» » Hər iki əlini-ayağını itirən Qarabağ əlili: "Məni öldü bilib yuyarkən..." - FOTO

Hər iki əlini-ayağını itirən Qarabağ əlili: "Məni öldü bilib yuyarkən..." - FOTO

Bölmə: Sosial, MANŞET
Hər iki əlini-ayağını itirən Qarabağ əlili: "Məni öldü bilib yuyarkən..." - FOTOVətənin harayına “hay”verən Elnurun harayına çatan yoxdur...
O, Qarabağ müharibəsinin qaynar çağlarında ailəsindən xəbərsiz, könüllü olaraq cəbhəyə yollanıb, döyüşlərdə hər iki əllərini və ayaqlarını itirib.


Xalqinfo.az xəbər verir ki, Elnur Əfəndiyev söhbətləşmək üçün modern.az-ı iş yerinə çağırıb: “Elə iş yerimə gəlin. Gəlin ki, xalqım vətən haraya çağıranda ona hay verən oğlunun harda çalışdığını görsün”.

İş yeri? Əlsiz-ayaqsız bir insan harda işləyə bilər ki?..

““Ay işığı” restoranının qarşısındakı yolda oluram. Səhər saatlarından ta şər qarışanadək...”. Həmin yoldan gəlib-keçənlərdən sədəqə diləyən bu Qarabağ əlilinin sözləri çox sarsıdıcı idi. Beləliklə, “Ay işığı”nın qarşısında işığı sönməkdə olan bir ümidin harayına yollandıq.

1976-cı il Ağsu rayonun Kalva kəndində anadan olmuş Elnur Əfəndiyev 8-ci sinfə qədər əlaçı olub. 1991-ci ilin mart ayında könüllü olaraq Ağdam cəbhəsinə yollanıb.

“Ağdamın Fərrux dağında mühasirəyə düşdük. 1993-cü il yanvarın 20-si səhər yaralandım, qarın, şaxtanın içərisində qaldıq. 21-i axşam bizi ordan çıxarıb Ağdam məscidinə apardılar. Məni öldü bilib yuyarkən üstümə tökülən isti suyun təsirindən ağzımdan, qulağımdan, burnumdan qan gəlib. Allah məni saxlayıb. Buna baxmayaraq, artıq məni don vurmuşdu, hospitalda da müalicəm düzgün aparılmadı. Bir müddət sonra əlimdə-ayağımda göyərmələr, keyimələr başladı. Ağlıma gəlmədi ki, gələcəkdə fəsadlar yarana bilər. Qəlpə yaraları sağalsa da, keyimələr davam etdi. Yaralar qanqrena verdi, 12 il müddətində hər il əməliyyat olunub bu vəziyyətə gəldim, 2006-cı ildə artıq ayaq və əllərim amputasiya olundu”.

Evin 4 uşağı içərisində ən böyüyü olan keçmiş döyüşçü şikəst olmağı ilə barışa bilmir. İnsanların ona yazığı gəlməsini istəmir.

“Burada oturmağımın səbəbi odur ki, özümə bir iş qurum. Çoxlarına müraciət etsəm də, mənə kömək edən olmadı. Lazmi qurumlara yazılı ərizə, video ilə müraciət etsəm də, məni eşitmirlər. Onlar gözləyirlər ki, biz özümüzü yandıraq, odan sonra əl-ayağa düşsünlər? Mən ölməli olsaydım, ölərdim. İntihar etsəm də, ölmədim. Demək Allah yaşamağımı istəyir. Bunun üçünsə mənə dəstək lazımdır. Müalicə olunmaq, iş qurmaq istəyirəm”.

Elnur erməniyə güllə atarkən itirdiyi əl-ayağını bu yolda qazandığı pulla “bərpa etmək” istəyir. Deyir başqa çarəsi yoxdur.
"Evdə oturmaqla kimsə gətirib mənə çörək pulu verməyəcək".

Əli- ayağı olmasa da, yolda dayanıb sədəqə gözləsə də, ümidini itirməyib, bəzilərimizdən fərqli olaraq naşükürlük etmir.

“2 dəfə intihar etmək istədim, anam mane oldu. Sırf o üzülməsin deyə, bu gün yaşayıram. Artıq ölmək istəmirəm. Dəfələrlə Nazirlər Kabinetinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. O vaxt telejurnalist hacı Nuranın dəstəyilə mənə əlil arabası vermişdilər, amma o da xarab oldu. İndi bu köhnə arabanın ümidinə qalmışam”.

16 yaşındaykən hərbiyə gedən, 18 yaşında yaralanan, 2006-cı ildə ayaqları amputasiya edilib, dəfələrlə əməliyyat olunan keçmiş döyüşçünün hazırda kəsilmiş ayağında və əl sümüyündə uzanma gedir, həmçinin sağ ayağında yenidən qanqrena başlayıb. Dövlət tərəfindən verilən dərmanlar zəif olduğundan “qazandığı” pullar hesabına bir dənəsi 70, 100, 150 manat olan dərmanlar alır. Tək istədiyi əməliyyat olunmasına kömək olunması və özüidarəolunan əlil arabasıdır. Elnur əməliyyatla protez əl və ayaq taxıla biləcəyini desə də, buna imkanı çatmadığını vurğuladı:

“Əməliyyat üçün ən azı 5-6 min manat lazımdır ki, qanqrenanın qarşısı alınsın. Bundan sonra protez taxıla bilər. Heç olmasa protez əlim olsa, suyu özüm içib, yeməyi özüm yeyərəm. Kiminsə məni yedizdirməyini gözləmərəm...”.

Hələ döyüşə təzə getdiyi vaxtlarda, 1991-ci ildə polkovnik Şirin Mirzəyev ona Naxçıvanski adına hərbi liseydə oxumağı məsləhət görübmüş: “Getdim, sənədlərimi verdim, qəbul olundum. 6 ay oxuyandan sonra ürəyim dözmədi, yenə də könüllü olaraq döyüşə yollandım. Yarlanandan sonra hərbiyə yararsız olduğum üçün “Naxçıvanski” liseyindən xaric olundum. Sonra İnşaat Mühəndisləri Texnikumunda Mehmanxana və turist komplekslərində xidmətin təşkili fakültəsinə daxil oldum. Ehtiyac üzündən, səhhətim əl vermədiyindən o da yarımçıq qaldı”.

Artıq 8 ildir yoldan keçən avtomobillərdən sədəqə istəyən Elnuru çoxları tanıyır. Yanında olduğum müddətdə ona yaxınlaşıb kömək edən insanlar da vardı. Qazandığı pulların bir hissəsinə dərmanlarını alıb, ev kirayəsini verir. Qaraçuxur qəsəbəsində kirayələdiyi evə aylıq 250 manat ödəyir. Amma artıq kirayə pulunu da çatdıra bilmir.

Bir dırnağı qırılanda ufuldayan, həyatdan özündən başqasını düşünməyən insanlar ona yaxşı-yaxşı baxsın. O bizim uğrumuzda əlindən-qolundan olub. O da hər bir insan kimi ailə, övlad sahibi olmaq istəyir. Deyir “balaca uşaq görəndə ürəyi yanır.
“Mən də istəyirəm övladım olsun. Amma fikirləşəndə ki, uşaq böyüyüb bağçaya, məktəbə gedəcək, ondan “atan kimdir” soruşacaqlar... Bax onda hər şey alt-üst olur. Onsuz da, həyatım sönüb, ömrümün gözəl illərini yaşaya bilməmişəm”.

Ata yurdu dağlıq kənd olduğundan orda yaşamaq da əlil üçün çətindir. Deyir soyuq, rütubət olan kimi səhhətinə pis təsir edir. Müalicə həkimləri Bakıda olduğundan həyatı şəhərdən asılıdır.

“120 manat təqaüd alıram, o da heç nəyimə bəs eləmir. Sadəcə, mənə arxa-dayaq duran yoxdur. 1-ci qrup əliləm deyə, banklar da borc vermir. İndi əlil olmuşam deyə, mən ölməliyəm?! Banklar, kredit təşkilatları kredit vermir. İş qurmaq istəyirəm. Buna da kömək edilmir.

İsmayıllıda İcra Hakimiyyəti mənə yer verib. Bir arzum var ki orda “Qarabağ qazi qardaşları” istirahət düşərgəsi yaradım. Bu yolda diləndiyim pul hesabına orda əlillərin, evsiz-eşiksiz olanların, yetimlərin, qarnı acların doyacağı bir yer, yuva qurmağa çalışıram. Hökumətdən dəstək istəyirəm.
Allah məni insanların arasından seçdi, bugünki çətinlikləri mənə yazdı. Amma inanıram ki, aldıqlarını bir gün mənə mütləq geri verəcək...”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler