3-cü dünya müharibəsinə gedən deyil, çünki bu, darmadağın olmaqdır. Müharibəyə o vaxt gedilir ki, uduşa bir ümid olsun. Əks təqdirdə Putin nə cür dünya müharibəsinə başlaya bilər?

“Azərbaycan müharibə vəziyyətində ola-ola NATO-ya necə daxil ola bilər?”


- Rusiyanın sanksiyalarla dayandırılması nə dərəcədə effektli təsir vasitəsi sayıla bilər? Fakt budur ki, İrana qarşı sanksiya tətbiqi vəziyyətə köklü təsir etmədi. Belə olan təqdirdə Putin sanksiyalardan dərs götürəcəkmi?

- Mən hesab edirəm ki, İrana qarşı sanksiyalar özünü doğrultdu. Bu sanksiyaların nəticəsində İran Amerika ilə müttəfiq olub və İŞİD-ə qarşı mübarizə aparır. Ona görə də sanksiyaların İrana böyük təsiri olub. İran nüvə silahı proqramlarından imtina edib. Yəni Qərb güc tətbiq etmədən istədiyinə nail olub. Rusiyaya gəldikdə isə, unutmayaq ki, İran Rusiyadan qat-qat toparlı dövlətdir. Ona görə də İranla Rusiyanı müqayisə etmək olmaz. Moskva televiziyasından Sobyanin ağzı sulu danışırdı ki, “darıxmayın, Azərbaycandan, Türkiyədən ərzaq məhsulları, meyvə-tərəvəz gələcək”. Yəni Rusiya öz-özünü təmin edə bilməyən dövlətdir. Putin çox arzu edir ki, danışıqlar nəticəsində Ukraynada Qarabağ məsələsi təkrarlansın. Yəni Donesklə Donbas öz “müstəqilliyini” elan edir, münaqişə dondurulmuş vəziyyətdə qalır, bu bölgələr Rusiyaya tabe edilir, necə ki, Dağlıq Qarabağ Ermənistanla bərabər Rusiyaya tabedir. Gərək bu plan Ukraynada baş tutmasın, çünki NATO-nun əl atdığı tədbirlər çox ciddidir. Çevik qüvvələrin yaradılması, Ukraynaya əsgəri dəstək, burada təlim mərkəzlərinin tikilməsi, birgə hərbi təlimlər plana daxildir. Bunların ciddiyə alınmaması mümkün deyil. Qərb Ukrayna məsələsində möhkəm dayanıb. Ya Rusiya Ukraynadan əl çəkəcək, ya da Rusiyaya sanksiyalar davam edəcək. Sanksiyalar bir neçə günlük dondurulur ki, baxıb görsünlər rus qoşunları Ukraynadan qoşunlarını çıxarırmı? Vəziyyət dəyişməsə, sanksiyalar davam edəcək.

- NATO-nun sammitində Dağlıq Qarabağla bağlı qurumun mövqeyini, prezidentlə səviyyəsində görüşün təşkilini necə dəyərləndirmək olar?

- NATO Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir, bizim tərəfimizdədir. Üstəlik də Türkiyə bizim regiondadır, bizimlə bir yerdədir. Qərb təşəbbüsü Rusiyadan almaq niyyətindədir. Bu baxımdan Ermənistana ciddi təzyiqlər var və olacaq. İndi Ermənistanın Rusiyadan təhlükəsizliyini Qərb təmin edə bilsə, İrəvan sözsüz ki, Qərblə olacaq. Çünki Qərb varlı və qalibdir. Ermənistan da görür ki, Rusiya Qarabağ məsələsini nə o yanlıq, nə bu yanlıq həll edə bilir.

- Ancaq bu da var ki, Ermənistan Gömrük İttifaqının üzvüdür. Bu halda onun Qərbə inteqrasiya xətti tutması realdırmı?

- Ermənistan Gömrük İttifaqına daxil olmayıb. Heç kəs özünü aldatmasın. Ermənistan istəmirdi, amma Rusiya onu sürüyə-sürüyə Gömrük İttifaqına apardı. Heç indi də istəmir. Lakin Putin Sərkisyanı Moskvaya çağırdı, əmr etdi ki, “daxil ol”. O da dedi “baş üstə”. Heç Nazarbayev də Gömrük İttifaqını istəmir, o da ayrı durumla üzbəüz qalıb. Nazarbayevin Qarabağ problemi yoxdur, hələlik müharibə vəziyyətində deyil, ona görə Rusiyaya etiraz edir. Ermənistanın isə bu cür imkanları yoxdur.

- Yəni Nazarbayevi də Ukrayna böhranı gözləyir?

- Rusiya Ukrayna böhranından salamat çıxsa, onda Nazarbayevə də, bizə də, Baltik respublikalarına, Polşaya da hücum edəcək. Amma mən inanmıram ki, Rusiya Ukrayna böhranından salamat çıxacaq.

- Sizcə, Gömrük İttifaqına razılıq verən Sərkisyan Amerika və Avropanın təşəbbüslərinə nə cavab verib?

- Sərkisyan Qərbə deyə bilər ki, mənim boynumu Rusiyanın ipindən qurtarın, mən Avropaya getmək istəyirəm, amma Rusiya qoymur. Çünki Rusiyanın Gümrüdə hərbi bazası dayanıb və biz hərəkət edə bilmirik. Lakin hələ bilmirik ki, Qərb buna necə reaksiya verəcək.

- Hesab etmək olarmı ki, Qarabağ danışıqlarında təşəbbüs Qərbin əlinə keçdi, yoxsa Rusiya yenə də dominantlıq edəcək?

- Təşəbbüs o vaxt Qərbin əlinə keçəcək ki, Gürcüstan Rusiyanın əsgəri bazalarından xilas olduğu kimi, Ermənistan da Rusiyanın əsgəri bazalarından xilas olacaq.

- Alyansın sammitində bir neçə ölkənin quruma üzvlüyü ilə bağlı gözləntilər yenə özünü doğrultmadı. Səbəb Rusiya təhlükəsiydi?

- İndi Gürcüstana NATO-ya daxil olmaq ərəfəsində olan ölkə statusu verdilər. Üstəlik, Gürcüstana hərbi yardım göstəriləcək, bu ölkəyə Amerika hərbçiləri gəlib-gedir. Mən hesab edirəm ki, Gürcüstanı və Ukraynanı NATO-ya qəbul edəcəklər. Amma Poroşenko dedi ki, buna Ukrayna xalqı razılıq verərsə...Yəni vaxtı gələndə referendum keçirib məsələni həll edə bilərlər. Gündəlikdə bu dəqiqə tələm-tələsik heç kəsi NATO-ya qəbul etmək ehtiyacı yoxdur.

- Azərbaycanın NATO və Rusiya ilə münasibətlər baxımından mövqeyini necə şərh edərdiniz?

- Azərbaycan olduqca praqmatik siyasət yürüdür. Azərbaycan bu dəqiqə müharibə vəziyyətində ola-ola nə cür NATO-ya daxil ola bilər? Azərbaycan bu arzunu sərgiləsə, NATO onu qəbul da edə bilməz. Ancaq gərək əvvəl hərb və sülh məsələsi həll olunsun. Sülh əldə olunandan sonra bu məsələ gündəliyə gələcək. Elə Rusiya buna görə bizi müharibə vəziyyətinə salıb.

- Azərbaycanın öhdəliklərinə əməl etməsi, daxili problemlər və digər amillər necə, Qərbə inteqrasiyasına mane ola bilərmi?

- Hərb və sülh məsələsi həll olunandan sonra beynəlxalq öhdəliklər də asanlıqla həll ediləcək. Ancaq hərb və sülh məsələsi həll olunmayanda, ölkələr müharibə vəziyyətində olanda beynəlxalq öhdəliklərə də fikir verilmir. Yəni həmişə bəhanə var ki, buna görə öhdəliklər həllini tapmır.

- Türkiyə prezidentinin Bakı səfəri iki ölkə arasında münasibətlər baxımından necə dəyərləndirilə bilər? NATO dövləti olan qardaş ölkə ilə birgə atılmalı olan addımlarla bağlı nə demək olar?

- Nə vaxt ki, məsələ yetişir, onda həll olunur. Yəqin ki, daha çox Türkiyə ilə Azərbaycan arasında viza məsələsinin qaldırılması arzulanır. Yaxud əsgəri müttəfiqliklə bağlı politoloqlar daha çox müzakirələr açırlar. Amma əslində Türkiyə ilə güclü əsgəri əməkdaşlığı var və türkiyəli mütəxəssislər Azərbaycanda çalışır, yaxud azərbaycanlılar Türkiyədə təmrin görür. Amma hərbi ittifaq bağlamaq o dəqiqə Türkiyənin Rusiya ilə müharibə vəziyyətinə girməsi olardı. Yəni de-fakto belə ittifaq var, amma de-yure yoxdur. İndi əgər Azərbaycana təhlükə olsa, onda bu de-fakto ittifaq özünü göstərəcək. Əminəm ki, təhlükə yaranacağı təqdirdə Türkiyə seyrçi qalmayacaq. Çünki artıq 1993-cü il deyil.

- Türkiyə və Azərbaycan arasında viza rejiminin qalmasının səbəbi nədir, İŞİD təhlükəsimi?

- Yox, təkcə o deyil. Azərbaycan başqa ölkələrlə viza rejimini qaldırır, amma özünü qeyri-komfort vəziyyətdə hiss etmir. Türkiyə böyük dövlətdir, biz bir dilliyik, bir dinliyik, bir adət-ənənəliyik. Yəqin bizdə ehtiyat edirlər ki, viza rejimi götürülsə, qənd necə çayın içində əriyir, biz də əriyərik. Məncə, belə ehtiyatlılıq var.

- Rusiyadan növbəti sürpriz gözləyə bilərikmi?

- Hələlik Azərbaycanla Rusiya arasında münasibətlər normaldır, Rusiya öz bazarını Azərbaycanın üzünə açıb. Bizim regiondakı vəziyyət Rusiyadakı durumdan, Ukrayna böhranından çox asılıdır. Rusiya çox böyük avantüraya imza atıb. Bu avantüranın axırı Rusiyaya çox baha başa gələr. O zaman bizim regionda da çox böyük dəyişikliklər baş verəcək.
musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler