» » Xocalı soyqırımının 25-ci ildönümü haqqında sərəncam imzalandı

Xocalı soyqırımının 25-ci ildönümü haqqında sərəncam imzalandı

Bölmə: Xəbər, GÜNDƏM
 Xocalı soyqırımının 25-ci ildönümü haqqında sərəncam imzalandı

Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında sərəncam imzalayıb.

Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulub, 50 mindən çox insan yaralanıb və əlil olub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb.

BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmayıb.

2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu tərəfindən torpaqlarımızın bir qisminin işğalçılardan azad edilməsi ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz olduğunu bir daha sübuta yetirib, beynəlxalq ictimaiyyətə mövcud status-kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirib.

Geniş vüsət almış “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki öz hüquqi qiymətini almayıb.

Sərəncama əsasən, Azərbaycan Prezidenti Administrasiyası Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin edəcək.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler