» » Bakı otelində 400 minlik şok mənimsəmə -

Bakı otelində 400 minlik şok mənimsəmə - Təfərrüat

Bölmə: Xəbər
Bakı otelində 400 minlik şok mənimsəmə -“Ağlasığmaz uydurmalarla böhtan yağdıran şantajçı qadın yüz minlərlə manat pul vəsaiti mənimsəmiş şəxsin anasıdır”.

Bu sözləri axar.az-a açıqlamasında Türkiyənin “OTAK Turizm Otelçilik İnşaat Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyinin vəkili Rəsul Yusifbəyli sözügedən şirkətin satış üzrə meneceri vəzifəsində çalışmış Azər Rahib oğlu Bayramovun mənimsəmə cinayəti üzrə ittiham işi ilə bağlı saytımıza danışan İradə Qəmbərovanın səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Vəkilin sözlərinə görə, otelin satış menecerinin özünün verdiyi ifadəsində külli miqdarda vəsaiti mənimsəməsinin səbəbkarının anası olduğu təsdiqlənib.

Oteldən oğurlanmış pullar xaricdə yerləşdirilib

“OTAK Turizm Otelçilik İnşaat Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyinin vəkili Rəsul Yusifbəyli bildirir ki, külli miqdarda mənimsəmə ittihamına görə günahkar təkcə otelin meneceri, hazırda məsuliyyətə cəlb olunmuş Azər Bayramov deyil. Bu işdə onun anası və babası da iştirakçı hesab olunur:

“Babası A.Bayramovun oğurluq etdiyini, külli miqdarda vəsaiti mənimsədiyini, oğurladığı pulların hesabına birdən-birə bahalı avtomobil aldığını, bahalı əyləncələrlə məşğul olduğunu bilə-bilə susub və vaxtında bunun qarşısının alınmasına heç bir cəhd göstərməyib. Bu, qanun pozuntusudur və həmin şəxs - ana buna görə azından mənəvi məsuliyyət daşıyır. Araşdırmalar göstərir ki, A.Bayramovun anası İradə Qəmbərova isə oğlu ilə birlikdə xarici ölkələrə gedib, “yol yoldaşı” rolunda çıxış edib. Məhz İradə Qəmbərova Dubay, Kiyev və digər şəhərlərdə oğlu ilə birlikdə oğurlanmış pulların bir qismini xərcləyib, digər bir qismini isə həmin xarici ölkələrdə olan banklardan birində yerləşdirib. Deməli, belə ehtimal etmək olar ki, şirkətdən oğurluq planlı surətdə həyata keçirilib. Ola bilsin ki, bu oğurluq tək bir şəxs deyil, mütəşəkkil dəstə tərəfindən törədilib. Ona görə də ağır cinayətdə ittiham olunan A.Bayramov dəstəsinin digər üzvləri də cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Hazırda məhkəmə araşdırmaları davam etdirilir”.

Arayış və ya cinayətin ilkin mahiyyəti

Azər Rahib oğlu Bayramov “OTAK Turizm Otelçilik İnşaat Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyinin icarəyə götürdüyü “Central Park” mehmanxanasında 01.04.2013-cü il tarixdən 01.04.2014-cü il tarixədək satış üzrə menecer vəzifəsində çalışıb. Onun vəzifəsi otel nömrələrinin satılması müqabilində turizm şirkətlərindən alınan vəsaitlərin kassaya daxil edilməsi olsa da, şirkət rəhbərliyi tərəfindən maliyyə hesabatlarında ciddi uyğunsuzluqlar müəyyən edilib. Buna görə “Finans Audit MMC” və “Audit Grup MMC” mehmanxanada audit yoxlaması aparmaq üçün dəvət olunub. Verilmiş audit rəyləri və turizm şirkətlərinin borclarını ödəməsi təsdiqlənəndən sonra məlum olub ki, şirkətə məxsus 369.012 manat pul vəsaiti mehmanxananın satış üzrə meneceri A.Bayramov tərəfindən mənimsəmə yolu ilə talan edilib. Həmin oğurluq aşkar olunandan sonra şirkət tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə müraciət olunub. Polis idarəsində izahat və ifadə verən A.Bayramov törətdiyi oğurluq əməlini etiraf edib. Əməlində cinayət tərkibi olduğuna görə A.Bayramov barəsində toplanmış təhqiqat materialları cinayət işi başlanması üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. Bakı şəhər prokurorluğunda şirkətin şikayəti əsasında toplanmış təhqiqat materialı yoxlanıb və 25.04.2014-cü il tarixdə, təqsirkara etibar edilmiş külli miqdarda özgə əmlakının mənimsənilməsi cinayətinin əlamətləri müəyyən edildiyindən, həmin faktla bağlı AR CM-nin 179.3.2-ci maddəsi ilə (külli miqdarda təqsirkara etibar edilmiş özgə əmlakını talama) cinayət işi başlanaraq istintaq aparılması barədə qərar qəbul edilib. Beləliklə, cinayət işi üzrə ibtidai istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinin böyük müstəntiqi Kamran Məmmədova həvalə edilib. Müstəntiq Kamran Məmmədov 25.04.2014 cü il tarixdə cinayət işini icraata qəbul edib. 17.04.2014-cü il tarixdə istintaqa ifadə verən A.Bayramov yenidən (təkrarən) törətdiyi oğurluq əməlini etiraf edib və oğurladığı pulların qaytarılması barədə anası İradə Qəmbərovaya xəbər göndərəcəyini bildirib.

Məqsədli şantaj və natəmiz qarayaxmalar

Vəkil açıqlamasında bildirir ki, cinayət faktı, törədilən oğurluq sübutları ortada ikən qarşı tərəf, konkret olaraq oğurluqda ittiham olunan A.Bayramovun anası daha bir çirkin oyuna əl atıb. “Ağlasığmaz uydurmalarla müxtəlif, məsələyə aidiyyəti olmayan adamları şantaj edir. Guya oğlunun sifarişlə həbsindən danışır, özündən saxta əfsanələr uyduraraq şikayətlər edir, mətbuatda normal insani parametrlərə sığışmayan şantaj xarakterli böhtanlar yayır. Oğurlanan pulları qaytarmaqdansa, məsələyə heç bir aidiyyəti olmayan insanların ünvanına natəmiz, vicdansız qaralar yaxır. Sual olunur, faktlar ortada ikən hansı sifarişli həbsdən danışmaq olar? Sayıqladığı kimi, əgər oğlunda hansısa qara hesabat dəftəri vardısa və o, həmin dəftərdə turizm şirkətlərindən alaraq mənimsədiyi külli miqdarda pulu borc kimi göstəribsə, bu o demək deyilmi ki, onun özü turizm şirkətlərindən daxil olan vəsaiti otelin kassasına heç təhvil verməyib, mənimsəyib? Sadə bir məntiqlə otel rəhbərliyi A.Bayramovun borclu kimi təqdim etdiyi turizm şirkətlərinə müraciət edib və məlum olub ki, həmin pul vəsaitləri çoxdan bu oğru tərəfindən götürülüb mənimsənilib. A.Bayramov ona həvalə edilmiş vəzifədən sui-istifadə edərək, turist turlarının təşkili ilə məşğul olan “GeoTravel”, “VictoriyaTour”, “CaspianTour”, “İmprotex” və digər turizm şirkətləri tərəfindən mehmanxananın kassasına ödənilməsi üçün ona verilmiş müxtəlif məbləğlərdə pul vəsaitlərini talan edib. Təxminən bir neçə ay ərzində təkcə bu şirkətlərdən 100 min manatdan artıq borc pulu mənimsəyib. Turizm şirkətlərində onun bu vəsaitləri götürməsi barədə imzası var. Amma gətirib otelə təhvil verməyib, mənimsəyib. Hesabata isə borc kimi yazıb. Nəticəsi nə olub? Aylarla fırıldaqçılıq edərək vəsaitləri mənimsədiyindən oteldə işçilərə maaş vermək mümkün olmayıb, kənardan faizli subsidiyalar alınmasına məcbur olunub - bunu yoxlamaq çətin deyil. Təzada baxın, amma bu fırıldaqçılar deyirlər ki, guya A.Bayramov hər ay “paketdə” maaş alıb. Bu adamın yaramazlığı nəticəsində müflis olmuş oteldə, borc içində boğulan bir yerdə hansı “paketdən” söhbət gedə bilər? Tam cəfəngiyyatdır.

Yəni mənimsəmə oğurluğu, talan faktı birmənalı olaraq ortadadır, özü də 5-10 min deyil, 100 minlərdən söhbət gedir. Otelin olan-qalan nəyi varsa, bu şəxs sümürüb yeyib, oteli türk sahibkarlar qarşısında borclu edərək iflas həddinə çatdırıb. Burda sifarişlik nə var ki? Kim öz pullarının geri qaytarılmasına çalışmaz ki? Təbii ki, bundan sonra otel rəhbərliyi müxtəlif instansiyalara müraciət edib və haqlı olaraq haqqın, ədalətin bərpasına çalışır”.

Şirkətin vəkilinin sözlərinə görə, söhbət ondan gedir ki, A.Bayramovun anası şantajlarını oğlunun müdafiəsi üçün etmir, çünki oğlunun törətdiyi cinayət sübut olunmuş faktdır:

“O, oğlu ilə əlbir olduğunun üzə çıxdığını və məsuliyyətə cəlb olunacağını dərk etdiyindən belə çirkin və ucuz qarayaxmalarla özünü və oğlunu müdafiə etmək istəyir. O, artıq bilir ki, bu oğurluq cinayətində onun da bilavasitə iştirakını ortaya qoyan sübut-dəlilləri istintaq sübut edəcək. İnanmıram ki, İradə Qəmbərova mənəvi məsuliyyətdən yaxa qurtarsa da, cinayət məsuliyyətindən də yaxa qurtara bilsin. Ən dəhşətlisi odur ki, belə əməllərdə suçlanan İradə Qəmbərova Bakıxanov qəsəbəsində yerləşən ingilisdilli təmayüllü məktəbdə müəllimə işləyir və Azərbaycan mənəviyyatına sığmayan hərəkətlərin sahibi bizim yeni nəslə tərbiyə verir, özündə olmayanı”.

Onu bağışlamaq olarmı?

Vəkilin qənaətinə görə, mənimsəmə cinayət faktı ortaya çıxandan bəri otel rəhbərliyinin əsas məqsədi oğurlanmış vəsaitin geri qaytarılması olub:

“Başa düşmək olmur, hansı sifarişli həbsdən söhbət gedə bilər ki, təqsirini, etdiyi oğurluğu istintaqa verdiyi ifadələrində təqsirləndirilən şəxs A.Bayramov boynuna alıb, mənimsədiyi pul vəsaitinin bir hissəsini hara xərclədiyini də göstərib: 3.000 manatı dostu Anar adlı şəxsə avtoqəza törətdiyi üçün kömək məqsədi ilə verib, 4.000 manatı ailəsinə xərcləyib, 15.000 manat pulu mehmanxanada işə başlayana qədər olan borclarını qaytarmaq üçün istifadə edib, dostları ilə yeyib-içməyə və əylənməyə 5.000 manat xərcləyib, özünə 3.000 manat dəyərində bahalı geyimlər alıb, 45.000 manat dəyərində olan “İnfiniti” markalı avtomobil alaraq hər ay avtomobil üçün 500 manat kredit ödəyib, özünün də etiraf etdiyi kimi, anası Qəmbərova İradə Ayaz qızını dəfələrlə Dubaya, Kiyevə və digər şəhərlərə guya “istirahətə”, bəlkə də oğurlanmış pulları yerləşdirməyə göndərib...
Yeri gəlmişkən, məhkəmədə A.Bayramovdan soruşanda ki, oğurladığın pulları qaytarmağa hazırsan? Deyib ki, pulların bir qismini qaytarmağa razıyam, anama deyərəm, gətirib pulları qaytarar. Amma pulun bir hissəsini isə anamla Dubayda, Kiyevdə xərcləmişəm. Beş ulduzlu otellərdə qalırdıq, bahalı restoranlarda yeyirdik, xərcləyirdik. Ana-müəllimə bilmirdi ki, oğlu nə edir? Əminəm ki, bu qədər vəsaiti heç bu cür də xərcləyib qurtarmaq olmazdı. Yenə də dediklərimi təsdiqləyirəm ki, ana bu oğru oğluna dəstək olub. İ.Qəmbərova uydurma şantajlar yağdırmaqdansa, xaricdə oğlu ilə birlikdə şirkətimizin pullarını hara xərclədiyini açıqlasın! Yəni bir oğurluğun, külli miqdarda mənimsəmənin sübutu üçün bu qədər fakt kifayət etmir? Hələ bu rəqəmlər oğurlanan pulların bir hissəsidir, əminəm ki, anası ilə gedib xaricdə gizlətdiyi böyük pul məbləği tapılacaq, bu istiqamətdə iş aparılır”.

Vəkil Rəsul Yusifbəylinin bildirdiyinə görə, topladığı materialların içərisində A.Bayramovun anasının, babasının müxtəlif ünvanlara övladlarının böyük səhv etdiyini, cavanlığına bağışlanması xahişi ilə ünvanladığı müraciətləri də var:

“Belə olan təqdirdə, sual olunur, bir tərəfdən oğlunuzun cinayətini etiraf edirsiniz, bağışlanmasını dəfələrlə xahiş edirsiniz, eyni zamanda, şantajla məşğul olub zərərçəkənin pulunu qaytarmırsınız, başqalarını qaralamaqla məhkəməyə təzyiq etmək üçün bəzi adları ağlasığmaz formada hallandırırsınız? Əgər günahı varsa, onda bu uydurma şantajlara, qarayaxmalara, əsassız ittihamlara, başqalarının şərəf və ləyaqətini alçaldan böhtana və yalanlara nə ehtiyac? Yəni A.Bayramovun anası İradə Qəmbərovanın açıq iftirası, məqsədli şantajı göz qabağındadır. Əvvəldə qeyd etdiyim kimi, İradə Qəmbərova artıq oğlunu deyil, bu şantajlarla digər iştirakçıları oğurluq cinayətindən sığortalamaq istəyir, məhkəməyə təzyiq və təsir göstərməyə cəhd edir... Bu, yolverilməz haldır.

Əslində, oğul A.Bayramovu sadəcə işdən qovmaqla kifayətlənmək olardı. Dediyim kimi, otel rəhbərliyinin də, anasına, babasına əvvəlcədən söylədiyi kimi, əsas məqsədi A. Bayramovun həbsi deyil, oğurlanmış pul vəsaitinin geri qaytarılması idi. Amma bunlar bütün vasitələrlə mənimsədikləri vəsaiti qaytarmaqdan yayınmağa çalışdılar və oğurluq məsələsi hüquq müstəvisinə keçdi.

Tam əminliklə deyirəm ki, obyektiv və hərtərəfli məhkəmə istintaqı yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Azər Bayramovun törətdiyi cinayət əməlinə görə qanuni və ədalətli cinayət cəzası tələb edəcək və “OTAK Turizm və Otelçilik İnşaat Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə dəymiş 369.012 manat maddi və mənəvi ziyan A.Bayramovdan tam şəkildə alınaraq şirkətimizə ödəniləcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler