» » “Atama icazəni Atatürk verib”

“Atama icazəni Atatürk verib”

Bölmə: Sosial
“Atama icazəni Atatürk verib”Fətəli xan Xoyskinin qohumu: "Sovet vaxtında mühacirlərin çoxu Azərbaycana getməyə çəkinirdi"

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xanın qız nəvəsi Kərim Mehmetzadənin apa -nın Türkiyə müxbirinə müsahibəsi

- Ulu babanız Gəncədən gəlib İstanbulun ən qədim ticarət məkanlarından biri olan Mahmutpaşadakı bu boyda karvansaraya necə sahib olub?

- Biz Cavad xanın sülaləsindənik Ulu babalarımız əvvəlcə Qazaxda xalça emalatxanası qurublar. İş böyüyəndən sonra Təbrizin Heris məhəlləsində xalça emalatxanası açaraq oradan İstanbula bahalı xalçalar gətiriblər. Bu həyətə 140 il əvvəl dəvə karvanları gəlirmiş. Atamın atası Hacı Əli Məmmədzadə tanınmış tacir olmaqla birlikdə ziyalılığa böyük önəm verib. 1910-15-ci illərdə buradan ABŞ-a xalça göndərirmiş. Atam əvvəlcə İstanbuldakı Robert Kollecini bitirib, 1917-21-ci illərdə ABŞ-da oxuyub, sonra Türkiyəyə qayıdıb. Əmim orada oxuyub, Nyu-Yorkda xalça mağazası açıb. Dördüncü nəsildir ki, bu karvansarayda fəaliyyət göstəririk.

- Danışdıqlarınızdan anlaşılır ki, ulu babanızın da, atanızın da Gəncə ilə yaxın əlaqələri olub.

- Əlbəttə ki. XİX əsrin 70-ci illərindən etibarən nəinki Gəncədən, türk dünyasının başqa bölgələrindən də İstanbula gələnlər ulu babamla görüşüblər. Sultanəhmədə ən yaxın yer olduğuna görə, Azərbaycandan gələnlər babamla görüşmək üçün buraya gəlirmiş. Bu karvansaraya Həsənbəy Zərdabi, İsmayılbəy Qaspralı, Əlimərdanbəy Topçubaşı gəliblər. Baxın (ayağa qalxaraq yan tərəfdəki masaya yaxınlaşır), ilk nömrəsindən başlayaraq “Molla Nəsrəddin” jurnalının bir çox nömrəsi buradadır, ulu babam abunə olub, o vaxt Tiflisdən göndəriblər. Sabirin 1912-ci ildə çap edilmiş “Hophopnamə”si də o vaxt gəlib. Qaspralı ilə ulu babamın daimi əlaqələri olub. Nəsibbəy Yusifbəyli 1908-ci ildə İstanbula gələndə bizdə qalıb.

- Şəfiqə xanımla burda tanış olub evləniblər?

- Şəfiqə xanım da bizə çox gəlib, ancaq onlar Baxçasarayda evləniblər. Daha sonra Gəncəyə qayıdan Nəsib bəy Azərbaycan siyasətində çox önəmli adam olub. Ulu babam və atam Gəncədəki siyasi prosesləri çox yaxından izləyiblər. İttihad və Tərəqqi hökuməti ilə Gəncədəki siyasətçilərin yaxın əlaqələri Azərbaycanın müstəqil dövlət olmasına güclü təkan verib. Ana tərəfim Fətəli xan Xoyskinin nəslindəndir, onun qardaşı Hüseynqulu xanın qızıdır.

- Fətəli xan Azərbaycan müstəqil dövlətinin ilk 3 hökumətinin başçısı olub.

- Təəssüf ki, onun barəsində Türkiyədə məlumat azdır. Burdakı azərbaycanlıların çoxu onu tanımır (yerindən qalxıb otağın uzaq küncünə gedir, Fətəli xanla Hüseynqulu xanın fotolarının önündə durur). Bizim nəsil kökümüz Cavad xana qədər gedib çıxır. 1920-də Gəncəni qəhrəmancasına müdafiə etmiş İsrafil bəy də qohumumuz olub. Bakı ruslar tərəfindən işğal ediləndə Gəncə xeyli müqavimət göstərib. Ana nənəm 4 uşağıyla birlikdə İstanbula gəlmək üçün Batuma gedib, ancaq 2,5 il oradan İstanbula gələn gəmiyə minmələrinə ruslar icazə verməyib. Axırda kimsə tövsiyə edib ki, Batumda İran diplomatı var, ona müraciət edin. O diplomat 30 dəqiqəyə nənəmgilin pasportunu hazırlayıb, gəmiyə minib buraya gəliblər. Ana tərəfim Qacar sülaləsindəndir. Atam 1891-ci il təvəllüd idi, 1977-də vəfat etdi. Anam 1909-da Gəncədə anadan olub, 1972-də vəfat etdi. Ulu babam 1919-da vəfat edəndən sonra atam həm Türkiyənin istiqlal savaşına, həm də Azərbaycanın müstəqil dövlətinə çox dəstək verib. O vaxtlar Türkiyəyə gəlmiş bir amerikalı jurnalist 3 ay burada qalıb, atamla da görüşüb, daha sonra yazdığı “Bilinməyən türklər” kitabında atamdan xeyli bəhs edib. Sonralar xaricdən bir heyət gəlib, Atatürkün 1919-cu ildə gəmidən Samsuna çıxdığı yerdən Antalyaya qədər gediblər. O vaxt Türkiyədə ingiliscə yaxşı bilən adam az olduğuna görə, atam Mustafa Kamal Paşaya tərcüməçilik edib. Atatürk deyib ki, bu köməyin əvəzində sənə nə verim? Atam deyib ki, heç nə istəmirəm, sadəcə, soyadımızın Mehmetzadə şəklində yazılmasına icazə verməyinizi xahiş edirəm. O vaxt qəbul edilmiş qanuna görə, soyadlarının axırında “zadə” ola bilməzdi, ancaq Atatürk atama o icazəni verib.

- Ulu babanızın və atanızın İstanbulda dəstək verdiyi hansı tanınmış azərbaycanlılar vardı?

- 1870-75-dən başlayaraq ulu babam çox adama dəstək verib, bu karvansaraya kimlərin gəldiyi barədə bir neçə kəlmə dedim. Babam indi söhbət etdiyimiz bu otaqda 6 ay Əlibəy Hüseynzadəni gizli saxlayıb. Əli bəyi İttihad və Tərəqqi Partiyasının qurucusu olduğuna görə axtarırmışlar, ancaq babam onu burada saxladığına görə tapa bilməyiblər. Babama deyib ki, ittihadçılar sirr saxlayan insanlardır, arxayın ol, heç vaxt heç kim bilməyəcək. Verdiyi sözün üstündə durub. Əli bəy burada qalması barədə daha sonra övladlarına da heç nə deməyib. Böyük qızı Səidə xanım və kiçik qızı Feyzavər xanım bu otağa ilk dəfə gələndə 30 dəqiqə ağladılar. Səidə xanım mənim bacımın məktəbdə müəlliməsi olub. Amma böyük qardaşları Səlim bəylə tanış olmamışdım. Buraya baxın (yerində qalxıb ulu babasının portretinin önünə gedir), hacı babamın portretini Əlibəy Hüseynzadə çəkib. Görün, necə peşəkar rəssam olub ki, babamın saqqalının hər tükünü bu qədər dəqiqliklə çəkib. Atam 12 yaşında ikən Əli bəy onun portretini çəkib (Hüseynzadə tablolara ərəb əlifbasıyla “Səlyani” imzasını atıb, birlikdə imzalara və tarixlərə baxırıq – M. Ə.) Hüseynzadənin o biri əsərləri ağ-qaradır, Nəsrəddin şahın portretini isə rəngli çəkib, bəlkə də bu, onun yeganə rəngli əsəridir.

- Atatürklə Lətifə xanımın birlikdə portretini rəngli pastellə çəkib.

- Çox yaxşı. Bunlar bizim nəslimiz üçün ən qiymətli yadigarlardır. Bu otağı ildə 1-2 dəfə açıram, siz gəldiniz deyə, bu gün burada söhbət etmək istədim. O vaxtdan qalan əşyaların heç birinə toxunmuruq. 1926-cı ildə Atatürkə qarşı İzmirdə sui-qəsd təşəbbüsü olanda Əli bəyi də tutublar. O vaxt da kimin kimlə ədavəti varmışsa, İzmirdəki sui-qəsd cəhdini fürsət bilib, bir-birinə qarşı istifadə edirmişlər. Əli bəyi Kazım Karabəkir paşa xilas edib. Onu da tutmuşdular, günahsızlığı məlum olub azad ediləndə deyib ki, mən Əli bəyi yaxşı tanıyıram, alimdir, mütəfəkkirdir, onun sui-qəsd cəhdiylə nə əlaqəsi ola bilər? Ondan sonra Atatürk deyib ki, mən də Əli bəyin bu işlərlə əlaqəsi olduğuna inanmıram. Ancaq o qarmaqarışıqlıq içində heç bir günahı olmayan Osmanlı dönəminin maliyyə naziri və ulu babamın dostu Cavid bəyi asıblar. Təəssüf doğuran haldır. Daha sonra Əli bəyin millət vəkili olmamasında da o hadisənin rolu var.

- Bəs Əhməd Ağaoğlu necə? Bakıdan Hüseynzadə ilə eyni vaxtda çıxmışdılar.

- Əhməd Ağaoğlu da ulu babamın yanında bir müddət qalıb. Babam və atam həmişə istər Ağaoğlunun, istərsə də Hüseynzadənin fəaliyyətinə həmişə dəstək verib.

- Elə isə sizin Səməd Ağaoğlu ilə münasibətiniz olmalıydı, yaşınız buna imkan verir.

- Mən 1937-ci ildə anadan olmuşam, 77 yaşım var. Səməd bəyi yaxşı tanıyırdım. 1960-cı ildəki hərbi çevrilişdən sonra az qala onu da edam edirdilər. Amnistiya nəticəsində keçmiş prezident Cəlal Bayarla həbsdən çıxdı. Deyəsən, 1972-ci il idi, Səməd bəy Cəlal Bayara məni təqdim edib dedi ki, Hacı Əli Mehmetzadənin nəvəsidir, 1918-19-cu illərdə ulu babamın verdiyi dəstəyi xatırlatdı. Cəlal Bayar o vaxt 90 yaşında idi, bir az düşünəndən sonra xatırladı. Əhməd bəyin övladları Əbdürrəhman bəyi, Sürəyya xanımı və Tezer xanımı yaxşı tanıyırdım. Son övladları Gültəkin də vəfat etdi. İndi 140 ildən bu yana olan tarixin ən yaşlısı mənəm. (Gülürük.)

- Gəncə ilə daim yaxın əlaqələriniz olduğunu deyirsiniz. Əhməd Cəfəroğlu 1919-da İstanbulda oxumağa sizin dəstəyinizlə gəlib?

- Cəfəroğlu bizdə qaldı. Xalça ticarətiylə də məşğul olmaq istəyib, atam ona satmaq üçün xalça verib, ancaq Əhməd bəy bacarmayıb. Sonra Almaniyaya oxumağa gedib, orada doktorluq dissertasiyası müdafiə edib. Türkiyəni qarış-qarış gəzib dialektologiyaya dair kitablar yazdı. Türkologiya sahəsində alimlərin çoxunu o yetişdirdi. Bir tələbəsi Məhərrəm idi (professor Məhərrəm Ergini nəzərdə tutur). Qızı Nazan xanımı yaxşı tanıyıram, Vyanada sənət tarixi oxudu, qabaqlar bu yuxarıdakı Topkapı muzeyinin direktoru idi, sonra Sabancı muzeyinə direktor getdi. Əhməd bəyin bacısı uşaqlarını yaxşı tanıyıram. Özü sovet vaxtında Gəncəyə gedə bilmədi. Milli Azərbaycan hökumətinin səhiyyə naziri olmuş Xudadatbəy Rəfibəylinin oğlu Kamil Arran bəyi çox görmüşəm, oğlu Aydın, qızları Nigar və Bərtan yaxın dostlarımdır. Müharibədən sonra isə legionerlərlə yaxın əlaqələrimiz oldu. İndi onlardan da heç kim qalmayıb.

- Əbdürrəhman Fətəlibəyli də İstanbulda yaşayıb. Onu xatırlayırsınızmı?

- Yaxşı xatırlayıram, İstanbula 1947-də gəldi, onda mənim 10 yaşım vardı. Hamı ona “mayor” deyirdi. Müharibədə Fətəlibəyli ilə bir yerdə olanlar daim hərbi xəritələri masanın üstünə sərib onunla birlikdə Azərbaycanın rus işğalından azad edilməsi üçün hansısa planları müzakirə edirdilər. Səhv xatırlamıramsa, 1951-də burdan getdi.

- Bəli, 1951-də gedib, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının ilk rəhbəri olub. 1954-də “KQB” onu Münhendə azərbaycanlı otaq yoldaşına öldürtdürüb.

- Tanıdığımız bir neçə insanı da zəhərləyib öldürmüşdülər. Elə ona görə də sovet vaxtında buradakı mühacirlərin çoxu Azərbaycana getməyə çəkinirdi. 90-cı illərin əvvəlində Gəncədən bir jurnalist gəldi, səhərdən axşama qədər burda fotolar çəkdi. Söz vermişdi ki, məndən aldığı müsahibəni çap edib göndərəcək, amma heç bir xəbər çıxmadı. Ən böyük arzularımdan biri Fətəli xan Xoyskinin Türkiyədə tanınması, layiqli qiymətini almasıdır. Onun həyatını daha dərindən oxuyub öyrənmək istəyirəm. Sizdə olan materialları mənə gətirməyinizi xahiş edirəm.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler