» » Qadın hüquq müdafiəçiləri Səlim Müslümova qəzəbləndi

Qadın hüquq müdafiəçiləri Səlim Müslümova qəzəbləndi

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Qadın hüquq müdafiəçiləri Səlim Müslümova qəzəbləndi
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun fikirləri qadın hüquq müdafiəçilərini qəzəbləndirib.

Xalqinfo.az-ın Yenicag.az-a istinadən xəbərinə görə, nazir bildirib ki, qadınların çoxu işləmək istəmir: "Bu, böyük ölçüdə milli ənənələrin xüsusiyyətindən irəli gəlir. Qadınlar açıq deyirlər ki, işləmək istəmirik, çünki ev işləri ilə məşğuluq. Və onlar kömək üçün müraciət etmirlər, iş axtarmırlar, nəticədə, onları işsiz kateqoriyasına aid etmək olmaz".

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, S.Müslümov xanımlarla bağlı həqiqətə uyğun olmayan, yanlış fikir söyləyib: “Ola bilsin ki, S.Müslümov rayon yerlərində qadınların işləmək istəməməsi halları ilə üzləşib, yaxud da işçiləri ona belə məlumat verib. Əslində, faktiki olaraq, hazırda ən çox iş axtaranlar elə qadınlardır. Kifayət qədər məişət zorakılığı qurbanları, boşananlar övladlarını saxlamaq üçün iş axtarışındadır. Təşkilatımıza da işlə bağlı çoxsaylı qadınlar müraciət edir ki, biz də onları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq İdarəsinə yönəldirik.

Deməzdim ki, işlə bağlı təşkilatımıza xanımların müraciət etməsi kütləvi xarakter daşıyır. Amma buna baxmayaraq, onların sayı kifayət qədərdir. Bu mənada, nazirin “qadınlar işləmək istəmir” fikrilə razılaşa bilmirəm. Lakin o da var ki, ölkədə ailələrin bir çoxunda hələ də kişi işləyirsə, qadının işləmək istəməməsi təfəkkürü qalmaqdadır. Amma ümumilikdə “qadınlar işləmək istəmir” sözləri yanlış fikirdir”.

Neftçilərin Hüquqlarını Müdafiə Liqasının sədri Mirvari Qəhrəmanlının fikrincə, nazir S. Müslümovun xanımlarımızın işləmək istəmədiyi barədə dediyi sözlər həqiqəti əks etdirmir: “Nazir Səlim Müslümovun qadınlarla bağlı reallığa uyğun olmayan fikirləri məni qətiyyən qane etmir. Bu sferada fəaliyyət göstərən hüquq müdafiəçisi kimi hətta analıq məzuniyyətinə gedən qadınlara sosial ödənişlərin artırılması ilə bağlı qanunverici orqan və nazirlər qarşısında da təkliflərlə çıxış etmişik. Amma rədd ediblər. Qadınların əksəriyyəti, ümumiyyətlə, ölkədə məşğulluq idarələrinin olduğundan xəbərsizdir. Nazirlik hətta savadsız qadınların hansısa peşə sahibi olmasına pulsuz kömək etməli, onlara sənət öyrətməlidir. Nazir nədən reallığı aydınlaşdırmaq istəmir? O deyirsə ki, qadınlar işləmək istəmir, deməli, rəhbərlik etdiyi qurumun müvafiq şöbələri problemi öyrənmir və qiymətləndirmə aparmırlar.

Əslində, qadınların əksəriyyəti hansı iş təklifi gəlirsə, onunla da razılaşır. Xanımlar yollarda təmizlik işlərilə məşğul olur, günün 12 saatını yeməkxana və çayxanalarda işləyir, nazir məgər onların əmək müqaviləsi olmadan işlədiyini görmür? Yaxşı olardı ki, nazir və sözügedən nazirliyə daxil olan strukturlar zəhmət çəkib, vəzifə borclarını yerinə yetirsinlər. Bütün bunlara görə də nazirin xanımlarımız haqqında söylədiyi fikirlərlə razı deyiləm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler