» » Ukrayna böhranı dünya baronlarını hərəkətə keçirdi-

Ukrayna böhranı dünya baronlarını hərəkətə keçirdi- Fotolar

Bölmə: Dünya, BLOK XƏBƏR
Ukrayna böhranı dünya baronlarını hərəkətə keçirdi-
Qarabağ probleminin həlli üçün “baş məşq” - xəbər, şərh; Böyük güclərin Ukrayna böhranının çözümündən ötrü başlatdığı danışıqlar Dağlıq Qarabağın da taleyinə həlledici təsir edə bilər; Azərbaycan prezidenti İlham Əliyevin iki illik fasilədən sonra növbəti Münhen konfransına qatılmasının mühüm səbəbləri var...
Fevralın 5-də Almaniyada 51-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb. Bu ilki tədbirin əsas mövzusu Ukrayna böhranı və ondan çıxış yollarıdır. Konfransda iştirak eləmək üçün 21 dövlətin başçısı, 60 ölkədən isə müdafiə və xarici işlər nazirləri Münhenə gəlib.

Onların arasında Ukrayna prezidenti Pyotr Poroşenko, ABŞ-ın vitse-prezidenti Co Bayden, NATO və ATƏT rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov da var. Cənubi Qafqaz ölkələrini ali tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan təmsil edir.

Qeyd edək ki, Münhen tədbiri təkcə konfrans şəklində keçirilmir, müxtəlif mövzularda dəyirmi masalar, panel diskussiyalar təşkil olunur və orada müxtəlif ölkələrin rəhbərləri çıxış edərək bu və ya digər məsələ ilə bağlı öz mövqelərini açıqlayırlar. 51-ci konfrans Almaniya kansleri Angela Merkelin məruzəsi ilə start götürməli idi.

Bu çıxış Merkelin Fransa prezidenti Fransua Ollandla Moskvaya səfərindən və orada Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonraya təsadüf eləməsi ilə diqqətdə idi. Təkcə bu amil tədbirin, daha doğrusu, Ukrayna mövzusunun qlobal təhlükəsizlik üçün nə dərəcədə önəm kəsb etdiyini ortaya qoyur.

51-ci konfransı əvvəlkilərdən fərqləndirən ən mühüm və birinci cəhət də elə budur. Çünki bundan öncəki (2014) analoji tədbir zamanı Krımda separatçı proseslər hələ özünü göstərməmişdi. Yarımadanın Rusiya tərəfindən beynəlxalq hüquq normaları ayaqaltı edilməklə ilhaq ediləcəyini də heç kəs ağlına gətirmirdi. Ən önəmlisi, Rusiya ilə Qərb arasında növbəti “soyuq savaş” başlamamışdı.



Yeni “soyuq savaş” isə Rusiya ilə Qərbin geosiyasi maraqlarının toqquşduğu bürün məkanları, o sırada həmçinin, Azərbaycanın da yer aldığı Güney Qafqaz bölgəsini də əhatə edir. Deməli, Münhendə böyük ölçüdə ölkəmizin, Dağlıq Qarabağın da gələcək taleyinə aydınlıq gətirə biləcək müzakirələrin gedəcəyi, çıxışların olacağı istisna deyil.

Cənubi Qafqazın açar ölkəsi isə təbii ki, Azərbaycandır. Bir çox beynəlxalq təhlilçilərə görə, bu gün Moskvanın Azərbaycana, Qarabağ məsələsinə münasibəti bilavasitə Ukraynada, daha doğrusu, onun cənub-şərqində gedən proseslərdə həll olunur. Qərb-Rusiya cəbhə xətti indi məhz oradan keçir. ABŞ dövlət katibi Con Kerrinin, Almaniya və Fransa liderlərinin eyni gündə - fevralın 5-də Ukraynaya səfər etməsi, Merkellə Ollandın isə bunun ardınca Putinlə təcili danışıqlar aparmaq üçün Moskvaya yollanması qənaətimizə şübhə yeri saxlamır.
Bu və başqa səbəblərdən İlham Əliyevin bir neçə illik fasilədən sonra (axırıncı dəfə o, 2012-ci ildə keçirilmiş konfransına qatılıb və çıxış edib) ali tədbirdə iştirakı heç şübhəsiz, Azərbaycan ətrafında, bir nömrəli məsələmiz olan Qarabağ məsələsi ətrafında qeyri-müəyyən, həm də təhlükəli durumun yaranması ilə birbaşa bağlıdır.

Bəllidir ki, Azərbaycan iqtidarı Qarabağı, digər ciddi xarici amilləri nəzərə alaraq Rusiyaya münasibətdə maksimum ehtiyatlı, balanslı siyasət yürütməyə çalışır. Hələ ki, bu siyasət Azərbaycanı Kremlin birbaşa təhdidlərindən sığortalayır. Lakin Rusiya ilə Qərbin münasibətləri Ukrayna böhranı üzündən o qədər sürətli dəyişikliklərə məruz qalmaqdadır ki, hər an yeni çağırışlar meydana çıxa bilər.

Bu xüsusda təzə qlobal ab-havanı vaxtında duymaq, ətrafda gedən proseslərin nəbzini düzgün tutmaq üçün Azərbaycan dövlət başçısının belə bir tədbirdə iştirakı və çıxışını əlbəttə ki, milli maraqlarımız, o cümlədən Qarabağ məsələsinin ədalətli həll perspektivi diktə edir. Hər halda, Ukraynadakı dramatik hadisələr postsovet məkanındakı münaqişələrin hamısına yeni xarakter verib.

Bu yenilik İlham Əliyevin Almaniyaya yanvar səfəri zamanı da özünü göstərdi. Belə ki, Merkel Qarabağ probleminin indiyədək həllini tapmamasına görə məsuliyyəti münaqişə tərəflərindən birinin müttəfiqi kimi Rusiyanın üzərinə qoydu. Bəzi təhlilçilərə görə, bu açıqlama postsovet məkanındakı münaqişələrə Qərbin yanaşmasında paradiqmanın dəyişməkdə olmasının müjdəçisidir. Belədisə, 51-ci konfrans Dağlıq Qarabağ probleminin həlli üçün “baş məşq” kimi də tarixə düşə bilər.

Belə bir ehtimal isə öz növbəsində yeni gözləntilər, ümidlər doğurur.
Ermənistan prezidenti Serj Sərkisyanın Münhen tədbirinə qatılmaması bu mənada anlaşılandır, çünki işğalçı ölkə öz müstəqilliyini çoxdan Rusiyaya güzəştə gedib və deyiləsi sözü yoxdur, proseslərə təsir imkanı da sıfırdır. Onun maraqlarını çoxdandır ki, Rusiya “ifadə edir”. Azərbaycan isə Ermənistan və Gürcüstandan fərqli olaraq geostrateji seçimini hələ etməyib. Münhen konfransı və oradakı siyasi atmosfer bu seçimin istiqaməti ilə bağlı Bakının ənənəvi mövqeyinə ciddi ştrixlər də əlavə edə bilər.

Musavat.com
Ukrayna böhranı dünya baronlarını hərəkətə keçirdi-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler