» » İlham Əliyev və müxalifət

İlham Əliyev və müxalifət

Bölmə: Siyasət
İlham Əliyev və müxalifət



Hər bir dövlət başçısının yaşından asılı olmayaraq ən vacib xüsusiyyətlərindən biri də onun bir ağsaqqal kimi bütövlükdə dövlətinin və bütün vətəndaşlarının əsl rəhbəri olmasındadır. Dövlətə və onun vətəndaşlarına həm də onun müxalifəti aiddir. Çünki dövlətimizin bir sərhədi var ki, ora qədər hamı azərbaycanlıdır - iqtidarı da, müxalifəti də, neytralı da.

Ancaq burada mütləq bir kiçik, lap kiçik istisnanı nəzərə almaq lazımdır ki, müxalifət deyəndə dövlətinə müxaliflikdən deyil, iqtidara müxaliflikdən söhbət gedir. Çünki həmin o çox kiçik istisna cəmiyyətimizin sözdə özünü iqtidara müxalifət kimi qələmə verib ancaq əməllərində dövlətimizə və dövlətçiliyimizə hər cür müxalifliyi edən qismi ilə də bağlıdır. Həm də, az öncə bütün Azərbaycan üçün bir sərhədin olduğunu qeyd etdik və bu hamıya münasibətdə eyni olmalıdır. Çünki vətən müqəddəs olduğu kimi, ona aid hər şey, xüsusilə də başlandığı və bitdiyi nöqtələr də müqəddəsdir. Həmin sərhədlərimizin də müstəqillik tariximizdə heç vaxt olmayan böyük bir hissəsini Prezident İlham Əliyev özünün dühası, zəkası, uzaqgörən siyasəti və uğurlu diplomatiyası ilə inşa etməkdədir.

Elə bu proseslə paralel ölkə başçısı həm də ölkənin yeni siyasi konfiqurasiyasının inşası ilə bağlı fikirlərini bizim üçün yeni tarixin əsas səhifələrindən olan 2020-ci ildə bəyan etdi. Çünki dövlətin gücü həm daxili, həm də xarici siyasətinin eyni anda güclü olmasındadır. Məhz bunun və rəhbərlik etdiyi Azərbaycan dövlətinin hərtərəfli güclü olması naminə Prezident İlham Əliyev onun iqtidarına müxalif olsa da, siyasi cameənin də inkişafında marağını ortaya qoydu.

Vətən müharibəsində canı və qanı bahasına sərkərdəsinin müqəddəs əmrlərini yerinə yetirməyə hazır olan əsgərinə və ordusuna Prezident İlham Əliyev ölkə idarəetməsində də, daxili və xarici siyasətimizdə də sahib olmaq uğrunda çalışırdı. Elə 2018-ci ilin növbədənkənar Prezident seçkilərindən sonra ölkədə aparılan kadr və struktur islahatları, korrupsiya və digər qanunsuzluqlarla amansız mübarizə də bu məqsədlərə xidmət edirdi. Bir sıra digər sahələrlə yanaşı xarici siyasət sahəsində fəaliyyət göstərən korpusun dəyişdirilməsi, Prezidenti həm də ölkədə birbaşa təmsil edən Administrasiyanın mahiyyət və məzmun baxımından yenilənməsi dövlət başçısının əsas prioritetlərindən biri oldu.

Administrasiyanın yeni institutu hesab olunan Prezident köməkçiləri, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndələri, xarici siyasət sahəsində vəzifələndirilən “Xarici siyasət məsələləri” və bilavasitə yeni siyasi konfiqurasiya sahəsində Prezidentin tapşırıqları ilə məşğul olan “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” kimi şöbələrin bütün fəaliyyəti bu gün də ölkə rəhbərinin bu amalına xidmət etməkdədir. Bütün bu siyasətlə Prezident bir daha isbat etdi ki, Azərbaycan dövlətinin və xalqının bir düşməni var, o da dövlətimizə, dövlətçiliyimizə və onun milli maraqlarına pis niyyətlə baxanlar. Həmin düşmənlə uğurlu mübarizə aparmaq üçün biz xalq olaraq son nəfərimizə qədər bu müqəddəs amal ətrafında birləşməliyik və birləşdik də.

Təbii ki, bu yolla Prezident həm də bir incələmə və ələmə prosesini həyata keçirdi və göstərdi ki, gecə-gündüz vətən, millət, dövlət və dövlətçiliklə bağlı populist çıxışlar etmək vətənpərvər və dövlətpərəst olmaq demək deyil. Çox təəssüflər olsun ki, o ələmədən keçməyənlər oldu. Otuz ilə qədər vaxtları olsa belə, onlar xalq, dövlət və vətən dərslərindən həmişəki kimi yenə də biabırçı qiymət aldılar.

Biz isə yaranmış yeni və güclü siyasi konfiqurasiyanı tarixi zəfərdən sonra yalnız keçən ilin sonlarında tam olaraq bütövləşən və suverenliyi təmin olunan sərhədlərimiz daxilində də qorumaq niyyətindəyik. İdeya olaraq bu ilin fevralında suveren və bütöv Azərbaycanın ilk Prezident seçkilərində bir araya gəlib bir hədəfi seçməyimizin ardınca, fiziki olaraq 16 may tarixində ölkənin iqtidar və müxalifətindən ibarət bütün siyasi cameəsi suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra ilk dəfə bir araya gəldi. Yalnız bütün fəaliyyəti və addımları ilə xalqının cəbhəsini illər öncə dəyişən və minlərlə kilometr uzağa gedən, elə xalq dilində desək, xalqın deyil, “xalxın cəbhəsi” missiyasını öz üzərinə götürən bir neçə nəfərdən savayı.

Tədbir Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı və 25 siyasi partiyanın və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Şöbənin müdiri Ədalət Vəliyev tədbirin dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviqinə xidmət etdiyini vurğulayıb. Həmin tədbirlə bağlı görüntülər Vətən müharibəsində bütövlükdə cəmiyyət olaraq ölkə rəhbərinin və onun qələbə ideyalarının ətrafında sıx birləşdiyimizi göstərən undulmaz görüntülərin siyasi müstəvidə eynisini əks etdirməklə yanaşı həm də, qürurlandırıcı məqamlarla yadda qalır.

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler