» » Dünyanın ən çox istinad edilən dühası - Lütfi Zadə

Dünyanın ən çox istinad edilən dühası - Lütfi Zadə

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Dünyanın ən çox istinad edilən dühası - Lütfi Zadə
Lütfi Zadə barədə yazmaq haqqına sahib olduğumdan bu böyük dühaya ehtiramımı bildirmək istəyirəm.

Ən əsası ona görə ki, Lütfi Zadə dühadır. Ona görə ki, aşağıda oxuyacaqlarınızı oxuduqdan sonra deyəcəksiniz ki, burda nə var, bunu mən də kəşf edərdim, mən də yaza bilərdim. A. Pavlovun (Mədəni dünyada, elm dünyasında rus alimləri içərisində vur-tut 3-4-nü tanıyırlar: Pavlovu - şərti reflekslər nəzəriyyəsinə görə, Mendeleyevi - dövri qanuna görə, Meçnikovu - faqositoza görə, Demixovu - eksperimentdə ilk dəfə heyvandan heyvana orqan (ürək, böyrək, qaraciyər) köçürməsinə görə. Vəssalam) sözləridir. Məğzini yazıram - Dahilərin dahiliyi ondadır ki, hamının həmişə "gördü"yünü ilk dəfə o görür. Və ondan sonra hər kəs deyir ki, bunu mən də edərdim... Hətta bir dostum bir dəfə mənə dedi ki, 100 il əvvəl doğulsaydım, penisillini də mən kəşf edərdim, atomu da, elektronları da... Dedim elə qabiliyyətin varsa, 100 il sonra ediləcək kəşflərdən birini, bircəciyni indi et.

Lütfi Zadə məktəbinin Azərbaycanda bünövrəsini 80-ci illərdə ADNA-nın professorları Rafiq Əliyev, Sabit Kərimov və həmin Akademiyanın dosenti Əhməd Babanlı qoydu. Sonuncu hazırda Türkiyənin samballı universitetlərindən birinin professorudur və Türkiyə alimlərinin reytinq cədvəlində ilk 100-lüyün, 50-liyin daimi, hətta 10-luğun sahibidir. Mənim namizədlik dissertasiyamla bağlı tədqiqatlarım bilavasitə Lütfi Zadənin məlum, indi əksəriyyətin heç olmasa adını bildiyi məşhur nəzəriyyənin əsaslarına söykənmişdi. 1991-ci ilin payızında müştərək tədqiqat qrupu yaratdıq. ADNA tərəfdən sadaladıqlarım professorlardan əlavə gənc mütəxəssislər Əziz Güləliyev, Elmir Vəlizadə (indi RİTN-nin müavini), Etibar İsmayılov, Nazilə Rəhimova, Yeganə Rəhimova, Arzu adlı gənc aspirant, Tibb Universiteti tərəfdən Professor Həsən Sultanov (Allah rəhmət eləsin!), professor Adil Qeybulla və bu sətirlərin müəllifi və işə başladıq. Postsovet məkanında ilk tibbi-diaqnostik "Təbib" ekspert sistemini, sonralar onun əsasında daha bir neçə ekspert sistemi qurduq. Bu o zamanlar idi ki, Azərbaycanda İBM sinifinə aid ilk nəsil kompüterlər barmaqla sayılacaq qədər idi və həmin kompüterlərdən birinin qiymətinə Bakının Azadlıq prospektinin mərkəzə yaxın hissəsində 3-otaqlı 2 mənzil almaq olardı. Kompüterdə işlədiyim ilk vaxtlarda insanlar yaxınlaşıb bu aparatın təyinatını soruşar, hətta bəzi xəstələr böyrəyinə, ürəyinə, digər orqanlarına baxmağı xahiş və israr edərdilər.

Təbii ki, Lütfi Zadənin tədqiqatlarını, işlərini yenicə öyrənməyə başlamışdıq. O vaxta qədərki ekspert sistemlər olduqca primitiv idi, Bayes teoremi və ya klaster analiz əsasında riyazi hesablamaların nəticələrinə, obrazların tutuşdurulmasına əsaslanmaqla ehtimallı qərarlar qəbul edirdilər. Burada ekspert sistem haqqında qısa arayış vermək istəyirəm. Ekspert öz sahəsi üzrə, konkret elm sahəsi, idman, müsiqi, hərb və b. sahələr üzrə mükəmməl biliklərə malik mütəxəssisdir. Ekspertin bilikləri "biliklər üzrə mühəndis" adlandırılan mütəxəssislər tərəfindən işlənilir, proqramçıların anladığı və istədiyi vəziyyətə gətirilir, sonuncular ali proqramlaşdırma dillərində (LİSP, Cİ, Assemler və b.) proqram - ekspert sistem və ya süni intellekt qururlar və bəzəyirlər (dizayn, interfeys, əmtəə görkəmi və s.). Sonda alınmış ekspert sistem (süni intellekt) qarşıya çıxacaq məsələləri ekspertlər, yüksək ixtisaslı mütəxəssislər səviyyəsində, onlara yaxın səviyyədə həll edirlər. Yəni, qrossmeystr və ona yaxın səviyyədə şahmat oynayırlar, sevimli bəstəkarınız səviyyəsinə yaxın müsiqi bəstələyirlər, mahir istintaqçı kimi cinayətkarı axtarırlar və tapırlar, samballı peşəkar həkim səviyyəsində və ona yaxın diaqnoz qoyurlar, təyinat verirlər və müalicə prosesinin gedişini izləyirlər.... Hazırda dünyada ən müasir səviyyəli ekspert sistemləri on minlərlədir. Adi insanlar belə bilərəkdən və ya bilməyərəkdən həmin sistemlərlə hər gün işləyirlər.

... 25 il əvvəl isə günün günorta çağı çıraq işığında qeyd etdiyim tamamlanmış dissertasiya işinə və sonrakı digər işlərə rəy vermək üçün professor tapmaq müşkül iş idi. O vaxtkı professorların əksəriyyəti ya açıq-aşkar bizi məsxərəyə qoyur ("kompüter diaqnoz qoya biləəəər?" , "axmaq-axmaq işlərlə məşğul olmayınnnn!"), ya da sadəcə təvözakarcasına "mənlik deyil", "mənim kompüterdən anlayışım belə yoxdur" deyərək kənara çəkilirdilər. O illərdə (95-2000) ADNA-nın aspirantları və dissertantları tərəfindən ekspert sistemlərə həsr olunmuş daha 4 dissertasiya uğurla müdafiə olundu.

Həmin vaxtdan başlayaraq bu sahə dəbə düşdü, elmin və iqtisadiyyatın bütün sahələrini əhatə etdi, bu günə qədər təkcə Azərbaycanda onlarla dissertasiya işi yazıldı və müdafiə edildi. Hətta müasir dövrün tələbləri ilə uzlaşmayan elə tədqiqat işləri oldu ki, onları samballı etmək və ya modernləşdirmək, yaxud Prezident yanında AAK-dan keçirmək üçün ekspert sistemlərə aid 1-2 fəsil əlavə edildi.
Bütün bunlara niyə böyük yer verirəm? Lütfi Zadəyə görə.

Lütfi Zadə haqqında 1-2 "özü danışan" rəqəm demək istəyirəm. Hər il dünyanın ingilisdilli, almandilli, italyandilli, çindilli, yapondilli, koreyadilli (yüzlərlə digər dilləri kənara qoyuram) sanballı elmi (sanbalı az olanları, sanbalsızları, qeyri-elmi jurnalları, populyar jurnalları əlavə etmirəm) Lütfi Zadənin əsərlərinə 20 min istinad olur. 1965-dən (o nəzəriyyə dərc ediləndən) bu günə qədər böyük Azərbaycanlının əsərlərinə istinadların sayı 1 milyonu çoxdan ötüb. Dünyada bu qədər istinad edilən elmi-tədqiqat institutu, Harvard, Oksford, Stanford daxil ayrıca universitet tapmaq mümkün deyil.

Lütfi Zadə ağıllı insanın (Homo sapiens) gözünü açdı. O, ağıllı insanın qarşısına qeyri-səlis məntiqi ilə çıxdı. Ağıllı insana dedi ki, Azərbaycanlıların "Qaradan özgə rəng yoxdur" atalar sözü yanlışdır. Qaradan başqa ağ rəng var, sarı, qırmızı, yaşıl ..... rənglər, onların çoxsaylı çalarları, yarıçalarları ... var. Qaranın özünün açığı, tündü var, zili var, zülməti var. Əgər zülmətə, zil qaranlığa düşmüsünüzsə, ilk dəqiqələr heç nə görməyəcəksiniz (film başladıqdan sonra kino zalına girərkən), az sonra zülmət qara açılacaq, "işıq"lı qaraya çevriləcək və siz hər şeyi görəcəksiniz. Hətta qarşınızda oturmuş pəzəvəngin qulağına pıçıldayacaqsınız: "Zəhmət olmasa, papağınızı çıxarın", uyğun yer tapmadıqlarına görə arxa sırada, yanınızda əyləşmiş gənc oğlan-qıza "bura belə hərəkətlərin yeri deyi" iradınızı bildirsəniz də onlar əvvəlki əməllərini külokaltı variantda davam edəcəklər...

Lütfi Zadəyə qədər ali riyaziyyatda, kibernetikada "Əgər ...., onda ...." birmənalı prinsipi "at oynadırdı". Yəni, "Əgər onun 4 ayağı varsa, onda o inəkdir" in qarşısına "Əgər onun 4 ayağı varsa, o inək (qoyun, at, eşşək) deyilsə, masa (kətil) ola (olmaya) bilər" kimi o zamanlar da hamının bildiyi tezisi elmə gətirdi. "Hə" ilə "yox", "yalan"la "həqiqət" arasında onlarla yüzlərlə halların, hadisələrin, bəlkələrin... olduğunu üzə çıxardı.

Nəticədə ağıllı insanların "ağıllı" avtomaşınları, "ağıllı" telefonları, "ağıllı" evləri, "ağıllı" qarajları, "ağıllı" lampaları, "ağıllı" köməkçiiləri, "ağıllı" qulluqçuları, "ağıllı" əvəzediciləri (qabyuyanları, paltaryuyanları, ev təmizləyənləri, küçə süpürənləri...), "ağıllı" robotları, "ağıllı" müəllimləri, "ağıllı" dayələri..... yarandı. Və bütün "ağıllı"ları - "smart"ları yaradanlar Lütfi Zadə nəzəriyyəsinə əsaslandılar və əsaslanırlar. Və bütün bu yaradanlar Lütfi Zadə nəzəriyyəsini mükəmməl bilmədən bütün bunları yarada bilməzdilər. Lütfi Zadə nəzəriyiəsini mükəmməl öyrənmək ilk olaraq Lütfi Zadənin özünü, kimiyini öyrənməkdən keçirdi. Onların hamısı Lütfi Zadənin Azərbaycan əsilli olduğunu, Sovet Azərbaycanının paytaxtı Bakıda doğulduğunu bilirdilər və bilirlər. Onların hamisi Lütfi Zadə nümunəsində Azərbaycana, Azərbaycan xalqına vurulmuşlar, heyran olmuşlar. Onların hamısı Lütfi Zadə timsalında Azərbaycanlıların nəyə qadir olduqlarına, hansı intellekual imkanlara malik olduqlarına agah olmuşlar və olurlar. Azərbaycana ruhu-canı, bütün varlığı ilə xidmət etmək elə budur. Azərbaycanı dünyaya elm ölkəsi kimi, zəkalar diyarı kimi tanıtmaq budur.

Pavlovun, Mendeleyevin, Meçnikovun, Demixovun Rusiya üçün, dünya elmi üçün birlikdə etdiklərini, Eynşteynin, Rezefordun, Rentgenin, Eriksonun, Faradeyin, Maksvelin, Vinerin (kibernetikanın atası, Lütfi Zadənin müəllimi), de Beykinin, Starzilin (transplantologiyanın atası), Haberalın ... İngiltərə, ABŞ, Almaniya, Türkiyə ... üçün, dünya elmi üçün birlikdə etdiklərini Lütfi Zadə Azərbaycan üçün, dünya elmi üçün təkbaşına etdi.

Ədalət Rüstəm, həkim-cərrah

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler