» » Bakıda Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 25 illiyi qeyd edilib

Bakıda Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 25 illiyi qeyd edilib

Bölmə: Siyasət
Bakıda Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 25 illiyi qeyd edilib
Martın 30-da Bakıda Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə qəbul təşkil edilib.

Xalqinfo.az xəbər verir ki, tədbirdə əvvəlcə iki ölkə arasında əlaqələri əks etdirən fotosərgi nümayiş olunub.

Rəsmi şəxslərin, Milli Məclisin deputatlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdikləri tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Qəbulda çıxış edən Çinin Azərbaycandakı səfiri Vey Cinhua ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu deyib. Səfir bildirib ki, 2000 il əvvəl təməli qoyulmuş qədim İpək yolu xalqlarımız arasında dostluq münasibətlərinin əsasını qoyub. 1992-ci il aprelin 2-də Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması hər iki ölkənin tarixində yeni vacib bir səhifə açdı.

Səfir deyib: “Çin dilində bir atalar sözü var: “Suyu içərkən su quyusunun kim tərəfindən qazıldığını unutmayın”. Mən Azərbaycan xalqının ümummilli lideri, Çin xalqının yaxın dostu, iki ölkə arasında dostluq əlaqələrinin təməlini qoyan Heydər Əliyevin adını çəkməyi özümə borc bilirəm. Heydər Əliyev Çinə səfəri zamanı ölkələrimiz arasında əlaqələrin təməlini qoyub. Heydər Əliyevin Çinin Azərbaycandakı səfirliyinin binasının açılışında etdiyi çıxışı unutmaq olmur”.

Vey Cinhua qeyd edib ki, son iki ildə Çin-Azərbaycan əlaqələri sürətli inkişaf mərhələsinə daxil olub. 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə birgə İpək Yolu iqtisadi kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalandı. Bu, iki ölkə arasında münasibətləri daha da gücləndirib. 2016-cı ilin may və iyun aylarında Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyəti, Kommunist Partiyası Siyası Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi Menq Ciancu Azərbaycana səfər ediblər. Tərəflər praqmatik əməkdaşlıq, təhlükəsizlik sahəsində əlaqələr haqqında fikir mübadiləsi aparıblar. Altı ay ərzində iki ölkənin nümayəndələri üç dəfə səfər ediblər. Bu, ölkələrimizin münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.

Diplomat qeyd edib ki, 25 il ərzində Çin və Azərbaycan arasında əməkdaşlıq durmadan inkişaf edir. Əgər 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyon ABŞ dolları təşkil edirdisə, bu göstərici 2016-cı ildə 500 dəfə artaraq 770 milyon ABŞ dollarına çatıb. Dünya iqtisadiyyatının inkişaf tempinin azalmasına, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Çin ilə Azərbaycan arasında ticarət həcmi 15 faiz artıb. Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşından biridir. Bu, iki ölkə arasında ticari əməkdaşlığın yüksək səviyyədə olmasından xəbər verir. Çin ilə Azərbaycan arasında nəqliyyat, rabitə, kənd təsərrüfatı, tikinti, maşınqayırma, yüngül sənaye və digər sahələrdə uğurlu əməkdaşlıq qurulub. 2016-ci ilin birinci rübündə Çin hökuməti Azərbaycanda müxtəlif sahələrə 419 milyon ABŞ dolları həcmində investisiya yatırıb. İki ölkə arasında imzalanmış müqavilələrin dəyəri 227 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Çində icra edilən 59 layihəyə investisiya yatırıb və həmin investisiyanın ümumi dəyəri 7,8 milyon ABŞ dolları təşkil edib.

Səfir deyib ki, 25 il ərzində iki ölkə arasında humanitar əlaqələr də inkişaf edir. Azərbaycanda iki Konfutsi İnstitutu fəaliyyət göstərir. Azərbaycanda Çin mədəniyyətinə və Çin dilinə maraq artmaqdadır. 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri və Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşıb. Azərbaycan ilk günlərdən “İpək Yolu İqtisadiyyat Kəməri”nin yaradılması təşəbbüsünə dəstək verib.

Səfir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünəməxsus inkişaf yolu ilə irəliləyir. Ölkənin siyasi vəziyyəti sabitdir, iqtisadiyyatı inkişaf edir. Çin xalqı Azərbaycanın uğurlarına sevinir. Azərbaycan nəqliyyat, kənd təsərrüfatı, turizm və digər qeyri-neft sektorunun inkişafında xeyli uğurlar əldə edib. Bu istiqamətdə iki ölkə arasında əməkdaşlığın böyük potensialı var. Çinin “Bir yol, bir kəmər” layihəsi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üst-üstə düşür. Bu gün Çin-Azərbaycan münasibətləri yeni səviyyəyə yüksəlib. Əlaqələrin daha da möhkəmləndirilməsi üçün Çin hökuməti Azərbaycan ilə birgə səylər göstərməyə, münasibətlərin qarşıdakı 25 illik tarixini birgə yazmağa hazırdır.

Qəbulda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan və Çin arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyi münasibətilə Azərbaycan hökuməti adından təbriklərini, hər iki xalqa tərəqqi, əmin-amanlıq, sülh və rifah arzularını çatdırıb. Nazir deyib ki, 25 il öncə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının dünya dövlətləri, xüsusilə Çin Xalq Respublikası kimi qüdrətli ölkə tərəfindən tanınması mühüm əhəmiyyət kəsb edirdi və biz bu dəstəyə görə Çin dövlətinə, xalqına daim minnətdarıq. Sevindirici haldır ki, ötən müddət ərzində dövlətlərimiz arasında əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq prinsipləri əsasında uğurla inkişaf etdirilib. Son illər ölkələrimiz arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edib. Çin Xalq Respublikasının Azərbaycan Respublikasına investisiya qoyuluşu artıb və bunun nəticəsi olaraq, iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dollarına çatıb.

Ramin Quluzadə qeyd edib ki, Azərbaycan coğrafi baxımdan böyük İpək yolunun mərkəzində yerləşir və bu çərçivədə həyata keçirilən iri beynəlxalq nəqliyyat və logistika layihələrinin vacib iştirakçısıdır. Ölkələrimiz arasında humanitar, mədəniyyət və elm-təhsil sahələrində də sıx əməkdaşlıq müşahidə olunmaqdadır. Mütəmadi olaraq, Çində və Azərbaycanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, tələbə mübadiləsi proqramları buna bariz misaldır.

Nazir vurğulayıb ki, iki ölkə arasında digər sahələrdə, o cümlədən turizm, energetika, informasiya və kommunikasiya texnologiyaları istiqamətlərində əməkdaşlığın artan dinamikası bizi məmnun edir. “Şübhəsiz ki, ikitərəfli əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər mühüm rol oynayıb. Çin və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Çin Xalq Respublikasının ölkəmiz üçün xüsusi milli maraq kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini, ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk”, - deyə Ramin Quluzadə qeyd edib.

Tədbir konsert proqramı ilə davam edib.

Bakıda Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 25 illiyi qeyd edilib
Bakıda Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 25 illiyi qeyd edilib
Bakıda Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 25 illiyi qeyd edilib
Bakıda Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 25 illiyi qeyd edilib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler