"AŞPA-nın Azərbaycana qarşı tutduğu mövqe sifarişlidir" - Tural Məmmədov
17-10-2017, 10:47. Yerləşdirdi: sefa
Xalqinfo.az-ın bu dəfəki müsahibi Azərbaycanın tanınmış ictimai-siyasi gənci, həmçinin Xalqinfo.az xəbər İnformasiya Agentliyinin Baş direktoru, tarixçi Tural Məmmədovdur. Onunla son dövr edən hadisələri müzakirə etdik.
- Hər vaxtınız xeyir Tural müəllim.
- Salam.
- Tural müəllim son zamanlar ölkədə gedən proseslər sizi hansı istiqamətdə düşündürür?
- Son zamanlar Azərbaycanda həm iqtisadi, sosial, siyasi baxımdan maraqlı hadisələr baş verir. Ancaq hər halda Azərbaycan xalqı öz birliyini, dövlətimiz öz bütövlüyünü qorumaq və inkişaf etdirmək istiqamətində addımlar atır. Azərbaycanın daxilində baxmayaraq ki, beynəlxalq siyasi münasibətlərin də təsiri var, eyni zamanda beynəlxalq iqtisadi münasibətlər də ölkəmizə təsirsiz ötüşmür. Məhz buna görə də Azərbaycan dünyavi ölkədir və dünyada baş verən proseslər ölkəmizə təsir edir. Bu təbii haldır.
- Bildiyiniz kimi AŞPA-nın növbəti toplantısı oldu və öz toplantılarında Azərbaycana qarşı bəzi ədalətsiz addımlar atılmışdır. Buna münasibətinizi öyrənmək istərdim..
- Deməli AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi ilə ilk dəfə deyil ki, qarşılaşırıq. Dəfələrlə ölkəmizə qarşı ədalətsiz addımlar atıblar. Biz AŞPA-nın yaranma tarixinə baxanda ümumiyyətlə görürük ki, beynəlxalq təşkilatlar ancaq özlərinin inkişafına və özlərinə lazım olanda ədalətli mövqe göstərirlər. Bundan əlavə tək AŞPA deyil həmçinin də digər bəzi qeyri hökumət təşkilatları da var ki, bizə qarşı mənfi mövqedədirlər. Avropa Şurası ilə bərabər müasir siyasi tariximiz göstərir ki, Beynəlxalq Millətlər Təşkilatının (BMT) da qəbul etdiyi qətnamə müsəlman ölkələrinə gələndə və özlərinə sərf edəndə bunu həyata keçirdirlər. Ancaq öz siyasi maraqlarına uyğun olmayanda illərlə bu qəbul etdiyi qətnamələr qalır. Buna misal üçün deyim ki,- ermənilər bizim tarixi torpaqlarımızı işğal edib və 1992-ci ildən BMT-nın 4 qətnaməsi var. Bu qətnamədə bildirilir ki, Ermənistan ordusu Azərbaycanın tarixi torpaqlarından geri çəkilməlidir. Çox təəssüflər olsun ki, illərlə bu qətnamə kağız üzərində qalır. Avropa Şurası da həmçinin. AŞ-nın Azərbaycana qarşı qəbul etdiyi bu sənəd tamamilə kökündən saxtadır. Dövlətimizə, xalqımıza qarşı xüsusilə də cənab prezidentə qarşı böyük bir qərəzdir. Hesab edirəm ki, Azərbaycan xalqı öz sözün bu məsələdə deməlidir. Bunun ədalətsiz olmağı ilə bağlı bir arqument gətirim ki, tarixən Azərbaycan xalqının başı böyük bəlalar çəkib. Müasir tariximizin tərkib hissəsi olan Qarabağ məsələsi də elə Avropa Şurasının dövrünə düşən bir məsələdir. Necə ola bilər ki, bu qədər bizə qarşı torpaq itkisi ola-ola Avropa Şurası bu məsələlərə göz yumur? Və burada 2-3 nəfər cinayətkar həbs olunub, öz aralarında bunu dırnaqarası “Siyasi məhbus“ elan edib xalqımıza, dövlətimizə qarşı qərəzli mövqe göstərirlər. Bəllidir ki, AŞPA hansı əqidəyə hansı istiqamətə xidmət edir. Bunlar düşmən qüvvələrdir. Mövqeyimizi zəiflətdirməkdən ötrü düşmənin dəyirmanına su tökərək dövlətimizi dünya miqyasında gözdən salmaq istəyirlər. Ancaq bizim bu günkü xalqımızın inkişafı və sabitliyimiz və cənab prezidentin xaqına xidməti bütün bunların hamısına qalib gələcək. Və Avropa Şurasında bizə öhdəlik qoya bilməzlər. Azərbaycanında AŞPA-da qalıb qalmamasının şəxsən bir azərbaycanlı gənci kimi mənim üçün bir fərqi yoxdur. Biz ədalətli mövqedə olan bir təşkilatla əməkdaşlıq etməliyik.
- Bu gün demokratiya böyük dövlətlər üçün bir təzyiq vasitəsidir. Onlar üçün hər şey yaxşı gedəndə biz onların gözündə demokratik oluruq. Proseslər onların arzu etmədiyi məcraya yönəldikdə isə qəflətən diktatorluqda günahlandırılırıq. Bəs nə üçün böyük dövlətlər bizlərə suveren və azad olmaq şansı vermirlər?
- Bu gün böyük dövlətlər, dünyanı idarə edən və özlərini demokratiyanın beşiyi kimi dünyaya car çəkən, reklam edən bu ölkələr öz addımlarında göstərirlər ki, həqiqətəndə bunlar demokratiya adı altında ədalətsizlik və ikilistandartdan yanaşırlar. Xüsusilə də demokratiya adı altında bu böyük dövlətlər müsəlman ölkələrinə təsir göstərir, onların ərazilərini işğal edir, dövlət müstəqilliyini şüphə altına salır.
Götürək fələstini: Fələstin neçə illərdir ki, müstəqilliyini qazana bilmir və bu gün muxtariyyət kimi fəaliyyət göstərir. Beynəlxaq hüquq deyilən bir məsələdə ancaq bu böyük dövlətlərin bəzi nümayəndələri maraqlarına əsasən addım atırlar. Və bu gün demokratiya adı altında müsəlman ölkələrinə qarşı onların sabitliyini pozmaq, onlara separat meyilləri yaratmaq istiqamətində hərəkət edirlər.
Məsəl üçün götürək elə bizim bu gün sabitliyin höküm sürdüyü öz vətənimiz Azərbaycanı: O demokratiyadan car çəkənlər bizim şərəfli, qədim tariximizi bilməlidir ki, bizdə demokratiya ənənələri olanda hələ bunlar bir-birinin müstəmləkəsi idi. 1918-ci il 20-ci əsrin əvvəllərində Demokratik Xalq Cumhiriyyəti yarananda ilk dəfə bizim qadınlar seçki hüququ alıb seçkiyə gedəndə indiki demokratiyadan car çəkənlərdə hələ o proses yox idi. İndi necə ola bilər ki, bu gün demokratiyanın ənənəsini qoruyub saxlayan ölkəyə Azərbaycana indi saxta dırnaqarası demokratiya dərsi keçmək istəyirlər?
Azərbaycan bu gün sabit dövlətdir. Xalq olaraq bizim sabitlik ənənəmiz davam edir. Nə üçün bizə nöqsan tutmağa cəhd edən düşmən qüvvələr bunu qeyd etmir? Deməli həqiqətən də bunların bizə mövqeyi düşmən müstəvisindədi. Bu gün demokratiya adı altında mədəni imperializm siyasəti həyata keçirirlər. Bizim dövlətimizdə separatçılıq yoxdur, heç bir pozuntulara yol vermirik. Məhz buna görə onlarda qısqanclıq yaranır. Cənab prezidentin xalqına göstərdiyi xidməti və xalqla prezident arasında olan bağlılığı şüphə altına salmağa cəhd edirlər. Hesab edirəm ki xalqımız tarixi qədim, şərəfli xalq olduğu üçün ağı qaradan yaxşı seçir.
- Azərbaycan Avropa Şurasının üzvüdür. Bəzən orada avropalı deputatlara azərbaycanlılar tərəfindən guya rüşvət təklif olunması ilə bağlı böhtanlar da səslənir. Bu cür söhbətələrə səbəb necə yaranır?
- Bilirsiniz Azərbaycan dünyavi ölkədir. Bu gün ölkəmiz dünya olkələrinin arasında barmaqla sayıla biləcək ən sabit ölkədir. Azərbaycan ilk olaraq müstəqilliyini əldə edəndən bütün həm qonşu ölkələrlə həm qonşu olmayan ölkələrlə iqtisadi, siyasi əlaqələrini çox yüksək səviyyədə və balanslaşdırılmış siyasətlə qurub. Ölkəmiz Avropa Şurasının ona görə üzvüdür ki, Azərbaycan avropaya inteqrasiya istiqamətində hərəkət edir. Ona görə yox ki bizdə nəsə çatmır biz Avropadan nəsə götürək. Ona görə inteqrasiya olundu ki, qarşılıqlı əlaqələr məsələsində əməkdaşlıq edək. Rüşvət məsələsi isə bu günki dövlətimizi ləkələmək, gözdən salmaq cəhdidir. Əgər Avropa özünü bu qədər korrupsiyadan uzaq hesab edirsə, necə onlar öz deputatlarına və öz nümayəndələrinə əmin deyil ki yəni bunlar rüşvət də ala bilər? Əgər bunlar bu iddihamı irəli sürürsə deməli birinci çirkab onların özündədir. Təbii ki, bunlar hamısı yalan ifadələrdir. Dövlətimizə qarşı qarayaxma kompaniyasıdır.
- Hər bir ölkənin inkişaf və dəyişiklik surəti fərqlidir. Bizdə nə cürdür?
- Müasir dövr tariximizə nəzər salanda 1992-ci illər ərəfəsindəki proseslərə də baxın, 1993-cü ildən bu günümüzə qədər olan proseslərə də baxın. Nə qədər iqtisadiyyatımızda, nə qədər siyasi islahatlar gedib. Bunu görməmək nankorluqdur. Azərbaycan bu gün dünyanın ən etibarlı olkələrindən birinə çevrilib. Xalqımızın milli mədəniyyəti bütün dünyada tanınır. Böyük dövlətlər beynəlxalq nüfuzlu idman yarışmalarını bizim dövlətə həvalə edirlər. Deməli bu dövlətlər olkəmizin sabitliyinə, gücünə inanırlar. Dünyanın Beynəlxaq İqtisadi şirkətləri bu gün Azərbaycana yatırım edirlər. Bu dəyişkənlik günü-gündən də inkişaf edir və bu dəyişiklik də Azərbaycan xalqına xidmət edən bir məsələdir.
- Bu gün Azərbaycan müxalifətinin yürütdüyü siyasət barədə fikrinizi bilmək istərdim..
Bir məqama diqqət yetirməyinizi xahiş edirəm. Avropa Şurası Azərbaycana qarşı qərəzli mövqe göstərir və eyni bir vaxtda Azərbaycanın o bir qrup özünü müxalifət adlandırdığı insanlar mitinq təşkil edirlər. Bu təsadüfdəndirmi? Təbii ki, təsadüfdən deyil. Deməli bunlar hamısı əlbirdirlər. Özlərini müxalifət adlandıranlar da düşmənin dəyirmanına su tökməklə məşğuldurlar. Bunlar Avropa Şurası kimi saxtakar təşkilatlardan maliyəni alırlar və çıxırlar mitinq edirlər sonra da onlara hesabat verirlər və əlavə pul almaqdan ötəri mitinqdən şəkillər atırlar onlara ki, verdiyiniz pulla hakimiyyətə qarşı mübarizə aparırıq. Yenə də qeyd edirəm ki, bunlar eyni prosesi aparırlar. Ümumiyyətlə bunların mitinq amalı xalqa xidmətdən gedə bilməz. Bunlar yalnız öz şəxsi mənafelərini güdürlər.
Ulu öndər Heydər Əliyevində belə bir məqamda bir fikri var idi: “Demokratik ölkədə sağlam müxalifət olmalıdır”. Çox təəssüflər olsun ki, bizim bu tərəfdən bəxtimiz gətirmiyib. Tarix göstərib ki, Azərbaycan xalqının təəssüfün çəkən kimdir, düşmən mövqe göstərən kimdir.
- Azərbaycanda dövlət gənclər siyasəti ilə bağlı prezidentimiz sərəncam imzaladı. Son olaraq bununla bağlı fikrinizi bölüşün.
- Ölkə Başçısı cənab İlham Əliyevin sentyabr ayının 15-də “Azərbaycan gəncliyi 2017/2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığı Sərəncam gənclərə sədaqətinin nümunəsidir, göstərilən dövlət qayğısının davamıdır. Bu gün gəncliyimiz dövlətimizi, xalqımızı böyük fəxarətlə təmsil edə bilir. Azərbaycan idarəçilik sistemində gənclərimizin rolu kifayət qədərdir. Ümumiyyətlə gənclik çox böyük bir məfhumdur. Səngərdə duran da Azərbaycan gəncidir, idmanda ölkəmizi böyük şərəflə təmsil edən də Azərbaycan gəncidir və bu gün dövlətçiliyimizin möhkəmlənməsində ona töhfə verən dəyərlərdən biri də Azərbaycan gəncliyidir. Gəncliyimiz Azərbaycan prezidentinin ətrafında sıx birləşib və biz Qarabağa, işğal altında olan torpaqlarımıza cənab prezidentin rəhbərliyi altında bu inkişafla gedəcəyik.
Şəfa Rasimqızı
Geri qayıt