» » “Dərmanlar əvvəlkindən də ucuzdur” - Nazir

“Dərmanlar əvvəlkindən də ucuzdur” - Nazir

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
“Dərmanlar əvvəlkindən də ucuzdur” - Nazir

Xalqinfo” Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayevin Azərtac-a verdiyi müsahibəni ixtisarla təqdim edir:

- Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesini necə dəyərləndirmək olar?

- Məlum olduğu kimi, məsələnin həm sosial, həm də iqtisadi əhəmiyyəti nəzərə alınaraq dərman vasitələri bazarında müşahidə edilən xaotik vəziyyətin aradan qaldırılması, bu sahəyə nəzarətin gücləndirilməsi və ölkədə əczaçılıq sənayesinin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.

Böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələri bazarının tənzimlənməsinə 2015-ci ilin ortalarından başlanılıb, proses intensiv şəkildə davam etdirilib, müxtəlif doza və qablaşdırma miqdarı nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10166 dərman vasitəsinin qiymətləri təsdiq edilib. 2016-cı ilin 1 sentyabr tarixindən etibarən yalnız qiymətləri təsdiq edilmiş dərman vasitələrinin satışına icazə verilir.

Manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymət tənzimlənməsi nəticəsində dərman vasitələrinin çox hissəsinin qiymətləri tənzimləmədən əvvəlki qiymətlərdən yenə də dəfələrlə aşağıdır. Pərakəndə satış qiymətlərinin təhlili göstərir ki, daha çox tələbat olan, məsələn, xolesterin tənzimləyici, qan durulaşdırıcı, ağrıkəsici, təzyiq, diabet, allergiya və astma əleyhinə, mədə-bağırsaq və sinir sistemi xəstəliklərində istifadə olunan və s. dərmanların qiymətləri dəfələrlə, bir sıra hallarda 5-10 dəfə aşağı salınıb. Nəticədə həm əhalinin xərclərinə, həm də dərman idxalı ilə bağlı ölkədən valyuta çıxışına qənaət olunur.

Konkret rəqəmlərə istinad etsək, 2014-cü ildə bir qutu dərman vasitəsinin orta idxal qiyməti 3 ABŞ dolları təşkil etdiyi halda, həmin göstərici tənzimləmədən sonra 1,4 ABŞ dolları səviyyəsinə enib. Təhlillər göstərir ki, tənzimləmə nəticəsində əhalinin və dövlət büdcəsinin dərmanla bağlı xərclərinə il ərzində 400 milyon ABŞ dollarından çox, idxal olunan dərmanlara görə xaricə ödənilən valyuta vəsaitinə isə 250 milyon ABŞ dollarından artıq qənaət edilir.

- Bir müddət əvvəl bəzi KİV-də aptek təşkilatlarının təchizatında problemlərin yarandığı qeyd edilirdi...

- Qanunvericilikdə həm topdansatış əczaçılıq müəssisələri, həm də aptek təşkilatları üçün mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla məqbul səviyyədə - hər biri üçün 20 faizədək marja nəzərdə tutulur ki, bu da normal rentabelli fəaliyyəti təmin edir və dərman vasitələrinin idxalı və təchizatı baxımından heç bir problem yaratmır. Yeri gəlmişkən qeyd edim ki, ötən il ərzində 2015-ci illə müqayisədə qutu sayı ilə ifadədə ölkəyə dərman vasitələrinin idxalı 20 faiz artıb.

Buna baxmayaraq, manatın ABŞ dollarına olan rəsmi məzənnəsinin dəyişməsi və idxalçıların banklardan xarici valyuta alışındakı çətinliklər səbəbindən ötən ilin noyabr ayının ikinci yarısında dərman vasitələrinin aptek təşkilatlarına təchizatında müvəqqəti problemlər yaranmışdı. İdxalçıların xarici valyuta alışındakı çətinlikləri həllini tapdıqdan və Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problem aradan qaldırılıb.

Qeyd olunmalıdır ki, tənzimləmədən sonra bu sahədə şəffaflıq təmin edilib, ictimai və dövlət nəzarəti güclənib, artıq hər bir vətəndaş hansı dərmanın hansı qiymətə olduğunu bilir və dərmanlar bütün apteklərdə eyni qiymətə satılmaqla, vətəndaşların ucuz aptek axtarmaq zərurəti tam aradan qalxır və süni qiymət artımının qarşısı alınır. Xüsusilə, uzun illər sabit məzənnə rejiminin tətbiq edildiyi ölkəmizdə dəyişən məzənnə rejimində dərman vasitələrinin qiymətləri ilə manipulyasiya etmək halları tam aradan qaldırılıb. Belə ki, Tarif (qiymət) Şurasının qərarı olmadan dərman vasitələrinin qiymətlərində hər hansı bir dəyişiklik, o cümlədən qiymətlərin bahalaşması qanunaziddir.

Təsəvvür edin ki, tənzimləmədən əvvəl məzənnənin sabit olduğu bir dövrdə dərman vasitələrini dəfələrlə baha satan “marketinq firmaları” tənzimləmə aparılmasaydı, məzənnənin belə dəyişməsindən istifadə edərək dərman vasitələrini hazırkı qiymətlərdən dəfələrlə baha qiymətə satacaqdılar.

- Ölkəmizdə əczaçılıq sənayesinin inkişaf potensialı barədə fikirlərinizi bilmək istərdik.

- Beynəlxalq təcrübə göstərir ki, əhalinin rifah səviyyəsi yüksəldikcə insanlar öz sağlamlığına daha çox diqqət yetirirlər və nəticə etibarilə dərman vasitələrinin istehlakı artır. Azərbaycan 10 milyona yaxın istehlakçısı olan, daxili tələbatı ilbəil artan və dinamik inkişaf edən dərman vasitələri bazarına malikdir. Daxili tələbatın ödənilməsi məqsədilə dərman vasitələrinin mütləq əksəriyyətinin idxal olunması bu sahədə yerli istehsalın təşkili məsələsini də aktuallaşdırır. Eyni zamanda, dərman vasitələrinin istehsalı ilə bağlı əlverişli investisiya mühitindən danışarkən, - potensial investorların da vurğuladığı kimi, - ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin və hazırda pilot layihə kimi başlayan icbari tibbi sığorta sisteminin gələcəkdə tam tətbiqinin üstünlükləri nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, məhz qeyd edilən istiqamətlərdəki tədbirlərdən sonra ölkəmizdə dərman vasitələrinin istehsalına xarici investorların marağı əhəmiyyətli dərəcədə artıb.

Yanvar ayında İran ilə də birgə müəssisə formasında əczaçılıq zavodunun təməlinin qoyulması nəzərdə tutulur. İstehsal müəssisəsinin yaradılmasının mərhələli şəkildə icrası planlaşdırılır. Birinci mərhələdə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə daha geniş çeşiddə antibiotik dərmanların istehsalı planlaşdırılır. Layihənin birinci mərhələsinin dəyəri 20,5 milyon ABŞ dolları təşkil edəcək və bu zaman 54 təsiredici maddə üzrə 84 çeşiddə ağrıkəsici, vitamin, iltihab əleyhinə vasitə və antibiotik, kardiovaskulyar, antihistamin və antiallergik, qan təzyiqi problemləri, göbələk, sinir sistemi və qastroenteroloji xəstəliklərə qarşı dərman vasitələri istehsal ediləcək.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler