DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > Azərbaycanda bütün azadlıqlar təmin edilir-İlham Əliyev

Azərbaycanda bütün azadlıqlar təmin edilir-İlham Əliyev


26-06-2014, 11:43. Yerləşdirdi: Tural Azərbaycanda bütün azadlıqlar təmin edilir-İlham Əliyev
"Strasburqda yenidən olmaqdan böyük şərəf və iftixar hissi duyuram. Həmçinin burada on il öncə söylədiyim nitqimə istinad etdiyinizə görə minnətdaram. Mən sadəcə on il öncə söylədiyim sözləri bir daha təsdiqləyə bilərəm ki, bu, islahatlara aid mövqeyimizdir. Müstəqillik illərində Azərbaycanın uğurlu inkişafı göstərdi ki, iqtisadi və siyasi islahatlar paralel şəkildə həyata keçirildiyi təqdirdə uğurla nəticələnir. Əlbəttə ki, biz islahatlarımızı davam etdirəcəyik". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında nitqi zamanı deyib.

İlham Əliyev bildirib ki, Azərbaycanda həyata keçirilmiş islahatlar göstərir ki, onlar paralel şəkildə aparıldıqda gözəçarpan tərəqqi ilə nəticələnə bilər: "Əlbəttə ki, Azərbaycanın Avropa Şurasında üzvlük illəri çox sürətli iqtisadi və siyasi dəyişikliklər illəri oldu. Əslində, Azərbaycandakı islahatlar müstəqilliyimizin bərpasından bir neçə il sonra, yəni 1990-cı illərin ortalarında başladı. Müstəqilliyin ilk illəri xalqımız üçün həddindən artıq böyük çətinliklərlə və fəlakətlərlə yadda qaldı. Əvvəlcə, sosial narazılıq, iqtisadi çətinliklər, siyasi, iqtisadi və hərbi böhran, Azərbaycanın əvvəlki rəhbərliyinin yarıtmaz idarəçiliyi, bütün bunlar elə bir çətin vəziyyətə gətirib çıxardı ki, hətta dövlətçiliyimiz belə sual altına çəkilmişdi. Bu vəziyyət nəticəsində 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başladı. Bu, müasir tariximizin ən ağrılı hissəsinə çevrildi.

Beləliklə, islahatlar 1990-cı illərin ortalarında başladı. Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul edildi. İqtisadi və siyasi islahatlar isə qeyd etdiyim kimi, paralel şəkildə aparıldı və ölkəmizin müstəqillik illərində nail olduğu böyük tərəqqi ilə nəticələndi".

Dövlət başçısının sözlərinə görə, Avropa Şurasına qoşulmaq bizim düşünülmüş seçimimiz oldu: "Çünki biz islahatların genişləndirilməsi üçün bu təsisatın üzvü olmaq istəyirdik. Əlbəttə, bilirdik ki, Avropa Şurasına qoşulmağımız, həmçinin öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik. Bu günə qədər biz öhdəlikləri yerinə yetiririk. Xanım sədrin qeyd etdiyi kimi, biz demək olar ki, 60-a yaxın konvensiyaya qoşulmuşuq. Qanunvericiliyimizi təkmilləşdirmişik. Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət mühit yaradır.

Fundamental azadlıqlara gəldikdə, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya mövcuddur. İfadə azadlığı, mətbuat azadlığı vardır. Qırxdan artıq gündəlik və təxminən iki yüz həftəlik və aylıq qəzet çıxır. Respublika səviyyəsində doqquz televiziya kanalı vardır. On dörd bölgə və on dörd kabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad internet vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən artıqdır. Hazırda hökumətimiz böyük sərmayələri tələb edən layihəni həyata keçirməkdədir: genişzolaqlı internet hər bir şəhər və kənd üçün təmin edilməlidir. Digər sözlə, azad internetin mövcudluğu, senzuranın olmaması şəraitində biz mətbuat azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, biz mətbuat azadlığının tərəfdarıyıq, çünki media azadlığı demokratiya deməkdir. O, hökumətə çatışmazlıqlara diqqət yönəltməyə yardım edir. O, hökumət ilə cəmiyyət arasında zəruri əlaqələrin qurulmasına zəmin yaradır. Bu, Azərbaycanın, müasir Azərbaycanın ən böyük zənginliklərindən biridir. Biz bundan qürur hissi duyuruq. Bu səbəbdən, biz bir daha söyləyə bilərik ki, mətbuat azadlığı tam şəkildə təmin edilir".

Prezidentin sözlərinə görə, təşkilatlanma və toplaşma azadlığı, həmçinin tam şəkildə təmin edilir: "Siyasi təşkilatlar bundan yararlanır, vaxtaşırı nümayişlər keçirirlər. Bu, dinc şəkildə baş tutur. Bu, həmçinin islahatlara sadiqliyimizi nümayiş etdirir. Bildirmək istəyirəm, islahatların həyata keçirilməsi bizim üçün onunla bağlı deyil ki, biz öhdəliklərimizi icra edək və ya beynəlxalq təsisatlardan müəyyən müsbət qiymətlər alaq. Bu, onunla bağlıdır ki, biz ölkəmizi müasirləşdiririk. On il öncə qeyd etdiyim kimi, güclü demokratik təsisatlar olmadan iqtisadi uğurumuz davamlı ola bilməz. Bu səbəbdən iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılmalıdır. Cəmiyyətin demokratikləşdirilməsi cəmiyyətimizdə müsbət əhval-ruhiyyə yaradır.

Bizdə dini azadlıq vardır. Bu da ölkəmizin ən böyük varlığıdır. Biz çoxmillətli və çox dinlərin olduğu cəmiyyətik. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində layiqli həyat sürüblər. Multikulturalizm dəyərləri sədrliyimiz zamanı diqqət yetirəcəyimiz prioritetlərdən biri olacaqdır".

İlham Əliyev xatırladıb ki, Azərbaycan 2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında başlamış Bakı prosesinin təşəbbüskarı olub: "Biz həmin tədbirə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini dəvət etdik. Bu, tarixdə ilk dəfə idi ki, iki mühüm beynəlxalq təşkilatın nümayəndələri Bakıya toplaşmışdılar. Növbəti il, 2009-cu ildə əksinə etdik: biz Avropa Şurasının mədəniyyət nazirlərini İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən tədbirinə dəvət etdik. Bir sözlə, multikulturalizm üstünlüklərdən, böyük varlıqlardan biridir. Sədrliyimiz zamanı biz bu məsələyə birmənalı olaraq diqqət yetirəcəyik. Çünki bunun üçün böyük ehtiyac vardır. Əfsuslar ki, dünyanın müxtəlif yerlərində, qonşu bölgələrdə, Orta Şərqdə və Avropada müəyyən narahatlıq yaradan meyllərin şahidi oluruq. Təcridolunma, ayırma və bəzən ədavət meyllərini görürük. Biz bu məsələləri həll etməliyik. Çünki dünyaya töhfə vermək, daha yaxşı dünyanı, hamı üçün müvafiq olan dünyanı qurmaq üçün yaşayırıq. İstəyirik ki, bütün xalqların, dinlərin nümayəndələri yaşayış tərzindən asılı olmayaraq, layiqli şəraitdə dinc həyat sürsünlər. Dini hisslərə əsaslanan gərginlik halları bütün ölkələr, o cümlədən çoxmillətli cəmiyyəti olan ölkələr üçün çox təhlükəlidir".

Digər prioritetlərə gəldikdə, Azərbaycan diqqəti beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasına yönəldəcək: "Çünki bizə gəldikdə, Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrdən heç biri icra olunmayıb. Beləliklə, nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizmi olmalıdır. Bu mexanizm hamımız tərəfindən yaradılmalıdır. Digər halda, bu qətnamələr öz mahiyyətini itirir.

Biz beynəlxalq hüququn norma və prinsiplərini qəti şəkildə təşviq edəcəyik. Xanım sədrə çox minnətdaram ki, giriş nitqində Azərbaycanın ərazi bütövlüyünə dair şərhlərini verdi. Bu, beynəlxalq hüququn fundamental prinsipidir. Bu, dondurulmuş münaqişələrin həllində riayət edilməli əsas prinsip olmalıdır.

Dünən nazirimiz Parlament Assambleyasında çıxış etdiyi zaman digər prioritetləri də qeyd edib və mən təfərrüatlara varmayacağam. Mən sadəcə onları xatırlatmaq istəyirəm: korrupsiyaya qarşı mübarizə. Bu, prioritetimizdir. Hesab edirəm ki, Azərbaycanın bu sahədə nadir təcrübəsi vardır. Əfsuslar ki, bütün keçmiş sovet respublikalarında eyni problem yaşanır. Korrupsiya mirası ölkəmizin uğurlu inkişafına ciddi zərbə vurur. Biz Azərbaycanda bir çox tədbirlər görürük, o cümlədən inzibati və təsisat islahatlarını həyata keçiririk ki, korrupsiyaya qarşı uğurla mübarizə aparaq. Onlardan biri bu yaxınlarda dövlət xidmətləri proqramının qəbul edilməsi oldu. O, il yarımdır ki, icra edilir və artıq iki milyona yaxın insan bu dövlət xidmətləri mərkəzlərinə müraciət edib və lazımi sənədləri alıb. Bu, Azərbaycanda korrupsiyanın azaldılmasına böyük təsir göstərdi. Hesab edirəm ki, bu təcrübə üzv dövlətlər üçün də maraqlı ola bilər. Cənab baş katibin Azərbaycana səfəri zamanı o, həmin mərkəzlərdən birində oldu".

İlham Əliyevin sözlərinə görə, gənclər və təhsillə bağlı daxili siyasətimizə gəldikdə, bu, prioritetlərimizdən biridir: "Cəmiyyətimiz gəncdir, çox dinamikdir və yaxşı təhsilə malikdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Aydın şəkildə anlayırıq ki, yalnız yaxşı təhsil səviyyəsinə malik olan cəmiyyət uğurlu inkişafın qarantıdır. Bu, radikalizm və fundamentalizmə qarşı qarantiya ola bilər. Bu səbəbdən, təhsil hökumətimiz üçün ən yüksək prioritetlərdən biridir. Son on ildə Azərbaycanda üç yüzdən artıq yeni məktəb binası tikilmişdir. Təhsilin keyfiyyəti də yaxşılaşır. Eyni zamanda, biz dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq proqramlarını həyata keçiririk. Gənc tələbələrimizi iqtisadi potensialımıza uyğun intellektual potensiala da malik olmaları üçün təhsil məqsədilə xaricə göndəririk. Bu, sədrliyimiz zamanı diqqət yetirəcəyimiz əsas prioritetlər olacaqdır.

Sədrliyimiz Avropa Şurasında üzvlük tariximizdə mühüm mərhələdir. Əlbəttə ki, bu sədrlik rotasiya prinsipinə əsaslanan sədrlikdir. Bu səbəbdən, növbəmiz artıq çatıb. Lakin, eyni zamanda, bu, bizim üçün ölkəmizi təqdim etməkdə gözəl fürsət olacaq və həmçinin müxtəlif Avropa ölkələrində narahatlıq doğuran mühüm məsələləri həll etmək imkanını yaradacaqdır. Bunlar demokratiya, qanunun aliliyi və müxtəlif ölkələrdəki vəziyyətə bəzən selektiv yanaşma kimi məsələlər olacaqdır.

Hesab edirəm ki, sədrliyimiz dövründə birmənalı şəkildə qaldıracağımız məsələlərdən biri eyni regionda olan ölkələrə tətbiq edilən yanaşmada fərqlərin aradan qaldırılmasına aid olacaqdır. Buna görə, ikili standartlar yanaşmasından imtina, fikrimcə, sədrliyimiz dövründə Assambleyada bacardığımız təqdirdə, böyük töhfə ola bilərdi".

Azərbaycanın ümumi inkişafına gəldikdə, Prezident bildirib ki, öncə qeyd etdiyim kimi, ölkəmiz gəncdir, lakin zəngin tarixə, ənənələrə və inkişafa malik olan ölkədir: "Bizim olduqca fəal xarici siyasətimiz vardır. Ölkə regionda sabitləşdirici rol oynayır, çünki Azərbaycanın potensialı artır. Regional əməkdaşlığa aid təşəbbüslərimiz qonşularımız tərəfindən dəstəklənir. Bu gün qonşuluq əlaqələri genişlənir. İrəli sürdüyümüz təşəbbüslər bir çox ölkələri əhatə edir.

Beynəlxalq ictimaiyyət bizi güclü şəkildə dəstəkləyir. Nüfuzumuz beynəlxalq təsisatlar qarşısında çox müsbətdir. Ən böyük diplomatik uğurumuz Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu. Özünü dünyaya təqdim etməyi arzulayan gənc dövlət üçün bu, böyük nailiyyət idi və biz bundan fərəhlənirik. Eyni zamanda, 155 üzv ölkənin namizədliyimizin lehinə səs verməsi faktından da qürur hissi duyuruq. Beləliklə, beynəlxalq ictimaiyyətin əksər hissəsi Azərbaycana etimad göstərir, onu dəstəkləyir və etibarlı tərəfdaş hesab edir. Təhlükəsizlik Şurasında iki illik üzvlüyümüz zamanı biz bu qurumda iki dəfə sədrlik etdik. Ümumi qiymətləndirməyə görə, üzvlüyümüz və sədrliyimiz çox uğurlu olmuşdur. Biz dünyada sülhə, təhlükəsizliyə, sabitliyə və proqnozlaşdırmaya böyük töhfə verdik. Eyni zamanda, Təhlükəsizlik Şurasına üzvlük ölkəmiz üçün nadir təcrübə oldu və biz bu təcrübədən gələcək təşəbbüslərdə istifadə edəcəyik.

Biz beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə çox konstruktiv münasibətlər qurmuşuq. Avropa ölkələri ilə ikitərəfli əlaqələrimiz çox uğurla inkişaf edir. Avropa əsas ticari tərəfdaşımızdır. Azərbaycan ilə Avropa arasında tarixi əlaqələr müstəqillik illərində daha da möhkəmlənib. Eyni zamanda, Azərbaycan müsəlman ölkəsi kimi İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Fikrimcə, nəinki coğrafi baxımdan, o cümlədən mədəni və siyasi baxımdan regionumuzda mühüm körpü rolunu oynayırıq. Nə qədər uğurlu olarıqsa, sivilizasiyalar arasında bir o qədər mühüm rol oynaya bilərik. Sivilizasiyalararası Dialoq Forumunun Bakıda keçirilməsi göstərir ki, Azərbaycan multikulturalizm baxımından dünya mərkəzlərindən biridir. Bu yaxınlarda isə ölkəmizdə Dünya Multikulturalizm Mərkəzi yaradılacaqdır".

Dövlət başçısı deyib ki, üzləşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün pozulmasıdır: "Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş münaqişədir. Lakin bu münaqişə əslində donmuş hesab edilə bilməz. O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Azərbaycanlılar Dağlıq Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə iki yüz ildən az müddət öncə yaşamağa başlayıblar. Tarixi abidələr, Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu tərəfindən dağıdılıb. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Biz erməni silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. Bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir.

Artıq qeyd etdiyim kimi, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Qarabağ sözünün özü Azərbaycan mənşəli addır. Bu sahədə bütün coğrafi toponimlər xalqımıza məxsusdur. Eyni zamanda, beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır. Heç bir ölkə, o cümlədən Ermənistan qeyri-qanuni Dağlıq Qarabağ rejimini müstəqil qurum kimi tanımayıb".

Prezident xatırladıb ki, dünyanın ən ali beynəlxalq orqanı - BMT-nin Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib:

"Təəssüf ki, öncə qeyd etdiyim kimi, bu qətnamələr icra edilməyib. Bu, bir daha ikili standart siyasətini göstərir. Çünki bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə bu, iyirmi ildən çox çəkir. Mexanizm isə yoxdur. Ermənistan əraziləri tərk etmək istəmir. Onlar işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Onlar hər bir şeyi olduğu kimi saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Bu, beynəlxalq vasitəçilərin göstərdiyi səylərə tam ziddir. ATƏT-in Minsk qrupu və həmsədrləri, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri - Birləşmiş Ştatlar, Rusiya və Fransa - onların prezidentləri dəfələrlə aydın bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, Ermənistan işğal edilmiş ərazilərdən öz işğalçı qüvvələrini çıxarmağa başlamalıdır. Lakin onlar beynəlxalq hüquqa sadəcə məhəl qoymur. Onlar dünyanın aparıcı dövlətlərinin bəyanatına məhəl qoymurlar. Onlar Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnaməsinə məhəl qoymurlar. Müvafiq qətnamələr Avropa Parlamenti tərəfindən də qəbul edilib. ATƏT-in qərarları vardır. Bütün bu qərarlarda işğala son qoyulması, erməni işğalçı qüvvələrin zəbt edilmiş ərazilərdən çıxması tələb olunur. Əfsuslar olsun, münaqişə həll olunmayıb. Azərbaycan çox konstruktiv şəkildə çıxış edir. İyirmi ildən artıqdır ki, biz danışıqlar prosesinə sadiq qalmışıq. Lakin hər kəs, o cümlədən ermənilər anlamalıdır ki, bu proses daim davam edə bilməz. Gec ya tez nə isə baş verə bilər".

İlham Əliyevin sözlərinə görə, Ermənistan rəhbərliyi digər ölkənin ərazisinin XXI əsrdə zəbt edilməsinin qəbuledilməz olduğunu nə qədər tez anlasa, bir o qədər onlar üçün yaxşı olar: "Əfsuslar olsun ki, Ermənistan rəhbərliyindən adekvat yanaşmanı görmürük.

Ermənistanın əvvəlki Prezidenti burada, demokratiya sarayında çıxış edərkən bildirmişdir ki, ermənilər ilə azərbaycanlılar arasında milli uyğunsuzluq vardır. Onun davamçısı, Ermənistanın indiki rəhbəri münaqişəyə dini don geyindirir. Bu, tamamilə qəbuledilməz yanaşmadır. Ondan başlayaq ki, azərbaycanlıların heç bir digər millətlə uyğunsuzluğu yoxdur. Bəlkə ermənilərdə bu meyar vardır. Özü də tək bizimlə deyildir. Bu gün həmin ölkə monoetnikdir. Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Bütün azlıqlar, o cümlədən azərbaycanlılar qovulublar. Bu səbəbdən, belə irqçi yanaşma danışıqlarda üstünlük təşkil edə bilməz. Biz bu məsələni həll etməliyik, ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik.

Əfsuslar olsun ki, bu işğal nəticəsində tarixi abidələrimiz məhv edilib, məscidlərimiz yerlə yeksan edilib, qəbiristanlıqlarımız dağıdılıb. İşğal edilmiş ərazilər bu gün tam məhvə məruz qalmış torpaqlardır. ATƏT iki dəfə faktaraşdırıcı və vəziyyəti qiymətləndirən missiyasını işğal edilmiş ərazilərə göndərib. Onların hesabatında aydın şəkildə göstərilir ki, hər şey dağıdılıb. Bu, işğal edilmiş ərazilərdə erməni vandallığının nəticəsidir. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipidir. Erməni tərəfinin daim istinad etdiyi öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Qoy Ermənistan rəhbərliyi Helsinki Yekun Aktını diqqətlə oxusun və aydın tərifləri görsün. Bundan başqa, ermənilər artıq öz müqəddəratını təyin ediblər. Onlar əslində Azərbaycanın tarixi torpaqları hesabına yaradılmış Ermənistan dövlətinə malikdirlər. Bəlkə də Assambleyanın bir çox üzvü bilmir. Amma erməni nümayəndə heyəti bunu, əlbəttə, bilir ki, Rusiya imperiyasının dağılması nəticəsində 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ən birinci fərmanlarından biri İrəvanın paytaxt kimi Ermənistan dövlətinə verilməsi idi. Bir sözlə, onların artıq öz dövləti vardır. Onlar bununla neçə erməni dövlətinə nail olmaq istəyirlər? Onlar yaşadıqları hər bir yerdə öz dövlətini yaratmaq istəyirlər? Nəyə görə Azərbaycanda bu gün belə dövlət olmalıdır? Buna görə, öz müqəddəratını təyinetmə ərazi bütövlüyünü pozmalı deyildir. Münaqişə hamımızın, o cümlədən Ermənistanın tam məhvinə və fəlakətə aparan bugünkü hökumətindən əziyyət çəkən erməni xalqının xeyri üçün mümkün qədər tez həll olunmalıdır".

Dövlət başçısı bildirib ki, münaqişəyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artmaqdadır: "Son on il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Heç bir digər ölkə Azərbaycanın artırdığı kimi öz iqtisadi potensialını artırmayıb. Ümumi daxili məhsul 3,5 dəfə artıb, biz iqtisadiyyatı şaxələndirmişik. Bunun nəticəsində hazırda iqtisadiyyatımızın qeyri-enerji sektoru ümumi daxili məhsulumuzun 55 faizini təşkil edir. Bütün beynəlxalq maliyyə təsisatları islahatlarımızı yüksək dəyərləndirir. Maliyyə böhranı illərində əsas reytinq agentlikləri - S&P, Moody`s və Fitch Azərbaycanın kredit reytinqini artırmışlar. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına Qlobal Rəqabət Cədvəlində 39-cu yeri vermişdir. Bu, o deməkdir ki, biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına maksimal dərəcədə keçə və eyni zamanda, rəqabətədavamlı iqtisadiyyat yarada bildik. Azərbaycanda 1 milyon 200 min iş yeri yaradılıb. Həmçinin milli sərvətin ədalətli şəkildə paylanılması ölkəmizin əsas nailiyyətlərindən biridir. Bunun nəticəsində yoxsulluq səviyyəsi son on il ərzində 49 faizdən 5,3 faizə düşmüşdür. İşsizlik beş faizdir. Büdcə kəsiri Avropa İttifaqı ölkələri üçün qəbul edilən limitlər çərçivəsindədir. Xarici borc ümumi daxili məhsulun səkkiz faizini təşkil edir. Maliyyə vəziyyəti sabitdir. Sosial proqramlar həyata keçirilir. Siyasi vəziyyət sabitdir. Öncə qeyd etdiyim kimi, Azərbaycan beynəlxalq birliyin fəal üzvüdür. Ölkə müasirləşir və biz gələcəyə böyük nikbinliklə baxırıq.

Mən müzakirələr üçün vaxtın çox hissəsini almaq istəmirəm. İstəyirəm suallar üçün də vaxt qalsın. Lakin gördüyünüz kimi, ölkəmiz haqqında saatlarla danışa bilərəm. Bütün vaxtı çıxışıma sərf etmək istəmirəm. Sadəcə qeyd edim ki, Nazirlər Komitəsində sədrlik böyük məsələdir, məsuliyyətdir. Biz buna hazırıq və əlimizdən gələni edəcəyik ki, demokratiyanın ümumi dəyərlərinə, qanunun aliliyinə və azadlıqlara töhfə verək".

Sonra Azərbaycan Prezidenti İlham Əliyev deputatların suallarını cavablandırıb.

Sosialist qrupu adından çıxış edən Maykl Maknamara sualında qeyd edib: "

Xanım sədr, cənab Prezident, çox sağ olun. "Amnesty International"ın məlumatına görə ölkənizdə 19 siyasi məhbus vardır. Digər təşkilatlar isə onların daha çox olduqlarını qeyd edirlər. Buradakı məhkəmə İlqar Məmmədovun həbs olunmasını qeyri-qanuni bəyan edib və bu həbsin arxasında duran motiv seçkilərlə bağlı idi. Digəri isə Anar Məmmədlidir ki, Sizin sonuncu dəfə qalib gəldiyiniz prezident seçkilərində səhvləri aşkara çıxarıb. "Nida" fəalları öz fikirlərini bildirdiklərinə və dinc xarakterli nümayişlər keçirdiklərinə görə həbs olunublar. Bu qurum siyasi məhbusların tərifini qəbul edib. Lakin məruzəçiyə Azərbaycana gəlmək imkanı verilməmişdir. Bütün bu hadisələr Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik legitimliyinizi azaltmırmı və Siz bu məhbusları buraxacaqsınızmı?"

Prezident İlham Əliyev isə cavabında deyib: "Əvvəlcə qeyd etmək istəyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur və sizin qeyd etdiklərinizin hamısı yanlış informasiya əsasındadır, ya da sizin Azərbaycana qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Birinci dəfə deyil ki, siz Azərbaycanı təhqir etməyə çalışırsınız. Lakin burada hər hansı bir nəzərəçarpan uğur əldə etməmisiniz və əminəm ki, sizin dünənki təşəbbüsünüzün nəticəsi bir neçə il bundan öncə olan təşəbbüsün nəticəsi ilə eynilik təşkil edəcəkdir. Bunun da nəticəsi 2013-cü ilin yanvar ayında cənab Ştrasserin burada fiaskoya uğraması idi. Əfsuslar olsun ki, Azərbaycan məqsədyönlü təxribatlara məruz qalıb. Biz bunların mənbəyini və səbəbini bilirik. Bunun insan haqları və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu, geosiyasi məsələdir. Çox güman ki, sizin kağız üzərindən oxuduğunuz sualı sizə Azərbaycana hücum etmək marağı olan tərəflər veriblər".

Maykl Maknamara: "Mən bunu çıxışlardan götürürəm".
Prezident İlham Əliyev: "Anlayıram, əgər siz müzakirə açmaq istəyirsinizsə, biz bunun üçün başqa yer tapa bilərik.

Buna görə də Azərbaycanda heç bir siyasi məhbus yoxdur və cənab Ştrasserin hesabatı da bu zalda uğursuzluqla nəticələndi. Çünki o hesabat yanlış informasiyaya, şər və uydurmalara əsaslanırdı. Siz də indi eyni şeyi etməyə çalışırsınız. Siz bu səhv informasiyanı təkrarlamaqla Assambleyanı yanlış fikrə yönəltmək istəyirsiniz. Azərbaycanda siyasi məhbuslar yoxdur və ölkəmiz İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin üzvüdür. Məhbuslarla əlaqəli bütün məsələlər öz həllini orada tapa bilər və biz İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına hörmət edirik. Buna görə, bir daha qeyd etmək istəyirəm ki, ölkəmizə hücum cəhdləri tamamilə əsassızdır və bunların heç bir nəticəsi olmayacaqdır".

EPP qrupu adından xanım Dora Bakoyannis sual verdi: "Cənab Prezident, icazə verin EPP qrupu adından Sizi salamlayım. Mən Dağlıq Qarabağ məsələsinə qayıtmaq istəyirəm. Son illər ərzində bir çox təşəbbüslər irəli sürülüb. ATƏT-in Minsk qrupu regionda fəaldır və Sizin fikrinizcə, Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı təşəbbüslə çıxış etmək imkanı varmı? Son aylar ərzində vəziyyəti necə dəyərləndirirsiniz? Sizin fikrinizcə, belə bir təşəbbüsdən faydalanmaq məqamı olacaqmı?"

Prezident İlham Əliyev: "Biz həmişə bu məsələyə burada - Avropa Şurasında baxılmasının güclü tərəfdarı olmuşuq. Təşkilata üzv olmağımızdan bəri bu, belə olub və şərhlərimdə qeyd etdiyim kimi, 2005-ci ildə Avropa Şurası vəziyyət, işğal və işğala son qoymaq zərurəti ilə bağlı qətnamə qəbul edib. Sonra xüsusi komitə yaradılmışdır. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə və bu komitəni boykot etməsinə görə hazırda bu komitə artıq toplaşmır. Buna görə də düşünürəm ki, beynəlxalq təşkilatlar bu münaqişəyə nə qədər diqqət ayırsalar, biz bu məsələnin həllinə daha tez nail ola bilərik. Çünki qeyd etdiyim kimi, Ermənistan hər şeyi olduğu kimi saxlamaq istəyir. Ermənistan istəyir ki, beynəlxalq ictimaiyyət bu münaqişəni unutsun. Ona görə də onlar düşünürlər ki, Minsk qrupunun formatı onlar üçün çox əlverişlidir.


Biz başa düşürük ki, bu gün vasitəçilik missiyası ilə bağlı Minsk qrupuna alternativ yoxdur, baxmayaraq ki, onların fəaliyyəti heç bir nəticə verməyib. Lakin düşünürəm ki, Avropa Şurası bu məsələyə daha fəal baxmalıdır və fikrimizcə, xüsusi komitənin fəaliyyətinin bərpa edilməsi çox vacib addım olardı.


Danışıqların perspektivlərinə gəlincə, əfsuslar olsun ki, biz bu məsələ ilə bağlı çox da nikbin deyilik. Ermənilər status-kvonun dəyişməz olaraq qalması üçün əllərindən gələni edirlər. Vaxtaşırı bizim Ermənistan prezidenti ilə ikitərəfli görüşlərimiz olur, sonuncu görüşümüz keçən ilin noyabr ayında Vyanada baş tutdu. Bu görüşün nəticəsində bizdə müəyyən nikbinlik yaranmışdı və biz də ictimaiyyət qarşısında bu məsələyə mövqeyimizi bildirdik. İrəliyə kiçik addımların atılması, lakin prosesin ləngidilməsi ilə bağlı köhnə taktika davam etdirilir. Buna görə də, beynəlxalq ictimaiyyətin fəal iştirakı olmadan düşünürəm ki, Ermənistan etdiyini davam etdirməyə çalışacaqdır".

EDD qrupundan Qraf Dandi: "Cənab Prezident, sualım insan hüquqları sahəsinin təkmilləşdirilməsi və bu sahədə aparılan islahatlarla bağlıdır. Avropa Şurası ilə hazırda razılaşdırılmış ictimai fəaliyyətlə bağlı tədbirlər planından əlavə, xüsusi hədəflərə nail olmaq üçün Sizin ölkəniz hansı tədbirlərə əl atacaqdır?"

Prezident İlham Əliyev: "Bu, cənab baş katibin ölkəmizə səfəri zamanı razılaşdırıldı. Azərbaycan üçün bu, hərtərəfli bir sənəddir və Azərbaycan ilə Avropa Şurası arasında gələcək əməkdaşlıq üzrə yol xəritəsidir. Əlbəttə ki, insan haqları, qanunun aliliyi və demokratik islahatlarla bağlı vəziyyət bizim üçün prioritetdir. Əvvəldə qeyd etdiyim kimi, bir çox işlər artıq görülüb, lakin bir çoxunun da görülməsi nəzərdə tutulur. Əgər tənqid real faktlara əsaslanırsa, biz bu tənqidlərə çox açığıq. Əlbəttə ki, ola bilsin Parlament Assambleyasının digər üzvləri kimi, biz də mükəmməl deyilik. Lakin bəzi hallarda tənqid qərəzli yanaşmaya əsaslanır. Bu, sadəcə olaraq, Azərbaycanın nüfuzuna xələl gətirmək üçün bir cəhddir. Azərbaycanın Avropa Şurasına üzv olduğu illər sürətli siyasi islahatlar illəri idi və Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması bizim hökumət, eyni zamanda, Avropa Şurası üçün düzgün seçim idi. Buna görə də düşünürəm ki, gələcək əməkdaşlıq, o cümlədən bir neçə ay ərzində sədrliyimiz dövründə demokratik islahatlarla bağlı ölkəmizdə yeni, yaxşı nəticələr hasil olunacaqdır".

LD qrupunun rəhbəri cənab Şukla: "2006-cı ildə Azərbaycan Respublikası Avropa Şurasının korrupsiya ilə mübarizəyə dair konvensiyasına qoşulub. Bu, bizim standartlar nöqteyi-nəzərindən çox vacib məsələdir və aydın təlimatlarımız vardır. Bilmək istəyirəm ki, həmin vaxtdan bəri bu konvensiyanın və informasiyaya çıxışla bağlı qanunun tələblərinin yerinə yetirilməsi, həmçinin maliyyə vəsaitləri və əmlakla bağlı şəffaflığa dair hökumətiniz tərəfindən hansı tədbirlər görülüb?"

Prezident İlham Əliyev: "Qeydlərimdə bildirdiyim kimi, korrupsiya bizim Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyimiz dövründə diqqət yetirəcəyimiz əsas məsələlərdəndir. Çünki bu, müalicə olunmalı xəstəlikdir. Bayaq da qeyd etdiyim kimi, bizim ölkəmiz Sovet İttifaqına daxil olan bütün respublikalar kimi, cəmiyyətimizdə dərin kök salmış korrupsiyaya görə çətin vəziyyətdə idi. Buna görə də bu bəlanın aradan götürülməsi bizim hökumətin hədəflərindən biridir. Bu olmadan bizim uğurumuz dayanıqlı ola bilməz. Ona görə də konvensiyaya qoşularaq və xüsusilə Avropa İttifaqına daxil olan ölkələrin müsbət təcrübəsindən istifadə edərək bu, Avropa İttifaqı ilə əməkdaşlığımızın bir hissəsidir, ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir. Qeyd etdiyim kimi, bizim icra etdiyimiz institusional tədbirlər inzibati və cəza tədbirləri ilə müqayisədə daha yaxşı nəticə verir. Çünki əfsuslar olsun ki, məsələ insanların dəyişilməsi ilə öz həllini tapmır. Buna görə də biz elə bir mexanizm tapdıq ki, - qeydlərimdə ictimai xidmətlər sisteminin mövcud olduğunu bildirmişdim, - bu, korrupsiyanı mümkünsüz edir və əlbəttə, şəffaflıq artır. Mən sizin dediyinizlə tamamilə razıyam. Bizim yaxşı təcrübəmiz var, Azərbaycan Birləşmiş Krallığın sabiq baş naziri Toni Bleyer tərəfindən irəli sürülən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub və Azərbaycan bu təşəbbüsün ilk tamhüquqlu üzvü olub. Buna görə də Azərbaycanda mədən sənayesində 100 faiz şəffaflıq təmin olunub. İndi isə eyni şəffaflıq göstəricisini maliyyə və ictimai xidmətlər sektorunda əldə etməliyik və biz bu məsələ üzərində işləyirik".

Birləşmiş Solçular qrupunun rəhbəri cənab Koks: "Cənab Prezident, maraqlı çıxışınız üçün çox sağ olun. Çıxışınızda ölkənizdə insan hüquqları sahəsində əldə edilən nailiyyətləri yaxşı təhlil etdiniz. Lakin heç də hər kəs Sizin də bildiyiniz kimi, bu müsbət təhlillə razılaşmır. Bakıda olarkən bəzi insanlarla görüşdüm, bu gün də müəyyən insanlarla görüşəcəyəm və əlbəttə ki, gələn ilin yanvar ayında Assambleyada bu məsələyə baxılacaqdır. Cənab Prezident, bu baxımdan Azərbaycanda insan hüquqları üzrə "dəyirmi masa"nın təşkil olunmasını nəzərdən keçirməyə və bu "dəyirmi masa"da Siz Azərbaycanın insan hüquqları sahəsinin təkmilləşdirilməsini zəruri sayan tərəflərlə şəffaf dialoq aparmağa hazırsınızmı? Əminəm ki, Assambleya bu tədbirin təşkil edilməsində Sizə yardımçı olmaq istəyər".

Prezident İlham Əliyev: "Əlbəttə ki, biz nəinki hazırıq, biz belə bir sessiyanı keçirmək istəyirik və tərəfdaşlarımızla birgə iş apardığımız zaman bu məsələni nəzərdən keçirmişdik. Bu ilin may ayında xanım sədr və baş katibin səfəri zamanı bu məsələ ilə bağlı əsaslı müzakirələr aparmışdıq. Baxmayaraq ki, biz bəzi məsələlərlə bağlı razılığa gəlməsək də, lakin, eyni zamanda, konstruktiv dialoqumuz oldu. Bayaq da qeyd etdiyim kimi, biz Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı vəziyyətin mükəmməl olduğunu düşünmürük. Lakin böyük bir irəliləyiş də var və biz konstruktiv tənqidə reaksiya göstərməyə hazırıq, buna reaksiya veririk. Mən öz qeydlərimdə ölkəmizdə aparılan islahatların müsbət nümunəsinə diqqət yetirdim. Çünki adətən, bu zalda əsasən diqqət mənfi məqamlara yetirilir. Buna görə də bu sessiya ərzində azacıq tarazlıq yaratmaq üçün mən vaxtımdan istifadə etdim, lakin suallar üçün də müəyyən vaxt saxladım. Ona görə də düşünürəm ki, mahiyyət üzrə açıq və səmimi müzakirələrin aparılması yaxşı fikirdir. Çünki bəzən biz bu məsələləri müzakirə etdikdə həmkarlarım və tərəfdaşlarımdan eşidirəm ki, belə bir fikir formalaşıb. Lakin bu fikirləri kim yaradır? Bəzən Azərbaycanın nüfuzuna xələl gətirmək üçün bu fikirlər süni olaraq yaradılır. Ona görə də biz mahiyyətə nəzər yetirək. Azadlıqlarla bağlı mən öz qeydlərimdə bildirmişdim. Bizdə mətbuat azadlığı, azad internet vardır. Bizdə azad internet varsa, senzura yoxdursa və internet istifadəçilərinin sayı 70 faizə çatıbsa, biz mətbuatın azadlığını necə məhdudlaşdıra bilərik? Sonuncu dəfə keçirilən prezident seçkilərindən əvvəl və sonra müxalifətin mitinqləri oldu, onlara qarşı heç bir məhdudiyyət tətbiq olunmadı və bu gün kimsə mitinq keçirmək fikrinə düşərsə, müvafiq qaydada bildiriş verməklə 3 gün ərzində Azərbaycanın mərkəzində onlara mitinq keçirmək üçün yer ayrılacaqdır. Digər məsələ isə ondan ibarətdir ki, seçkilərdən sonra müxalifətin təşkil etdiyi sonuncu mitinqdə yalnız 840 nəfər iştirak etdi. Prezident seçkilərindən razı qalmayan 840 adam olub. Lakin Azərbaycanda müxalifətin zəif olması faktı bizim hansısa zərərli fəaliyyətlə məşğul olmağımız anlamına gəlmir. İqtisadiyyat və sosial inkişafla bağlı bildirdiklərimə məhəl qoyulmaya bilməz. Azərbaycana gələn və inkişafı görən hər bir kəs başa düşə bilər ki, belə böyük iqtisadi artım cəmiyyətimiz tərəfindən qəbul edilməyə bilməz. Ona görə də insanlar bizim etdiklərimizi, bizim hökumətimizi dəstəkləyir. Bizim hökumətimiz güclüdür, lakin insanları yatırmağımıza görə yox, işlərimizi lazımi qaydada gördüyümüzə görə.


Digər bir məsələ ondan ibarətdir ki, indi müxalifətdə olan insanlar 1992-1993-cü illərdə hakimiyyətdə idilər. Onlar xaos yaratdılar, ərazilərimizin itirilməsinə və işğala görə məsuliyyət daşıyırlar. Onlar vətəndaş müharibəsini törətdilər və sonra da qaçdılar. Bu qrupun gənc nəsil nümayəndələri burada eyvanda əyləşiblər. Bu insanlar başa düşmürlər, onlar 1992-1993-cü illərdə nələr baş verdiyini bilmirlər və bu, onların günahı deyildir. Onlar yanlış yoldadırlar. Ona görə də biz sizin iştirakınızla "dəyirmi masa" müzakirələrində iştirak etməyə hazırıq".

Norveçdən xanım Kristoferson: "Cənab Prezident, bu Assambleya üçün bütün Avropa miqyasında cinsi azlıqların hüquqlarının çoxsaylı pozuntuları məsələsi xüsusi olaraq nəzərdən keçirilir. Siz cinsi azlıqların hüquqlarını əsas insan hüquqlarının bir hissəsi kimi tanıyırsınızmı? Əgər bu belədirsə, Azərbaycan Respublikası cinsi azlıqların hüquqlarını təmin etmək və ölkənizdə onların təşkilatlanmaq azadlığını təmin etmək üçün hansı tədbirləri görəcəkdir?"

Növbəti sual Fransa nümayəndəsi cənab Roj Bluanda: "Cənab Prezident, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində tanınmış şəxs olan Leyla Yunusla pis davranış Avropa Şurasının Parlament Assambleyasını Azərbaycanın beynəlxalq səviyyədə tanınan Avropa İnsan Hüquqları Konvensiyasında göstərilən azadlıqlara hörmət etməsini inandıra bilərmi?"

Xanım Fiala: "Cənab Prezident, bu yaxınlarda beynəlxalq sərhədlərdə zorakı insidentlərin sayı əhəmiyyətli dərəcədə artıb. Demək olar ki, hər gün biz itkilər barədə məlumatlar alırıq və onların arasında mülki şəxslər də vardır. Cənab Prezident, əgər biz tərəfləri atəşkəsə ciddi əməl etməyə və Minsk qrupu həmsədrləri tərəfindən təklif olunan təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə, yəni snayperlərin çıxarılması və müstəqil araşdırmaların aparılmasına çağırsaq, Siz bununla razılaşarsınızmı?"

Prezident İlham Əliyev: "Azərbaycanda bütün qrup insanların hüquqları təmin olunub və heç bir məhdudiyyət yoxdur. Azadlıqlarla bağlı Azərbaycandakı mövcud vəziyyət artıq bildirdim ki, sizin ölkənizdəki vəziyyətdən fərqlənmir.

Leyla Yunusa qarşı pis davranışla bağlı suala gəldikdə, mən bu bəyanatla razı deyiləm, çünki onunla pis davranılmayıb. Əksinə, polis nəfəri onun fiziki və şifahi hücumuna məruz qalıb. Bəzi cinayət araşdırması ilə bağlı aparılan iş üzrə şahid ifadəsi vermək üçün çağırıldıqda o, qaçmağa cəhd edib və saxlanılaraq şahid qismində ifadə verməyə dəvət olunub. Lakin əfsuslar olsun ki, o, bu dəvətə bir neçə həftə ərzində məhəl qoymayıb və informasiya təqdim etmək üçün bu legitim müraciətdən imtina edib.

Sərhəddə insidentlərlə bağlı suala gəldikdə, sizin verdiyiniz sualı - təhlükəsizlik və etimadın artırılması tədbirləri ilə bağlı sualı mən həmişə Minsk qrupunun həmsədrlərindən eşidirəm. Deyə bilərəm ki, bəzən Azərbaycan və erməni əsgərləri arasında məsafə 50 metr təşkil edir. Burada hər hansı bir məkrli niyyətləri həyata keçirmək üçün heç snayper də lazım deyildir. Etimadın artırılması tədbirlərinin yaradılmasının ən yaxşı yolu işğalçı erməni ordusunun Azərbaycan ərazilərindən çıxarılmasına başlamaqdır. Sizin istinad etdiyiniz itkilər Azərbaycan ərazilərində baş verir. Onlar Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda yox, işğal edilmiş ərazilərdə baş verir. Erməni əsgərlərinin orada nə işi var? O əsgərlərin çoxu Ermənistandan cəlb olunub. Onların işğal olunmuş ərazilərdə nə işi var? Ona görə qüvvələrin öz mövqelərindən geriyə çəkilməsi mümkün deyildir. Belə olan halda biz torpaqlarımızı əlavə hücumlardan necə müdafiə edə bilərik? Buna görə də Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı siyasətinin uğursuzluğunu, onların Azərbaycanla mübarizədə faktiki məğlub olduğunu nə qədər tez başa düşsə, o qədər də yaxşı olar. Onların statistik göstəricilərinə əsasən bu gün Ermənistanda yoxsulluğun səviyyəsi 40 faizdən artıqdır. Onların statistik göstəricilərinə görə, bu ilin yalnız birinci rübündə 40 min erməni vətəndaşı Ermənistanı birdəfəlik tərk edib və onlar heç vaxt geri dönməyəcəklər. Bu da işğal siyasətinin nəticəsidir. İndi də onlar hər yerdə şikayət edirlər ki, Azərbaycan təhlükə mənbəyidir. Bizim ölkəmizin torpaqları işğal olunub, onlar bizim üçün və bütövlükdə bütün region üçün təhlükə mənbəyidir. Onlar nə qədər tez bu siyasətin gələcəyinin olmadığını başa düşsələr, - Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq, - münaqişə həllini o qədər tez tapacaq və erməni xalqı da o qədər tez firavan həyat yaşamağa başlayacaqdır".

Birləşmiş Krallıqdan cənab Flin: "Jurnalistlər Azərbaycanda yalandan ittiham olunaraq həbs ediliblər. Seçkilər saxta olub. Mən bu proseslərə cəlb olunan insanlarla danışmışam. Ona görə də Azərbaycanın bu il standartları Avropa Şurasının səviyyəsinə yüksəldəcəyini, yoxsa digər ölkələr üçün insan hüquqları üzrə standartları daha da pisləşdirmək baxımından örnək ölkə olacağını gözləyə bilərikmi?"

Dias Terida: "Ölkənizin yerləşdiyi regionda bir çox qonşularınız vardır. Mən Sizə enerji riskləri və sabitliklə bağlı risklər barədə sual vermək istəyirəm. Çünki düşünürəm ki, İsrail Yaxın Şərqdə olduğu kimi, Siz də öz regionunuzda mühüm rol oynayırsınız. Birbaşa gələcək üçün enerji və sabitlik riskləri ilə bağlı fikrinizi öyrənmək istərdim. Gördüyünüz işlər üçün çox sağ olun".

Danimarkadan xanım Lokli: "Cənab Prezident, Siz qeyd etdiniz ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur. Lakin biz beynəlxalq mediadan bilirik ki, Azərbaycanda neçə minlərlə məcburi köçkün vardır. Bu çağırışın öhdəsindən necə gəlirsiniz?"

Prezident İlham Əliyev: "Birinci sualla bağlı. Verdiyiniz qısa sualda iki dəfə yalan danışdınız. Siz iki dəfə yalan dediniz və mən bunu sübut edəcəyəm. İndi isə mənə qulaq asın. Azərbaycanda jurnalistlər ittiham olunmur və 2009-cu ildən bəri heç kəs böhtana görə həbs olunmayıb. Heç bir kəs. Bu, sizin birinci yalanınızdır. İkinci yalanınız isə seçkilərin saxta olması ilə bağlıdır. Avropa Şurasının Parlament Assambleyası seçkini müşahidə etmək üçün nümayəndə heyəti göndərmişdi və çox güman ki, siz bu nümayəndə heyətinin tərtib etdiyi hesabatla tanış deyilsiniz. Əgər siz hesabatla tanış deyilsinizsə, həmkarlarınızla əlaqə saxlayın. Onlar Azərbaycanda keçirilən seçkiləri müsbət dəyərləndiriblər. Mindən çox beynəlxalq müşahidəçi seçkilərdə iştirak etmişdir, beynəlxalq təşkilatlar tərəfindən bir neçə exit-poll keçirilib. Bütün bu təşkilatlar seçkilərin rəsmi nəticələrini dəstəkləyib. Beləliklə, onların da verdiyi qiymət fərqli olmayıb. Avropa Şurası Parlament Assambleyası nümayəndə heyəti göndərmişdi və onların tərtib etdiyi hesabat müsbət olub. O hesabat burada tərtib olunub. Avropa Parlamenti nümayəndə heyəti göndərmişdi, hesabat müsbət olmuşdur. ATƏT-in Parlament Assambleyası da nümayəndə heyəti göndərmişdi, bu da müsbət nəticə vermişdir. Niyə görə siz burada yalan danışırsınız? Seçkilər azad və ədalətli idi və seçkilərin nəticələri burada bu təşkilat tərəfindən təsdiq olunub. Ola bilsin ki, bu vəziyyət sizin ölkənizdə baş verir.


Enerji təhlükəsizliyi ilə bağlı məsələyə gəldikdə, Azərbaycan enerji təhlükəsizliyinə töhfə verən ölkə kimi öz rolunu oynayır. Bu gün mən bu məsələni qaldırmadım, çünki diskussiyalara daha çox vaxt ayrılmasını istəyirdim. Lakin enerji təhlükəsizliyi tərəfimizdən ciddi nəzərdən keçirilən bir məsələdir. Faktiki olaraq biz Azərbaycan üçün tam enerji təhlükəsizliyi səviyyəsinə nail olmuşuq. Çünki neft və qaz ehtiyatlarımız üçün şaxələndirilmiş təchizat marşrutumuz vardır. Biz indi bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasına kömək etməyə çalışırıq. Bu gün Parlament Assambleyasının üzvü olan bəzi ölkələr neftin 40 faizini Azərbaycandan əldə edirlər. İndi isə biz böyük qazpaylama və nəqliyyat layihəsini işə salırıq. Bu layihə Azərbaycanın Avropaya qaz ixrac etməsinə imkan yaradacaqdır. Fikrimcə, sualınızda da düzgün qeyd etdiyiniz kimi, enerji təhlükəsizliyi, siyasi təhlükəsizlik və sabitlik birgə həll olunmalı məsələlərdir. Ona görə də Avropada hazırda icra edilən və ümumi sərmayə dəyəri ən azı 45 milyard avro olan ən böyük infrastruktur layihəsi hesab edilən yeni qaz infrastruktur layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi ən böyük töhfə olacaqdır.


Danimarka nümayəndəsinin verdiyi növbəti suala gəldikdə siz məcburi köçkünlər məsələsinə toxundunuz. Əgər düz başa düşdümsə siz Ermənistanın işğalından əziyyət çəkən insanları nəzərdə tutursunuz? Bu, belədir?"

Xanım Lokli: "Bir çox məcburi köçkünlər vardır".

Prezident İlham Əliyev: "Bizdə olan qaçqın və məcburi köçkünlərin ümumi sayı milyondan artıqdır. Bunların 250 mini Ermənistandan qovulan azərbaycanlılardır, 700 min azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf rayonlardan qovulub. Bizdə, həmçinin digər ölkələrdə gedən müharibələrin qurbanı olan və ölkəmizə gələn qaçqınlarımız vardır. Bu insanların yaşayış şəraitini yaxşılaşdırmaq üçün əlimizdən gələni etməyə çalışırıq. Lakin sizin də bildiyiniz kimi, bu, çoxlu vaxt və maliyyə vəsaiti tələb edir. Hər il biz 20 mindən çox məcburi köçkünü yerləşdiririk. Biz 82 qəsəbə tikmişik və artıq 40 min ailə mənzil və evlərlə təmin olunub. Amma bütün bu insanların ehtiyaclarını təmin etmək üçün bizə əlbəttə ki, əlavə vaxt və vəsait lazım olacaqdır".

Gürcüstan nümayəndəsi cənab Caparidze: "Cənab Prezident, Azərbaycana uğurlu və məhsuldar sədrlik arzu edirəm. Siz münaqişələr barədə danışdınız və bildiyiniz kimi, Gürcüstan da eyni problemləri yaşayır. Siz iqtisadi inkişaf barədə də danışdınız. Buna görə də mən Sizə regional əməkdaşlıqla bağlı sual ünvanlamaq istəyirəm. Çünki Azərbaycan Gürcüstan və Türkiyə ilə birlikdə bu layihələr üzrə aparıcı qüvvədir".
Polşa nümayəndəsi cənab Bedro: "Cənab Prezident, yalnız kişilərdən ibarət nümayəndə heyətinizi gördükdə çox təəccübləndim, kişi və qadın bərabərliyi xatirinə bu sualı vermək məcburiyyətində qaldım. Azərbaycan qlobal gender ayrı-seçkiliyi indeksinə görə 136 ölkə arasında 99-cu yeri tutur. Gender bərabərliyi ilə bağlı bu, çox dəhşətli mövqedir. Buna görə bilmək istərdim ki, hökumətiniz kişi və qadın bərabərliyini həyata keçirmək üçün hansı addımları atır, İstanbul konvensiyasını nə vaxt imzalayacaq və ratifikasiya edəcəkdir?"

Ukrayna nümayəndəsi cənab Ariev: "Cənab Prezident, əvvəlcə GUAM-ın yenidən gücləndirilməsi ilə bağlı fikrinizi öyrənmək istərdim. Çünki bu quruma daxil olan bütün ölkələr Rusiyanın işğalının qurbanı olublar. İkincisi, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən ölkənin Prezidenti kimi Rusiyanın qadağası ucbatından Krıma qayıda bilməyən Krım tatarlarının lideri Mustafa Cəmiloğluna bu məsələdə kömək edə bilərsinizmi?"

Prezident İlham Əliyev: "Cənab Caparidze tərəfindən verilən sualla bağlı onu qeyd edə bilərəm ki, enerji və nəqliyyat üzrə Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı üçtərəfli əməkdaşlıq artıq regionumuzda çox ciddi geosiyasi dəyişikliklə nəticələnib. Çünki keçən ay ilk dəfə üç ölkənin dövlət başçıları səviyyəsində Tbilisidə sammit keçirilib. Bu üç ölkə arasında siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlıq təkcə bizim üçün vacib deyil, həm də region üçün önəmlidir. Çünki biz birlikdə, xüsusilə enerji təhlükəsizliyinə aid məsələlərlə bağlı sabitləşdirici rol oynayırıq.

Birinci geosiyasi dəyişiklik ilk dəfə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi idi. İndi isə biz TANAP-Trans-Anadolu, Cənubi Qafqaz və TAP-Trans-Adriatik qaz kəməri layihələrini həyata keçiririk. TAP Bakıdan başlayaraq Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan və bir çox ölkələri əhatə edəcəkdir. Biz, həmçinin çox önəmli Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini də həyata keçiririk. Bu, bizim ölkələrimizin ərazisindən Asiyanı Avropa ilə birləşdirən dəmir yolu xətti olacaqdır. Əlbəttə ki, regionda vəziyyətin uğurlu inkişafı üçün ölkələrimizdə sabitlik əsas ilkin şərtdir. Ona görə də biz Gürcüstan və Türkiyə ilə ikitərəfli əlaqələrimizi yüksək qiymətləndiririk və bu əməkdaşlığı fəal inkişaf etdirməkdə davam edəcəyik.


Azərbaycanda gender sahəsində bərabərliyin olmaması ilə bağlı ittiham eşitmək çox qəribədir. Azərbaycan böyük ənənələrə malik olan ölkədir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılanda ilk fərmanlardan biri qadınlara seçkilərdə iştirak etmək hüququnun verilməsi ilə bağlı idi və ola bilsin ki, bu, sizin ölkənizdən daha tez Azərbaycanda olub. Bu gün Azərbaycan qadınları eyni hüquq və imtiyazlardan faydalanırlar. Onlar ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Mən istəməzdim ki, siz məni müşayiət edən nümayəndə heyətini yalnız kişilərdən ibarət hesab edəsiniz. Burada Azərbaycanın nümayəndələri, məşhur qadın parlamentariləri əyləşiblər. Onlar özlərini göstərə bilərlər, siz bunu görə bilirsiniz və bizdə heç bir məhdudiyyət yoxdur. Biz heç vaxt mənim nümayəndə heyətimdə neçə nəfər kişinin və neçə nəfər qadının təmsil olunması məsələsini nəzərdən də keçirməmişik. Çünki onlar bərabərdirlər və bərabər hüquqlardan faydalanırlar.


Gender bərabərliyinə gəldikdə, siz yəqin bilirsiniz ki, Azərbaycan gender bərabərliyi ilə bağlı qanun və Ailə Məcəlləsini qəbul edib. Biz hazırda İstanbul konvensiyasını nəzərdən keçiririk. Buna qarşı bizim heç bir etirazımız yoxdur. Bakıya gələndə siz qadınların eyni hüquqlara malik olmasını özünüz görəcəksiniz. Bu, çox sevindirici haldır.

GUAM-la bağlı deyə bilərəm ki, GUAM-ın fəallığı və ya passivliyi əsasən Ukraynanın mövqeyindən asılı idi. Çünki bu əməkdaşlıq formatındakı təcrübəmə əsasən deyə bilərəm ki, artıq bir neçə dəfə Ukrayna hökuməti ya GUAM-ın lehinə, ya da əleyhinə idi. Buna görə də bizim və əminəm ki, gürcüstanlı və moldovalı həmkarlarımız üçün bu qurumun inkişafı üzrə uzunmüddətli strategiyanı planlaşdırmaq çox çətindir. Çünki qurumun fəaliyyəti və ya fəaliyyətsizliyi əsasən əvvəllər hökumətinizin siyasi quruluşundan asılı idi. Buna görə də GUAM-ın əvvəllərdəki kimi, fəal olması üçün Ukraynadan müsbət siqnallar gözləyəcəyik".
publika.az
Geri qayıt