» » Predaqoji Universitetdə 112 müəllimə iş verildi

Predaqoji Universitetdə 112 müəllimə iş verildi

Bölmə: Sosial
Predaqoji Universitetdə 112 müəllimə iş verildi
İyulun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov bildirib ki, iclasın gündəliyinə kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin nəticələri, yay semestrinin təşkili, Filologiya fakültəsinin fəaliyyəti və cari məsələlər daxildir.

Xalqinfo.az bildirir ki, İnsan resurları şöbəsinin müdiri, hüquq elmləri namizədi, dosent Avtandil Bayramov kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin gedişi və nəticələri haqqında məlumat verib. O, bildirib ki, ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırılması üçün növbəti tədris ilindən etibarən müəllimlərin işə qəbulu yeni prosedurla həyata keçirilir. Bu məqsədlə ADPU-nun Elmi Şurasının 11 iyul 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Dövlət Pedaqoji Universitetində professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları” təsdiq olunub. Universitetdə tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları öncədən universitetin rəsmi saytı olan adpu.edu.az-da yerləşdirilib, eyni zamanda bu barədə sosial şəbəkələrdə və rəsmi KİV-lərdə geniş məlumatlar paylaşılıb. Alternativ əsaslarla keçirilən müsabiqənin məqsədi universitetdə tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqə zamanı professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsi yoxlanılıb.

Avtandil Bayramov qeyd edib ki, tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün 8 fakültədə, 39 kafedrada 87 fənn üzrə 114 yer müsabiqəyə çıxarılıb. Sənəd qəbulu zamanı 114 yerə 500 nəfərin sənədi qəbul edilib. Onların 350 nəfəri universitet əməkdaşları, 150 nəfəri isə digər ali təhsil müəssisələrində və ümumtəhsil məktəblərində işləyən elm və təhsil mütəxəssisləridir. Müsabiqədə iştirak edənlərdən 230 nəfəri, yəni 46%-i elmi dərəcəlidir.

Aprelin 20-dən başlayaraq müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq müsabiqədə iştirak edən müəllimlər universitetin Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin nəzarəti ilə açıq dərslər keçiblər. Müsabiqənin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə açıq dərslər videoçəkilişlər keçirilərək təşkil edilib. Keçirilmiş açıq dərslər fakültə Tədris-Metodiki Şuraları tərəfindən qiymətləndirilib.

Universitetdə insan resurslarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən yeniliklərə tanınmış və nüfuzlu təhsil ekspertləri də münasibət bildiriblər. Əməkdar elm xadimi, professor Şahlar Əsgərov,Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, fəlsəfə doktoru Etibar Əliyev ADPU-da çalışmaq istəyən professor-müəllim heyətinin müsabiqə yolu ilə seçilməsini yüksək qiymətləndirərək bu addımın təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıblar.

Dosent Avtandil Bayramovbildirib ki, müsabiqənin yekunlarınaəsasən 114 yerdən 112-də müsabiqə baş tutub. 2 yer üzrə - Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Korreksiyaedici təlim kaferdrasında “Görmə və eşitmə funksiyalarının psixologiyası” fənni və Ümumi psixologiya kafedrasında “Psixologiyanın əsasları və psixoanaliz” fənni üzrə müsabiqə baş tutmayıb. Müsabiqənin nəticələrinə əsasən qalib gələn 112 nəfərdən 12 nəfəri professor, 45 nəfəri dosent, 44 nəfəri baş müəllim, 11 nəfəri müəllimdir. Qalib gələnlərin 90%-i, yəni 100 nəfəri ADPU-nun əməkdaşları, 10%-i, yəni 12 nəfəri isə kənardan müsabiqədə iştirak edənlərdəndir.

Müsabiqənin nəticələrinə əsasən, Filologiya fakültəsində 8 kafedrada, 16 fənn üzrə 21 nəfər qalib olub. Onlardan 2 nəfər professor, 11 nəfər baş müəllim, 7 nəfər dosent, 1 nəfər müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 10-u fəlsəfə doktorudur. Riyaziyyat və informatika fakültəsində 4 kafedrada, 8 fənn üzrə 10 nəfər qalib gəlib. Onlardan 2 nəfər professor, 4 nəfər dosent, 4 nəfər baş müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 6-sı fəlsəfə doktorudur. Fizika və texnologiya fakültəsində 3 kafedrada, 8 fənn üzrə 9 nəfər qalib olub. Onlardan 3 nəfər professor, 3 nəfər dosent, 3 nəfər baş müəllimdir. Qaliblərin 3-ü elmlər doktoru, 2-si fəlsəfə doktorudur. Kimya və biologiya fakültəsində 8 kafedrada, 16 fənn üzrə 20 nəfər qalib olub. Onlardan 2 nəfər professor, 8 nəfər dosent, 6 nəfər baş müəllim, 4 nəfər müəllimdir. Qaliblərin 1-i elmlər doktoru, 11-i fəlsəfə doktorudur. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində 3 kafedrada, 12 fənn üzrə 16 nəfər qalib olub. Onlardan 1 nəfər professor, 8 nəfər dosent, 7 nəfər baş müəllimdir. Qaliblərin 1-i elmlər doktoru, 8-si fəlsəfə doktorudur. Tarix və coğrafiya fakültəsində 7 kafedrada, 11 fənn üzrə 18 nəfər qalib olub. Onlardan 2 nəfər professor, 9 nəfər dosent, 6 nəfər baş müəllim, 1 nəfər müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 14-ü fəlsəfə doktorudur. İbtidai təhsil fakültəsində 2 kafedrada, 5 fənn üzrə 5 nəfər qalib olub. Onlardan 2 nəfəri dosent, 3 nəfəri baş müəllimdir. Qaliblərin 4-ü fəlsəfə doktorudur. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 4 kafedrada, 11 fənn üzrə 15 yer ayrılsa da, 13 nəfər qalib olub. Bu fakültədə 2 yer üzrə- Korreksiyaedici təlim kaferdrasında “Görmə və eşitmə funksiyalarının psixologiyası” fənni və Ümumi psixologiya kafedrasında “Psixologiyanın əsasları və psixoanaliz” fənni üzrə müsabiqə baş tutmayəb. Qaliblərdən 4 nəfər dosent, 4 nəfər baş müəllim, 5 nəfəri müəllimdir. Qaliblərin 7-si fəlsəfə doktorudur.

Elmi Şura üzvləri dosent Avtandil Bayramovun müsabiqənin nəticələri haqqında məruzəsini müsbət qiymətləndirərək yekdilliklə qəbul ediblər.

İclasda müsabiqədə qalib gələn 112 nəfər müəllimlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanıb və onlara 5 illik sertifikatlar təqdim edilib.

Müsabiqədən uğurla keçən müəllimlər müsabiqənin şəffaf və obyektiv keçdiyini bildirərək, bütün namizədlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraitə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov müsabiqənin qaliblərini təbrik edərək onlara tədris və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev yay semestrinin təşkili barədə məlumat verib. OŞ çıxışında yay semestrinin təşkili və keçirilməsi qaydaları öz əksini tapıb. Dosent Sənan Əliyev həmçinin tədris-yardımçı heyətin, elmi işçilərin dərs yükü ilə təmin olunmaları barədə qərarı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Qərarda tədris-yardımçı heyətin, elmi işçilərin bilik və peşəkarlıq səviyyəsinin yaxşılaşdırılması və universitetin gələcəkdə yüksəkixtisaslı pedaqoji kadrlara təmin olunması məqsədilə onların dərs yükü ilə təmin edilmələri və tədrisə cəlb olunmaları öz əksini tapıb. Qərarda tədris-yardımçı heyətin tərkibindən pedaqoji kadrların qarşısında qoyulan müasir tələblərə uyğun gələn şəxslərin müəyyən edilməsi və onların dərs yükü ilə təmin olunmaları kafedra müdirlərinə həvalə edilib, habelə 2017-2018-ci tədris ilində keçiriləcək müsabiqənin keyfiyyətini yüksəltmək məqsədilə dekanlara və kafedra müdirlərinə fakültələrin tədris-metodika şuralarının tərkibini nəzərdən keçirmələri tapşırılıb, respublikamızın digər elm və ali təhsil müəssisələrindən ixtisaslara uyğun gələn mütəxəssislərin dəvət olunması tövsiyə edilib.

Elmi Şura dosent Sənan Əliyevin hər iki hesabatını qəbul edib.

Filologiya fakültəsinin fəaliyyəti haqqında fakültənin dekanı, professor Buludxan Xəlilov məlumat verib. Buludxan Xəlilov bildirib ki, ADPU-nun müəllim-tələbə heyəti və tədris strukturu baxımından böyük fakültələrindən biri Filologiya fakültəsidir. Fakültədə 187 nəfər müəllim çalışır. 8 kafedra-Müasir Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan dili və onun tədrisi metodikası, Azərbaycan və dünya ədəbiyyatı, Ədəbiyyat və onun tədrisi metodikası, İngilis dili, İngilis dili və onun tədrisi metodikası, Xarici dillər və onların tədrisi metodikası kafedraları fəaliyyət göstərir. Əyani şöbədə 1193 nəfər tələbə, qiyabi şöbədə 94 nəfər tələbə, ümumilikdə 1287 nəfər tələbə təhsil alır. Fakültə 2016-2017-ci tədris ilində də elmi fəaliyyətində bir çox uğurlar qazanıb. Belə ki, açıq dərslər, dəyirmi masa və seminarlar, Təhsil Nazirliyinin “Açıq qapı günü” layihəsi çərçivəsində fakültəyə ümumi təhsil məktəblərindən və liseylərdən dəvət olunmuş müəllimlərin ustad dərsləri keçirilib, həmçinin fakültə müəllimlərinin xarici ölkələrdə elmi ezamiyyətdə olarkən əldə etdikləri təcrübə və qazandıqları uğurlarının müzakirələri, fakültənin geniş tərkibdə elmi şuraları, ümumi təhsil məktəblərində şagirdlərlə görüşlər, fakültənin dəvəti ilə tanınmış şairlər, yazıçılar, alimlərlə görüşlər, bayram tədbirləri və elmi-praktik konfranslar təşkil olunub. Fakültənin müəllimlərinin çoxlu sayda dərslik, dərs və metodik vəsaitləri, monoqrafiyaları, məqalələri, tezisləri, habelə impakt-faktorlu jurnallarda məqalələri çap olunub, respublika və beynəlxalq miqyaslı elmi konfranslarda fəal iştirak ediblər, İELTS sertifikatı alanlar var. Fakültənin tələbələri universitet və ölkə miqyasında keçirilən ictimai-mədəni tədbirlərdə fəal iştirak edərək universiteti layiqincə təmsil ediblər. Çıxışının sonunda professor Buludxan Xəlilov fakültənin elmi-pedaqoji fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərlə çıxış edib.

Elmi Şura professor Buludxan Xəlilovun hesabatını qəbul edib.

İclasda cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Sonda rektor Cəfər Cəfərov iclasda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün Elmi Şura üzvlərinə öz tapşırıq və tövsiyələrini verib.

Predaqoji Universitetdə 112 müəllimə iş verildi
Predaqoji Universitetdə 112 müəllimə iş verildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler