» » Rusiya, Türkiyə və İran Maduronu qoruya biləcəkmi?

Rusiya, Türkiyə və İran Maduronu qoruya biləcəkmi?

Bölmə: BLOK XƏBƏR
Rusiya, Türkiyə və İran Maduronu qoruya biləcəkmi?




Rusiya, Türkiyə və İran Maduronu qoruya biləcəkmi? ABŞ-ın təsiri ilə bir çox ölkələr Xuan Quaydonu Venesuelada prezident səlahiyyətlərinin müvəqqəti icraçısı kimi tanıyıblar.

Hazırda əsas suallar Türkiyə, Rusiya və İranın Maduronu qoruya bilib-bilməyəcəkləri yönündədir.

Politoloq Əhəd Məmmədli Maduro iqtidarının getdikcə dirəndiyini düşünür: “Venesuelanın hava qüvvələrinin komandanı prezident kimi Quaydonu tanıdığını bildirib. Bu Maduro üçün çox ciddi zərbə oldu. Bunun davamı gəlsə Maduro devriləcək. Maduro da çevrilişin qarşısını aldığını və növbədənkənar seçkilərə getdiyini bəyan edib. Növbədənkənar seçkilərə gedilməsi artıq müxalifətin qələbəsidir. Türkiyə, Rusiya, İranın Maduronu qoruya biləcəyinə gəldikdə isə, İran öz hayındadır. İranı Suriyadan rus dostları belə çıxartmaq istəyir. Ümumiyyətlə, İranın Venesuelaya heç bir təsiri yoxdur. Türkiyə və Rusiya isə uzaqbaşı Maduroya sığınacaq verə bilərlər. Xalq dirənəndən, ordu, polis xalqın tərəfinə keçəndən sonra Rusiya ilə Türkiyə nə edə bilər? Venesuelaya indiyə qədər ən böyük dəstəyi Çin edib. Bu ölkəyə ən böyük kreditləri Çin verib. Çin bütün məsələlər də olduğu kimi bu məsələdə də Rusiyadan fərqli özünü ortalığa atmayıb. Görünür, Çin pərdəarxası dəstək verməyi daha üstün tutur. Venesuelaya ABŞ və Böyük Britaniyanın təsiri daha çoxdur. Venesuelanın pulları dondurulmuş şəkildə ABŞ-dadır, qızıl ehtiyatı da Britaniyadadır. Hər iki ölkə də Venesuelanın vəsaitini ona verməyə imtina edib. Bu bir daha başqa dövlətlərə də göstərdi ki, öz valyuta, qızıl və digər kapitalınızı Qərb banklarına qoymayın”.
Ä°lgili resim

Əhəd Məmmədli: “Maduroya hər bir dəstək onun xeyrinədir”

Politoloq üç ölkənin Venesuelada uğur qazanıb-qazanmayacaqları yönündə sualımıza belə cavab verdi: “Yenə təkrarlayıram, İranın Venesuelaya təsir imkanı sıfıra bərabərdir. Rusiya və Türkiyəyə gəldikdə isə, bu iki dövlətin də Venesuelaya təsir imkanı o qədər böyük deyil. Rusiyanın Venesuelaya imkan təsiri müqayisədə daha böyükdür. Rəsmi Moskva Venesuelaya borc verib. Düzdür ən böyük iqtisadi, maliyyə dəstəyini Venesuelaya Çin göstərib. ABŞ tarix boyu Latın Amerikasına ”arxa bağçası" kimi baxıb. Təbii ki, Amerikanın “arxa bağçası”nda özgə kiminsə gəzməyi Vaşinqtonda qıcıq yarada bilər. Venesuela hadisələri onu göstərdi ki, Latın Amerikasında yenə də ən güclü Amerikadır. İndiki halda kimdən, haradan asılı olmayaraq Maduroya hər bir dəstək onun xeyrinədir. Maduroya indi bir az da dayanmaq, tab gətirmək lazımdır. İndiki halda ona ən böyük, vacib dəstək tərəfdarlarının, ordunun, polisin onun yanında olmasıdır. Əks halda o devriləcək. Hesab edirəm ki, Rusiya və Türkiyənin Maduroya maksimum dəstəyi onu qorumaq üçün xüsusi təyinatlılarını göndərməkdir. Bundan o yana son söz Venesuela xalqının, ordusunun, polisinin olacaq".



Əziz Əlibəyli: “Maduro Rusiya ordusunu Suriyada Əsədin etdiyi kimi dəvət etsə...”

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirdi ki, Venesuela qlobal güclərin növbəti dəfə hesablaşmaq istədiyi bir məkandır: “Buna qədər Suriyada, İraqda, Əfqanıstanda necə idisə, prinsipcə indi də elə bir fərqi yoxdur. Sadəcə, iştirakçı komponentlər fərqlidir. Belə ki, Venesuela neft ölkəsidir. Özü də neft ixrac edən ölkələrin sırasında 4-cü yeri tutur. OPEK üzvüdür. Ən nəhayət, ABŞ-ın ticarət savaşlarında rol oynayacaq bir mərkəzdir. Sadəcə, Maduro administrasiyasi ABŞ hegemonluğunu qəbul etmir. Ölkə buna görə də müxtəlif sanksiyalardan əziyyət çəkir. ABŞ-ın qulağının dibində olan bu ölkə ilin-günün bu vaxtı ona görə yada düşür ki, ABŞ Rusiya və İrana qarşı apardığı müharibədə Venesuela Amerikanın rəqiblərinin yanında yer alır. Bax, buna görə də ABŞ və müttəfiqləri qanuni seçilmiş hakimiyyət qala- qala, müxalif parlamenti qanuni təmsilçisi kimi tanıdı. Türkiyə prezidentinin çox sevdiyi bir söz var: ”Dünya beşdən böyükdür". O sözün içində gizlənən BMT-nin nizamnaməsi ilə düzənlənən ikinci dünya müharibəsindən sonrakı dövrün idarə edilməsinə üsyandır. Və bu çərçivədə zaman-zaman o ölkələr güclənib söz sahibi olmaq istəyənlərə hər cür əngəl yaradırlar. Türkiyə prezidentinin Maduronu müdafiəsi də bundan qaynaqlanır, “15 Temmuz”, “Gezi olayları” Venesueladan daha əvvəl Türkiyənin yaşamış olduğu analoq olaylardır. Venesuela indiki halda ən pis ssenariyə də hazır olmalıdır. Əgər Maduro Rusiya ordusunu Suriyada Əsədin etdiyi kimi dəvət etsə, Venesuelada da vətəndaş müharibəsi başlaya bilər. Bax, məsələ bu qədər vahiməlidir. ABŞ Maduronu atmaqla özü üçün oyuncaq Venesuela idarəetməsi yaratmağa çalışır. Nə qədər nail olacaqlar, bunu Rusiyanın əsl gücü göstərəcək".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler