» » Hakimiyyət müxalifətin mitinqinə niyə icazə verdi?

Hakimiyyət müxalifətin mitinqinə niyə icazə verdi?

Bölmə: MANŞET
Hakimiyyət müxalifətin mitinqinə niyə icazə verdi?










Müqəddəs və toxunulmaz sərbəst toplaşma hüququndan istifadə edən minlərlə vətəndaş etiraz aksiyasına çıxdı. Kütlə Neftçilər prospektində avtomobil magistralını bağlayır və Bakının əsas prospektlərindən birində nəqliyyatın hərəkəti dayanır. Polis və daxili qoşunlar nümayişçiləri Prezident Administrasiyasına gedən mərkəzi küçəni açmağa, dağılışmağa və qanuna tabe olmağa səslədi. Nümayişçilər etirazlarını bildirdilər. Etirazçılar Azadlıq meydanına tərəf hərəkət etməyə macal tapmamış polis etiraz aksiyasını sərt şəkildə dağıtdı.

Ertəsi gün daxili işlər naziri Ramil Usubov etiraz edən müxalifətin qanunsuz aksiyasının yekunlarını səsləndirdi: etiraz aksiyasında 10 minə yaxın insan iştirak edib, ölkə boyunca 200-dən çox adam həbs edilib.



Haşiyə

İndi dünya ictimaiyyətinin Azərbaycandakı hadisələrə reaksiyasını təsəvvür edin! Avropa Parlamenti Bakıda xalq kütlələrinin qanlı susdurulması üzrə xüsusi qətnamənin qəbuluna həsr edilmiş növbədənkənar iclasın keçirilməsi barədə bəyanat verir. Avropa Şurasının baş katibi dünya ictimaiyyətinə xüsusi müraciətlə çıxış edir. “Amnesty International” dərhal, xüsusi təhqiqat keçirilmədən həbs edilənləri vicdan məhbusu adlandıracaq. Mənzil-qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” isə mütləq etiraz aksiyasını işıqlandırmış jurnalistlərin hüquqlarının pozulmasını vurğulayacaq. Avropa İtitfaqının və ABŞ-ın Bakıda akkreditasiyadan keçmiş səfirləri prezidentlə görüş tələb edəcəklər. Dünyanın aparıcı KİV-ləri isə qışqıran başlıqlarla işıq üzü görəcək: “Despotik hakimiyyət” (“Vaşinqton Post”), “Diktatura xalqı qan içində boğdu” (“Qardian”), “Dünya Azərbaycan hakimiyyətini dayandırmalıdır” (“Le Mond” fransız nəşri)...

Demokratik cəmiyyətin bu sadalanan reaksiyasına kim şübhə edir?!



Mifdən gerçəkliyə

İndi isə gəlin, qorxunc illüziyaları dağıdaq və həqiqətin gözünə baxaq. Parisin küçələrinə 300 min etirazçı çıxdı, polislə qarşıdurmalar nəticəsində 1 nəfər öldü, iki min fəal həbs edildi. Minlərlər vətəndaş Bakının deyil, Parisin küçələrinə çıxdı. Etiraz edənlər, yanacağın bahalaşmasından narazılar Neftçilər prospektini deyil, Şarl de Qoll prospektini bağladılar. Onlar Azadlıq meydanına deyil, Konkord meydanına daxil olmaq istəyirdilər. Öz vətəndaşlarına qarşı xüsiusi əməliyyatın keçirilməsi barədə isə Ramil Usubov deyil, Kristof Kastaner hesabat verdi. Etirazçılar isə prezident İlham Əliyevin deyil, prezident Emmanuel Makronun istefasıını tələb edirdilər.



Parisdəki qanlı hadisələrə dünya necə cavab verdi?

Demokratik dünya Parisdə qan tökülmsini səssiz, etirazsız və nəsihət vermədən qəbul etdi. Sanki elə belə də olmalı imiş. Demokratik ictimaiyyət qanunsuz etiraz aksiyasının dağıdılmasına anlayış göstərdi və Fransa hakimiyyətinin qətiyyətini dəstəklədi. Halbuki həmin hakimiyyət yalnız ifadə azadlığı kimi konstitusion hüququndan istifadə etmiş vətəndaşların hüquqlarını tapdamışdı. Avroparlament, AŞPA, Beynəlxalq Amnistiya, Sərhədsiz reportyorlar və digər liberal tör-töküntü xalq etirazının sərt yatırılmasına tənqidi səslərin Frankfurtda, Fergüsonda, Afinada qeyri-insani tərzdə yatırılmasına yanaşdığı kimi yanaşdı... Fransa hakimiyyəti isə əcinnə ovuna başladı, xarici düşmən, stabilliyin pozulmasında maraqlı şəxslərin axtarışına çıxdı. Əlbəttə ki, tapdı da. Bu ki həmin Rusiyadır! Yaxşı ki, bu dünyada Rusiya var və demokratiyaya, ümumbəşər dəyərlərə qarşı bütün cinayətləri onun üstünə yıxmaq olar.

Əgər Rusiyada rəhbərlikdə Yeltsin qalsaydı, Fransa hökuməti mütləq başqa bir xarici düşmən tapacaqdı. Niyə bu İran olmasın? Yaxud da İŞİD? Hətta Çinlə Pakistan da işə yarayar.

Müasir Avropa demokratiyasının məntiqi olduqca banal və bir o qədər də primitivdir, lakin kifayət qədər bəsit və sadədir – “bizə hər şey olar, sizə isə olmaz!” Bizdə etiraz edənlər beşinci kolon və Putin rejiminin satın aldığı muzdlulardır, sizdə isə bunlar özünü qurban verməyə hazır, mütləqiyyətlə qəhrəman mübarizlər, yeni tarixin yaradıcılarıdır.



Hələ bu harasıdır?

Yanvarın 19-na yeni sosial inqilabdan doğulmuş “sarı jiletlilər” yeni etiraz aksiyası hazırlayırlar. Fransa hakimiyyəti əvvəlcədən, qeyd-şərtsiz olaraq on minlərlə vətəndaşının hazırlanmaqda olan çıxışını ölkədə sistemli sabitliyi laxlatmağa yönəldilmiş qanunsuz etiraz aksiyası elan edib. Fransanın mərkəzi KİV-ləri sanki bir ağızdan doğulan yeni xalq hərəkatını tənqid edirlər.



Elə həmin 19 yanvar tarixində Azərbaycan hakimiyyəti sistemsiz müxalifətə məhkum olunmuş bloger Mehman Hüseynovun müdafiəsi üçün etiraz aksiyası keçirməyə icazə verib. Bu azmış kimi, hakimiyyət müxalifətçilərə məsləhət görüb ki, tərəfdarlarını ucsuz-bucaqsız “Məhsul” stadionuna toplasınlar. Hər dəfə müxalifət bəyan edir ki, bu stadionda on minlərlə etirazçı toplaşır. Lakin fotoreportajlardan aşkar görünür ki, müxalifətin tərəfdarları yalnız tribunanın qarşısındakı kiçik bir sahəni doldurmaq iqtidarında olurlar. Ya stadion həddən artıq böyükdür, ya da müxalifətin tərəfdarlarının sayı çox azdır. Bu stadiondan Azərbaycanın “Yelisey çölləri”nə piyada 15 dəqiqəyə çatmaq olar. Birdən müxalifət Bakının “Yelisey çölləri”nə istiqamət götürsə, nə baş verər?! Fəqət düşüncəli və ayıq hakimiyyət özünə arxayındır.

İndi mən soruşmaq istəyirəm – nəyə görə Qərb dünyası Azərbaycanı despotik ölkələrə aid edir və bu dövləti Eritreya və İranla bir sıraya qoyur, Fransa isə dünyanın ən liberal və demokratik ölkələrindən biri hesab olunur?! Bu məntiqi dilemmanı kim izah edib aydınlaşdıra bilər?!



Deməli, Fransaya xarici düşmən axtarmaq, araşdırmasız-filansız həyasızcasına Rusiyanı iğtişaşların təşkilində ittiham etmək olar, Azərbaycan isə Sorosu və digər xarici mərkəzləri göstərə bilməz?! Orada bu təhqiqat, bizdə isə əcinnə ovu adlanır? Deməli, Fransa cəza qorxusu gözləmədən etirazçıları şikəst edə, tuta və qova, bununla birlikdə seçilmiş liberal ölkələr arasında şərəfli yer ala bilər, Azərbaycan isə Açıq Cəmiyyət İnstitutunun qrantları hesabına sabitliyi laxlatmağa çalışanlara görə Sorosdan və onların institutlarından bu qüvvələrin həqiqi niyyətləri ilə bağlı söz soruşa bilməz? Orada bu qanunçuluq, burada repressiya adlanır?!

Azərbaycan hakimiyyəti özünə arxayın olduğu qədər də müxalif Milli Şuranın gücsüzlüyündən əmindirsə, nə etmək olar. Hakimiyyət günahkardırmı ki, müxalifətin mitinqləri acınacaqlı mənzərəyə, marginalların cəmiyyətin əksər hissəsinin diqqətini cəlb etməyən standart toplanışına çevrilir?! Günahkardırmı ki, müxalifət özünü və Sorosu özünü siyasətdən təcrid etmiş xalqın gözündən salıb?

Mitinqlər vaxtı hakimiyyət, Fransada, Almaniyada, Yunanıstanda olduğu kimi, sıravi müxalifətçiləri açıq videomüşahidə edir, mitinq iştirakçılarına qarşı müvafiq tədbirlər görür, onların şəxsiyyətini müəyyənləşdirir... Məgər bu, etirazçıların qəddarcasına döyülməsindən və kütləvi şəkildə döyülməsindən çox günahdır?! Fransada, Yunanıstanda, Almaniyada olduğu kimi... Suallar, suallar, suallar... Yenə həmin suallar. Bizim cavabsız suallarımız...

Eynulla Fətullayev

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler