» » «Army market»də baş vermiş partlayışın təfərrüatları...

«Army market»də baş vermiş partlayışın təfərrüatları... FOTOLAR

Bölmə: Xəbər, BLOK XƏBƏR
«Army market»də baş vermiş partlayışın təfərrüatları...
Oktyabrın 8-də saat 17:30 radələrində Biləcəri qəsəbəsində hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən «Army market»in ərzaq anbarında partlayış baş verib.

Baş verən partlayış nəticəsində xəsarət alan 9 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər isə dağıntılar altında qalaraq, dünyasını dəyişib. Partlayışın ardından yanğın başlayıb.

Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Yanğın söndürülüb. FHN-nin yaydığı məlumata görə, həmin anbar qanunsuz olaraq tikilib.

Musavat.com həmin partlayışın səbəblərini araşdırıb.

Hadisə yerinin müşahidəsi zamanı baş vermiş partlayışın çox güclü olması asanlıqla hiss edilirdi. Qalın beton pilitələrin ətrafa səpələnməsi, anbarda olan ərzaqların yararsız hala düşməsi, hadisənin zirzəmidə olmasına baxmayaraq, binanın 3-cü mərtəbəsində də pəncərə şüşələrinin qırılması partlayışın nə qədər güclü olduğunu göstərirdi.

Marketdə satılmalı olan ərzaqlar döşəməyə səpələnmişdi. Marketin işçiləri dayanmadan salamat qalmış ərzaqları yığmaqla məşğul idilər. Pendir qutuları, süd məhsulları və s...

Marketin əsas giriş qapısına yollandıq. Qapının şüşələri böyük ölçüdə çatlamış və nasaz halda idi. İçəri girməyə icazə verilmədi. Ümumiyyətlə, partlayışın fəsadlarını, maddi ziyanının miqdarını və ən əsası hadisənin səbəblərinin gizlədilməsinə çalışılır.

Bütün bunlara baxmayaraq, məlumat toplaya bildik. Marketin yaxınlığında obyekt işlədən sahibkarlarla da söhbətləşdik:

- Marketdə partlayış olub. Yəqin ki, xəbəriniz var…

- Təbii ki, xəbərimiz var. Necə olmasın? Elə güclü idi ki, elə bildik zəlzələdir.

- Sizə ziyan dəyibmi?

- Xeyr. Amma təsiri çox güclü idi.

Marketin yaxınlığında dönərçi kimi çalışan Azad Vəliyev (red-Ad şərtidir) partlayışı belə xatırlayır: “Mən həmişəki kimi öz işimi görürdüm. Birdən zəlzələyə bənzər titrəşim oldu və güclü partlayış səsi eşidildi. Yaxşı ki, mən içəridə idim. Çıxdım bayıra, gördüm ki, camaat marketdən qaçaraq çıxırlar. Sonra öyrəndim ki, marketin anbarında partlayış olub”.

Partlayış baş verən binanın 4-cü mərtəbəsində yaşayan sakinlər deyirlər ki, hadisə zamanı evlərinin bəzi pəncərə şüşələri qırılıb: “Evdə oturmuşduq. Saat 6-nın yarısı olardı. Birdən güclü səs eşidildi. Bina sirkələndi. Pəncərələrimiz sındı. Şüşələr içəri tökülməyə başladı. Nə baş verdiyini anlamadıq. Qorxumuzdan tez düşdük həyətə... Gördük ki, hamı binanın arxasına qaçırdı. Biz də getdik. Gördük ki, aləm dəyib, bir-birinə... Bir avtomobil düşüb, zirzəmiyə... Hərə bir yana qaçır. 5-6 nəfər də yaralanmışdı. İşçilər ağlayırdı”.

Partlayış haqqında iddialar isə “havada uçuşur”. Bəzi iddialara görə, şirniyyat sexində qaz sızıntısı olub və bu, partlayışa da səbəb bu olub.

Digər iddialara görə isə, partlayış «Army market»in qanunsuz olaraq tikilən ərzaq anbarında baş verib. Orada olan soyuduculardan biri nasaz olduğu üçün partlayıb. Şirniyyat sexinə gedən qaz borusunun həmin anbardan keçməsi isə partlayışın şiddətini artırıb.

FHN-nin hadisə ilə bağlı yaydığı məlumat isə bundan ibarətdir: “Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 180 kvadratmetr olan (90 kvadratmetr şirniyyat sexi, 90 kvadratmetr sahədə anbar) şirniyyat sexinin binaya bitişik anbar-soyuducusunda partlayış baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, partlayış nəticəsində soyuducu anbarın daşıyıcı divarları, arakəsmələr dağılmış və binanın 1-ci və 8-ci mərtəbələr boyunca mənzillərin şüşələri qırılmışdır. Hadisə zamanı müxtəlif bədən xəsarətləri almış 9 nəfər təcili yardım xidməti tərəfindən xəstəxanaya çatdırılıb. Şəxsiyyəti məlum olmayan 1 nəfərin meyiti isə yanğınsöndürən xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 21:54-də başa çatıb”.

Marketin sahibi olan Seyid Mirqasımovun musavat.com-a verdiyi məlumata görə, partlayış nəticəsində onlara çox da böyük maddi ziyan dəyməyib: “Çox da böyük maddi ziyan dəyməyib. Çünki anbarda ərzaqların miqdarı az idi. Anbar tam dolu deyildi”.

S.Mirqasımov da ətraflı məlumat verə bilməyəcəyini dedi: “Mən indi çox da danışa bilmirəm. Məlum hadisəyə görə, başımız qarışıqdır”.

Daxili İşlər Nazirliyi Biləcəri qəsəbəsindəki marketdə baş verən partlayışla bağlı məlumat yayıb: “Oktyabrın 8-də saat 18:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində “Army” mağazası üçün inşa edilmiş soyuducu anbarda qaz sızmasından ani partlayış baş verib. Orada işləyənlərdən - Quba rayon sakini Etiram Əmrahov hadisə yerində ölüb, xəsarət almış Ağsu rayon sakinləri Əfşan Heydərova, Qəhrəman Ədilov, Şəki şəhər sakini Rahim Babayev, Ucar rayon sakini Rüfət Eminov, Tərtər rayon sakini Pərişan Məcidzadə, Bakı şəhər sakinləri Azər Məmmədov, Kənan Namazzadə və Cəmilə Ramazanova xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı anbarın üstündə olan beton örtük dağılıb, yaxınlıqda dayanmış Sumqayıt şəhər sakini Əsgər Abdullayevə məxsus “KİA”, Bakı şəhər sakinləri Ramin Həşimova və Afiq Əliyevə məxsus “Mercedes” markalı avtomobillərə qismən ziyan dəymiş, habelə binanın 2-ci mərtəbəsindən 9-cu mərtəbəsinədək olan mənzillərin pəncərə şüşələri sınıb”.
«Army market»də baş vermiş partlayışın təfərrüatları...
«Army market»də baş vermiş partlayışın təfərrüatları...
«Army market»də baş vermiş partlayışın təfərrüatları...
«Army market»də baş vermiş partlayışın təfərrüatları...
«Army market»də baş vermiş partlayışın təfərrüatları...
«Army market»də baş vermiş partlayışın təfərrüatları...
«Army market»də baş vermiş partlayışın təfərrüatları...
«Army market»də baş vermiş partlayışın təfərrüatları...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler