» » “Onlar bu həyatı yaşamağa məcbur edilir”

“Onlar bu həyatı yaşamağa məcbur edilir” Əli Həsənov

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Onlar bu həyatı yaşamağa məcbur edilir”
“Çoxqütblü sistemin formalaşması meylləri sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərin dərinləşməsinə mühüm təsir göstərən inklüziv dialoqun əhəmiyyətini artırır. Müşahidələr göstərir ki, regional və beynəlxalq təhlükəsizliklə bağlı problemlər yalnız hərbi-siyasi xarakterli məsələlərlə məhdudlaşmır, eyni zamanda sosial-iqtisadi və mədəniyyətlərarası münasibətlər sahəsini də əhatə edir”.

Xalqinfo” xəbər verir ki, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qütbləşmə dövründə inklüziv dialoq" mövzusunda keçirilən paneldə Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O, bildirib ki, humanizm, tolerantlıq, hüququn aliliyi və ümumbəşəri dəyərlərin prioritetliyi kimi prinsiplərə malik olan inklüziv dialoqa dünya ictimaiyyətini narahat edən qlobal problemlərin və münaqişələrin aradan qaldırılması vasitələrindən biri kimi baxılır.

Azərbaycanın Avropa ilə Asiyanın kəsişdiyi məkanda yerləşdiyini deyən Ə. Həsənov inklüziv dialoqun beynəlxalq hüquq normalarına əsaslanan sivil birgəyaşayışın təmin edilməsində yüksək rol oynadığını qeyd edib: “Dünya dövlətləri ilə bərabərhüquqlu qarşılıqlı əməkdaşlıq möhkəmləndirilir, hər bir xalqın dini-etnik və mədəni özünəməxsusluğunun qorunub saxlanılması üçün mədəniyyətlərarası dialoqun yaratdığı əlverişli imkanlardan səmərəli şəkildə istifadə olunur. Azərbaycan dünyada zəngin multikultural dəyərlərə və tolerant ənənələrə malik olan çoxmillətli dövlət kimi tanınır. Ölkənin qədim dövlətçilik tarixində multikulturalizmin özünə xüsusi yer tutması milli-etnik dəyərlərin zənginləşməsinə böyük töhfələr verir. Azsaylı xalqların öz adət-ənənələrini, dini dəyərlərini qoruyub saxlaması polietnik birliyi möhkəmləndirən mühüm amillərdən biri kimi çıxış edir. Bu sahədə aparılan siyasətin nəticəsində dini, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının hüquqi bərabərliyi təmin olunur.

Təəssüf ki, bu gün dünyada dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir. Bu sahədə mövcud olan problemlərin çətinliyini və ağrı-acısını Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinin nəticəsində bir milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycan daha yaxından anlayır. Ona görə də bu qəbildən olan insanların öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi inklüziv dialoqun tərkib hissələrindən biri olmalıdır”.

Ə. Həsənov deyib ki, inklüziv dialoqun təşviq edilməsində Heydər Əliyev Fondunun göstərdiyi fəaliyyəti xüsusi qeyd etmək lazımdır: "Ötən illər ərzində fond tərəfindən tarixi abidələrin təmir edilməsi və yeni mədəniyyət ocaqlarının yaradılması məqsədilə çoxsaylı layihələr həyata keçirilib. Layihələr çərçivəsində Fransa, Vatikan, İtaliya, Bolqarıstan kimi dövlətlərdə qədim dini, mədəni abidələr təmir və bərpa olunub. Fondun xətti ilə Azərbaycanda müxtəlif dinlərə sitayiş edən insanların getdikləri ziyarətgahlarda təmir-bərpa işləri aparılıb və etnik qrupların nümayəndələri üçün təhsil, mədəniyyət mərkəzləri yaradılıb. Azərbaycanın rayonlarında tədrisin azsaylı xalqların dilində aparıldığı məktəblər Fond tərəfindən mütəmadi olaraq dərslik və tədris ləvazimatları ilə təmin edilir. Azərbaycan dini-etnik müxtəlifliyə, inklüziv cəmiyyətin inkişafına daim dəstək verir və mədəniyyətlərarası, humanitar beynəlxalq forumların keçirilməsinə Bakının ev sahibliyi etməsi bunun əyani sübutudur. Hazırda hər bir cəmiyyətin siyasi, sosial-iqtisadi və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlərin formalaşmasını, müxtəlif mədəniyyətlərin bir-birinə qarşılıqlı təsir göstərməsini, sabitliyin və dayanıqlı inkişafın təmin olunmasını inklüziv dialoqsuz təsəvvür etmək mümkün deyil. Bu dialoqun möhkəmlənməsi həm də ona görə vacibdir ki, bəşəriyyət qlobal problemlərin və çağırışların qarşısında özünün təhlükəsizliyini təmin etməyi bacara bilsin”.

Ə. Həsənov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən müsəlman və qeyri-islam dini icmalarının milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmə işlərini yüksək səviyyədə aparmaları üçün dövlət tərəfindən onlara maliyyə yardımı göstərilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler