» » Cavid Qurbanov ilk kollegiya iclasında kimləri yola salacaq?

Cavid Qurbanov ilk kollegiya iclasında kimləri yola salacaq?

Bölmə: Xəbər
Cavid Qurbanov ilk kollegiya iclasında kimləri yola salacaq?
Nadir Əzməmmədov: “Hər şey əvvəl olduğu kimidir, işçilər də yerindədir, heç kim vəzifəsindən kənarlaşdırılmayıb”
“Cavid müəllim hazırda ayrı-ayrı müəssisələrdə olur, işçilərlə görüşür, tövsiyə və tapşırıqlar verir, getdiyi idarənin vəziyyətinə baxır. Hazırda bu işlər görülür”.

Bu haqda Modern.az-a Azərbaycan Dövlət Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, yeni sədr təyin olunduğu gündən hər hansı struktur dəyişikliyi olmayıb: “Yeni təyin olunduğu gündən etibarən Cavid Qurbanov müxtəlif işlər görür. Bununla bağlı sonra geniş açıqlama verəcək. Hazırda heç bir struktur dəyişikliyi yoxdur. Hər şey əvvəl olduğu kimidir, işçilər də yerindədir, heç kim vəzifəsindən kənarlaşdırılmayıb. Bəziləri səhv anlayaraq yazmışdı ki, kollegiya iclasında kimlərsə ixtisara düşəcək. Biz açıqlama verdik ki, kollegiya iclası keçiriləcək. Amma kollegiya iclası hələ olmayıb. Sadəcə, gündəlik işlərlə bağlı iclas keçirilib və işçilərə məlumat verilib”.

C.Qurbanov bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. O, bu vəzifəyə qədər “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb. Qeyd edək ki, son günlər mətbuatda C.Qurbanovun nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamlarını işdən azad edəcəyi və yaxud etdiyi ilə bağlı məlumatlar davamlı şəkildə yayılır. Həmçinin yeni sədrin qəfil yoxlamalar keçirməsi və müəyyən çatışmazlıqlarla bağlı rəhbər işçiləri tənqid etməsi barədə də xəbərlər gəlir. Ancaq bundan öncə də N.Əzməmmədov bildirmişdi ki, C.Qurbanov vaxtaşırı görüşlər keçirərək işçilərə tapşırıqlarını verir və hələ ki, heç kim işdən çıxarılmayıb: “Yeni sədr dəmiryol idarəsinin depolarına baş çəkib, çatışmazlıqları bildirib, tapşırıqlar verib. Stansiyaya, Biləcəri deposuna, Bakı deposuna baş çəkib. Sədr kimi onun səlahiyyətidir ki, istənilən yerə baş çəkib vəziyyətlə tanış olsun. Hələ ki, hər hansı qərar verilməyib”. Kadr dəyişikliyinə gəlincə, N.Əzməmmədov bildirdi ki, bu haqda heç bir rəsmi qərar yoxdur. Sərnişin nəqliyyatı idarəsinin rəisi Elyar Muradovun da işdən çıxarılacağı barədə xəbərlərə gəldikdə, N.Əzməmmədov yazılanları əsassız adlandırıb: “Cavid Qurbanov Elyar Muradovla görüşüb, tapşırıqlarını verib. Əgər kimsə işdən çıxarılsa, bu, ilk növbədə bizə məlum olar. Səhər saat 10-da iclas keçirilib və Elyar Muradov da iclasda iştirak edib. Bu məlumatları yaymaqda kimin məqsədi nədir, bunu bilmirəm, ancaq heç bir əsası yoxdur””. E.Muradovla isə qəzetimizin bu barədə sorğusuna cavab verməmişdi.

Xatırladaq ki, ötən həftə “Yeni Müsavat” olaraq C.Qurbanovdan dəmir yolunda vaxtilə çalışmış, hazırda isə bu qurumdan şikayətçi olanların taleyi barədə də soruşmuşduq. O, bildirmişdi ki, 20 il bundan əvvəl işdən çıxmış adamların bu formada şikayət etməsi düzgün deyil: “Ondan ötrü məhkəmə orqanları var, gedib müraciət etsinlər. Əgər qeyri-qanuni məsələ varsa, biz vətəndaşımızın hüquqlarını tanımalıyıq, onları çölə atası deyilik ki. Ancaq dəmir yolunda qayda qoyulub ki, bələdçilər daha çox xanımlar olsun, kişilər yox. Vaqonların daha təmiz saxlanması üçün də bu, məqbul sayılır. Orda bir dəstə var, aranı qızışdırırlar. Sizə maraqlı olsa, onları yığarıq, sizin iştirakınızla onların məsələsinə baxarıq, deyərik dərdiniz nədir. Mən onları sizinlə bərabər dinləməyə hazıram”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler