» » "İstəmədim Tacirdən uşağım olsun"-

"İstəmədim Tacirdən uşağım olsun"- Fədayə Laçın

Bölmə: Şou
 "İstəmədim Tacirdən uşağım olsun"-
Xalqinfo.az tanınmış müğənni Fədayə Laçının milli.az-a müsahibəsini təqdim edir.

- Fədayə xanım, yaradıcılığınızda nə yeniliklər var?
- Rəhmətlik Rübabə Muradovanın ifasında eşitdiyimiz “Heydərbabaya salam” mahnısını hazırlayıram. İnşallah, tezliklə tamaşaçıların ixtiyarına verəcəyəm. Artıq aranjman prosesi bitmək üzrədir.

- Bu mahnıya klip çəkdirməyi düşünürsünüz?
- Elə bir fikrim yoxdur. Ümumiyyətlə, klip həvəskarı deyiləm.

- Yeri gəlmişkən, elə də çox klipiniz yoxdur...
- Marağım yoxdur, canlı oxumağı daha çox xoşlayıram. Efirə çıxanda da soruşuram ki, canlı ifa olacaq? Verilişin formatı imkan verəndə öz ansamblımı aparıram. Mən belə düşünürəm ki, klipə ehtiyac yoxdur. Məgər Zeynəb Xanlarovanın klipi var idi?

- Amma musiqili çarxları var idi.
- Mən elə hesab edirəm ki, o dövrdə yaşayıram. Sosial şəbəkələrdə yoxam, belə işlərlə də maraqlanmıram. Sovet dövrünün yetirməsiyəm.

- Müsahibəni oxuyanlar elə biləcəklər ki, sizin ən azı 55 yaşınız var...
- Mənim 38 yaşım var. Amma deyirlər ki, insan yeddisində necədirsə, yetmişində də elə olur.

- Bir müddət öncə başınız atanıza qarışmışdı, səhhəti ağır idi. Hazırda vəziyyəti necədir?
- Atam xəstəxanadaydı, indi yaxşıdır, həkim evə yazıb.

- Sizinlədir?
- Yox, digər həyat yoldaşından olan bacımla - Jaləylə qalır.

- Bacınız İlahə Fəda atanızı bağışlamaq istəmir. Olubmu ki, bu barədə onunla danışasınız və bağışlamasını istəyəsiniz?
- İlahə məndən üç yaş böyükdür. Mən atamı bağışlamışam. Amma hər kəsin öz fikri, düşüncəsi var. Bəlkə, o bağışlamaq istəmir. Mən onun fikrinə müdaxilə edə bilmərəm. Ümumiyyətlə, bu barədə İlahə ilə söhbətimiz olmayıb. Sadəcə, bu məsələdə mən qabağa düşmüşəm. Düzdür, o da maraqlanır, amma atam məni axtarıb. İnsanın insana işi düşəndə necə kömək etməmək olar? Öz atam olmasaydı, əmim, yaxud dostumun atası olsaydı belə, mən ona kömək edəcəkdim. Bir adamın gümanı mənə gəlirsə, kömək etməliyəm.

- Ümumiyyətlə, xəyanəti bağışlayan insansınız?
- (düşünür) Mən hər şeyi bağışlayan insanam. Əgər söhbət atamın bizi atıb getməyindən gedirsə, onu da bağışlamışam. Hər zaman onun qızı olduğum üçün fəxr etmişəm. Çünki ziyalı bir insanın övladıyam.

- Bəs sevgilinizin, dostunuzun xəyanətini necə, bağışlayarsınız?
- İndiyə kimi cəmi bir dəfə ürəyimdən qısqanclıq hissi keçib. Oğlum bir qızla yazışırdı. Gördüm ki, çox mehriban söhbətləşirlər, ürəyimdən qısqanclıq keçdi. Elə bildim ki, oğlumu məndən alacaq (gülür). Oğluma da dedim ki, bax ha, birdən qız səni mənim əlimdən alar.

- Oğlunuzun neçə yaşı var?
- İyirmi yaşı var, Odlar Yurdu Universitetinin üçüncü kursunda oxuyur. Özü də şairdir, qəzəllər yazır. Atası bakılı olduğuna görə əruz vəzni, qəzəl onun qanındadır. Çox istedadlıdır, efirə də çıxartmışam, yazdıqları bəyənilib.

- Son zamanlar geyimlərinizdə sanki inqilab edirsiniz. Məsələn, 30-35 yaşa qədər geyinmədiklərinizi indi geyinirsiniz...
- Başa düşdüm nə demək istədiyinizi. Bunu mənə bir jurnalist də demişdi. Mənim o qədər çıxıntılı, gözəçarpan, vulqar görünən bir yerim yoxdur. Arıq xanımam, əlli beş kiloqram çəkim var. Əyri ayaqlarıma geyinmirəm ki, qısa yubkanı... Yaraşır - geyinirəm. Çox vaxt şalvara üstünlük verirəm. Amma hərdən görürəm ki, yaraşır, qısa da geyinirəm. Geyinib güzgünün qabağında özümə baxanda xoşuma gəldisə, evdən, yaxud kənardan kim nə desə də, geyinirəm. Bu fikrimi isə mütləq qeyd edin. Mənim içimi bilənlər, yaxından tanıyanlar bəs edir. Kənardan nə deyilməyi önəmli deyil. Elə kənarda qaldıqları üçün kənardan deyirlər. Arxamca danışanlar arxada qaldıqları üçün arxamca danışırlar.

- Sabah sizi şortikdə efirdə görə bilərik?
- Efirə şortik geyinmərəm, amma evdə, yaxud da istirahətə gedəndə geyinirəm.

- Yaraşmadığı üçün efirə geyinməzsiniz?
- Yaraşır, amma geyinmərəm. Qısa geyinmək ayrıdır.

- Oğlunuz geyiminizə qarışır?
- Oğlum geyimlərimə qarışmır. İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Mənimçün sənətim önəmlidir. Sənətimi də sənətkarlar bəyənirlər, özümü tərifləmirəm. Həmişə deyirəm ki, mənim geyimimdə yox, sənətimdə səhv tutun. Məsələn, bu yaxınlarda verilişdə Fikrət Əmirovu tanımamışdım. Çünki dövrümün bəstəkarı deyil, həm də ondan oxumamışam.

- Amma müğənnisiniz və onu tanımaq borcunuzdur.
- Bəli, Fikrət Əmirovu tanımaq mənim borcumdur və səhvimi boynuma alıram. Deyə bilmərəm ki, hər şeyi bilirəm. Biz musiqi dəryasında bir damla ola bilsək, böyük şeydir.

- Keçmiş duet ortağınız Tacir Şahmalıoğluyla münasibətləriniz barədə qarşılıqlı açıqlamalarınız bir müddət gündəm oldu. Məsələnin bu dərəcədə şişirdilməyi məqsədli şəkildə idi?
- Taciri danışdırıblar, o da danışıb da. Mən həmişə deyirəm ki, müğənnilərin həyatı insanların gözü önündədir və burada gizlətməli bir şey yoxdur. Sadəcə, illər ötəndən sonra onu gündəmə gətirməyin adı yox idi.

- Hər ikiniz etiraf etmişdiniz ki, altı il münasibətləriniz olub...
- Bəli, mən yalan danışa bilmərəm.

- Nə əcəb istəmədiniz ki, bir övladınız olsun?
- Xasiyyətlərimiz düz gəlmədiyi üçün istəmədim. Nə olsun ki, altı il bir yerdə olmuşuq. “Adın çıxınca canın çıxsın” məsələsini düşünüb altı il münasibətləri davam etdirmişəm. Amma sonra gördüm ki, canım da çıxır (gülür). Onda dedim ki, adım çıxıb, heç olmasa, canım çıxmasın.

- Tacir bəyin həyat yoldaşı sizin münasibətləri bilirdi?
- Bəli, bilirdi.

- Onlara gedib-gəlirdiniz?
- Öz evlərinə də, anasıgilə, bacısıgilə də gedirdim.

- Onlar da bilirdilər?
- Bəli, özü hamısına demişdi. Amma bu söhbətlərin indi yeri deyil. Mən o vaxt da cavab verdim ki, o bu söhbətlərlə gündəmə gəlmək istəyirsə, o, sənətkardır və belə şeylərlə gündəmə gəlməyə ehtiyacı yoxdur.

- Siz həm də onun tələbəsisiniz.
- Bəli, mən ondan çox şey öyrənmişəm.

- Gənc xanımsınız. Ola bilərmi ki, bundan sonra ailə qurasınız, ikinci övlad anası olmaq istəyəsiniz?

- Qətiyyən. Çünki mənim 20 yaşında oğlum var və uzun illərdir həyatımı ona həsr etmişəm. Bu yaşda uşaq dünyaya gətirməyi də düşünmürəm.

- Bəs vətəndaş nikahı?
- Bilmək istəyirsinizsə, mənim həyatımda heç kim yoxdur.

- Və ola da bilməz?
- Bəli, ola da bilməz. Çünki oğluma görə istəmirəm.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler