» » Avropa “səndən prezident olmaz” dedi-

Avropa “səndən prezident olmaz” dedi- Ərdoğan qəzəbləndi

Bölmə: Siyasət, BLOK XƏBƏR
Avropa “səndən prezident olmaz” dedi-
Ötən həftə Türkiyə Barolar Birliyi başqanı (Vəkillər Kollegiyasının sədri) Mətin Feyzioğlu ilə baş nazir Rəcəb Tayyib Ərdoğan arasındakı yaranan gərginlik ölkə gündəmində fırtınalar əsdirməkdə davam edir.

Danıştayın 146 illik yubileyi münasibəti ilə düzənlənən toplantıda Feyzioğlunun 27 səhifəlik çıxışının Türkiyənin çağdaş siyasi tarixinə hökumət rəsmisinə ədəbsizlik göstərilən olay kimi düşəcəyi deyilir. Əslində toplantı çox mehriban atmosferdə başlayıb. Türk xalq musiqisi nümunələrinin səsləndiyi bədii hissədə rəsmilərin davranışları protokola uyğun olub. Qarışıqlıq Feyzioğlu kürsüyə qalxandan bir qədər sonra başlayıb.

TBB başqanı çıxışına özəl yetkili məhkəmələri ləğv etdiyinə görə baş nazirə təşəkkürlə başlayıb. Yada salaq ki, Türkiyədə siyasi sifarişli hesab edilən bir sıra həbs qərarlarını məhz bu məhkəmələr imzalayıb. Bunun ardınca M.Feyzioğlu AKP-yə qarşı sözün əsl mənasında hücuma keçib. Çıxışının əsas hissəsini 17 dekabr "Böyük rüşvət əməliyyatı"na həsr edən Feyzioğlu deyib ki, toplum hakimiyyətin bu istintaqa təzyiq etdiyini düşünür, bu isə insanların ədalət duyğusunu zədələyir.



"Böyük rüşvət əməliyyatı"ndan başlayan söhbət yeni HSYQ, Milli İstihbarat Təşkilatı qanunlarına, “Gəzi parkı” olayları ilə bağlı məhkəmələrə, hakimiyyət təmsilçilərinin dinlənməsi haqqında iddialara, mediaya basqılara, ölkədə azad sözün durumuna, siyasi kitabların çapının əngəllənməsinə qədər uzanıb: “Siyasətin girdiyi məhkəmədən ədalət qaçar. Qoy ürəyi daşlaşmışlar söylədiklərimə əsəbiləşsin”.

Bunun ardınca Feyzioğlu “Gəzi parkı” olaylarında həlak olanların hamısının adını bir-bir çəkib və Ərdoğanı onların ölümünə fərman verənlərin üzə çıxarmağa çağırıb.

Toplantının reqlamentinə görə, hər çıxışçıya 25 dəqiqəlik zaman verilib, ancaq Barolar Birliyi başqanı çıxışı 1 saata yaxın davam edib. Çıxış o qədər uzanıb ki, saatlarla danışmağı sevən baş nazir Ərdoğan darıxmağa başlayıb. Yerdən bir neçə dəfə Feyzioğluna çıxışını bitirməsi üçün çağırışlar edilib. Barolar Birliyi başqanı hər çağırışı “bitirirəm, bitirirəm” vədləri ilə qarşılasa da ürəyi boşalmayana qədər tribunadan enməyib.

M.Feyzioğlunun Van zəlzələsində zərər çəkənlər haqqında dedikləri isə baş nazirin səbir kasasını daşırdan son damla olub. TBB başqanı baş nazirə deyib ki, Van zəlzələsində evləri ziyan görən, hələ də bugünə qədər çadırlarda qaçqın kimi yaşayan insanlardan “sizə salam gətirmişəm”. Onun sözlərinə görə, vətəndaşlara dövlət büdcəsindən ayrılan milyonlar şəxsi ciblərə axıb və həmin insanlar hələ də köçkünlər kimi çadırlarda yaşayır.

Bu sözdən sonra baş nazir ayağa qalxıb, “ədəbsizlik edirsən, yalan söyləyirsən” deyərək ölkənin baş vəkili ilə mübahisə etməyə başlayıb. İş o yerə çatıb ki, prezident Abdullah Gül baş nazir Ərdoğanın qolundan tutaraq salonu tərk etməməsi üçün dilə tutub. Prezidentin “sakit ol, yapma” deməsi kameraların gözündən qaçmayıb. M.Feyzioğlu isə heç nə olmayıbmış kimi çıxışına davam edib. O, 10 avqust seçkiləri haqqında danışmağa bağlayarkən Ərdoğan salonu tərk edib, onun ardınca prezident Abdullah Gül və digər protokol mənsubları zaldan çıxıb.

Türkiyə telekanallarının kameralarının yaddaşına Feyzioğlunun çıxışı zamanı bir sıra rəsmilərin təpkiləri də yazılıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özel durumu təbəssümlə qarşılayıb, ədliyyə naziri Bəkir Bozdağ bütün çıxış boyu sifətini turşudub, ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu isə sakitliyini pozmayaraq çıxışı sonadək izləyib.

Baş nazirin protokol mənsubları ilə salonu tərk etməsindən az sonra Mətin Feyzioğlu çıxışını tamamlayıb. Salondakılar onu xeyli alqışlayıb.

Toplantıdan sonra medianın suallarını cavablandıran Kılıçdaroğlu deyib ki, Feyzioğlunun tənqidləri yerində olub: “Barolar Birliyi başqanının Vanda baş verənlər haqqında dedikləri tamamilə haqlıdır. Baş nazir yalnız çıxışın uzun sürməsinə irad bildirsəydi, yenə də bunu anlamaq olardı. Ancaq baş nazir elə bir sərt təpki göstərdi ki, həyatımda dövlət tədbirində belə bir tablo izləyəcəyim ağlıma gəlməzdi. Prezident onun qolundan tutub “sakit ol” deyir, baş nazir bağırır. Bu durumu ağla sığışdırmaq mümkün deyil. Baş nazirin psixoloji durumu sağlam deyil. Tənqidlərə heç cür dözmür, bu hərəkəti ilə Ərdoğan prezidentə sayğısızlıq göstərmiş oldu”.

MHP-dən də baş nazirin çılğın, dözümsüz davranışına sərt tənqid gəlib. Partiyanın sədr müavini Semih Yalçın deyib ki, baş nazir Ədoğanın bu cür dözümsüz davranışı onun prezident vəzifəsinə yaraşmadığını sübut etdi.

Toplantıdan sonra kameralar qarşısına keçən Mətin Feyzioğlu isə xeyli sakit görünüb. O, qəzetçilərin suallarının cavabında baş nazirin dilindən çıxan “ədədbsiz, yalançı” sözlərinin nə özünün, nə də baş nazirin məqamına yaraşmadığını deyib: “Baş nazirin çıxışında razı olmadığımız məqamlar olur, ancaq biz heç zaman ona “ədəbsiz, yalançı” demirik. Çıxışım yalnız faktlara əsaslanıb və Türkiyə gerçəklərini əks etdirir. Telekanalları açıb baş nazirin çıxışını görmədiyiniz 15 dəqiqə varmı? Ancaq bizim yalnız ildə 2 dəfə çıxış imkanımız var, buna belə dözümsüzdür. Ümid edirəm ki, baş nazir “məni nə hirsləndirdi ki, qəfildən ayağa qalxdım, səsim salonu başına götürdü, Barolar Birliyi başqanına haqq etmədiyi sözlər söylədim” - deyə sual edəcək”.

Türkiyə siyasi gündəminə “Ərdoğanın sinir krizi” kimi damğa vuran olay Avropanın siyasi dairələrində də geniş müzakirə edilməkdədir. Avropa Parlamentinin Sosialistlər Qrupunun rəhbəri Hans Svoboda bu haqda danışarkən “Türkiyənin hüquq dövləti mövqeyindən uzaqlaşmasının” yolverilməz olduğunu deyib: “Türkiyə çox kritik bir dönəmdən keçir. Ölkənin hüquq dövləti olduğunu bir daha təsdiq etmək üçün müxalifətin prezidentliyə vahid namizəd kimi nüfuzlu məhkəmə sistemi mənsubunu irəli sürməsi çox yerində olardı”.

Onu da vurğulayaq ki, Sosialistlər Qrupu Avropa Parlamentində AKP iqtidarının himayəçisi kimi də tanınır. Qrupun AKP-yə qarşı tənqidçi mövqeyə keçidini Hans Svoboda belə izah edib: “Bu, II Ərdoğandır. Bizim müdafiə etdiyimiz I Ərdoğan isə Türkiyədə köklü islahatlar aparan siyasətçidir. II Ərdoğan I Ərdoğanın bütün islahatlarını geri döndərdi. Ölkədə Ərdoğan-Gül münasibətlərinin pozulması xeyli ciddi problemlər yaradır. Düşünürəm ki, Türkiyə bunun fərqindədir”.

Hans Svoboda Ərdoğanın prezidentliyə namizədliyinə ciddi beynəlxalq dəstək olacağına da inanmıram. Çünki Ərdoğan prezident olsa, AKP üzərində təsirini saxlayacaq və Türkiyədə faktiki təkpartiyalı hakimiyyət qurulacaq. Avropa Parlamenti təmsilçisinin fikrincə, bu durum demokratiyaya ciddi təhlükədir ("Yeni Müsavat").

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler