» » Rus generalının Suriyada müəmmalı ölümü

Rus generalının Suriyada müəmmalı ölümü

Bölmə: Dünya
Rus generalının Suriyada müəmmalı ölümü
ABŞ və Rusiya “qan çanağında” üz-üzə gəlir, strateji vilayət uğurunda savaş davam edir

Ötən həftə Suriyanın Deyr əz-Zor vilayətində Rusiyanın 5-ci ordusunda xidmət edən general-leytenant Valeri Asapov öldürüldü. İlk rəsmi məlumata görə, Suriya ordusunun əməliyyat qüvvələrində məsləhətçi kimi çalışan general İŞİD mövqelərindən atılan minaatan mərmisinin partlaması nəticəsində yaralanaraq ölüb. Asapovla birlikdə səhra qərargahında olan iki polkovnik və tərcüməçisinin də öldüyü xəbərlərdə keçir.

General-Leytenant Asapov Suriyada öldürülən ən yüksək rütbəli rus zabitidir. Rusiya ilk illərdən Suriyada məsləhətçi və məhdud sayda əməliyyatçılarla iştirak edib və Bəşər Əsəd hakimiyyətini müdafiə edib. Ancaq 2015-ci ilin payızından Rusiya dövləti rəsmi şəkildə Suriyada antiterror əməliyyatları başladıb, rus silahlı qüvvələri quru, hava və dənizdən əməliyyatlara qoşulub. Ötən dövrdə Rusiya ordusu müxtəlif rütbələrdə zabitlərini Suriyada döyüşlərdə itirib. Ancaq general-leytenant rütbəli zabit itkisi ilkdir.

Bu hadisədən sonra ruslar Asapovun ölümündə ABŞ tərəfini ittiham edib. “Russia Today”ın məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, general Asapov “Amerikanın riyakarlığı” nəticəsində öldürülüb. Eyni zamanda Ryabkov deyib ki, Moskva ABŞ-ın İŞİD-ə qarşı mübarizə aparmasına şübhə ilə yanaşır. Bundan başqa, Rusiya Müdafiə Nazirliyi Deyr əz-Zor bölgəsində İŞİD-in bəzi məntəqələri müqavimətsiz kürd qüvvələrinə verib geri çəkilməsini əks etdirən kadrlar yayıb.

Məsələ ondadır ki, iki həftə əvvəl Suriya ordusu qərb hissədən sürətli hücuma keçərək Deyr əz-Zor şəhərinin Fərat çayının şərq sahilində olan hissələrini İŞİD-dən təmizləyib. Eyni zamanda Suriya Demokratik Qüvvələri adlanan ABŞ ordusunun dəstəklədiyi əsasən kürdlərdən ibarət olan qüvvələr şimaldan hücuma keçərək Deyr əz-Zorun Fəratın şərq sahilindəki ərazilərini ələ keçirməyə başlayıb. Kürdlər faktiki olaraq Suriya ordusunun Fəratın şərq sahilinə keçməsinin qarşısını alıb. Çünki anlaşmaya əsasən antiterror əməliyyatları aparan Suriya ordusu və kürd silahlıları qarşıdurmaya girmir. Bunun ardınca isə Amerika ordusu xəbərdarlıq edərək Suriya ordusunun Fəratı keçəcək qüvvələrini vuracağını bəyan etdi.

Ancaq bu xəbərdarlıqdan bir həftə keçməmiş Rusiya və Suriya ordusu Fəratın şərq sahillərini bombalamağa başladı. Ardınca isə Suriya ordusu daşınma körpülərlə Fərat çayını keçməyə başladı. Faktiki olaraq Amerika-Rusiya anlaşması pozulmuşdu. Maraqlıdır ki, elə həmin gün ruslarla amerikalıların bir araya gəlib Deyr əz-Zor əməliyyatı barədə anlaşma əldə edəcəkləri xəbəri yayılsa da, sonradan bu görüş barədə hər hansı məlumat olmadı. Əvəzində isə gözlənilmədən rus general və daha iki polkovnik öldürüldü. Aydın məsələdir ki, ordudakı məsləhətçilər, xüsusən də generaldırsa, döyüş xəttinə yaxın ərazidə olmur. General rütbəli zabit (xüsusən də məsləhətçidirsə - K.R.) ən yaxşı halda bir neçə km arxada olmalıdır. Üstəlik, faktiki olaraq məğlubiyyət yaşayan və sürətlə geri çəkilən İŞİD-in bu qədər dəqiq kəşfiyyata malik olması və müəyyən edilən qərargahı vurması çox nadir təsadüf ola bilərdi. Əgər generalın qərargahını həqiqətən də İŞİD artilleriyası vurubsa da, minaatanların əlində dəqiq koordinatlar olub. Yəni istənilən halda ruslar üçün bu hadisə ən pis halda müəmma, pis halda isə sui-qəsd hadisəsidir. Məsələ ondadır ki, hazırda Deyr əz-Zorda üstünlük ABŞ və kürd koalisiyasındadır. Kürdlər sürətli hücum edərək Fəratın şərq sahilindəki əraziləri ələ keçirirlər. Artıq əyalətdəki ən böyük qaz istismarı sahəsi də kürdlərin nəzarətindədir. Deyr əz-Zor həm də strateji olaraq ABŞ və Rusiyanın maraqlarının kəsişdiyi nöqtədir. Deyr əz-Zor Suriya ordusunun əlinə keçərsə, İraqla sərhəd keçidlərini əlində saxlayar. Əks təqdirdə, İraq-Suriya sərhədinin böyük hissəsi və mühüm yolların yerləşdiyi ərazi kürdlərin, yəni amerikalıların nəzarətində olacaq. Bu mənada indi Deyr əz-Zor ABŞ və Rusiya üçün savaş nöqtəsidir. Hər iki rəqibin bir-birinə daha ağır zərbə vurması gözləniləndir. Məhz bu səbəbdən ruslar generalın ölümündə amerikalıları günahkar görürlər. Görünür, buna əsasları da var.(musavat)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler