» » Əli Kərimli partiyasının

Əli Kərimli partiyasının “açarını itirib”

Bölmə: Siyasət
Əli Kərimli partiyasının
Əli Kərimli partiyasının “açarını itirib”
Sahib Kərimli AXCP sədrinin zəif tərəflərini açıqladı və hücuma keçdi

AXCP daxilində başlayan və aylardır ki, davam edən təlatüm səngimək bilmir. Xüsusilə sentyabrın 27-də keçiriləcək qurultay öncəsi narazılıq daha da şiddətlənib. Bu ilin mayından başlayan proseslər artıq partiyanı parçalanma təhlükəsi ilə üz-üzə qoyub. Hazırkı sədr, qurultayda bir daha sədrliyə iddiasını irəli sürən Əli Kərimli idarəçilik qabiliyyətini tamam itirmiş vəziyyətdə görünür.

İndiyə qədər partiya rəhbərliyini tənqid edənlər ya xaric, ya da xain elan olunublar. Razi Nurullayevin yeni AXCP yaratmasından sonra partiya demək olar ki, iki hissəyə bölünüb. Hər keçən gün R.Nurullayev qanadı Ə.Kərimlini tərk edənlərin hesabına güclənir.

Partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin qurultayda sədrliyə iddiasını açıqlaması yeni bir cəbhənin açılması anlamına gəlib. Bütün bunların fonunda AXCP daxilində işlərin heç də müsbətə doğru getmədiyini düşünmək olar. Baxmayaraq ki, Ə.Kərimli və ona yaxın olan çevrə baş verənləri ört-basdır etməyə çalışırlar. Bütün cəhdlər uğursuzluqla nəticələnir.
İddiasını irəli sürdüyü ilk günlərdən mətbuata açıqlama verməyəcəyini, fikirlərini yalnız facebook üzərindən cəmiyyətə çatdıracağını bəyan edən S.Kərimli son statusunda açıq şəkildə AXCP sədrinin üzərinə hücuma keçərək, onun zəif tərəflərini açıqlayıb: “Əli Kərimli 20 ildən çoxdur ki, lider həyatı yaşayır, cəmiyyətlə təması zəifdir, müxtəlif səbəblərdən dəyişən sosial münasibətləri yaxşı bilmir, ünvanladığı mesajlarda hədəf qruplarını doğru seçmir.
Avtoritar idarəetməyə meyllidir, kadrları bacarıqlarına görə yox, itaətkarlığına görə seçir. İdarəetmədə özünə güvənir, fərqli düşüncəyə dözümlü deyil.

Partiya həm də ictimai institutdur, lakin AXCP-də kadr hazırlığı sahəsində maarifləndirici fəaliyyət olmayıb. AXCP ideoloji boşluqdadır, akademik fəaliyyətlər ümumiyyətlə yoxdur.
Partiyada sənədləşmə işi çox zəifdir, yeni informasiya texnologiyalarının verdiyi imkanlardan səmərəli istifadə olunmur.

Resursların idarə olunmasında şəffaflıq və hesabatlılıq yoxdur.

Partiya strukturlarının bir çoxu fəaliyyətsizdir, sınaqdan çıxmış mexanizmləri fəaliyyətsizləşdirməyə meyllidir.

Əli Kərimli komandasını və dostlarını tez-tez itirir, insanlarla münasibətlərdə ardıcıl deyil. Partiya 15 ildə onlarla önəmli siyasi şəxsləri itirib, strukturları zəifdir.

İctimai sektorda və real müxalifətdə olan tanınmış nüfuzlu adamlarla şəxsi münasibətləri korlamağa meyllidir. Siyasətin təbiətinə zidd olaraq, fərdlərdən və ya hər hansı strukturdan küsülü qalmağa, kommunikasiyanı tam və ya fasilələrlə kəsməyə həvəslidir. Demokratik qüvvələrin geniş koalisiyasını yaratmaq imkanları minimumdur.

Sədr olduğu 15 ildə müsbət nəticələr əldə olunmayıb, məramnamə öhdəlikləri yerinə yetirilməyib. Partiyanı hakimiyyətə gətirə bilməyib".

Daha sonra S.Kərimli qələbəsini şərtləşdirən amilləri də qeyd edib. Dostluğa sadiq olduğunu, həbsxana həyatı yaşadığını, gəncliyə yaxın olan yeni sima olduğunu diqqətə çatdıran S.Kərimli qələbəsinə inandığını bildirib: “Qalib gələcəyimə hər gün daha çox inanıram, tərəfdarlarım durmadan artır. Şərəfli cəbhəçilər mənə bu böyük etimadı göstərməsələr, sıravi cəbhəçi olaraq fəaliyyətimi davam etdirəcəm və bundan qürur duyacam”.

AXCP-də yaşananlarla bağlı politoloq Natiq Miri hesab edir ki, bütün avtoritar idarəetmələrin sonu belə olur: “İnsanları bir yerə qədər idarə etmək və aldatmaq mümkündür. Bu insanların inamını itirdikdən sonra siyasətçilərin arxasında uğursuzluq zolağında gedən insanlar artıq heç nədə maraqlı olmurlar. Ən azından uğursuzluğun səbəbini tapmayanda, təbii ki, hədəf bu siyasətin başında duran şəxslərə yönəlir. Ona görə də hazırda AXCP rəhbərlik səviyyəsində ciddi itkilərə məruz qalmaqdadır. Çünki bu insanlara inam qalmayıb. Bu partiya Azərbaycan siyasətində xəyanətin bünövrəsini qoymuş bir qurumdur. Xüsusilə bu, Əli Kərimlinin simasında belədir. Xəyanət onun müavinlərinə də sirayət edən bir xəstəlikdir. Yəni bu ”ənənə" AXCP-dən gəlib. Siyasətin bütün dönəmlərində Əli Kərimli dağıdıcı mövqedən çıxış edib. Ona görə də indiyə qədər atılmış bumeranqlar AXCP-nin özünə qayıdır. Ona görə də düşünürəm ki, AXCP yenidən bir neçə hissəyə parçalanmaq ərəfəsindədir. Bu prosesləri biz müşahidə etməkdəyik. Özünü siyasətçi hesab etmiş şəxslərin siyasətdən çəkilmələri daha yaxşı olar. Siyasi gəncliyin önünü açsalar, daha məqbul olar. Cəmiyyətin adına mənə elə gəlir ki, daha doğru addım atmış olardılar".

N.Miri baş verənlərin müsbət sonluqla nəticələnə biləcəyi ehtimallarından da söz açdı: “Əgər AXCP-də baş verən proseslər nəticəsində oradan ayrılan qüvvələr özlərini təsdiq edə biləcəklərsə, siyasi kursları, mübarizə metodları dəyişəcəksə, partiyada baş verənləri bütövlükdə cəmiyyətə daşıya biləcəklərsə, təbii ki, cəmiyyət adına müsbət effekt verəcək. Əksinə, köhnənin davamı olacaqsa, siyasətdə bunun heç bir təsiri olmayacaq. Müəyyən zamandan sonra parçalanmalar davam edəcək. Prosesin içərisində hakimiyyətin barmağı varsa, burada heç bir inkişaf olmayacaq. Sadəcə, AXCP-dən ibarət kiçik modellər olacaq. Bu da siyasətə zərər vurmaqdan başqa heç nə olmayacaq”.



Politoloq R.Nurullayev və S.Kərimlidən də danışdı: “Bu parçalanma artıq var. Bir partiya funksioneri partiyadan gedirsə, müəyyən şəxsləri öz ətrafında birləşdirirsə, bu artıq parçalanmanın bariz nümunəsidir. Fikir versək, görərik ki, bu parçalanma artıq AXCP-də zəncirvari vəziyyətə gəlməkdədir. Bu proses belə davam edəcəksə, AXCP adına heç nə qalmayacaq. Sözün həqiqi mənasında partiyada narazı elektorat formalaşıb. Bu da qətiyyən Əli Kərimlinin xeyrinə deyil. Bütün bunlar ona bir siqnaldır. Üzüsulu istefa verib getmək zamanıdır”.

N.Miri bir il öncə Müsavatda yaşananların AXCP-yə ciddi təsiri olduğunu da qeyd etdi: “Heç bir hadisə siyasətdə digərinə təsirsiz ötüşmür. Müsavatda olanlar gənclik, siyasətçilər üçün bir praktika oldu. Müsavatda köhnə idarəçilikdən bezən bir qrup insan necə ayrıldısa, bunun təsiri ilə AXCP-də də bu yöndə düşünməyə başladılar. Müəyyən zamandan sonra Razi Nurullayev modeli ortaya çıxdı. O, artıq yeni model ortaya çıxarmaq üzrədir. Bu proses davamlı olacaq. AXCP sədri həqiqətən də ağıllı adamdırsa, siyasətdən getməlidir. Çünki Əli Kərimlinin cəmiyyətə verəcəyi müsbət heç bir element qalmayıb. Əli Kərimli AXCP-nin darmadağın olmasını istəmirsə, siyasətlə vidalaşmalıdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler