» » “Moskvanın tapşırığı ilə işə götürülmüşdüm”-

“Moskvanın tapşırığı ilə işə götürülmüşdüm”- Tarix

Bölmə: BLOK XƏBƏR
Vəfa Quluzadə: “Heydər Əliyev dedi ki, Vəfa, sən orda nələr danışmısan ki, bütün Moskva ayaq üstə qalxıb?”
Bəzən ayrı-ayrı dairələrdə “Azərbaycanın Bzejinskisi” adlandırılan sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Azərbaycan siyasətinin maraqlı personalarındandır. Dünya çapında baş verənlərə, Qarabağ ətrafında cərəyan edən hadisələrə daim özəl baxışı olan diplomatın fikir və təhlilləri hətta ölkə çapından kənarda da həssaslıqla qarşılanıb, ciddi reaksiyalara səbəb olub.


V.Quluzadə həm də o simalardandır ki, ona həm vaxtilə təmsil olunduğu hakim düşərgədə böyük dəyər verirlər, həm müxalifətdə, həm də cəmiyyətdə. Hətta küçədə, dükan-bazarda rastlaşdığı sadə adamlar sabiq müşaviri görən kimi onunla şəkil çəkdirir, hansısa suallarına cavab istəyirlər. Bugünlərdə isə ABŞ səfirliyində ölkənin müstəqillik günü münasibətilə keçirilən tədbirdə “Yeni Müsavat”ın əməkdaşının diqqətini bir məqam cəlb edib. Jurnalist deyir ki, V.Quluzadə ilə həm iqtidar, həm də müxalifət təmsilçiləri yaxınlaşıb səmimi şəkildə qucaqlaşıb, görüşüb-öpüşürdülər. Hansı ki, iqtidardan ayrılan əksər insanlara münasibət belə olmur. Biz də bu cür münasibətin açarı və sirri barədə soruşduq. Maraqlıdır, V.Quluzadə buna necə nail olub?

V.Quluzadənin cavabı maraqlı oldu: “Bunun üçün aşağıdakılar vacibdir: təmiz həyat sürmək, xalqın maraqlarını, milli maraqları təmsil etmək. Mən bütün müsahibələrimdə, məqalələrimdə heç bir qrupun tərəfində çıxış etmirəm. Mən yalnız xalqımın milli maraqlarını müdafiə edirəm. Mən qeyri-adi dövlət vəzifəli adam olmuşam. Deyərdim ki, heç vaxt məmur olmamışam. Mən daim xarici siyasət sahəsində çalışmışam və faktiki olaraq xarici siyasət sahəsində fikirlərimi iqtidarda çalışa-çalışa səsləndirmişəm. Heydər Əliyev buna çox böyük dözümlə yanaşıb. Mən hərdən özümə sual verirəm və təəccüb edirəm ki, nəyə görə o, mənim bu qədər müstəqil çıxışlarıma sərt reaksiya verməyib? Daim hiss edirdim ki, o, mənimlə həmfikirdir və həmrəydir”.

Sabiq müşavir dedi ki, istefaya çıxandan sonra da dəyişməyib: “Mən iqtidarda nə idimsə, indi də oyam, ikisifətli adam olmamışam. Qarabağ məsələsində, Rusiya, ya Amerika haqqında o vaxt nə demişəmsə, indi də onu deyirəm. Mən ömrümdə iqtidarı tənqid etməmişəm, sadəcə, müstəqil fikrimi ifadə etmişəm. Ancaq əgər bu fikir iqtidarın fikri ilə üst-üstə düşməyibsə, bu, başqa məsələdir. Mən bu isti münasibəti həm iqtidar tərəfindən hiss edirəm, həm də müxalifət tərəfindən. Mənə hamı olduqca mehriban münasibət bəsləyir. Çünki mən heç kimi narahat etməmişəm və etmirəm də. Çox adam əlaqələrinin olmasından istifadə edib kiməsə zəng edə, hansısa problemini həll etmək istəyər. Amma mən oyun qaydalarını bilirəm. Məsələn, bilirəm ki, mənim kimi tanımış bir adamın hər hansı bir xahişini hansısa bir nazir, ya müavini yerinə yetirmək istəsə, o, gərək birinci şəxsdən icazə alsın. Başqasınınkını edə bilər, çünki başqasını heç kim tanımır. Amma mənə gələndə, xahişim bəyənilməyə də bilər. Mən heç kəsi narahat etmirəm, ona görə də hamı mənə yaxşı münasibət bəsləyir. Həmçinin müxalifət də görür ki, Qarabağ məsələsi, Azərbaycan-Qərb, Azərbaycan-Rusiya əlaqələri ilə bağlı mən milli maraqları ifadə edirəm. Mənim milli maraqlardan çıxış etməyim onların da maraqları ilə üst-üstə düşür. Səbəb budur, başqa şey deyil”.

“Əli Kərimlinin bir əlindən Asim tutub, dartır hakimiyyətə tərəf. O biri əlindən də mən tutmuşam, dartıram özümə tərəf...Mənə bir az kömək edin, daha gücüm çatmır...” ( Kələki, 26 avqust 1997-ci il, saat 23.30. “Kələki gündəliyindən”...)


V.Quluzadə ötən illərdəki fəaliyyəti barədə bir neçə maraqlı faktı da xatırladı: “1995-ci ildə Amerikadaydım. Məni yaxın Şərq İnstitutu dəvət etdi və mən orda çıxış etdim. O çıxış Dağlıq Qarabağ məsələsi, Rusiyanın Qafqazdakı siyasəti ilə bağlı idi. Mən orda dedim ki, Rusiya Federasiyası əslində imperiyanın qalıqlarıdır və çökəcək. Ona görə ki, bu federasiya könüllü federasiya deyil. Mənim çıxışımın qısa məzmununu Moskvaya göndərmişdilər və buna çox sərt reaksiya oldu. ”Moskovskaya pravda", “Komsomolskaya Pravda” qəzetində mənim fikirlərimə kəskin reaksiya verilmişdi. Mən Amerikadan qayıdanda Heydər Əliyev buna sərt reaksiya vermədi. Yalnız yarımciddi şəkildə, gülümsəyərək “Vəfa, sən orda nələr danışmısan ki, bütün Moskva ayaq üstə qalxıb” dedi. Yəni Heydər Əliyev belə hallara dözüb. Düzü, mən Heydər Əliyevlə işlədiyim dövrü çox yüksək qiymətləndirirəm. Ona görə ki, Heydər Əliyev mənə tamamilə azad hərəkət etməyə imkan vermişdi. Bir dəfə də mənə zarafatla bir söz dedi ki, “Vəfa, sən bu qədər azad bəyanatlar verirsən, sən mənim müşavirim deyilsənmi?” Dedim, bəli. Qayıtdı ki, bu, o demək deyilmi ki, sənin fikirlərin elə mənim fikirlərimdir?"

Dedim, düz deyirsiniz, elədir. (gülür) Demək istəyirəm ki, o zaman mənə tam müstəqillik verilmişdi, mən bunu olduqca yüksək qiymətləndirirəm". Eks-müşavir bir hadisədən də bəhs etdi: “Heydər Əliyev ”Gülhanə"də müalicə olunurdu, mən bəyanat verdim ki, Azərbaycan NATO bazalarını qəbul edə bilər və hətta yerini də göstərdim. Bu, dünyada böyük bir vəlvələ saldı. Ən çox ajiotaj isə Rusiya və İranda yarandı. Bu ölkələrin XİN-ləri şəxsən mənim əleyhimə bəyanatlar qəbul etdilər. Bununla kifayətlənməyən Rusiya nümayəndə heyəti Ankaraya Heydər Əliyevlə görüşə getdi ki, siz burdasınız, amma müşaviriniz belə bəyanatlar verir. Heydər Əliyev görün nə qədər ağıllı cavab vermişdi. Demişdi ki, gəlin irəli qaçmayaq, NATO bazaları hələlik Azərbaycanda deyil. Ona görə də gəlin sizin Ermənistandakı bazanızdan danışaq. Çıxardın bazalarınızı Qafqazdan, burda heç bir baza olmasın. Yəni bununla Heydər Əliyev mənim bəyanatlarımı təkzib etmədi. Rusiya o zaman bilmədi ki, buna necə reaksiya versin. Qayıdandan sonra çox mehriban görüşdük və mənim bəyanatımı heç müzakirə də etmədik".
 “Moskvanın tapşırığı ilə işə götürülmüşdüm”-
V.Quluzadə Rusiya səfirliyi önündə “Bəsdir Ermənistanı silahlandırdınız” tələbi ilə təşkil etdiyi mitinqi də xatırlatdı: “O zaman bütün iqtidaryönlü partiyalar mənim ofisimdə yığışmışdı, məndən məsləhət alıb sonra ora getmişdi. Yəni mənim həm iqtidar, həm müxalifətlə həmişə sıx əlaqələrim olub. O zaman mən düşündüm ki, Heydər Əliyev hələlik Bakıda deyil, fürsətdən istifadə edib aksiya keçirtmək olar. Zəng etdim Bakı meriyasına, Rəfael Allahverdiyev dedi buna görə prezidentlə danışmaq lazımdır. Onda mən klinikaya, Heydər Əliyevə zəng etdim. Hərdən söhbətləşirdim. Məqsədimi dedim və şüarları da oxudum. O, şüarların bəzilərini, daha sərtlərini çıxartdı. Sonra dedi ki, Təhlükəsizlik Şurası yığılsın, mənə ordan zəng edin. Spiker Murtuz Ələsgərov və Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevlə danışmaq istəyirdi. Ramiz Mehdiyevin otağından Heydər Əliyevə zəng etdim. Heydər Əliyev soruşdu ki, Vəfa Quluzadənin təklifinə necə münasibət bəsləyirsiniz. Hamısının münasibəti müsbət oldu. Daha sonra şüarlar bir daha süzgəcdən keçdi və bu aksiya keçirildi. O zaman Rusiya Ermənistanı silahlandırırdı, 1 milyard dollarlıq silah vermişdi, Qarabağ məsələsinin həllinə maneçilik törədirdi. Bu aksiya 1998-ci ildə olmuşdu. 6-cı gün mitinq oldu. Şüarlarımızdan biri belə idi: ”Müəllimlərin maaşını vermək daha yaxşıdır, nəinki Ermənistana silah vermək!" Aksiyanın gedişində hələ Rusiya səfiri Bloxin yatırdı. Oyanan kimi Moskvaya zəng edib “bu aksiyanı Vəfa Quluzadə təşkil edib” demişdi".

V.Quluzadə qeyd etdi ki, Elçibəy dövründə də aktiv olub, Azərbaycan-Qərb əlaqələrinin quruculuğunda və Qarabağ məsələsində gərgin fəaliyyətlə məşğul olub: “Amma Mütəllibov dövründə mənim elə bir aktivliyim yox idi, çünki komandanın üzvü deyildim, Moskvanın tapşırığı ilə işə götürülmüşdüm, özümü fəxri qonaq kimi hiss edirdim və rahat şəkildə yerimdə oturmuşdum”. Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler