» » Bir daha dini tədris məsələsi haqda

Bir daha dini tədris məsələsi haqda

Bölmə: Din
Bir daha dini tədris məsələsi haqda
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi orta məktəblərdə din tədrisi məsələsini yenidən gündəmə gətirib. Daha dəqiqi, uzun müddətdir müzakirələrdən kənarda qalan bu mövzuya bir mənada nöqtə qoyub. Komitə sədrinin müavini Gündüz İsmayılov deyib ki, orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz. G.İsmayılov bunu dövlət təhsil sisteminin dindən ayrı olması ilə izah edib.

Eyni zamanda komitə sədrinin müavini deyib ki, dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər. Sitat: “Azərbaycanda dini durumun, o cümlədən dindarlaşma prosesinin təhlili və dünyəvi ölkələrin təcrübəsi təsdiqləyir ki, böyüməkdə olan gənc nəslə dini biliklərin verilməsi olduqca vacibdir. Bunun üçün ən münasib məkan təhsil müəssisələridir. Əgər gənclərə dini biliklər doğru yerdə və doğru insanlar tərəfindən verilməsə, bu boşluğu başqaları - radikal, məzhəbçi dini qruplar doldurmağa çalışacaqlar. Buna görə də, təhsil müəssisələrində gənclərə bütün dinlər, xüsusilə İslam dini, onun mahiyyəti barədə ətraflı məlumat verilməsi çox önəmlidir”.

DQİDK rəsmisinin bu açıqlaması bir tərəfdən dövlətin aidiyyəti qurumunun mövqeyini əks etdirməklə yanaşı, digər tərəfdən, mövzunun uzun illərdən sonra hələ də həllini tapmadığını göstərir. Gedişat onu göstərir ki, bu məsələnin həllini tapması hələ uzun zaman alacaq. Çünki demək olar, hər ölkənin bu yöndə öz təcrübəsi var. Və az qala hər ölkənin də bu mövzuda özünəməxsusluğu var, bunu nəzərə almadan problemi həll etmək mümkün deyil. Bu müzakirələrin tarixi bu əsrin əvvəllərinə qədər gedib çatır. Çünki cəmiyyətdə dindarlıq, dinə maraq artdıqca, paralel olaraq dini təhsil məsələsi də gündəmə gəlib.

Həqiqətən də Azərbaycanda orta məktəblərdə dini təhsil lazımdırmı? Əgər keçiləcəksə, bu hansı formada və şərtlərdə olacaq və ən nəhayət ilk günün sualı: Biz buna hazırıqmı?

Əvvəlcə ondan başlayaq ki, orta məktəblərdə din dərsləri ölkələrə görə dəyişir. Bəzi ölkələrdə ümumiyyətlə, məktəblərdə nəinki dini dərslər. ümumiyyətlə dini simvolların daşınması belə yasaqdır. Bu sırada rəsmən ateist olan dövlətlər, o cümlədən Fransa kimi sərt laiqliyi əsas alan ölkələr var. Almaniya, ABŞ kimi nisbətən daha yumşaq dünyəviliyin olduğu ölkələrdə isə dini dərslər verilir, bəzən də könüllü seçim əsasında təklif olunur.

Məsələ ondadır ki, dünyəvi ölkədə dövlət məktəblərinin din dərsləri verməsi dünyəvilik prinsiplərinə ziddir. Çünki bu zaman dövlət dini maarifləndirmə həyata keçirmiş olur. Bu klassik yanaşmadır. Ancaq bugünkü şərtlərdən baxsaq, xüsusən də müsəlman ölkələrində bunun alternativi yoxdur. Çünki dini vahid, etibarlı mənbədən öyrənmədiyi halda insanların, xüsusən də gənclərin dini bilikləri G.İsmayılovun da qeyd elədiyi kimi bölücü, radikal fikirləri təbliğ edən gizli qruplardan alması ehtimalı çox güclüdür. Xüsusən də internet əsrində, dinlə tanışlığı olmayan biri dünyadakı bugünkü təcrübə göstərir ki. çox asan şəkildə internet üzərindən radikal qrupların təsiri altına düşə bilər, hətta ən ağır cinayətlərə sövq oluna bilər. Yaxın Şərqdə hazırda fəaliyyət göstərən terror təşkilatlarının Avstraliyadan Kanadaya qədər fərqli ölkələrdən üzvlər cəlb etməsi bu faktı təsdiq edir. Faktlar göstərir ki, indi orta məktəb yaşlı yeniyetmələr bu qrupların təsiri altına düşə və terrorçuya çevrilə bilər.

Bunun qarşısını almaq üçün ən sağlam yol gənclərin ilk yeniyetməlik yaşlarında dinlərlə (fərqli yoxdur, bütün dinlər – K.R) ümumi tanışlığı olması, bunu məktəb səviyyəsində öyrənməsidir. Eyni zamanda bu dərslər ali təhsil müəssisələrində də olmalıdır. Çünki ali təhsilli mütəxəssislər elementar dini biliklərə sahib olmasalar, gələcəkdə qarşılaşdıqları ilk situasiyada təsir altına düşə bilərlər. Bu zaman dinə olan kütləvi maraq və cazibə onları başqa ünvanlarda din öyrənməyə sövq edəcək. Bu, necə deyərlər, məsələnin nəzəri tərəfi.

Bu mövzunun praktik həll yolları isə daha çətindir. Çünki nəinki dini dərslər üçün kadrlar. Hətta müvafiq proqram belə hazırlanmayıb. Çünki bu proqramın keyfiyyətindən çox şey asılı olacaq. Çünki bu proqram və vəsaitlər həm yeniyetmələrin qavrama imkanları, həm dinlər arasında həssas sərhədləri nəzərə almaq, həm də gənclərin düşüncələrində sağlam dini təsəvvürün əsasını qoymaq kimi mühüm bir missiyanı təmin etməlidir. Yəni, bu dərsliklər və proqram mükəmməl olmalıdır.

Və nəhayət, ən ağrılı mövzu, kadr məsələsi. Yeri gəlmişkən, qeyd edim ki, rəsmi qurumların etirafına görə ölkədəki 1500-dən artıq məscidin yarıdan çoxunda, təxminən 900-ə yaxınında axund və imam təyinatı olmayıb. Bu isə həm də o deməkdir ki, sabah dediyimiz tələblərə cavab verən mükəmməl dərsliklər hazırlasa belə, onları hər məktəbdə tədris edəcək savadlı müəllim-ilahiyyatçı kadr potensialı yoxdur.

Görünür, məhz sonuncu iki səbəbə - kadr və tədris vəsaitləri – görə, hökumət hələ də bu mövzuda qəti addım ata bilmir. Görünən odur ki, yaxın illərdə bunu etmək mümkün olmayacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler