» » “Mənə dedilər, gərək sinən çöldə olsun”

“Mənə dedilər, gərək sinən çöldə olsun” Müsahibə

Bölmə: SÖHBƏT
“Mənə dedilər, gərək sinən çöldə olsun”
“Qafqazinfo” 1937.az saytına istinadən əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Münəvvər Əliyevanın müsahibəsini ixtisarla təqdim edir. O, geniş müzakirəyə səbəb olan “Qatil” tamaşasındakı Müəllimə obrazı ilə oxuculara daha çox tanışdır.


- Münəvvər xanım, “Qatil” tamaşası ətrafındakı son söz-söhbətlərdən sonra heç dedinizmi ki, bu baş ağrısı mənə lazım idi?

- “Qatil” tamaşası hazırlananda bu hay-küyü gözə almışdıq. Ancaq biz bu söz-söhbəti adi tamaşaçılardan gözləyirdik, sənət adamlarından yox. Son situasiya mənə daha çox təsir etdi. Çünki o insanlar məhz mənim dostlarım sayılırdı, mənə görə gəlmişdilər. Onlardan bunu gözləməzdim.

- Bəs bu hadisə dostluğunuza xələl gətirdimi?

- Mən Əbdül müəllimə zəng edib dedim ki, etdiyiniz nə dərəcədə doğrudur? Dedi ki, mən belə şey etməmişəm, amma istəməzdik, səni elə rolda görək. Dedim, bu nə deməkdir, mən aktrisayam. Əslində, Şeyx Əbdül də rejissordur, onun “Şaman duaları” tamaşasında da “Allah, Allah” deyib şamanlıq edirdim də. Sabah mənə fahişə rolu verilsə, onu da oynaya bilərəm. Orada çılpaqlıq ola bilər, amma mən onu elə oynayacam ki, iç dünyasını, onu fahişə edən kəsləri, səbəbləri, həyatı göstərəcəyəm. Mən bunu düzgün şəkildə edə bilsəm, o qadına bəraət qazandıracam. Onda niyə də oynamayım?

Hətta söhbətlər arasında “Açaram sandığı, tökərəm pambığı” söhbəti olmuşdu. Əslində, hər kəsin açmağa sandığı, tökməyə pambığı var. Elə adam var ki, ona bütün ləkələr yapışır. Amma bizə ki, yapışmaz...

Bu sənət üçün nəyə görə bu qədər qurban verirdim? Qohum-əqrəbanın “Filankəsin qızı getdi, aktrisa oldu” tənələrinə dözdüm, onları başa sala bildim. Onların da uşaqları vardı, aktrisa olmasa da, hərəsinin həyatı bir cür gətirdi.

- Yadımdadır ki, Alim Qasımovun sənətinə heyran olduğunuzu, ona qibtə etdiyinizi deyirdiniz. Ona görə də onu tamaşaya dəvət etmişdiniz. Alim Qasımovun isə sizə qiyməti belə oldu...

- Alim Qasımovun belə bir şey edəcəyinə, ümumiyyətlə, inanmıram. Amma nədənsə kiməsə xoş idi ki, martın 30-u tamaşa oynanandan sonra qalmaqal yaradılsın. Bu da mənəvi aclıqdan irəli gəlir.

Ümumiyyətlə, əvvəllər fikirləşirdim ki, dost pis gündə tanınar, amma əksinəymiş. Mən ev alanda bir dostumu itirdim, maşın alanda birini. “Qatil” tamaşasında uğur qazandım, dostlarımın çoxu mənə qarşı çıxdı. Başa düşmürəm, ayaq üstə alqışlanmağımızımı həzm edə bilmirlər?

- Bəs ailə üzvləriniz nə deyirlər, ümumiyyətlə, tamaşaya baxıblarmı?

- Hamısı baxıblar. Hətta qohumlarım, rəfiqələrim arasında dindar xanımlar vardı ki, çəkinə-çəkinə onları da dəvət etmişdim. Təəccüblüdür ki, onlar heç bir mənfi rəy söyləmədilər. Əksinə, o qədər təsirlənmişdilər ki... Tamaşanın məğzini anlayandan sonra gözə çılpaqlıq görünmür. Tamaşa haqqında deyilənlərə də məəttəl qalmışdılar ki, orada axı elə səhnələr yox idi.

İndi mənim ailəm də, qohumlarım, çevrəm də sənətimi çox gözəl qəbul edirlər. Qohumlarım arasında o qədər ağlayaraq o tamaşadan gedən olub ki... Özüm də bilmədən onların həyatını oynamışammış, bunu özləri etiraf edirdilər. O tamaşadan sonra qohumlarımdan çox dost tapdım özümə, amma dostlarımı itirməli oldum.

- Münəvvər xanım, bildiyim qədər, “Aktrisa” filmindən bəzi açıq-saçıq səhnələrə görə imtina etmisiniz. Halbuki, “Qatil”dəki obrazınız bu mənada daha cəsarətli idi. Bəs onda niyə çəkinmişdiz, sonra necə oldu bu sərhədi aşdınız?

- Əslində, məndə o kompleks var idi. Filmlərdən böyük rollar üçün dəvət alırdım, amma bir balaca açıq səhnəyə görə qəbul etmirdim ki, mən vücudumu çılpaq göstərə bilmərəm, bacarmaram. “Qatil” tamaşasından sonra kompleksim sındırıldı. Çünki “Qatil”də o çılpaqlığa varmırsan. Orada daha çox qadının ağrı-acısı üstələyir o səhnələri. Bu sənətdir. Ola bilsin, sənətimin elə nöqtəsində gəlib yerləşdim, düşündüm ki, sənətə ciddi yanaşmaq lazımdır. Şıltaqlıq etmək olmaz.

- “İlahi məxluq” filmində Vəfa Zeynalovanın roluna necə, çəkilərdinizmi? O rol da çox qınağa tuş gəldi.

- O filmdə, əslində, erotika yox idi. O rol mənə təklif edilmişdi. Amma mənə təklif ediləndə deyilmişdi ki, gərək sinən tam açıq, qabarıq şəkildə çöldə olsun. Ancaq elə çəkilmədi, qadının sinəsi tülün altında göstərildi. Mən demişdim ki, mən vücudumu çılpaq şəkildə göstərə bilmərəm. Filmdə çobanın anası rolunu oynadım. Amma bu gün düşünürəm ki, sənət nöqteyi-nəzərdən baxsaydım, bəlkə də, çəkilərdim. Gözəl bir mövzu olsa, niyə də yox? Məsələ qadının çılpaqlığı deyil.

- Münəvvər xanım, hamıya bəllidir ki, aktyorun əmək haqqı ən yüksək halda 200 manatdır. Bu sizi ruhdan salır heç?

- Mütləq təsir edir. İnsanın sənəti qiymətləndirilməlidir. Axı niyə mən həmişə düşünməliyəm ki, büdcəmi elə bölüm ki, borclu qalmayım, tələbatlarımı ödəyə bilim. İnsan kimi yaşamalıyıq, ildə heç olmasa bir dəfə istirahətə getməliyik ki, bu cəmiyyətdən uzaqlaşasan, təzələnəsən. Məsələn, mən istərdim ki, xarici ölkələrdə hər hansı tamaşaya baxım, amma mənim buna imkanım yoxdur. Niyə gedə bilməməliyəm axı? İmkanı olanlar da hansısa ölkədə teatra yox, alış-veriş mərkəzinə gedir.

İnsan istəyir ki, bəzi xanımlar kimi hər gün salona gedim, gözəl görünüm, özümdən həzz alım. Niyə ancaq başqaları bizi sevməlidir? Mən bunu edəndə 5-6 aylıq maaşımı xərcləməli oluram və özümü bir il nələrdənsə məhrum etməli oluram.

- 22 ilə yaxındır ki, bu sənətdəsiniz. Adətən teatrda ya partnyorlar arasında, ya digər sənət dostları arasında sevgilər yaşanır. Sizə belə bir sevgi etirafı olubmu, ya siz kimisə sevmisinizmi?

- Sənət adamlarından yox, öz mühitimizdə belə şey olmayıb. Mən bir az fərqli adamam, özüm də onlara başqa cür baxıram. Universitetdə də oxuyanda təməli elə qoymuşdum ki, hansısa oğlan mənə sevgi etirafı eləməsin. Bir oğlan etmişdi, o da qrupumuzdan çıxmalı oldu, çünki gələcəkdə onunla rol bölüşmək çətin olardı. Eşitdiyim etiraflar mənə ciddi görünmürdü. Onlar mənim üçün adiləşmişdilər, artıq elə adamlara qarşı da heç vaxt sevgi hissin ola bilməz. Sənət adamlarına üçüncü cins kimi baxmağa başladım.

Mənim həyat yoldaşım sənət adamı deyil, tamam başqa peşə sahibidir. Ona görə onu ciddi qəbul edə bildim. Bəlkə də, sənət adamları arasında insanın içini duyan biri olsaydı, başqa cür yanaşa bilərdim.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler