Sabah bizi nə gözləyir?- Bələdiyyə seçkiləriBölmə: Siyasət, BLOK XƏBƏR
![]() Bir neçə saatdan sonra ölkə növbəti bələdiyyə seçkiləri keçirəcək. Digər prezident və parlament seçkilərilə müqayisədə Azərbaycanda bələdiyyələrə seçkilər bir qayda olaraq sönük keçməsilə yadda qalır. Bu dəfəki proses də istina olmadı. Seçkilərə hazırlıqla bağlı bu gün mətbuata açıqlama verən Mərkəzi Seçki Komissayasının sədri Məzahir Pənahov prosesə xaricdə də marağın az olduğunu etiraf edib. MSK sədrinin ümidi mətbuatadır. Məzahir Pənahov mətbuatı fəal olmağa çağırıb. ANS TV-nin məlumatına görə, bu gün bələdiyyə seçkilərilə bağlı sükut günü idi. Amma təbliğat-təşviqat üçün verilmiş 22 gün də sükut pozulmamışdı. Müşahidə olunan ab-hava belə deməyə əsas verir. Seçicilər nə namizədlərin rəqiblərilə kəskin mübarizəsinin şahidi oldu, nə də onları tanıya bildi. Bəli, seçici yaşadığı bölgə üzrə kimə səs verəcəyini bilmir. MSK sədri Məzahir Pənahov isə belə düşünmür. Onun fikrincə, bir bələdiyyə üzvlüyünə iki namizədin qeydə alınması isə artıq rəqabətdən xəbər verir. 8 siyasi partiya rəsmi olaraq namizədlərini irəli sürüb. Dünəndən etibarən, namizədlərin təbliğat xarakterli materialları, şəhərin müxtəlif yerlərində asılan plakatlar artıq yığışdırılıb. MSK sədri Məzahir Pənahov sabahkı seçkilərdə pozuntuya yol veriləcəyi təqdirdə media nümayəndələrini seyirçi olmamağa səslədi, dərhal məlumat verməyi xahiş etdi. Bu tip problemlərin qarşısını almaq üçün 1000 məntəqədə, başqa sözlə 20 faiz səsvermə nöqtəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 50 mindən artıq müşahidəçi izləyəcək. Onların arasında yalnız bir xarici müşahidəçi qrup var. Bu da MDB parlamentlərarası müşahidəçilərdir. Digər beynəlxalq müşahidəçi qruplara, o cümlədən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə müraciət edilsə də, onlar Yeni il bayramını, Mövludu qeyd etmələrini əsas gətirərək Azərbaycandakı bələdiyyə seçkilərini izləməkdən imtina ediblər. Bələdiyyə seçkilərində “Ekzitpol” üçün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi müraciət edib. Beləliklə, sabah ölkədə 118 dairədə baş tutacaq seçkilərdə 1 607 bələdiyyəyə, 15 035 üzv seçılməlidir. Seçkilərdə bələdiyyə üzvlüyünə 37 079 şəxs namizədliyini irəli sürüb. MSK sədri əmin edir ki, ölkə miqyaslı xeyli təlimlər keçirildiyindən bu il də polislə bağlı problemlər yaşanmayacaq. Yeri gəlmişkən, seçkilərlə bağlı polis artıq bu gündən başlayaraq dekabrın 25-dək gücləndirilmiş iş rejimində işləyəcək. DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, seçki günü ictimai asayışın qorunması üçün Post-Patrul Xidməti naryadlarının sayı artırılacaq. |
|