» » Tıxacı yaradan səbəblər və çıxış yolları...

Tıxacı yaradan səbəblər və çıxış yolları...

Bölmə: Xəbər
Tıxacı yaradan səbəblər və çıxış yolları...
Bu problem bütün dünyada var; Bakıdakı tıxacların “özəllikləri”
Bakı yollarının tıxacın əsirinə çevrilməsi yenilik deyil. Tikilən yeni körpülər, keçidlər, Nəqliyyatın İntellektual İdarəetmə sistemi də buna yardım edə bilməyib. Hər gün sürücülər yollarda az qala tapmaca tapırmış kimi dilemma qarşısında qalır: Hansı yolla, haradan mənzil başına çatmalı? Çünki Bakı yolları az qala “kinder sürpriz” yumurtası kimidir. Harada, nə zaman qazıntı olacağı, bağlanacağı bəlli deyil. Heç bir xəbərdarlıq edilmədən yollardakı bu gözlənilməz situasiya sürücülərin vaxt, pul, benzin itirməsi ilə nəticələnir.

Məsələn, noyabrın 7-də Bakının əksər mərkəzi prospekt və küçələrində dəhşətli tıxac yaranıb. Heydər Əliyev və Babək prospektlərində, Füzuli, Rəşid Behbudov, Afiyəddin Cəlilov, Nəcəfqulu Rəfiyev, akademik Həsən Əliyev, Təbriz, Fətəli Xan Xoyski, Ağa Nemətulla, Fəzail Bayramov, Əliyar Əliyev və Əhməd Rəcəbli küçələrində hərəkət dayanıb. Buna səbəb kimi Koroğlu Rəhimov küçəsinin 3 günlük təmirə bağlanması göstərilir. Sürücülərə isə alternativ yollardan istifadə etmək tövsiyyə olundu. Baxmayaraq ki, bununla bağlı da ciddi problemlər var. Bu barədə bir qədər sonra...

Siyahıda birincidir, birinci...

Adətən tıxacdan söz düşəndə hər kəs dünyanın iri şəhərlərində də bu problemin aktual olduğunu təsəlli kimi səsləndirir. Zəruri qeyd yerinə düşər ki, uzun tıxaclarla bağlı statistika, reytinq cədvəli ildən-ilə dəyişir. Amma biz sizə son reytinq cədvəlini təqdim edəcəyik. Britaniya KİV-ləri dünyanın ən qorxunc tıxaclarının siyahısını hazırlayıb. Bunun üçün dünyanın ən çox yüklənmiş yolları, sürücülərin itirilən vaxtları, habelə itirilən yanacaq miqdarı da hesablanıb. Reytinqə ən yaxın qonşularımızdan olan Rusiya da düşüb. Daha dəqiq desək, paytaxt Moskva bu siyahıda 8-ci yeri tutub. Analitiklər hesab edir ki, orta hesabla 2.5 saat davam edən tıxac Moskvanı heç vaxt bu sahədə “lider” edə bilməzdi.
ABŞ-ın paytaxtı Vaşinqton da çox təvazökar bir yerdə - 14-cü sırada qərar tutub. Bu şəhərin küçələrindəkı tıxaclarda ildə 560 milyon litr yanacaq itirilir. Avropa da bu məsələdə heç bir ölkədən geri qalmır. Varşava, Paris və Brüssel bu mənada “uğurlu” üçlük hesab olunur. Məsələn, Paris əhli ildə 70 saatlarını tıxaclarda keçirir. Tələsmədən, “Top 15" siyahısını gözdən keçirək, detallara yenidən qayıdarıq:

1) San Paulo (Braziliya)
2) Pekin (Çin)
3) Brüssel (Belçika)
4) Paris(Fransa)
5) Varşava(Polşa)
6) Mexiko (Meksika)
7) Los Anceles(ABŞ)
8) Moskva(Rusiya)
9) London (Böyük Britaniya)
10) Nyu Deli (Hindistan)
11) Nyu York (ABŞ)
12) Yohannesburq (Cənubi Afrika)
13) Banqkok (Tayland)
14) Vaşinqton(ABŞ)
15) Vroslav (Polşa)

Bu şəhərdə tıxacın uzunluğu 100 kilometrə çatır

Yaxşı, bəs niyə siyahıda birinci yeri San Paulo tutur? 2008-ci ildə bu meqapolisdə uzunluğu 265 kilometrə çatan tıxac qeydə alınmışdı. Ötən 4 ildə isə San Pauloda vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşib.

Mütəxəssislər qeyd edir ki, siyahıda ikinci yeri tutan Pekin şəhəri dünyanı tıxac görüntüsü ilə şoka salır. Belə ki, layihə mütəxəssisləri şəhərdəki avtomobil bumunun sürətinə çata bilmədikləri üçün Çinin paytaxtında hərəkət etmək maksimum çətinləşib. Şəhərdə altı dairəvi yol olsa da, burada tıxacların uzunluğu 100 kilometrə çatır.

London isə öz əhalisinə ildə 54 saat tıxacda qalmağı “təklif edir”. Amma bir məqamı da qeyd edək ki, beşlikdə olan şəhərlərdə sürücülər tıxac zamanı az da olsa, irəliləyə bilir. Belə ki,parisli ildə 70 saatını tıxacda keçirirsə, bu zaman həm də hərəkət edir. Amma ildə 40 saatını tıxacda keçirən moskvalı hərəkət etmədən maşında yatır.Bu mənada dünya rekordu moskvalılardadır desək, yanılmarıq.

Tarixdəki ən uzun maşın tıxacı 2010-cu ilin 14 avqustunda Pekində yaşanıb. Həmin vaxt tıxac düz 9 gün davam edib. İlk 3 gündə tıxacın uzunluğu 100 kilometr olsa da, növbəti 6 gündə onun uzunluğu 260 kilometrə qədər çatıb. 10 minə yaxın sürücü bu müddəti kart və şahmatın köməyi ilə yola veriblər. Sürücülərin bəzi problemlərini isə yerli satıcılar həll etməyə çalışıblar. Onlar maşınlar arasında gəzərək sürücülərə su, lapşa, salfetka təklif ediblər. Amma onun qiyməti bazar qiymətlərindən iki dəfə baha olub. Həmin günlərdə Pekin şəhər rəhbərliyi hətta tıxaclar olan əraziyə səyyar ayaqyolu da quraşdırıb. Çünki sürücülərin təbii ehtiyaclarını ödəməsi mütləq şərt sayılırdı.

Tıxacdan çıxış yolu kimi vertolyot alanlar

Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu deyiblər. Tıxaclı şəhərdə yaşayış faktı ilə barışan sakinlər artıq problemdən praktik çıxış yolları tapıblar. “Tıxaclı şəhər”lərdə sürücülərin maşını marketi xatırladır - orda hər şey olmalıdır

San Paulo, Pekinə ilk dəfə gedən qonaqlar hər zaman sürücülərin öz maşınlarında bu qədər çox əşya saxlamasına təəccüblənir. Gününün ən azı 4 saatını tıxacda keçirən bu insanlar maşınlarına üzqırxan maşın, kompüter oyunları, şahmat taxtası, peçenyelər, su butulkaları, yumşaq balışlar.... qoyurlar. Çünki maşın onlar üçün ikinci ev funksiyasını daşıyır. San Paulo şəhər rəhbərliyinə bu tıxaclar ildə 2,3 milyard dollara başa gəlir. Tıxaclar o qədər dözülməz hala çatıb ki, şəhərin varlı sakinləri sürətlə vertolyot almağa başlayıblar və hazırda ölçüsünə görə dünyanın ikinci vertolyot dayanacağı məhz bu şəhərdədir.

Avropalı ildə tıxacda 1000 dollarını itirir, azərbaycanlı isə...

Amerikalı nəqliyyat mütəxəssisi Edmon Klark hesab edir ki, tıxacda qalan sürücü təkcə vaxtını yox, pulunu da itirir. Belə ki, Avropada hər sürücü tıxaca görə orta hesabla ildə 1000 dollarını itirir. Bundan başqa, tıxac həm də havanın daha çox çirklənməsi deməkdir. Tıxac vaxtı atmosfer adi vaxtlarda olduğundan 4.5 dəfə artıq zəhərli maddələrlə “zənginləşir”.
Azərbaycanla bağlı hesablamalarda da vəziyyət o qədər yaxşı deyil. Məsələn, vaxtilə 100 km yol üçün 5 manatlıq benzin istifadə olunurdusa, indi bu pula 70-80 km yol gedilir.

Ekspertlərin hesablamasına görə, Bakı yollarında hər gün 40-50 min maşın hərəkət edir və tıxaclarda qalan avtomobil gün ərzində kifayət qədər çox benzin işlədir. Türkiyədə isə hər gün tıxacda qalan maşın 2-4 litrdən artıq benzin işlətməli olur.

Kuryoz hadisələrin siyahısında tıxacda qaldığı üçün şəhər rəhbərliyini məhkəməyə verənlərin hekayəsi də az deyil. Belə ki, Çində xəstəxanaya çatmadan yolda uşağını dünyaya gətirən qadının həyat yoldaşı Nyu Yorkda işə gecikib, cərimələnən bank işçisi müvafiq şəhərlərin rəhbərlərini məhkəməyə veriblər. Onlarla belə nümunə verib.

Paytaxtda yenə tıxac yaranıb

Psixoloqlar isə iddia edir ki, tıxac insanın əsəblərinə əlavə yük gətirir. Bu, nevroz, ürək tutmaları ilə müşayiət olunur. Tıxacda qalan adamın əsəbləri zəifdirsə, bu hal onu isterik həddə də gətirib çıxara bilər. Belə ki, sonu bilinməyən bir gözləmə sürəcinin nəticəsində insan aqressivləşir, əsəbləri tarıma çəkilir və bu, ciddi əsəb xəstəliyinə gətirib çıxara bilər.
Maraqlıdır ki, bu günə qədər dünyada tıxac probleminin həlli üçün xeyli strateji çıxış yolları tapılıb. Amma təəssüf ki, onların çoxu uzun müddət üçün nəzərdə tutulur və problemin həllinə nail olunmur. Çünki yollardakı vəziyyət tez-tez kardinal şəkildə dəyişir və tapılan çözüm yolları da effektivliyini itirir. Ona görə də bəzi çıxış yolları problemi qısa müddətliyinə həll etməyə hesablanmış sayılır.

Bakıda satılan yollar, hadisə yerinə gecikən sığorta agenti və fasiləsiz qazıntılar
Bakıda tıxacı yaradan ən böyük səbəb isə alternativ yol anlayışının olmamasıdır. Meqapolislərdə bunu aradan qaldırmaq üçün alternativ yol açıldığı halda, Bakıda mövcud olan yollar da işləkliyini itirir. Ekspertlər deyir ki, tıxac halında sürücülərin istifadə edə biləcəyi əksər məhəlli yollara giriş qapadılıb. Bundan başqa, iri yollarda səkilərin satılması problemi daha da artırır. Məsələn, 4 zolaqlı nəzərdə tutulan yollarda səkilərin kənarında ticarət mərkəzləri, brend mağazalar açıldığı üçün o səkilər də faktiki həmin obyektlərə satılmış sayılır.

Paytaxtda tıxac yaradan daha bir səbəb də yol qəzaları zamanı sürücülərin davranışıdır. Belə ki, hər qəzadan sonra sürücülər bəzən saatlarla yolun kənarda sığorta şirkəti nümayəndələrinin gəlişini gözləyir. Dünyanın inkişaf etmiş ölkələrində siğorta agentləri hadisə yerinə operativ çatmaq üçün motosikletlə hərəkət etdiyi halda, Azərbaycanda onların istifadə etdiyi nəqliyyat vasitəsi avtomobildir. Nəticədə qəza yerinə gəlib hadisəni araşdırmalı olan ekspert də başqa bir tıxacda qaldığı üçün problem fəlakət həddinə çatır.
Yolların daim qazıntılı olması, alternativ yolların olmaması da problemdən çıxış yolunu minimuma endirir.
musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler