» » Əfv Komissiyasının sədri postu boşdur -

Əfv Komissiyasının sədri postu boşdur - Ramiz Mehdiyevi kim əvəzləyəcək?

Bölmə: BLOK XƏBƏR
Əfv Komissiyasının sədri postu boşdur -




Əliməmməd Nuriyev: “Əfv Komissiyasında texniki dəyişiklik çox qısa müddətdə olacaq”

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən azad olunması və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsi Əfv Komissiyasının sədri postu ilə bağlı müəmmalar yaradıb. Həm də komissiyanın sədri vəzifəsini icra edən R.Mehdiyevin yüksək postu tərk etməsindən sonra hələ də Əfv Komissiyasına rəhbərlik edib-etməməsi məlum deyil.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev suallara bu cür aydınlıq gətirdi: “Əfv Komissiyasının üzvləri prezident tərəfindən təyin olunur və onun tərəfindən də azad edilir. Prezident Administrasiyasının rəhbəri Əfv Komissiyasının sədri olur. Düşünürəm ki, tezliklə bütün komissiyalarda uyğun qaydada dəyişikliklər baş verəcək. Bu sadəcə texniki bir məsələdir. Əfv Komissiyasının sədri barədə də müəmma tezliklə aradan qalxacaq. Burada çox ciddi bir problem yoxdur. Prezidentin sərəncamları ilə müvafiq dəyişikliklər baş verir və verməkdə davam edəcək. Prezident Aparatının rəhbəri komissiyasının sədri olduğu üçün uyğun qaydada bu istiqamətdə də dəyişikliklər baş verəcəkdir. Bilirsiniz ki, Əfv Komissiyasının katibliyi işləyir. Əfv Məsələləri üzrə sektor da öz fəaliyyətini davam etdirir, daxil olan məlumatları emal etməklə məşğuldur, müvafiq arayışlar hazırlayır. Əfv Komissiyasında texniki dəyişiklik çox qısa müddətdə olacaq. Bu bir qaydadır. Komissiyanın sədri Prezident Administrasiyanın rəhbəri olur. Əfv Komissiyası yarandığı gündən bu günə qədər belə olub”.

Hüquqşünas komissiya sədri postunun boş olması barədə deyilənlərlə razılaşmır: “Bu postun boş qaldığını demək olmaz. Birincisi, Əfv Komissiyasının üzvlərinin təyin edilməsi barədə prezident sərəncamı var. Bu sərəncam qüvvəsini saxlayır. Bir daha deyirəm ki, bu texniki məsələdir, tez zamanda məsələ öz həllini tapacaq. Burada hüquqi bir problem yoxdur. Kiçik texniki məsələ kimi qəbul etməliyik. Başqa postun sahibi komissiya sədri ola bilərmi sualınıza gəlincə deyə bilərəm ki, indiyə qədər Prezident Aparatının rəhbərinin komissiya sədri olması təcrübəsi var. Bizdə bunun nə üçün belə olmasının səbəbi var. Bu prezidentin hüququndan doğan bir məsələdir. Ölkə başçısının əfv etmək hüququ var. Bunun təşkilatı, texniki həllini də prezident özü müəyyənləşdirir. Bu zaman təşkilatı, texniki həllə bağlı müvafiq komissiya yaradılır. Burada da prezidentin hüququnun həyata keçirilməsinin texniki, təşkilatı tərəflərini həyata keçirən aparatdır. Bu prezident hakimiyyətinin hüququ təbiətindən doğan bir məsələdir. Burada xüsusilə qeyd etmək lazımdır ki, bu müddətli bir hüquqdur. Azərbaycanda heç kəsin əfvetmə hüququ yoxdur. Əfv etmək yalnız və yalnız prezidentin konstitusion səlahiyyətinə aid bir hüquqdur. Komissiya bütün bu prosesləri hazırlayıb təqdim edir. Prezident bunu ya təsdiq edir, ya da etmir. Sadəcə aparat təşkilatı, texniki baxımından bu funksiyaları həyata keçirir. Müddətli hüquq olduğu üçün aparat rəhbəri komissiya sədri olur”.

Ə.Nuriyev sədr olmadan komissiyanın iclaslarının çağırılmasının mümkün olub-olmamasına da toxundu: “Məsələnin bir qədər etik tərəfləri var. Şübhəsiz ki, müvafiq dəyişikliklər bu istiqamətdə də baş verəcək. Onsuzda komissiya öz işini həyata keçirməkdədir. Komissiya üzvlərinə gələn məktublar katibliyə yönləndirilir. Katiblik daimi işləyir. İclasların çağırılması daxil olan məlumatlarla əlaqədar müvafiq arayışların hazırlanması ilə bağlı məsələdir. Bunlar tam başa çatandan sonra heç şübhəsiz ki, komissiya rəhbərliyinə, yəni Prezident Aparatının rəhbərliyinə təqdim olunacaq. Bu vaxta qədər mənə elə gəlir ki, texniki dəyişikliklər baş verəcək. Onsuzda çox komissiyalar var ki, rəhbərləri ya vəzifələrindən azad olunublar, ya da başqa vəzifələrə dəyişdiriliblər. Ona görə də mütləq komissiyaların tərkibində dəyişikliklər baş verəcək. Onu da deyim ki, komissiyada olan bəzi vəzifələr var ki, orada artıq strukturun adı yazılır. Məsələn, İqtisadiyyat, Maliyyə Nazirliyi və.s. Artıq nazirin adı yazılmır. Bu çox doğrudur. Vəzifənin özü komissiyanın tərkibinə daxil olunur. Sadəcə həmin vəzifədə kimdirsə, funksiyanı yerinə yetirir. Əfv Komissiyası xüsusi olan komissiyalardan biridir. Çünki ən müxtəlif sahələrin təmsilçiləri komissiyaya üzv təyin olunublar. Orada bəzi şəxslər var ki, vəzifələrinə görə komissiyanın üzvü təyin olunublar. Məsələn, daxili işlər naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri yeni təyin olunduqları üçün komissiyanın tərkibinə daxil olundular. O şəxslər vəzifələrinə görə komissiya üzvüdürlər. Dəyişikliklər olduğu üçün komissiyada mütəmadi olaraq belə dəyişikliklər baş verir”.

Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler