» » Göyün dördüncü qatına çəkilən azərbaycanlı

Göyün dördüncü qatına çəkilən azərbaycanlı

Bölmə: Mədəniyyət
Göyün dördüncü qatına çəkilən azərbaycanlı
Günəşin küpündəki rənglərdən biri... - Eldar Baxış

Derlər, günəş batarkən rəngləri oğurlayıb göyün dördüncü qatında bir küpənin içinə doldururmuş. Göyün dördüncü qatında yaşayan Hz.İsa bu geniş sərmayə sayəsində boyaçılıq yaparmış. Hz.İsanın dostları olan həvarilər bez ağartmaqla keçinərmişlər.

***

Derlər, Rilkeyə görə, “Tanrı məndə, ölüm məndə” demək, varılacaq yolun sonundan bəhs etməkdir. O yolun varıldığı məkan nədir? Burda sonsuz bir ecaza qapılmağa dəyər və beləcə bir ruhsal və şüur axınıyla istənilən zərrədən istənilən dev nəhəngliyinə, dağa təslim olmaq olar. Üstəlik, bu təslimiyyətdə yenidən gözəllik və ecaz arayışına çıxmaq da yormaz səni. Addım atdığına doğru tozu dumana qatan köklü-köməcli cəsarətlə basıb keçərsən. Çünki bildiyin bir şey var. O bildiyin sənin “gücün” deyilmi əcəba? O “güc” sözü zamanı gəldiyində elə öz dilindən öz dilinə çevrilib “qismət”, ya “qədər” sözləriylə paylaşa bildiklərini sənin kimliyində izini itirməz bir təlatümə dönüşdürməzmi ola? O bildiyin elə budurmu: “Tanrı səndədir”? Sən bu bildiyindəki varın, mülkün fərqindəsənmi? Bu mülkün səndə görünüb görünməmsi şairlər üçün sözüylə bəlli olur. O mülkü mənimsəyən oğul, söz yazar. Ancaq o söz Tanrının rəhman sifətini daşıyıb gətirməsi, yansıtması lazım. İblislərin, şeytanların, şərrin ehkamına züy tutan sözlərin müəllifinin qədəri nə ola bilər ki? Çün onun sahibləndiyi mülk, xaniman çoxdan yıxılmışdır, qafil! Elə isə gəl, sözümüzdən yaxamızı geri çəkməyək. “Şeir” sözünü yazmaq istəmirəm. Bu mövzu çəmbərində “şeir” sözü nədənsə “söz” kəlməsindən qısıtlı gəlir mənə. Eldar Baxış da sözü olan adamdır. O həp sözlü adam təsiri bağışladı mənə yazılarıyla. Yazdıqlarını tam yazdı. Hər yazısında bu tamlığa rağmən sözün metafizik ehtiyacını sanki başqa bir zamana şairlik səxavətini əsirgəmədən saxladı. Təbii, burda “zaman” da “şeir” anlamında kullandığım bir kəlmədir. Hətta az qalmışdım “kəlmə” sözünü “kilim” kimi yazam. Anladım ki, onun sözlərinin əksəriyyətini kəfənə deyil, xalçaya, kilimə bükülərək özü kimicə əbədiyyət yolçusu edilib. Bu kilim də kəfən öncəsi, islam öncəsi bir sivilizasiya qoxusunu gətirir ruhumun rahiyəsinə. O islam öcəsi dönəmlərdə ritimlər, səslər, baxışlar, duruşlar elə də özgə hal-tövr sərgiləmirdi. Orda məsələnin başı bir az sadəlik, sadəlövhlük, bir az səmimiyyət bəxtəvərliyi, bir az “mən belə dəliyəm” sərgüzəştlərinin şirin xəyallarına qapılmalar sevdasında gedirdi.

Derlər, Eldar Baxışın sözləri bu əbədiyyət yolçuluğunda kəfənə yox, kilimə bükülənlərdəndir. Elə özünün də bu əbədiyyətə uğurlanması, erkən getdiyi dünyadan ötələrə doğru üz tutması mənə kəfəndən çox, kilimə bükülüb, kilim geyinib varmasını sirayət etdirir. Mənə elə gəlir ki, o kilimin üzərindəki naxışlar, çeşnilər, rənglər, boyalar, ilmələr hər biri – orda, küpəsini günəşin rənglərlə doldurduğu hz.İsanın göyün dönrdüncü qatında Eldar Baxışın bir şair kimiliyində daha al-əlvan məna kişiliyini bizə intiqal elətdirir(lər.) Orda günəşin batarkən oğurladığı rənglərdən doldurduğu küpəsindəki boya Hz.İsanı daha zəngin etməyə bir mesajdırsa, Eldar Baxışın sözlərindəki kilim rənglərini çeşidləri də Hz. İsanın boyasıyla bir dialoq qurma ehtimalındadır. Təbii, bu versiya deyil, bu sözün bədii ovqatından doğan poetik təvəzökarlıq və po-poetik ehtimala dayanan ərklərdir.

Derlər....

Derlər...

Derlər, ən qədim kilim... Üzəri min bir naxışlarla, çeşnilərlə, hətta əlifbayla aşıb daşan bu günə yadigar və bu günə sonsuz bir naməlum sevda daşıyan canlı kitabə. İndi alimlərimiz kilimlərdəki, xalçalardakı naxış və çeşnilərdə əlifba bulub dünyanın ilk hərflərinin olduğunu elmin həvəngəsindən keçirirlər. Əcdadlarımızın ötələrlə, əbədi yolçuluqla bağlı bizlərə ötürdükləri o mesajlarda, xoş müjdələrdə alqıladığımız bir kosmik aləm, dünya bəlli olur. Eldarın əksər şeirləri, illah da “Ağ saçların işığında” şeir kitabı məhz o xalça, xalı, qədim kilim üzərindəki etnosumuzun mədəniyyət əmanətini gələcəyə doğru uğurlama törənini xatırladırdı mənə. İlkin təəssüratım buydu.

***

Derlər, Eldarın imzası mənə yazağzı qara qonur rəngli torpağın sübh çağı üzərində gün işıldayan qoxusunu xatırladır. O qoxu burnumun ucundan heç getməz. Gecə boyunca göylərin bərəkətini içinə çəkmiş o torpaq sübh açılınca bəşər övladının ruhunu ayrı cür təzələyib onun yaddaşına yəqin ki, ilkin olaraq rızqını, bərəkətini salardı. O bərəkət, rızq bu gün əkmək, çörək, ruzi kimi anlaşılırsa, yenə yəqin ki, ilkin anlayışında insanın öz törəyiş materialı kimi onun həyəcanlarına eşlik edərdi. Mən o törəyişin, doğuluş və daha doğrusu, yaranışın yoxluqdan varlığa doğru yolçuluğundakı yorğunluğumuzu şeirlə çıxartmağa cəsarət edən Eldarlara, Eldar Baxışlarla bir dünyada yaşadığımın fərqindəyəm və bu dünyanın məhz o şeirlərlə, sevgili sözlərlə qorunduğuna inanıram. Çünki biz sözlərin bərəkət qoxuyan özəllyində çörəkdən ötə bizim öz varlığımızın qatqısı, bizzat iştirakçı olduğunun hələ də ecazından ayılmamış halında danışır, söhbətləşir və yazırıq. Görünür, Eldarın imzasıyla bağlı, bir tərəfi Tanrı dağlarına, Ötügənə, bir tərəfi Tibetə, lap uyğurlara, bir tərəfi Orta Asiya bozkırlarına, bir tərəfi lap Altaylara, qızıl almalara, qızıl ırmaqlara gedib çıxan bu ucsuz-bucaqsız təəssüratı mənə Eldar Baxış adlı bir şairin şeirləri, mətnləri verir, bəxş edir.

***

Derlər, günəş göylərin qırağında batarkən rahiblərin çılğınlığını dışa vuran rəngləri dağların ucalığından, dinozavırların gözlərindən, güllərin-çiçəklərin baharından, dənizlərin-dəryaların üzündəki saysız-hesabsız ləpəciklərdəki Hidayətdən...hətta insanların danışarkən kəlmələri arasında gizlənib vaxtını gözlədiyi eyhamlardan belə oğurlayıb göyün dördüncü qatında bir küpənin içinə doldururmuş. Göyün dördüncü qatında yaşayan Hz.İsa bu geniş sərmayə sayəsində boyaçılıq yaparmış. Hz.İsanın dostları olan həvarilər bez ağartmaqla keçinərmişlər.

Niyə inanıram ki, günəşin oğurlayıb göyün dördüncü qatında küpə doldurduğu o rənglərin içində Eldar Baxışın da şeirlərinin rəngi - suyu olmamış deyil? Günəşin məhz batarkən, yer üzündən əl-ayağını yığışdırarkən tamah saldığı o rənglərdən istifadə edib öz bazarını açan Hz.İsanın sərmayəsindən görəsən o günəşə hansı qazanc geri dönürmüş? Bu materialistlərin sualı ola bilər. Mən bu suala cavab vermirəm... ancaq bu sualın da böyük bir cavab olduğunu özlüyümdə dərk edirəm. Çünki hər sabah yenidən dünyaya, aləmlərə açılan o Günəşin axşamdan əldə elədiyi o rənglər, hər sabah yer üzünə, digər dünyalara yeni rəng, yeni boya olaraq qaytarılırdı.

Derlər, məhz günəş o rəngləri hər sabah aləmlərə payladığından, axşamlar elədiyi oğurluğun mayasında hallalıq olduğuna inanıram. Ona da inancım qəribə bir ovsunla qərarlaşır ki, Günəş tərəfindən oğurlanan o rənglərin içində hər gün yer üzünə günəşlə qayıdan rənlərdən biri də Eldarın şeirlərinin rəngi-ruhudur.Burdakı rənglər artıq İsanın boyası olmaqdan çıxıb ruh və can şəklini haqq eləmiş, qazanmış, mənimsəmiş, hətta cana, ruha qədər yol keçmiş rənglərdir.

***

Mən onu görəndə, səsini eşidəndə, dini rəvayətlərdə bəhs edilən İnsanın torpaqdan yaranmağı haqqındakı hökmlərə cani-dildən inanırdım. Mən hər dəfə onu görəndə ilk insanın nədənsə Adəm adlı bir kişinin olduğuna yəqinlik gətirirdim. Hər dəfə onunla qarşılaşanda mənə elə gəlirdi ki, ilk insan olan Adəm adlı o söy-kökümüz uca boyuyla göylərin ətəyindən mavi işıq mərdivənlərlə yavaş-yavaş, heç tələsmədən enərək yer üzünə doğru dolu-dolu, heç o doluluqdan deyəsən özünü də xəbəri olmadığı bir tövrü baxışlarına yükləyib, qaşlarına çatıb gəlir. Amma bütün hallarda onun hər dəfə göylərin rahatlığını da ardına alıb gəldiyini, gəlişini kövrək bir kəhanətlə görürdüm. O gələn, gəlməyə alışan kişi, görəsən bir gün nədən fələyin bu dünyada ona hərlədiyi, ya buladığı çərxindən başı dönə-dönə, gözləri qarala-qarala yumağa dönüşərək çıxıb getdi, qafil? Bəlkə o ilahi yumağa dönüşən ozanım yenidən növbəti qədər və taleyini qazanması üçün sonsuz göylərin dördüncü qatında günəşin oğurlayıb küpəsinə doldurduğu rənglərlə boyanmağa gedirdi... gedirdi ki, Tanrının ən mübarək, ən təravətli kilimi, qutsal xalısı olsun. O ilahi xalı və kilim üzərindəki işarətlər isə indi bizdən Onun dərgahına doğru apardığı acılı-ağrılı xəbərlərlə aşıb daşırdı...

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler