» » Cənab nazir, gərək sizə “Min bir gecə” nağılı danışam

Cənab nazir, gərək sizə “Min bir gecə” nağılı danışam

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET, Köşə
Cənab nazir, gərək sizə “Min bir gecə” nağılı danışam
Könül Quliyeva, teleaparıcı


“Qadınların çoxu işləmək istəmir və bu, böyük ölçüdə milli ənənələrin xüsusiyyətindən irəli gəlir. Qadınlar açıq deyirlər ki, işləmək istəmirik, çünki ev işləri ilə məşğuluq. Və onlar kömək üçün müraciət etmirlər, iş axtarmırlar, nəticədə, onları işsiz kateqoriyasına aid etmək olmaz”.

Bu sözlərin müəllifi Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov olmasaydı, bəlkə də diqqətimi bu qədər çəkməzdi. Niyəsini bir az geniş yazmağa çalışacam.

Hörmətli Səlim müəllim! Hal-hazırda işsizlikdən əziyyət çəkən qadınlardan biri kimi mənə çox maraqlıdır ki, sizə açıq-aydın “işləmək istəmirik”, “evdə oturmaq istəyirik” deyən qadınların kimliyini öyrənim. Şəxsi qənaətimə görə əgər belə qadınlar varsa, yəqin ki, onlar ya işləmək üçün özgüvən hissi olmayan, ya da atalarının, qardaşlarının, həyat yoldaşlarının aylıq yüksək gəlirləri sayəsində yağ-bal içində yaşadığına görə işləməyə maraq göstərmirlər. Əks halda bu fikirləriniz, yumşaq desək həqiqətdən çox uzaqdır.

Bu gün işləmək həvəsi, qabiliyyəti, potensialı olan xeyli qadınlar var ki, mənim kimi üz tutduqları hər yerdə cəmiyyətimizin movcud problemləri ilə üzləşirlər. Hər halda o problemlər əminəm ki ən çox sizə aydındır. Aydın deyilsə yaxın keçmişə nəzər salıb nümunəni özümdən gətirərək üzləşidyim mənzərəni sizinlə bölüşə bilərəm.

Təxminən 1 il öncə iş üçün sizə (ƏƏSM) müraciət etmişdim. Əgər araşdırsanız elektron qeydiyyatda imzamla da rastlaşacaqsınız. Əməkdaşlarınız bir dəfə Səbail rayon məşğulluğuna, bir dəfə də Xəzər rayon məşğulluğuna göndərdi. Hər iki məşğulluğun mənə təklifi kafe və restoranda çalışmaq, ya da bağbançılıq və fəhləlik etmək oldu.
Cənab nazır! Mən çox dadlı yemək bişirdiyim üçün aşpaz işləyə bilərəm. Səhərdən-axşma kimi yorulmadan qab da yuya bilərəm. Hələ lap desəniz ofisiant da işləyərəm. Ancaq burda yox, başqa ölkələrdə. Səbəbini sual versəniz gərək “min bir gecə” nağılı kimi bitmək-tükənmək bilməyən olaylar danışıb sızə baş ağrısı verəm.

Ölkəmizdə daha çox inkişaf etməkdə olan kafe-restoranlar elə acınacaqlı mənzərələrlə aşıb-daşır ki, heç onlardan danışıb ürək bulandırmayaq. Bu gün imkansızlıqdan kafe-restoranlarda çalışan qadınlara, xüsusən də gənc qadınlara heç də xoş olmayan nəzərlərlə yanaşılan bir cəmiyyətə çevrilməyimiz görən kimin sayəsində olub? Məhz sizin qeyd etdiyiniz milli ənənəyə və dəyərlərə zərbələr də elə sizin əməkdaşların təklif etdiyi həmin “iş yerləri”ndə vurulur.

Əksəriyyət belə alçaldıcı mühiti qəbul etməyib “iş yerləri”ndən uzaqlaşsa da, ağır məcburiyyət qarşısında bu mühiti qəbul edib “işləyənlər” də az deyil. Mənim nə o mühitdə olmaq, nə həyatımdan bezmək, nə də “restoran rəzaləti”ni qəbul etmək kimi bir niyyətim var. Ancaq belə durumda olan minlərlə çarəsiz qadınlarımız var ki, onların da sözünü deməyi özümə borc bilirəm.

Təəssüf ki, bu gün cəmiyyətin bütün sferalarında əzici, boğucu bir mühit var. Hətta daim göz önündə olan fəal qadınlar da belə problemlərdən hali deyil. Hər sahədə çalışan qadınların özünəməxsus süni yaradılan problemləri var. Uzağa getmirəm, elə yaxından izlədiyim sahələrdən misal çəkəcəm.

Əgər televiziyada çalışırsansa, dolanışıq üçün əsasən sponsordan asılı olmalısan. Sponsorların da çoxu elə bilir ki, əməkdaşlıq etdiyi TV layihələrin aparıcısı mütləq onun çaldığı havaya oynamalıdır. Bəzən də işbirliyinə razılıq verəndən sonra həm “ziyarət”, həm “ticarət” siyasətinə əl atır və müxtəlif şərtlərlə aparıcını özündən asılı qoymaq istəyirlər. Bəzi sağlam düşüncə sahibi olan sponsorlar isə hansısa qurumların diqqətini çəkməmək üçün ümumiyyətlə əməkdaşlığa maraq göstərmirlər. Beləcə də sponsor olmadığı təqdirdə aparıcı ya könüllü, ictimai əsaslarla işləməlidir, ya da növbəti iş axtarmağa getməlidir.

QHT-lərdə, saytlarda, qəzetlərdə isə ciddi maliyyə sıxıntısı hökm sürür. QHT-lər aldıqları qrantla heç öz layihələrini doqru-dürüst təşkil edib, Şuraya hesabat təqdim edə bilmirlər. Saytlar, qəzetlər beş para qazanmaq üçün min bir əziyyətə qatlanır.

Səlim müəllim, siz hansı iş bolluğundan danışırsız ki, biz onları görə bilmirik? El arasında belə bir misal var, “toxun acdan xəbəri yoxdur!” Sizin bu işsizlikdən, yoxsulluqdan necə xəbəriniz olsun ki?

Sizin fikrinizdə bir həqiqət var. Qadınlar həqiqətən sizin təklif etdiyiniz “işlər”də işləmək istəmirlər. Ancaq bu, siz deyən kimi evdar olmaq niyyəti ilə deyil, ləyaqətini qorumaq üçündür. Ləyaqətli qadınlar belə ifunətli mühitdə necə işləsin?

Ölkə prezidentinin etimadı ilə hərənizə bir sahə tapşırılsa da, görünən budur ki öz işlərinizi yarıtmırsınız. Əhalinin sosial vəziyyətini yaxşılaşdıracaq qərarlar vermək əvəzinə, hərəniz öz yaxınlarının adına onlarla kafe-restoran açıb idarə edirsiniz. Ona görə də sizdən iş istəyən qadınları kafe-restoranlara göndərirsiniz.

Son olaraq, çoxsaylı qadınların adından sizə onların bir fikirini də çatdırmaq istəyirəm. Hamılıqla arzu edirik ki, sizin əməkdaşların biz qadınlara təklif etdiyi iş yerləri sizin və onu təklif edənlərin ailəsində olan qadınlara da nəsib olsun.



Xalqinfo.az üçün

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler