» » Prezidentliyə namizədlər üçün çətin dövr başladı

Prezidentliyə namizədlər üçün çətin dövr başladı

Bölmə: Siyasət
Prezidentliyə namizədlər üçün çətin dövr başladı



Sosial şəbəkələrdə namizədlikləri qeydə alınmış şəxslərlə bağlı saxta hesablar yaradılır - xəbərdarlıq

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi üçün namizədlərin qeydə alınması ilə bağlı zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatdı. Artıq namizədlər üçün ən çətin dövr - namizədliyin qeydə alınması və təbliğat-təşviqat mərhələsi başlayır.

“Artıq azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları yaradılıb”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 8-də jurnalistlərə açıqlamasında deyib. MSK sədri bildirib ki, ilk məntəqələr lazımi ləvazimatlarla təchiz edilib.

MSK sədri Məzahir Pənahov həmçinin növbədənkənar prezident seçkisinə qatılan bütün tərəflərə bərabər şərait yaradıldığını bildirib. O, jurnalistlərə açıqlamasında növbədənkənar prezident seçkisi ilə əlaqədar ümumi maarifləndirmə proqramına əsasən Ali Məhkəmə və Apelyasiya məhkəmələri ilə seçki mübahisələrinin həlli üzrə seminara başladıqlarını da söyləyib: “Qanunauyğun olaraq, seçkidə iştirak edən bütün tərəflərə şikayət və müraciətlər üçün bərabər hüquqlar yaradılır. Bütün seçki iştirakçıları-prezidentliyə namizədliyi qeydə alınmış şəxslər və onların səlahiyyətli nümayəndələri həmin hüquqlardan yararlana bilərlər”.

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova isə seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda müşavirədə məlumat verib ki, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar ekspert komissiyaları yaradılır. “Növbədənkənar prezident seçkisi ilə bağlı MSK-nın nəzdində vətəndaşların seçki hüququnu pozan qərar, hərəkətsizlikdən, hərəkətlərdən 9 nəfərdən, dairə seçki komissiyaları tərkibində isə 3 nəfərdən ibarət ekspert komissiyaları yaradılır”, - o deyib.

A.Muxtarova bildirib ki, daxil ola şikayətlərdə qanunsuz hərəkətin məzmunu əks etdirilməlidir: “Hərəkətsizlik hər hansı seçki subyektinin qanunla üzərinə düşən vəzifəni icra etməməklə özünü ifadə edir. Belə olduğu halda bu barədə məlumat təqdim edilmiş şikayətdə öz əksini tapmalıdır”.

Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün bütün şəraitin mövcud olduğunu bildirib. O, seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan tədbirdə deyib ki, seçkilərin demokratik, azad və şəffaf həyata keçirilməsi üçün başlıca şərt ölkədə olan ictimai-siyasi sabitlikdir: “Deyə bilərəm ki, ölkəmizdə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait mövcuddur”.

İ.Kərimov vurğulayıb ki, ölkədə seçki ilə bağlı əsas yük həmişə olduğu kimi, Mərkəzi Seçki Komissiyasının üzərinə düşür: “İnanıram ki, bu il də qarşıya qoyulan vəzifələr Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıqla yerinə yetiriləcək. Bu işdə məhkəmə hakimiyyəti olaraq üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq”.

Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib ki, Azərbaycanda 6 milyon 300 mindən artıq seçicilər siyahısında seçici var. “Ümid edirik ki, seçici məlumatlarının yoxlanması üçün təqdim olunan imkanlar seçici sayının daha da artmasına rəvac verəcək. Beləliklə, arzuladığımız kimi mükəmməl olmasa da, mükəmmələ yaxın seçici siyahılarımız olacaq”, - deyə MSK sədrinin müavini qeyd edib.

Seçicilər “ASAN xidmət” mərkəzlərində “ASAN növbə” cihazları vasitəsilə adlarını seçici siyahılarında yoxlaya bilərlər. Belə ki, mərkəzlərdə olan “ASAN növbə” terminallarına “Seçici statusunu yoxla” adlı funksional bölmə əlavə edilib. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Həmçinin qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Əgər məlumatlar sistemdə əks olunmazsa, açılmış ekranda əlaqə məlumatlarını yazmaqla Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da yaradılıb.

Sözügüdən innovativ həll Mərkəzi Seçki Komissiyası və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb.

Gün ərzində “ASAN xidmət”ə 40 000-ə yaxın vətəndaş müraciəti daxil olur və vətəndaşlarımız növbə götürərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.

Növbədənkənar seçki ilə bağlı Medianın İnkişafı Agentliyinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə açıqlaması var. Bildirilib ki, bir sıra sosial şəbəkə seqmentlərində Prezident seçkisində namizədlikləri qeydə alınmış şəxslərlə bağlı saxta hesablar yaradılır və onların adından həqiqətə uyğun olmayan məlumatlar yayılır.

“Seçkilər ərəfəsində bu tipli fəaliyyət məqsədyönlü şəkildə ictimai rəyi çaşdırmağa, namizədlərin reputasiyasını ləkələməyə yönəlmiş addımdır. İctimaiyyəti belə yalan və təxribat xarakterli paylaşımlara inanmamağa, yalnız prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin rəsmi açıqlamalarını və onların sosial media hesablarında yerləşdirilmiş məlumatları əsas götürməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa səsləyirik.

Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", - deyə açıqlamada qeyd olunub.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler