Niyə qatar dalbadal “İçərişəhər”ə gedir?
14-10-2017, 11:09. Yerləşdirdi: sefa
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədə sərnişinlər tərəfindən ən çox verilən suallara aydınlıq gətirib. O bildirib ki, ayrı-ayrı vaxtlarda ünvanlanan 2 vacib sual var və həmin suallara cavab vermək istəyir:
Sual 1: - Axşam pik saatda qatarlar niyə depoya gedir?
Cavab 1: - Axşam və ya qeyri vaxtı qatarların depoya getməsinin 3 planlaşdırılmış səbəbi var. a) Depo istiqamətində "Bakmil" stansiyası var və ora da sərnişinlər gedib-gəlir, b) Texniki təlimata əsasən xətdə istifadədə olan qatarlar müəyyən məsafə qət etdikdən sonra mütləq baxış üçün depoya getməlidir, c) pik saatlarda xətdə 30 cüt qatardan istifadə olunursa, ik saatlarda 24 cüt qatardan istifadə olunur. Yəni pik saatlarda xətdə istifadə olunan qatarlar qeyri-pik saatlarda xətdən çıxarılaraq depoya göndərilməlidir.
Bu 3 səbəb birləşdirilərək gün ərzində (şəkildə də göründüyü kimi) depo istiqamətinə 63 qatar gedir. Bunun üçün saytımızda aidiyyatı bölmədə qrafik yerləşdirilib və "Bakmil"ə gedən sərnişinlərin əksəriyyətii bu qrafikdən istifadə edir. (şəkilə diqqət)
Qeyd edək ki, bu qış qrafikində və iş günləri üçün nəzərdə tutulan qrafikdir. Təbii ki, xətdə hərəkət zamanı nasaz olan qatarın depoya göndərilməsi halları da mövcuddur.
Sual 2: - Niyə dalbadal "İçərişəhər" qatarı gedir?
Cavab 2: - "Həzi Aslanov" stansiyasından üzü "28 May" stansiyası istiqamətinə dalbadal həm "İçərişəhər", həm də "Dərnəgül" qatarları hərəkətə başlaya bilər. Çünki, qrafik belə nəzərdə tutulub. Səbəbi isə belədir. Çalışacağıq misallarla aydınlıq gətirək. Səhər 07:44 dəqiqədə "Həzi Aslanov" stansiyasında 9 saylı marşrut üzrə hərəkət edən qatar "İçərişəhər"ə istiqamət götürür. Onun ardınca növbəti qatar 07:48-də yenə "İçərişəhər" istiqamətinə hərəkət edən 7 saylı marşrutdur. Hər iki qatar "Neftçilər" stansiyasına qədər dalbadal gəlirlər. 07:53-də isə bu iki qatarın arasına 38 saylı marşrut üzrə hərəkət edən "Dərnəgül" qatarı girir. Burada məqsəd isə sadədir. Pik saatda "Həzi Aslanov"dan "Neftçilər"ə qədər sərnişinlər çox olduğu üçün qatarlar dolur və növbəti stansiyada gözləyən sərnişinlər üçün "Neftçilər" stansiyasının dalanından 07:53, 08:25, 08:57-də "Dərnəgül" istiqamətinə qatarlar buraxılır. Eyni zamanda 07:58 və 08:02 dəqiqədə "Həzi Aslanov" stansiyasından iki "Dərnəgül" qatarı çıxır. 08:18 dəqiqədə isə bu iki qatarın arasına "Bakmil" stansiyasından gələn "İçərişəhər" qatarı girir. Göründüyü kimi "28 May" stansiyasından hər zaman 1 qatar "İçərişəhər"ə, biri isə "Dərnəgül"ə hərəkət edir. Sübh tezdən və gecə saatlarında istisnalar ola bilər”.
Geri qayıt