» » ABŞ-ın xaraba qoyduğu yerləri Türkiyə götürür - əfqan planına rəylər

ABŞ-ın xaraba qoyduğu yerləri Türkiyə götürür - əfqan planına rəylər

Bölmə: Xəbər, Siyasət, BLOK XƏBƏR, MANŞET
ABŞ-ın xaraba qoyduğu yerləri Türkiyə götürür - əfqan planına rəylər
Türkiyə ABŞ qüvvələrinin geri çəkilməsindən sonra Əfqanıstanda rolunu artırmağa hazırlaşır. “Yeni Müsavat”ın xarici siyasət bölməsi yazır ki, Ankara Kabilin beynəlxalq hava limanında təhlükəsizliyi təmin etməyi təklif edərək həyati rol oynamağa can atır. Xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanın Kabil hava limanının istismarı və təhlükəsizliyinin yalnız ölkə üçün deyil, eyni zamanda Türkiyə də daxil olmaqla, bütün diplomatik nümayəndəliklərin həyatda qalması üçün vacib olduğunu deyib. Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hanif Atmar bu təklifi dəstəkləyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO zirvəsində çıxış edərək Macarıstan və Pakistan qüvvələrinin Kabil hava limanının təhlükəsizliyini təmin etməkdə Türkiyəyə kömək edəcəklərini deyib. Türkiyə bu məsələdə böyük maneələrlə qarşılaşır.

Taliban Əfqanıstanda qalan hər bir xarici qüvvəyə qarşı çıxdığını bildirib, lakin Ankara bu cür müqaviməti aşacağına inanır. NATO-nun Əfqanıstandakı yüksək mülki nümayəndəliyi vəzifəsində çalışmış Hikmət Çətin Türkiyənin münaqişənin bütün tərəfləri ilə yaxşı əlaqələr qurduğunu deyib.

“Əlbəttə ki, orada olduğum zaman Talibanın gənc nəsli ilə danışırdım. Türkiyə ilə Əfqanıstan arasındakı münasibət 1920-ci illərdə başladığı üçün Türkiyəyə çox hörmət edirlər. Ancaq Taliban Türkiyənin xarici hərbi qüvvələrinin NATO-nun bir hissəsi olması ilə razılaşmır” - deyə, NATO-nun Əfqanıstandakı yüksək mülki nümayəndəliyi vəzifəsində çalışmış Hikmət Çətin bildirib.

Türkiyənin Əfqanıstanda hərbi mövcudluğunu reallaşdırmaq arzusunun nədən qaynaqlandığını bir neçə səbəblə izah etmək olar. Əvvəla, regionda təsir arealını genişləndirməyə çalışır. İkincisi, NATO ölkəsi olaraq ABŞ-ı əvəzləmiş olur. Amma Türkiyə kifayət qədər mübahisəli zonalarda mövcuddur. Suriyada, Liviyada... İndi də Əfqanıstanda mövcudluğu birmənalı qarşılanmayacaq.

Bu cür mürəkkəb və təhlükəli bölgələrdə mövcud olmaq Ankaranın hansı maraqlarına cavab verir? ABŞ xaraba qoyub çıxdığı bölgələri niyə Türkiyəyə dövr edir, yaxud Türkiyə niyə Amerikanın xaraba qoyduğu ölkələrə girir?
ABŞ-ın xaraba qoyduğu yerləri Türkiyə götürür - əfqan planına rəylər
Asim Mollazadə: “Türkiyənin məqsədi stabilliyi qorumaqdır, istənilən hücumlara cavab vermək qüdrəti olan peşəkar ordusu var”

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin siyasəti haqq-ədaləti müdafiə etməkdən ibarətdir. Onun fikrincə, Ankara Əfqanıstanda sabitliyin pozulmasına qarşıdır: “Ona görə təkcə Kabil aeroportunu deyil, şəhəri də qorumaq istəyir. Əfqanıstanda türkdilli əhali yaşayır. Onlar ciddi təzyiqlərə məruz qalırlar. Bu səbəbdən Türkiyənin iştirakçı kimi artan nüfuzunu nümayiş etdirir, həm də ədalətin yanında olduğunu göstərir”.

A.Mollazadə istisna etmir ki, Taliban problem yaratmaq istəyəcək: “Bu qüvvə Əfqanıstan hökumətinə də qarşıdır. Ümumiyyətlə, bu ölkədə müxtəlif millətlər yaşayır, hücumlara məruz qalırlar. Türkiyənin məqsədi stabilliyi qorumaqdır. Onun istənilən hücumlara, təhdidlərə cavab vermək qüdrəti olan peşəkar ordusu, kifayət qədər gücü və təcrübəsi var. Türkiyə ordusu dünyanın bir sıra yerlərində peşəkarlığını nümayiş etdirib, türk silahlı qüvvələri NATO nəzdində ciddi rola malikdir”.
ABŞ-ın xaraba qoyduğu yerləri Türkiyə götürür - əfqan planına rəylər
Qabil Hüseynli: “Türkiyə risqə girir, bu cəsarətinə heyranam, amma general Dusdumla qüvvələri birləşsə, ölkədə stabillik yaradıla bilər”

Professor Qabil Hüseynli hesab edir ki, Türkiyənin bu mürəkkəb bölgələrdə mövcudluğunu reallaşdırmaq cəhdləri strateji maraqlar məsələsidir. Onun sözlərinə görə, bundan əvvəl Əfqanıstana sovet qoşunları girdi, məğlub olub çıxdı, Amerika daxil oldu, problemi həll edə bilmədi, faktiki uduzmuş halda bölgəni tərk edir.

“Hələlik Türkiyə və Əfqanıstan arasında razılaşma var ki, Kabil hava limanını mühafizə etsinlər. Məncə, Türkiyə böyük riskə girir. Ancaq indiki dövrdə bu riskin də böyük əhəmiyyəti var. Türkiyə müsəlman həmrəyliyindən çıxış edərək bu qədim dövlətin müxtəlif dini cərəyanlar arasındakı toqquşmalara görə məhv olmasını istəmir. Çünki Taliban 2020-ci il üçün nonsens, 2021-ci il üçün parodiyadır. Əgər Taliban yenidən işbaşına gəlsə, Əfqanıstanın cəhalət içində qalmasını dərinləşdirəcək, ölkə narkotik biznesinin tam mərkəzinə çevriləcək, İslam fundamentalizmi cəmiyyətin bütün sahələrində bərqərar olacaq, siyasi-iqtisadi inkişaf illərlə geri düşəcək”.

Q.Hüseynli Türkiyənin bu cəsarətinə heyranlığını gizlətmir: “Çünki Taliban hakimiyyətə gəlsə, Rusiya, türkdilli ölkələrdən - Qazaxıstan, Qırğızıstan, Tacikistan üçün problemə çevriləcək. Amma Türkiyə özbək generalı Dusdumla ölkənin bir hissəsinə nəzarət edir, yəni birgə müəyyən işlər həyata keçirilə bilər. Özbək general təhsilini Türkiyədə alıb, yəqin ki, Ankara ilə bir anlaşması da var. Odur ki, Türkiyə qorxulu planda əlini daşın altına qoyur.

Bununla belə, məndə ümid var ki, general Dusdum və Türkiyə qüvvələri birləşsə, türkdilli ölkələr dəstək versə, hər halda, Pakistanla da müəyyən razılaşma var, İmran Xan Ankaranın yanında olacaq, o zaman Əfqanıstanda vəziyyət dəyişə bilər. Pakistan müdaxilə etsə, Əfqanıstanda sabitliyə doğru müsbət dəyişiklik mümkündür. Bu zaman dövlətçiliyin möhkəmlənməsinə, prezident Əşrəf Qanin güclənməsinə dair addımlar atıla bilər. Unutmayaq ki, Türkiyə PUA-ları orada da öz işini görəcək".
ABŞ-ın xaraba qoyduğu yerləri Türkiyə götürür - əfqan planına rəylər
Ramiyə Məmmədova: “Türkiyə artıq hər yerdədir və ən güclü dövranını yaşayır”

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Türkiyə artıq hər yerdədir və Osmanlı imperiyasından sonra ən güclü dövranını yaşayır. Onun fikrincə, Kabil aeroportunda təhlükəsizliyi təmin etməklə Türkiyə ABŞ-ın missiyasını üzərinə götürür. Ekspert hesab edir ki, Əfqanıstanda sabitliyi bərqərar etmək indi yuxu kimi görünür: “Bu ölkə müasir dövrün ən bədbəxt coğrafiyasıdır. Əfqanlar heç cür normal həyat yaşamaq istəmirlər. Ölkə səfalət və mövhumat bataqlığında çabalayır. Əslində hökumətlə Talibanın baxışlarında ciddi fərq yoxdur, sadəcə, ikincilər daha radikaldırlar.

Amma o da faktdır ki, Talibanın hakimiyyətdə olduğu 90-cı illərin ortalarında ölkədə sabitlik hökm sürüb, Əfqanıstanın ən sakit illəri sayılır. Bu da başadüşüləndir, çünki ölkəni xaosa soxan taliblərdir. Sadəcə, amerikalılar da 21 il bu ərazilərdə qalmaqla sabitliyin olmaması üçün çalışıblar. Nədən ki, bununla narkoticarətin dövriyyəsi artıb, qarışıqlığa nəzarət etmək asan olub. Sonda isə gördülər ki, Talibanla dil tapmaq lazımdır, alternativ yoxdur".

R.Məmmədova bu mənada Türkiyənin üzərinə ciddi məsuliyyət götürdüyünü düşünür: “Taliban Əfqanıstanı əsasən dağ ərazilərinə nəzarət edir. Amma onun şəhərin içində, hər yerdə qrupları, kamikadzeləri var.

Bu cür güclərlə mübarizə aparmaq çətin olacaq. Ümumiyyətlə, onlar xarici qüvvələrin Əfqanıstanda olmasına etiraz edirlər. Ancaq bu işdə Türkiyəyə Pakistanın dəstəyi olarsa, “Bayraktar” taliblərin başına od kimi ələnərsə, müəyyən qədər stabilliyə nail olmaq mümkündür.

Türkiyə hər zaman Əfqanıstanda insanların öz təbii resursları sayəsində müstəqil bir dövlət olaraq yararlanmasını istəyib. İran, Pakistan, Rusiya və Çin kimi Əfqanıstan da öz torpaqlarında böyük xəzinəyə sahibdir. Lakin əfsuslar olsun ki, bir çox dövlətlərin müdaxiləsi nəticəsində xalqın bundan yararlanması mümkün olmayıb".


“Yeni Müsavat”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler