» » Bakı bazarını yandıran fırıldaq

Bakı bazarını yandıran fırıldaq

Bölmə: Xəbər
Bakı bazarını yandıran fırıldaqFermerləri bazara buraxmayan alverçilərin bazarına son qoyulacaq?
Qubada “Rüklü” ləqəbilə məşhur olan fermer Pirəli Bayramov bankrot olmaq təhlükəsilə üz-üzə qalıb.
Rayonda alma bağlarının sahibi olan “Rüklü” anspress-ə açıqlamasında məhsullarının əldə qaldığını bildirib.

Onun sözlərinə görə, bu il quraqlıq olmasına baxmayarq, məhsuldarlıq yaxşı olub.

“Düzdür, bu il quraq keçdi. Lakin dişimizlə-dırnağımızla çalışıb, məhsuldarlığı qaldırdıq. Ötən illərə nisbətən bu il daha yaxşı məhsul verdik. İndi isə məhsullarımız əlimizdə qalıb. Bazara çıxara bilmirik”, - deyə Pirəli Bayramov şikayətlənib.

Fermer deyir ki, məhsulu Bakıda bazara aparanda deyirlər, yer yoxdur. Onun özlərinə görə, ancaq alverçilər, ya da topdansatış məntəqələri məhsulları ucuz qiymətə alırlar.

“Almanın bir yeşiyini, yəni 28-30 kiloqramını 2 manata, ən yaxşı halda 3 manata alırlar. Hansı ki, həmin almaları bazarlarda kiloqramı 60, 80 qəpik və 1 manata satırlar. Bizə imkan versələr ki, məhsulumuzu özümüz sataq, onda almanın kiloqramını 20-30 qəpiyə verərik. Həm özümüz qazanarıq, həm də camaat ucuz meyvə ala bilər”, - deyə Pirəli Bayramov bildirib.

Fermer deyir ki, qazancları çəkilən xərcləri ödəmir: “Gübrəyə, dərmanlara pul veririk. Məhsulun yığılmasına, təmizlənməsinə, torpağın şumlanmasına və s. xərclər çəkilir. Sonda isə əziyyət bizə qalır”.

Eyni problemlərdən Cəlilabad rayonunda kartof əkinilə məşğul olan Xankişi Hüseynov da şikayət edib. Onun sözlərinə görə, Bakı bazarlarında 1 manat 20 qəpiyə satılan kartofu onlardan kiloqramı 30-35 qəpiyə alırlar. Fermer deyir ki, əgər məhsullarını özləri satsaydılar, onu 50-60 qəpiyə satardılar.

Qeyd edək ki, bu gün bazarda təxminən 1 manat-80 qəpiyə satılan məhsulun kənddəki istehsalçı dəyəri 10-15 qəpiyədir. Bu qədər qiymət fərqinin yaranmasının isə nə kəndliyə, nə də vətəndaşa bir xeyri yoxdur. Burada qazanan yalnız vasitəçi işbazlardır.

“Nəzimi” bazarı, “Yaşıl bazar” və Biləcəri qəsəbəsindəki bazarda apardığımız müşahidələrə əsasən deyə bilərik ki, fermerlərə öz məhsullarını satmağa şərait yaradılmır. Burada satıcıların hamısı loru dillə desək, alverçilərdir. Alverçilərdən öyrəndik ki, satdıqları məhsulları meyvə-tərəvəz topdan və pərakəndə satış bazasından alırlar. Üstünə əlavə pul qoyub satırlar.

Ekspertlər bu vəziyyəti aradan qaldırmaq üçün konkret addımlar atılmasını vacib sayırlar. Millət vəkili Vahid Əhmədov isə anspress-ə açıqlamasında qiymət artımında ərzaq bazarında hökm sürən inhisarçılığın da mühüm rol oynadığını vurğulayıb: “Meyvə və tərəvəzdə qiymət artımının səbəblərindən biri də bazarlarda satılan bəzi ərzaqların müəyyən insanların inhisarında olmasıdır. Bazarlarda olan inhisarçılıq problemi hələ də aradan qaldırılmayıb. Bazarlarda bir çox xarici məhsullara rast gəlirik, halbuki, həmin məhsullar Azərbaycanda da istehsal olunur. Bu həm daxili bazarları təmin edər, həm də xaricə idxal oluna bilər. Lakin bu yerli məhsullar bazarda sıxışdırılır”.

İqtisadçı Vahid Məhərrəmov açıqlamasında qeyd edir ki, əslində kəndli ilə alıcı arasındakı vasitəçiləri kənarlaşdırmaq lazımdır: “Bunun üçün hökumət çalışmalıdır ki, həmin sahibkarlarla fermerlər arasında vasitəçi olsunlar. Ya fermerlərlə sahibkarlar arasında müqavilələr bağlansın. Bazar sahibkarı ilə kəndli arasında xüsusi razılaşma olmalıdır. Həmin müqavilədə göstərilməlidir ki, bazarda filan yer filan vaxtda bu kəndli üçün hazır olmalıdır. Kəndli də, əkdiyi müəyyən məhsulu həmin tarixdə gətirib ora qoymalıdır və satmalıdır”.

Mütəxəssis deyir ki, bu amilləri nəzərə alaraq "yaşıl market" layihəsi irəli sürülmüşdü. Ancaq hazırkı vəziyyətdə bu layihə elə də uğur qazanmayıb. Ekspert bildirir ki, "yaşıl market"lər digər marketlərdən bir çox xüsusiyyətlərinə görə seçilməlidir:

“Bu marketlərdə ekoloji təmiz məhsullar satılmalıdır. İstehsal olunan məhsul həmçinin rəqabət davamiyyətli olmalıdır. Yaxşı olardı ki, sahibkarlara imkan yaradılsın ki, onlar özləri bu marketləri tikə bilsinlər və orada öz məhsullarını satsınlar. Bundan başqa fermerlər üçün hazır dükanlarda da şərait yaratmaq mümkündür. Hökumət səviyyəsində fermerləri stimullaşdıracaq addımlar atılmalıdır. Ölkə başçısının sərancamından xeyli müddət keçməsinə baxmayaraq hələ də “yaşıl market”lərin gözə görünən bir fəaliyyəti müşahidə edilmir".

Mütəxəssis bildirir ki, əslində fermerlərə şərait yaradılmalıdır ki, onlar öz məhsullarını ya özləri "yaşıl marketlər"də satsınlar, ya da sahibkarlar onlarla müqavilə bağlayaraq bu məhsulları fermerlərdən almalıdır. Hər iki halda bu sistem çox əlverişlidir: ""Yaşıl market"lər tam mənası ilə fəaliyyətə düşəcəyi təqdirdə həm əhali məhsulu ucuz qiymətə ala biləcək, həm marketin sahibi olan şəxs, həm də kəndli qazanc əldə edəcək. Əks təqdirdə istənilən effekti əldə etmək mümkün olmayacaq. Təəssüflər olsun ki, Azərbaycanda yüksək standartlara uyğun keyfiyyətli "yaşıl market"lər yoxdur".

Qeyd edək ki, "yaşıl market"lərlə bağlı ölkə başçısı sərəncam imzalayıb. Aidiyyatı orqanlar üzrə tapşırıqlar verilib. İqtisadiyyat və Sənaye Nazirliyindən anspress-ə bildirildi ki, hazırda paytaxt və regionlarda yeni marketlərin inşası ilə bağlı işlər görürlür. Nazirliyin Sahibkarlığa Kömək Milli Fondu "yaşıl marketlər"lə bağlı investisiya layihələrini də qəbul edir. Fond prioritet sahələrdən hesab olunan ixtisaslaşdırılmış "yaşıl market" layihələrini dövlətin güzəştli kreditləri ilə maliyyələşdirmək imkanındadır.

Hazırda paytaxtın Nəsimi rayonunda və İsmayıllıda “yaşıl market”lərin inşası üzrə işlər gedir. İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilir ki, artıq Sumqayıtda da “yaşıl market” layihələrinin maliyyələşdirilməsinə başlanılıb. Hazırki dövrə qədər bu layihələrə 20 milyon manata yaxın güzəştli kredit ayrılıb. Nazirlikdən verilən məlumata görə, SKMF-nun xəttilə ölkənin digər rayonlarında da “yaşıl market”lərin maliyyələşdirilməsi üçün işlər görülür. Paytaxt ərazisində də yeni yaşıl market”lərin tikintisi üçün sahibkarlarla təşviqedici görüşlər keçirilir.

Kənd Təsərrüfatı Nazirliyindən də məsələyə nikbin yanaşırlar. Nazirlikdən bildiriblər ki, layihə üzrə tezliklə tutarlı addımlar açıqlanacaq və Bakı əhalisi yenidən keyfiyyətli yerli məhsullarla qidalanacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler