» » Prezidentin fərmanının icrasına başlanıldı-Video

Prezidentin fərmanının icrasına başlanıldı-Video

Bölmə: BLOK XƏBƏR, MANŞET
Prezidentin fərmanının icrasına başlanıldı-Video
Prezident İlham Əliyevin fərmanı ilə Cənubi Qafqaz Boru Kəmərinin keçdiyi ərazilərdə “ASAN xidmət”in səlahiyyətlərinin artırılması ilə bağlı dövlət qurumlarına sentyabrın 20-ə qədər verilən vaxt bir gün də azaldı. Çox qısa bir vaxtda həmin boru kəmərinin keçdiyi 10-dan çox rayonda həm torpaq sahiblərinin, həm də layihə icraçılarının hüquqi problemləri “ASAN xidmət”də həllini tapacaq. Bu fərmanı zəruri edən səbəblər isə göz qabağında idi.

ANS TV-nin məlumatına görə, prezidentin fərmanı bu prosesin daha səmərəli və şəffaf həyata keçirilməsinə hesablanıb. Yəni, kəmərin keçdiyi ərazilərdə yaşayan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi, dəyişdirilməsi, bütün notariat fəaliyyəti, daşınmaz əmlakla bağlı proseslər “ASAN xidmət”in səyyar maşınları ilə həyata keçiriləcək. Üstəgəl, bütün bu hazırlıqlar üçün cəmi 10 gün vaxt ayrılıb. Yəni, sentyabrın 20-nə qədər aidiyyatı dövlət qurumları “ASAN xidmət”in səyyar maşınlarını işçi qüvvəsi və texniki resurslarla təmin etməlidirlər. “ASAN xidmət”də bu işin məsuliyyətinin ağır olduğunu bilirlər, amma öhdəsindən gələcəyinə də əmindirlər.

“ASAN xidmət”in şöbə müdiri Anar Hüseynovun sözlərinə görə, Abşeron rayonu, Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş, Ağsu, Tərtər, Goranboy, Yevlax, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarının ərazisindən keçən sahələrdə, sentyabrın 20-nə qədər yerli icra orqanları və bələdiyyələrlə bir yerdə bu xidmətlərin göstərilməsinə başlanılacaq.

Məlumat üçün deyim ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər Dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından hasil edilən qazı Gürcüstan və Türkiyəyə nəql etmək üçün inşa edilib. Kəmər Bakı yaxınlığında “Səngəçal” terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tiflisi-Ceyhan (BTC) neft kəmərilə eyni marşrutdadır. Türkiyədə isə o TANAP-a qoşulur və Avropaya çıxır.

İqtisadçılar da hesab edir ki, bu cür iri layihələr üzərində həm maliyyə, həm də keyfiyyət cəhətdən ciddi nəzarət mexanizmi olmalıdır. Uzağa getməyək. Oğuz-Qəbələ su kəmərinin çəkilişi zamanı ortaya çıxan problemlər yəqin hamının yadındadır. Kəmərin keçdiyi ərazilərdə yaşayan 3 mindən artıq torpaq mülkiyyətçisi, xatırlayırsınızsa, çox ciddi problemlərlə qarşılaşdılar. Yüzlərlə narazı sakin onlara verilməli olan kompensasiya ilə bağlı, hətta məhkəmə çəkişmələrinə qədər gedib çıxdılar.

Cənubi Qafqaz Boru Kəməri isə Oğuz-Qəbələ su kəməri deyil. Bu layihə Cənub Qaz dəhlizinin başlanğıcıdır. Başqa sözlə, bütün Avropanın enerji təhlükəsizliyi deməkdir. Bu mənada, layihənin icrasına bütün Avropanın diqqət kəsiləcəyi şübhəsizdir. Görünür, bunu göz altına alan dövlət, işləri “ASAN xidmət”ə tapşırmaqla layihənin əhəmiyyətinə kölgə sala bilən hər hansı problemin olmamasına çalışır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler