DataLife Engine > Sosial, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET > "Qanunlar daha da sərtləşdirilməlidir" - Əməkdar jurnalist

"Qanunlar daha da sərtləşdirilməlidir" - Əməkdar jurnalist


17-11-2017, 22:12. Yerləşdirdi: sefa "Qanunlar daha da sərtləşdirilməlidir" - Əməkdar jurnalist
Son dövrlər jurnalistikanın təməl prinsiplərindən sui-istifadə edib, cəmiyyətin üzdə olan simalarına qarşı şər-böhtan atmaqla özlərini jurnalist kimi qələmə verib reketçiliklə məşğul olan insanların sayı artmaqdadır. Bu problemdən cəmiyyətimizin bütün üzvləri ilə yanaşı, jurnalistikamız da əziyyət çəkir.

Xalqinfo.az-ın məlumatına görə, əməkdar jurnalist Mətanət Ağamirli “İki sahil” qəzetinə bu problemli mövzu ilə bağlı maraqlı açıqlamalar verib.

Açıqmasında bildirib ki, jurnalistikanın üz qarası olan bu insanlar dövlətimiz tərəfindən azad sözün, demokratiyanın inkişafına göstərilən diqqətdən sui-istifadə edirlər: “Bilirsiniz ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra öndə duran əsas məsələlərdən biri də prioritet sahə kimi azad sözün, demokratiyanın bərpa olunması idi. Senzuranın ləğv edilməsi ilə bağlı verilən qərar bu sahədə atılan önəmli addımlardan oldu. Demək olar ki, o vaxtdan ölkədə azad söz bərqərar olundu. Səhv etmirəmsə, bu gün Azərbaycanda 51 mindən artıq media orqanı qeydiyyatdan keçib. Təbii ki, bu rəqəmin bir hissəsinə aid olan jurnalistlər şərəflə, ləyaqətlə vətənə xidmət edirlər. Bəziləri isə sizin də qeyd etdiyiniz kimi, jurnalistika ilə deyil, reketçiliklə məşğul olurlar. Kimdir reket jurnalistikasında çalışanlar?! Onlar əsl jurnalistdirlərmi?! Bu gün dövlətin demokratiya istiqamətində atdığı addımların nəticəsi olaraq istənilən şəxsin bir media qurumu qeydiyyatdan keçirmək məsələsi olduqca asanlaşıb. Amma təəssüf ki, bundan sui-istifadə edilir. Əlbətdə ki, bu haqda danışmaq, bu mövzunun, bu kimi insanların gündəmə gəlməsi xoş deyil. Jurnalistika fəaliyyətimdə bu mövzuya toxunmuşam, sözün əsl mənasında peşəkarlardan yararlanmışam. Dəfələrlə bu problemdən əziyyət çəkən insanlarla söhbətim olub. Onlardan çox az faizi lazımı ünvanlara müraciət ediblər. Hesab edirəm ki, problemin həll olunmasına kömək edən əsas amillərdən biri də məhz lazımı orqanlara müraciət etməkdir. Mətbuat Şurası bununla bağlı mütəmadi olaraq çalışır, qara siyahı tərtib edib. Reket jurnalistika ilə mübarizə güclənir, amma bu problemin həlli tam olaraq tapılmır. Hesab edirəm ki, qanunlar daha da sərtləşdirilməlidir. Əgər bu insanlar ölkə vətəndaşının azadlığına mane olursa, onların hərəkətləri insanların şərəf və ləyaqətinin alçaldılmasına gətirib çıxarırsa qayda-qanunların sərtləşdirilməsi olduqca vacibdir. Bu insanlar jurnalistikanın üz qaralarıdır. Təkcə müxtəlif sahlərdə çalışan insanların həyatlarına deyil, jurnalist olaraq bizim də fəaliyyətimizə ziyan vururlar. Cəmiyyətin jurnalistlərə olan etibarından sui istifadə edirlər.

Mətanət Ağamirli onu da qeyd edib ki, probemin həllində insanlarımız da diqqətli olmalıdırlar: “İnsanlarımız qarşılarına çıxan hər xəbərə etibar etməməlidirlər. Bir Xalqinfo.az xəbər portalı var. Çox ciddi fəaliyyət göstərən media qurumudur. Və bu saytın ətrafında, bu adın ətrafında manipulyasiya edən oxşar adları qeydiyyatdan keçirən saytlar var. Başa düşürəm ki, cəmiyyətin savadlılıq dərəcəsi də eyni deyil. Amma etibar olunan mənbələr artıq məncə çoxlarına bəllidir. Cəmiyyətin maariflənməsində əsas iş biz jurnalistlərin üzərinə düşür.

Jurnalist xanım qeyd edib ki, reketçiliklə məşğul olan bu insanların yalnız bir amalı var o da maddi mənfəətdir: “Bizə də maraqlıdır ki, kimdir bu işlərlə məşğul olan insanlar. O, ortada peşəkarlıq yox, sadəcə maddi qazanc əldə etmək məqsədi var. Maddi mənfəət hesabına yazılan, dərc olunan materialın kimlərə xitab olunduğu isə hər kəsə məlumdur. Ona görə də düşünürəm ki, reketçiliklə məşğul olan insanlara qarşı ən yaxşı cəza elə bununla bağlı olan qanunların daha da sərtləşdirilməsidir. Yalnız bu halda jurnalistikamıza xələl gətirən məxluqlardan azad ola bilərik”.


Şəfa Rasimqızı
Geri qayıt