» » Allaha yalvaraq, yoxsa məmurlara? – FOTO/VİDEO

Allaha yalvaraq, yoxsa məmurlara? – FOTO/VİDEO

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Allaha yalvaraq, yoxsa məmurlara? – FOTO/VİDEO
Bir neçə gün öncə paytaxta 36 ilin ən güclü yağışı yağdı. Bu illərin rekordunu paytaxtda hiss etməyən qalmadı desək, yeridir.

Evinə, maşınına su dolan da oldu, saatlarla tıxacda qalan da. Amma bu halları yaşamağımıza tək səbəb yağışın normadan bir neçə dəfə çox yağması deyil. Çünki onsuz da göydən iki damla düşəndə, heç normadan da az yağanda biz küçələrin gölə çevrilməsini çox görmüşük. Buna səbəb yerə düşən suyun getməyə yol tapmamasıdır. Müşahidələr göstərir ki, əksər küçələrdə yağış sularının axması üçün barmaqlıq yoxdur. Buna nümunə olaraq bu gün səhər saatlarında Binəqədi şosesini göstərə bilərik. Gecədən səhərə qədər yağan yağış yolda hərəkəti məhdudlaşdırıb. Səhər saatlarında nasoslarla suyun çəkilməsi üçün iş aparılsa da, barmaqlıqlar olmadığına görə sürücülər yollarda qalıb.
Küçələrdə quraşdırılan barmaqlıqların əksəriyyəti isə kanalizsiya xəttinə birləşdirilib ki, onlar da tələbatı ödəmir, bu, suyu axıtmaq əvəzinə kanalizasiya sularının yola çıxmasına səbəb olur.
Bəs illərdir davam edən bu problem nə vaxt həll olunacaq? Yağış rekordu bir də təzələnsə nə olacaq?

Allaha yalvaraq, yoxsa məmurlara? – FOTO/VİDEO









"Xalqİnfo" xəbər verir ki, Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Publika.az-a bildirib ki, bu, konkret bir qurumdan daha çox ümumi şəhərsalmanın problemidir: “Görülən bütün işlər qanunvericiliyə və ümumi şəhərsalma planına uyğun qurulmalıdır. Hər hansı ərazidə yol salınarkən yağış sularının hara axıdılması nəzərə alınmalıdır. Bizdə isə bu məsələlərə diqqət edilmir. Hər hansı ərazidə bina tikilir və sonra da qərar verilir ki, orada yaşayanlar üçün yol çəkilsin. Bunun nəticəsində yağış yağanda su axmağa yer tapmır. Yol, kanalizasiya xətti ümumi plana uyğun çəkilməlidir. Hər bir qurumun üzərinə düşən vəzifə həmin planda əks olunmalıdır. Lakin şəbəkə yoxdursa, yol çəkəndə barmaqlıq qoyulsa belə onun axmağa yeri olmayacaq. Bu şəbəkənin qurulmasında “Azərsu”, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İcra hakimiyyətləri iştirak etməlidir. Çünki suyun axması üçün şəbəkə olmayanda torpağa axacaq və həmin ərazidə problemlər yaranacaq”.

Ekspertin sözlərinə görə, yağış suları şəhərin relyefinə uyğun problemlər yaratdı: “Hansı ərazilər relyef hündürdürsə, orada problem olmadı. Məsələn, Tbilisi prospektində su təbii axarla getdi, baxmayaraq ki, orada yağış barmaqlığı yoxdur. Yasamalda, Ziya Bünyadov prospekti, “Neftçilər”, “Əhmədli” nin nisbətən çökəklik olan yerlərində problemlər yaşandı”.

Bəs yol çəkən qurum bu məsələdə nə düşünür?

Allaha yalvaraq, yoxsa məmurlara? – FOTO/VİDEO








Bu günlərdə yollardakı yağış sularının gölməçələr yaratmasının barmaqlıqlarla əlaqədar olmadığını deyən, “Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bunu yağıntının normadan çox düşməsi ilə əlaqələndirdi: “Barmaqlıqlar olan ərazilərdə də yağış sularının axıdılması problemini yaşadıq. Məsələn, Ziya Bünyadov, Heydər Əliyev prospekti, Bağırov körpüsünün yan yollarında, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı körpüdə də barmaqlıqlar və hətta nasoslar mövcuddur. Problemin yaranma səbəbi yüklənmə idi. Son 36 ilin ən güclü yağışı yağmışdı. O qədər güclü axın oldu ki, sistem onu apara bilmədi”.

Onun sözlərinə görə, suların axıdılması əsasən şəhər daxili yollarda müşahidə edilib: “Bu gün şəhər küçələrinin 17-18 faizində yağış barmaqlıqları var. Sovet dövründə küçələr salınarkən bu məsələlər nəzərə alınmayıb. Çünki şəhərin yüklənməsi indikindən az olub, tikililər bugünkü qədər olmayıb. Ona görə də küçələrdəki su öz axarını tapa bilirdi. İndi isə o qədər tikinti, əhali artımı var ki, buna görə də təmir işləri aparılarkən yağış barmaqlıqları qoymağa məcbur oluruq. Harada imkan varsa, “Azərsu” ASC-yə müraciət edirik. Əsasən qurulan barmaqlıqlardan yağış suları kanalizasiya sisteminə axıdılır. Əslində belə olmamalıdır, lakin çox zaman bunu etməyə məcbur oluruq. Əks halda küçələrdə su toplanır”.

A.Nəcəfli yeni salınan yollarda yağış kollektorlarının qurulmasının “Azərsu”nun işi olduğunu bildirdi: “Biz yeni yol çəkərkən yağış barmaqlıqları qoyuruq. Lakin bu barmaqlıqlardan axıdılan su yaxşı halda kollektor, ən pis halda kanalizasiyaya qoşulmalıdır. Yeni kollektorun qurulması da böyük iş deməkdir. Bunun üçün şəhərin bütün yolları sökülüb, yeni insfrasturuktur yaradılmalıdır. “Azərsu” hazırda Badamdar istiqamətdə bu işi aparır”.
Allaha yalvaraq, yoxsa məmurlara? – FOTO/VİDEO








“Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, bu gün paytaxt yollarının 1/7-də yağış kollektorları var: “Bu 10-15 faizdən çox deyil. Son illər çəkilən yolların hamısında yağış barmaqlıqları var. Həmin barmaqlıqlardan axıdılan su kanalizasiya xətlərinə qoşurlar. Düzdür, yaxşı olardı ki, onlar kanalizasiya yox, yağış kollektorlarına birləşdirilsinlər. Lakin mümkün olmayanda kanalizasiya xətlərinə qoşulur. Belə yağıntılar olanda kanalizasiyalar suyu axıda bilmir, ona görə gölməçə yaranır. Ziya Bünyadov prospektində belə vəziyyət müşahidə edildi. Binəqədi şosesində ümumiyyətlə yağış kollektorları yoxdur. Yağış suları kanalizasiya xətlərinə qoşulursa, o zaman boruların diametri böyük götürülməlidir. İndiki kanalizasiya xətlərinin əksəriyyəti sovet dövründə qurulub və onlar yalnız kanalizasiya üçün nəzərdə tutulub”.

A.Cəbrayıllı problemin həlli üçün yağış kollektorlarının çəkilməsinin planda olduğunu dedi: “900 km ərazidə yağış kollektorlarının qurulması nəzərdə tutulub. Bu, kifayət qədər böyük rəqəmdir. Bunu yalnız “Azərsu” tikməməlidir. Hökumət hansı qərar versə, ona uyğun da addım atılacaq. Gələcəkdə yol infrastrukturu qurulduqca bu məsələlər tədricən həllini tapacaq. Məsələn, Hövsanda yeni yol çəkilir. Orada iri diametrli yağış kollektorları, yağış barmaqlıqları qurulur”.
Sonda qeyd edək ki, bu gün də respublika ərazisində yağışlı hava proqnozlaşdırılıb. Hazırda bəzi ərazilərə yağış yağır. Axşama yenə üzəcəyik, hazır olun. Görünən odur ki, hələ çox üzəcəyik. Amma istəmədiyimiz yerdə üzməmək, yaxud suyun bizi qəfil yaxalayaraq üzməyə məcbur buraxmaması üçün iki yolumuz qalır: ya Allaha yalvarmaq, ya da məmurlara...



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler