» » Televiziya qarşısında dünyasını dəyişən insanların ilginc hekayəsi

Televiziya qarşısında dünyasını dəyişən insanların ilginc hekayəsi

Bölmə: MARAQLI
Televiziya qarşısında dünyasını dəyişən insanların ilginc hekayəsi“Öldürən qutu” barədə bilmədiklərimiz; hər gün televizora altı saat baxan adamların ömrü 5 il qısalır...
Ötən həftənin ən yaddaqalan hadisələrindən biri, heç şübhəsiz ki, ATV efirində yayımlanan “Səni axtarıram” verilişini izləyərkən dünyasını dəyişən azərbaycanlı ilə bağlı idi. Əməkdaşımız mərhumun yas yerində olanda aydınlaşmışdı ki, onun ölümünə veriliş və ya ordakı hər hansı süjet səbəb olmayıb. Genetik olaraq ürək xəstəliyindən əziyyət çəkən bu nəslin nümayəndəsi də ürəyindəki problemdən dolayı dünyasını dəyişib. Və bu, təsadüfən verilişin yayımlandığı dəqiqəyə təsadüf edib.

Amma “Yeni Müsavat” sizə həftənin bu ilk iş günündə bu mövzudan çıxış edərək maraqlı bir mövzunu təqdim edir. Televizor və onun gətirdiyi ziyanlar... Hətta və hətta televizor qarşısında dünyasını dəyişənlər.

Məlum, indi yeni yayım dönəmi başlanıb. Türkiyə və yerli kanalların serial bumu da həmçinin. Əksər qadınlar üçün həftənin günləri bəlli seriallar üçün rezerv edilib. Kişilərin futbol macərası, uşaqların cizgi film marağı... Yaxşı, bu sehrli qutudan necə qorunaq? Bunun ziyanı xeyrindən çoxdursa, nə edək?

Birinci dünyanın “televiziya xəstəsi” olan millətləri barədə. İngiltərənin “Daily Mail” internet portalının məlumatına əsasən, Bolqarıstan əhalisinin 43 faizi hər gün televizor qabağında orta hesabla üç saat vaxt keçirir. Bu rəqəm Avropada televizordan asılı adamların ən çox məhz Bolqarıstanda olduğunu sübut edir. Araşdırma “European Social Survey” təşkilatı tərəfindən Avropanın 30 ölkəsində aparılmışdır. Bolqarıstandan sonra ikinci yerdə Böyük Britaniya, üçüncü yerdə isə İrlandiyadır. Avropada televizordan asılı olan adamların orta sayı 21 faizə bərabərdir.

Televizor asılılığı nikotinə bərabərdir

Avstraliyalı alimlər isə sensasiya kəşf ediblər. Məlum olub ki, televizorun zərəri nikotindən heç də az deyil. Aparılan tədqiqata əsasən, gündə 6 saat televizora baxanlar bu asılılıqdan azad olanlarla nisbətdə orta hesabla 5 il az yaşamağa risk edirlər. Bu oturaq həyat tərzi qabaqcıl ölümün yüksək riski ilə əlaqəlidir. Xüsusən də ürək tutması və insultu buna aid etmək olar.

Televizor seyr etmək oturaq fəaliyyətində əhəmiyyətli rol oynayır, televizorun öz zərəri isə indiyədək dəfələrlə araşdırılıb. Alimlər diabet, piylənmə, həyat tərzi və əhalinin sayı və ölümlə bağlı Avstraliyanın iri miqyaslı tədqiqatların məlumatlarından istifadə ediblər.

Televizor, yaxud video arxasında keçirilən vaxt sorğusunun cavabında yeni tədqiqatın müəllifləri risk çərçivələrini müəyyən ediblər. Alimlərin qiymətləndirməsinə görə, 2008-ci ildə avstraliyalılar televizor seyr edilməsinə 9.8 milyard saat ayırıblar.

Televizor xəstələri üçün reabilitasiya mərkəzi...

Almaniyada hər il 20 min nəfərə yaxın şəxs çox uzun müddət televizor qarşısında oturduğu üçün dünyasını dəyişir. Ulm Universitetinin müəllimi, professor Manfred Spitzer deyib ki, bu, bütün dünyanı ağuşuna alan xəstəlikdir.

İnsanlar ətraf mühitdən qoparaq televizor qarşısında oturmaqla nəinki özlərinə, ətraflarına da ziyan verirlər. Bu şəxslərdə qidalanma pozğunluğu, yüksək təzyiq və şəkər xəstəliyi riski yüksəkdir. Maraqlıdır ki, ABŞ, Almaniya, Fransa kimi ölkələrdə televizor xəstələri üçün reabilitasiya mərkəzləri də açılıb. Həmin mərkəzlərdə xəstələr ironik bir müalicə üsulu ilə qarşı-qarşıya gəlir. Onları fasiləsiz olaraq televizor qarşısında oturdaraq televizora baxmaqdan iyrəndirirlər.

Ziyanı xeyrindən çox...

Həkimlərin isə bu məsələdə bəlli müşahidələri var. Onların fikrincə, saatlarla ekran qarşısında oturmaq indi əksər insanların ən böyük bəlası sayılan oturaq həyat tərzi üçün “əla” şərait yaradır. Belə həyat tərzinin törətdiyi fəsadlar isə hamımıza yaxşı məlumdur. 2 saatdan artıq ekran qarşısında əyləşmək beyinin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, onun strukturunu da dəyişir. Saatlarla televizora baxmaq vaxtından əvvəl görmə qabiliyyətini zəiflədir və bir çox göz xəstəliklərinin meydana gəlməsinə şərait yaradır. Televizora hədsiz aludəçilik bədənin piylənməsinə gətirib çıxarır. Adətən insanlar bu rəngli “qutu”nu seyr edərkən qeyri-ixtiyari ağızlarını boş qoymurlar.

Televizor sağlam və normal yuxuya mane olan ən güclü vasitələrdən biridir. Xüsusilə gecədən xeyli keçmişə qədər televizor qarşısında əyləşən insanlar sinir və yuxu problemləri ilə daha tez-tez rastlaşırlar.

İnsan özü də bilmədən daha səmərəli keçirə biləcəyi vaxtı televizorin qarşısında sərf edir. Televizorun “cazibə” qüvvəsi insanı mütaliədən, idmandan, gəzintidən və ən nəhayət doğmaları ilə ünsiyyətdən məhrum edir.

Uzun müddət televizor qarşısında əyləşmək uşaqlar üçün daha zərərlidir. Uşaqlarda özünəqapılmaq, autizm xəstəliyi, nitq qüsurunun yaranmasının əsas səbəblərindən biri məhz televizor aludəçiliyidir. Həmçinin, uşaqlarda tez-tez rast gəlinən dayaq hərəkət sistemindəki problemlər valideyn nəzarətsizliyi ucbatından televizor qarşısında saatlarla düzgün olmayan formada oturmağın nəticəsidir.

Mütəxəssislərin rəyinə görə, bir yaşına qədər uşaqlar ümumiyyətlə ekran qarşısında olmamalıdırlar. 1-3 yaşda olanlar isə gün ərzində 15 dəqiqə televizora baxa bilər. O da yalnız yaşına uyğun cizgi filmlərinə baxmaq şərtilə. Burda bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, cizgi filmi səsli və danışıqlı olsun. Bu uşağın nitqi üçün olduqca vacibdir. 5-7 yaşlarında uşaqların gün ərzində 30-40 dəqiqə, 8-12 yaşlarında 1 saat, 12-14 yaşlarında saat yarım, 14-16 yaşlarında 2 saat televizora baxmaqları məqbul sayıla bilər.

Valideynlər uşaqlarının televizora baxa-baxa yemək yemələrinə yol verməməlidirlər. Belə ki, televizora baxan zaman qidalananda mədə şirəsi lazımi qədər ifraz olunmur ki, bu da bir çox xəstəliklərin, mədə xorasının, qastritin yaranmasına səbəb olur.

Psixoloqların qənaətincə, uşaqların televizor qarşısında çox oturması, xüsusilə də yaşına uyğun olmayan verilişlərə, filmlərə baxması onların psixikasını, sinir sistemini ciddi şəkildə zədələyir. Buna görə də böyüklər uşaqların ekran seçimlərini daima diqqətdə saxlamalıdırlar. İstər böyüklər, istərsə də azyaşlılar televizora baxarkən ən adi qaydalara riayət etsələr sevimli “qutu”larının ziyanından yaxa qurtara bilərlər.

Televizora baxan yerdə ölənlər...

İndi isə keçək ekran başında dünyasını dəyişən insanlara. Bir neçə il öncə çinli futbol azarkeşi dünya çempionatının oyunlarını canlı izləyərkən yuxusuzluqdan dünyasını dəyişib. 25 yaşlı azarkeş Suçjou şəhərində yaşayırmış. Onun cəsədini şənbə günü səhər tezdən televizorun qarşısında tapıblar. Bundan bir qədər əvvəl İspaniya-Hollandiya oyunu başa çatıbmış. Cəsədə baxış keçirən həkimlər onun yuxu çatışmazlığından öldüyünü təsdiq ediblər. Ölümə ya güclü yorğunluğun, ya da yuxusuzluq səbəbindən baş verən ürək tutmasının səbəb olduğu bildirilir.

Qeyd edək ki, vaxt fərqinə görə dünya çempionatının oyunlarına canlı baxmaq istəyən çinlilər gecələri yatmamaq məcburiyyətindədirlər. Yerli həkimlər azarkeşlərə öz imkanlarına diqqətlə yanaşmağa çağırırlar.

Bundan daha maraqlı bir hadisə isə Almaniyanın Hagen şəhərində baş verib. Bu şəhərdə isə oğru 66 yaşlı qadının evinə girərkən dəhşətli bir hadisənin şahidi olub. Məlum olub ki, qadın 5 il öncə televizora baxarkən dünyasını dəyişib. Evə bərbad qoxunun ucbatından girməkdə çətinlik çəkən oğrunu gördüyü mənzərə şoka salıb. Televizorun qarşısında oturan ev yiyəsi öldüyü üçün o da evdən rahat soyğunçuluq edərək qaçıb.

Türkiyənin Bursa şəhərində də 19 yaşlı bir qız ailəsi ilə birgə televizora baxanda ürəyi partlayaraq dünyasını dəyişib. Yenicə tələbə adını qazanan qızın 3 gün sonra oxumaq üçün ölkənin paytaxtına gedəcəyi gözlənirdi. Amma rəfiqələri ilə gəzintidən qayıdan gənc valideynləri ilə televizora baxan yerdə ürək tutmasından dünyasını dəyişib.

Televiziya qarşısında dünyasını dəyişən insanların ilginc hekayəsi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler