» » Əli şiələrin qanına batmış molla rejimi —

Əli şiələrin qanına batmış molla rejimi — Xameneyi üçün sonun başlanğıcı

Bölmə: Xəbər
Əli şiələrin qanına batmış molla rejimi —



İslamı da, şiə məzhəbini də özünün siyasi ambisiyalarına alət edən İranın bütün fəaliyyəti şiələrin ölümü və məhvinə hesablanıb. Hələ 1979-cu ildə “dini inqilab”la hakimiyyətə gələn bu rejim Ruhullah Xomeynini ilahiləşdirərək, başa keçirən rejim sonrakı dövrdə əsas siyasətini məhz şiələrin məhv edilməsi istiqamətində apardı.

Xomeyni ambisiyaları naminə İraqla apardığı səkkiz illik müharibədə Kərbəla və Nəcəf kimi müqəddəs məkanlara belə hücumlar təşkil etdi, ümumilikdə bir milyon şiənin ölümünə bais oldu. Daha sonra Livanda şiələrin birliyini pozaraq, özünə bağlı “Hizbullah” yaratdı və əlinə silah verdiyi dəstələr üzərindən təkcə Livanı yox, bütün bölgəni qan gölünə çevirdi. Əfqanıstanda da xəzər şiələrinə qarşı solçuları dəstəkləməklə onların qətlinə fərman verdi.

Suriyada, Yəməndə, Bəhreydə molla rejiminin “qətl maşını” durmadan işləyib və bu gün də bütün Yaxın Şərqin, həm də şiə dünyasının qan gölünə çevrilməsində İran rejiminin böyük payı var.

Şiə dünyasına Xomeynizmi ixrac edən İran bununla Əhli-Beyt prinsiplərini də tapdaladı, öz iddialarını din pərdəsi altında regiona yeritdi. İranın siyasətinin hədəfində məhz şiələrin olduğu faktını I Qarabağ müharibəsi, münaqişənin mövcud olduğu 30 ilə qədər dövr və II Qarabağ müharibəsi isbat edir.

İranın Azərbaycana qarşı son 30 ilə yaxın dövrdə yürütdüyü siyasət sübut edir ki, molla rejiminin əli şiə məzhəbinə mənsub olan müsəlmanların qanına batıb.

Birinci Qarabağ müharibəsində Ermənistanı bütün vasitələrlə silahlandıran İran həm də erməni terrorçularına təlim keçirdi. “Qəhrəman” kimi təqdim etdikləri Qasım Süleymani bu təlimçilərdən biri idi. Azərbaycan torpaqları işğal olunduqdan sonra İran bu işğalın davam etməsi üçün əlindən gələni etdi, o cümlədən işğal altındakı torpaqlarında qanunsuzluqları həyata keçirdi.

30 il boyunca Qarabağda Azərbaycan sərvətlərini ermənilərlə birlikdə talan edən həm də İran idi. Dindən, Allahdan danışan mollalar bu müddətdə Allahın evində donuz saxlayanlarla, İslam irsini dağıdanlarla gizli qardaşlıq edir, Azərbaycanın işğal altında qalan daşını da, qayasını da talayırdı.

Sonra da Allahın evində moizələr oxuyur, İslamdan, Peyğəmbərdən, Əhli-Beytdən danışırdılar.

Cəfər Cabbarlının bir bəndlik şeiri İranın molla rejiminin prototipini ən gözəl ifadə edir.

Molla əmi azan verir,
Saqqalına mizan verir,
Ölü görəndə yan verir,
Halva görəndə can verir.

Həqiqətən də, İranın molla rejimi Allahın evində azan verir, məscidən çıxan kimi saqqalına nizam verir, ölü görən kimi “halva eşqi” ilə can verir. Yəni, din adı altında İslam dəyərlərini də satır, Əhli-beyti də.

İran rejimi gerçək simasını II Qarabağ müharibəsində gizlədə bilmədi. Müharibənin başlandığı ilk gündən işğalçı Ermənistana dəstək verdi, hətta Azərbaycan ordusunun hərəkət istiqaməti ilə bağlı kəşfiyyat məlumatlarını ermənilərə ötürəcək qədər xainliyə əl atdı. Müharibədən sonra da başda Xameneyi olmaqla İslam düşməni olan Ermənistanı qucaqladı, sərhədlərini “qırmızı xətt” elan etdi, hətta ermənilər naminə Azərbaycan sərhədində hərbi təlimlər keçirərək, “əzələ nümayişi” də sərgilədi.

Molla rejimi gerçək simasını artıq gizlədə bilmir. Həm İran daxilində, həm regionda, həm də bütün şiə dünyasında bu rejimin əli qanlı olduğu artıq yüksək səslə deyilir. Əli qanlı molla rejiminin tarixin zibilliyinə göndəriləcəyi vaxt da uzaqda deyil, İranda yaşayan xalqların azadlıq etirazı Xameneyi başda olmaqla bütün mollalar üçün sonun başlanğıcıdır.


Vaqif Hüseynli
Demokrat.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler