» » Nazirlik Milli Məclisdəki iradlara cavab verdi

Nazirlik Milli Məclisdəki iradlara cavab verdi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Nazirlik Milli Məclisdəki iradlara cavab verdi

Təhsil Nazirliyi 8-ci sinifdə rus dili bölməsində təhsil alan şagirdlərə Azərbaycan və Qarabağın tarixinin ayrıca kitablarla tədris olunması haqda məlumatlara münasibət bildirib. Sözügedən məsələ bu gün Milli Məclisdə gündəmə gətiriləndən sonra nazirlik açıqlama yayıb.

Təhsil Nazirliyindən “Xalqİnfo”ya daxil olan açıqlamada qeyd edilir ki, Azərbaycan cəmiyyətində vətəndaşları düşündürən ən önəmli məsələlərdən biri Qarabağla bağlıdır:

“Respublikanın ümumtəhsil məktəblərində tətbiq olunan “Tarix” dərsliklərində Qarabağla bağlı müəyyən mövzular öz əksini tapıb. Eyni zamanda bəzi dərsliklərdə tarixi-xronoloji əsasda ermənilərin Qarabağa olan ərazi iddialarını, işğalçılıq siyasətini əks etdirən müəyyən məlumatlar da yer alıb.

Bununla belə, Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması və artıq beynəlxalq problemə çevrilməsi şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasını zəruri edib. Bütün ümumtəhsil məktəblərinin VIII sinifləri üçün nəzərdə tutulan “Qarabağın tarixi” fakültativ kursunun həftədə bir saat olmaqla xüsusi proqram əsasında tədrisi də bu zərurətdən irəli gəlib. Fakültativ kursun proqramı ilə yanaşı, bu kursun tədris vəsaiti də hazırlanıb”.

Açıqlamada o da vurğulanıb ki, “Qarabağın tarixi” tədris vəsaitində Qarabağın yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, etimologiyası, ictimai-inzibati tarixi, əhalisinin etnik tərkibi, ermənilərin müxtəlif dövrlərdəki işğalçılıq siyasəti, eləcə də mərhum prezident Heydər Əliyevin, prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi sahəsində həyata keçirdikləri fəaliyyətləri öz əksini tapıb.

Tədris vəsaiti AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev və Şuşa Rayon Təhsil Şöbəsinin sabiq aparıcı məsləhətçisi, respublikanın əməkdar müəllimi Əyyub Əbdüləzimov tərəfindən hazırlanıb.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov orta məktəblərin rus dilli bölmələrinin 8-ci sinfində Azərbaycan və Qarabağ tarixinin ayrıca tədrisinin düzgün olmadığını bildirib: “Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var ki?!”


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler