"Üzüyümü satıb yolpulu elədim..."- Üç uşağını atıb Bakıya qaçan gəlinlə müsahibəBölmə: SÖHBƏT, BLOK XƏBƏR
Ucar rayonu Qaracallı kənd sakini 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın 3 uşağı evdə qoyaraq Bakıya qaçması son günlər mətbuatın əsas müzakirə mövzularından biridir Ölkə.az-ın əməkdaşı sözügedən qadını tapıb və Ş.Rüstəmovanı danışmağa razı sala bilib. - Şəlalə xanım, evdən nə vaxt və hansı səbəbdən qaçmışdınız? - İyulun 31-də evdən çıxıb getmişəm. Qaynatamla qaynanam mənə işgəncə verirdilər, söz-söhbət çox olurdu. Mən də buna dözə bilmirdim. İkisi də məni döyürdü. Qaynanam hər gün deyirdi ki, səni boşatdırıb, uşaqları əlindən alacağam. - Həyat yoldaşınız qohumunuzdur? - Xeyr, kəndçimizdir. - Yoldaşınız hazırda Rusiyadadır? - Bu məsələdən sonra Azərbaycana qayıdıb. Eşidirdim ki, yoldaşımın Rusiyada ailəsi, uşağı, gəzdiyi var, evə gec-gec gəlirdi. İki-üç aydan bir telefonla danışırdıq, onda da dalaşırdıq. - Neçə ildir ailəlisiniz? - 6 ildir. - Neçə ildir o Rusiyadadır? - Demək olar ki, biz ailə qurandan. Səkkiz-doqquz ayda bir dəfə evə gəlib bir ay qalırdı, onda da dalaşırdıq. - Yoldaşınız Azərbaycana qayıdandan sonra görmüsünüz? - Xeyr, görməmişəm, telefonla da danışmamışıq. - Polis sizi ananıza təhvil vermişdi, yoxsa qaynanatanızgilə? - Anamgil gəlib məni aparıblar. Qaynatamgil məni tutdurmaq istəyirdilər, uşaqlarımı vermirdilər. Dünən gətirib uşaqları üstümə atıb getdilər ki, yoldaşımı evləndirsinlər. Amma əvvəlcə demişdilər ki, qayıtsa, qəbul edəcəyik. - Uşaqlarınızın neçə yaşı var? - Böyüyünün 4 yaşı var, kiçiyi on bir aylıqdır. - Qaynatanızgilin maddi durumu necə idi? - Vəziyyətləri yaxşı idi. Amma valideynlərimin durumu yaxşı deyil. Atam xəstədir, qardaşlarım balacadır. Bilmirəm, necə olacaq. -Təhsiliniz var? - Xeyr, təhsilli deyiləm. Məndən böyük bacım var, beş uşağıq. Mən 1991-ci ildənəm, yoldaşım 1987-ci ildən. - Bakıda neçə gün qaldınız? - 20 gün. - Harda qalırdınız? - Birinci gecəni "Torqovı"da qaldım, sonra rusca danışan süpürgəçi qadının evində qalırdım. Onun evində yaşayırdım. Sonra televizordan eşitdim ki, məni axtarırlar. Anamgilə zəng vurdum ki, salamatam. - İlk gecəni küçədə qalmışdınız? - Bəli, küçədə qalmışdım. - Gedəndə uşaqları niyə özünüzlə aparmadınız? - Uşaqları aparmağa icazə vermirdilər. Həm də evdən elə çıxmışdım ki, üç uşağı yanıma alıb apara bilməzdim. - Evdən necə çıxdınız ki, heç kimin xəbəri olmadı? - Gecə 12 idi, yatmışdılar. Həmin gün qaynatam məni döymüşdü. Anamgilə getsəydim, onlar da qəbul etməyəcəkdilər. - Gecə 12-də Bakıya kimlə gəldiniz? - Qaçıb yola çıxdım, oradan taksiyə minib gəldim. - Deməli, pulunuz var imiş... - Pulum yox idi, üzüyümü satıb yolpulu elədim. Bir qəpiyim də yox idi. Evdən çıxanda qızıllarımı götürmüşdüm. - Bildirilir ki, internetlə Bakıdan kiminləsə tanış olmusunuz. Bakıya qaçmağınızın da səbəbi bu imiş. - Elə bir şey olmayıb. Hələ çox söz deyiblər. Guya qaynatamın maşınının açarını götürmüşəm. Bu sözləri məni tutdurmaq üçün deyirlər. - Bayaq da bildirdiniz ki, sizi həbs etdirmək istəyirlər. Nəyə görə tutdurmaq istəyirlər? - Guya maşının açarını, evdən pul götürmüşəm. - Yoldaşınızla axırıncı dəfə nə vaxt danışmışdınız? - O, Rusiyada olanda danışdıq və yenə dalaşdıq. Qaynanam ona demişdi ki, uşaqlara baxa bilmirəm, iş görmürəm. - Siz ailələrin razılaşmasına əsasən ailə qurmusunuz? - Mən nişanlananda 13 yaşım var idi, heç nəyi dərk etmirdim. 18 yaşımda ailə qurdum. - İnternetdən, sosial şəbəkələrdən anlayışınız var? - Facebookdan başım çıxmır, amma internetə girməyi bacarıram. Lazım olanda girib videoya baxa bilirəm. - Nəyə baxırdınız? - Evdə qaynatamın kompüterində filmlərə baxırdım. - Əvvəldən qaynatanız sizi döyürdü, yoxsa son vaxtlar döyməyə başladı? - Əvvəllər acılayırdı, söyürdü, axır vaxtlar döyməyə başladı. Qaynanam nəsə bir "çp" tapırdı, qaynatama deyirdi, o da məni söyürdü. - Qaynatanız hansı peşənin sahibidir? - Azər Rüstəmov müəllimdir. Yoldaşımın adı Əlif, qaynanamın adı Aidədir. - Deyirsiniz ki, 8-9 ay evə gəlmirdi. Olurdumu ki, telefonla danışanda tez qayıtmasını istəyəsiniz? - Mən deyəndə ki tez gəlsin, qaynanam deyirdi, elə demə, qoy oturub işini görsün. - Yoldaşınız Rusiyada nə işlə məşğul idi? - Alverlə. - Qayıdandan sonra valideynlərinizin sizə münasibəti necə oldu? - Valideynlərim məni tanıyırlar, xasiyyətimi də bilirlər. Ona görə qəbul etdilər. Qaynatamgil isə deyirdilər ki, qızlarını döyüb öldürsünlər, qəbul etməsinlər. - Yoldaşınız sizi qəbul etsə, barışmaq istəyərsiniz? - Əlbəttə, istəmərəm. Barışmaq istəsəm, evdən qaçardım? Bilirəm ki, ora getsəm, məni nə gözləyir. - Bilirsinizmi, ana nadir hallarda öz başının dincliyi üçün uşağını qoyub qaça bilər? Amma siz bunu etmisiniz... - Bilirəm və çox peşmanam. Boşansaydım, o uşaqları mənə verməyəcəkdilər. Qaynanam deyir ki, sən ölsəydin, oğlumu evləndirərdim, yoldaşı uşaqlara baxardı. - Yoldaşınız Azərbaycanda olanda da qaynananız işinizə qarışırdı? - Bütün günü üçü də məni söyürdü, dindirmirdilər. İşimi görürdüm ki, söz-söhbət olmasın. Yoldaşım onlara görə məni günlərlə dindirmirdi. Anama, atama söyürdü. - Bildirilir ki, Bakıda axırıncı dəfə Nərimanov parkında olmusunuz... - Məni süpürgəçi qadın başqa bir qadınla gətirib ora qoydular ki, anamgil gəlib götürsünlər. Anamla söhbət elədilər, məni götürüb birbaşa polis şöbəsinə gəldik. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|