DataLife Engine > SÖHBƏT > “Qarabağdan rədd olub getsinlər”

“Qarabağdan rədd olub getsinlər”


27-04-2014, 09:42. Yerləşdirdi: Tural “Qarabağdan rədd olub getsinlər”
Yaqub Mahmudov: “Ərdoğanın “soyqırım”a görə başsağlığı verməsi tarixi sənədlərin əksinədir, bunu düzgün hərəkət hesab etmirəm”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrinin növbəti ildönümü münasibətilə yazılı açıqlaması birmənalı qarşılanmayıb. Baş nazir deyib ki, Türkiyə vətəndaşı olan ermənilər və dünya erməniləri üçün xüsusi məna daşıyan 24 aprel, tarixi bir məsələyə dair düşüncələrin sərbəst şəkildə ifadə edilməsi üçün yaxşı fürsətdir.

O, XX əsrin əvvəllərində ölən ermənilərin nəvələrinə başsağlığı verib və eyni dövrdə ölən bütün Osmanlı vətəndaşlarını hörmət və rəhmətlə anıb ki, bu da fərqli yozumlara səbəb olub. Bunun ardınca məlum olub ki, Türkiyə hökuməti “1915-ci il hadisələri ilə əlaqədar ölkəni tərk etmiş” erməni nəslinin nümayəndələrinə Türkiyə pasportunun verilməsini qərara alıb. Ərdoğanın addımı ilə bağlı AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovla danışdıq:

- Yaqub müəllim, tarixçi alim olaraq ermənilərin soyqırım iddiaları və Ərdoğanın ermənilərə başsağlığı verməsi ilə bağlı nə deyə bilərsiniz? Ermənilərə başsağlığı düşürdümü?

- Tarixçi kimi mənim fikir söyləməyimə heç ehtiyac yoxdur. Bu suala cavabı tarixi sənədlər söyləyir. Tarixdə heç bir zaman ermənilərə qarşı soyqırımı olmayıb. Ermənilər Birinci Dünya Müharibəsi dövründə Çar Rusiyası tərəfindən silahlandırılaraq Şərqi Anadoluda özlərinə dövlət yaratmaqdan ötrü yaşadıqları Osmanlı dövlətinə arxadan zərbə vurdular, silah qaldırdılar, vətəndaşı olduğu dövlətə xəyanət etdilər. Bu barədə faktlar da bütün dünyaya məlumdur. Andronik, Neyde, Dro kimi xəyanətkarlar Çar Rusiyasının, Avropa ölkələrinin silahı ilə yaşadıqları dövlətə qarşı çıxdılar, bu dövlətin qaydalarını pozdular, ona xəyanət etdilər". Tarixçi alim deyir ki, bu gün Anadoluda saysız-hesabsız türk məzarlıqlarının olması da bu erməni cinayətlərini təsdiqləyir: “Dünya gəlsin orda qazıntı işləri aparsın, antropolqlar işə girişsin, görək bir dənə erməni məzarlığı tapa bilərlərmi? Yəni bu, təkcə Anadolunun şərqi ilə bağlı deyil. ”Böyük Ermənistan" yaratmaqdan ötrü Naxçıvanda, İrəvan ellərində, Zəngəzurda, Gəncədə, Bakıda, Şamaxıda, Qubada və Cənubi Azərbaycanda, Urmiyə ətrafında, Xoyda, Təbrizə qədər ərazilərdə - hara qədər ki, ermənilərin yalançı iddiaları var, o yerlərin tarixini məhv etmək üçün genişmiqyaslı hərəkətə keçmişdilər.

Özü də onlar üçün türk, müsəlman, yezidi kürdlər, yaxud Azərbaycan ərazisində yəhudilər, tatarlar, ləzgilər olmasının heç bir fərqi yox idi. Bu ərazilərin hamısını boşaldıb “Böyük Ermənistan” dövləti yaratmaq istəyirdilər. Təbii ki, böyük dövlətlər ermənilərə “Böyük Ermənistan” yaratmayacaqdı, sadəcə onlardan istifadə etdilər. Belə bir vəziyyətdə Osmanlı dövləti Birinci Dünya Müharibəsi şəraitində xarici ölkələrə, təcavüzkarlara, Osmanlı dövlətinin ərazi bütövlüyünü pozan ingilislərə, fransızlara, yunanlara qarşı mübarizə aparırdılar. Əlbəttə, müharibə şəraitinin öz qayda-qanunları var. Fakt budur ki, içəridə ermənilər təcavüzkarlara qoşulmuşdular. Buna görə də Osmanlı dövləti məcburiyyət qarşısında ermənilərin yerlərini dəyişdirib onları başqa yerlərə köçürürdü.

Osmanlı ordusu heç zaman mülki erməni əhaliyə silah qaldırıb onları öldürməyib. Azərbaycan ərazisində də heç zaman dinc ermənilərə silah qaldırılmayıb. Tarixdə Hitler faşizmindən qabaq erməni faşizmi formalaşıb, bu, faktdır. Əslində “Daşnaksütyun” partiya yox, silahlandırılmış dəstələr, döyüş drujinaları idi. Ona görə də hesab edirəm ki, xarici ölkələrin, erməni lobbisinin təzyiqi ilə Ərdoğan Türkiyənin humanist mövqeyini nümayiş etdirib. Özü də Ərdoğan tək ermənilərdən danışmır ki. Müharibə dövründə nə qədər türk həlak olub.

“O, güman etməsin ki, ermənilər bununla kifayətlənəcək”


Bu günlərdə Çanaqqalada tədbir keçirildi. Vaxtilə Osmanlı dövlətini çökdürmək istəyən dövlətlərin təmsilçiləri də burada bir araya gəldilər ki, qoy bu, birlik törəni olsun. Bu mənada güman etmirəm ki, Ərdoğanın çıxışı “erməni soyqırımı”nı qəbul etmək məqsədidir. Bu, humanist bir addımdır. Amma Ərdoğanın “soyqırım”a görə başsağlığı verməsi tarixi sənədlərin əksinədir, bunu düzgün hərəkət hesab etmirəm. Ərdoğan güman etməsin ki, ermənilər bununla kifayətlənəcək. Ərdoğan unutmasın ki, türkün bütün abidələrə sayğı göstərdiyini nümayiş etdirməkdən ötrü Anadolunun şərqində erməni kilsəsini bərpa etdilər, amma katalikos onun açılışında iştirak etmədi ki, burada açıq ibadətə izn verilir. Yəni Türkiyə baş naziri nə qədər bu cür etiraflar etsə də, ermənilər Osmanlı dövləti, Türkiyə Respublikasına qarşı iddialarından əl çəkməyəcək, təzminat istəyəcəklər. Yəni bir üzrlə məsələ bitməyəcək.

- “Soyqırım” iddiaları ilə bağlı proses hara qədər davam edə bilər?

- Hesab edirəm ki, Ərdoğanın əvvəlki mövqeyi daha doğru idi. Demişdi ki, bütün arxivlər açılsın, o cümlədən ermənilər arxivləri açsınlar. Nə səbəbə bu təklifə müsbət yanaşılmır? Ermənilər gəlsinlər, biz onlara yüzlərlə sənəd göstərək ki, soyqırımı onlar həyata keçiriblər. Erməni cani Qubada deyirdi ki, bura Sovet hakimiyyətini qurmağa gəlməmişəm. Şah dağından Xəzərə qədər bir adamı da burda salamat qoymayacağam, hər şeyi yerlə yeksan edəcəyəm.

Ermənilər gəlsinlər, tanış olsunlar. Türkiyənin arxivləri açıqdır. Ermənilər bu sənədlərlə ona görə tanış olmaq istəmirlər ki, onların yalançı soyqırım iddiası ifşa olunur. Bu mənada dünyanın böyük dövlətləri başa düşməlidirlər ki, hələ xaç müharibələri dövründə Fransa, daha sonra Almaniya, digər Avropa dövlətlərinin əksəriyyəti, Çar Rusiyası ermənilərə soyqırımlarda kömək etmişdilər. İndi onların da paxırı açılır deyə, istər-istəməz erməniləri müdafiə edirlər. Tarixdə belə bir fakt olmayıb, olmayan faktı etiraf etmək xalqlar arasında nifaq salmaq deməkdir.

- AMEA-nın Tarix İnstitutunun direktoru olaraq erməni araşdırmaçılarını arxivlərimizdəki tarixi həqiqətlərlə tanış olmaq üçün dəvət edə bilərsinizmi?

“Erməni tarixçiləri gəlsinlər, yüzlərlə sənəd göstərək ki, soyqırımı onlar həyata keçiriblər”


- Azərbaycan arxivlərinə kim gəlmək istəyirsə, arxivlərimiz açıqdır. Ancaq ermənilər əvvəlcə zəhmət çəkib Türkiyə arxivlərinə baxsınlar. Ərdoğan da erməniləri dəvət edib ki, İstanbul və Ankara arxivlərini araşdırsınlar. Buyursunlar, getsinlər arxivləri araşdırsınlar. Biz isə onların azərbaycanlıları soyqırıma məruz qoyması barədə sənədləri ermənilərə təqdim etməyə hazırıq. Biz erməniləri Bakıya dəvət etməyəcəyik. Ona görə ki, ermənilər zəhmət çəkib Qarabağdan rədd olub getsinlər, torpaqlarımıza qarşı təcavüzə son qoysunlar. Ondan sonra isə onlarla əməkdaşlıq etmək olar.

İndiki halda isə ermənilər bizə qarşı təcavüzkar siyasət aparırlar, biz müharibə vəziyyətindəyik, atəşkəs hər gün pozulub. Onlar torpaqlarımızdan rədd olub gedəndən sonra arxivlərin birgə araşdırılması haqda danışmaq olar. Tarix İnstitutunun direktoru olaraq mən onların bura gəlməsinə, burada hər hansı axtarışda olmalarına qəti etiraz edirəm! Onlar işğalçıdırlar, Xocalı soyqırımını həyata keçiriblər. Azərbaycan ərazi bütövlüyü, suverenliyini bərpa edəndən sonra bu barədə danışmaq olar.

- Ərdoğanın qondarma soyqırım iddialarının 100 illiyi ərəfəsində sərgilədiyi yumşaq mövqe ermənilərin faydasına işləyə bilərmi?

- Qəti surətdə işləyə bilməz. Çünki bundan sonra Ərdoğanın özü erməni lobbisinə sual edə bilər: arxivlərimizi açdıq ki, gəlin, məsələ ilə məşğul olun, müharibə dövründə həlak olanlara görə üzr istədik, indi nə istəyirsiniz? Yəni gələcəkdə bu fakt ermənilərin özünə qarşı çevriləcək.
Musavat.com
Geri qayıt