» » Ağdamda pozulan atəşkəs, sülhməramlıların müəmmalı sükutu

Ağdamda pozulan atəşkəs, sülhməramlıların müəmmalı sükutu

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Ağdamda pozulan atəşkəs, sülhməramlıların müəmmalı sükutu
Atəş açan erməni quldur Bakıya təhvil verilməlidir!; rus sülhməramlılarının təsir dairəsində olan erməni silahlılarını cəzalandırmaq vaxtı çatdı, erməni canilər son təxribatları ilə özlərinə qəbir qazdılar...

Qarabağın Rusiya sülhməramlılarının təsir zonasına daxil olan hissələrində mövcud olan qanunsuz silahlı birləşmələrin hər an təxribat törədə biləcəyi barədə yazdıqlarımız özünü doğrultdu. İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrinin atəşə tutulduğu barədə xəbər yayıldı. Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Təəccüblüsü budur ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti” bölməsində bəhs edilən hadisədən 2 saat 10 dəqiqə sonra, yəni Moskva vaxtilə saat 19:00-da yayılmış məlumatda Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş vermiş insidentlə, yəni qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması ilə bağlı heç bir məlumat verilməyib. Rusiya MN-in Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqda iyulun 6-da Bakı vaxtilə saat 20:00-da yaydığı son məlumatında belə deyilir: “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində vəzifələrini yerinə yetirməkdə davam edir. 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Bütün təmas xətti atəşkəs rejiminə əməl olunur. Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər”.

Rusiya MN-in 6 iyul 2021-ci ildəki məlumatında deyilir: “Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.

“Atəşkəsə nəzarət edən bütün qüvvələr öz üzərlərinə düşən funksiyaları ciddi həyata keçirməli və bütün qaranlıq məqamlara aydınlıq gətirməlidir”
Azərbaycan MN-in eyni tarixdə, Rusiya MN-in məlumatından 2 saat 10 dəqiqə öncə Ağdamda baş vermiş baş vermiş insident barədəki məlumatının sonunda isə belə deyilir: “Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib”.

Ötən müddətdə nə Rusiya MN-dən, nə də Birgə Monitorinq Mərkəzindən hadisəyə reaksiya verilməyib.

Bu yerdə qeyd edək ki, erməni cani təxribat törətdiyi gün, hadisədən bir neçə saat əvvəl Ermənistan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətində atəşkəsin pozulduğu, bir erməni, iki azərbaycanlı hərbçinin guya yaralandığı haqda xəbər yaymışdı. Ancaq Azərbaycan Müdafiə Nazirliyi atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib etdi. Nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı “Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır”, - deyə açıqlama yaydı. Ardınca Ağdamda atəşkəs pozuldu. Demək, erməni tərəf təxribata zəmin hazırlamaq üçün “sərhəd atışması” haqda fantaziyasını işə salıb. Axı köhnə üsuldur, Azərbaycanı günahlandırır, xaricə məlumatlar ötürür, sonra da təxribat törədir.

Ancaq istənilən halda burada təhlükəsizliyə qarant olan rus sülhməramlılarının fəaliyyətsizliyindən söhbət gedir. Belə görünür kontingentin işi-gücü erməniləri Qarabağda yerləşdirmək, onlar üçün evlər tikməkdən ibarətdir, hətta buradan getmək istəyənlərin də qarşısını almaqdır. Budur,

jurnalist Narine Kirakosyanın hazırladığı reportajdan məlum olub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlıları erməniləri Qarabağa geri qayıtmağa məcbur edirlər. “Rusiya sülhməramlıları bizə deyirlər ki, geri qayıtmalısınız. Çünki əgər çıxıb getsək, Azərbaycan Rusiyadan tələb edəcək ki, burada (Qarabağda - red.) qorumağa heç kim qalmayıb və demək, Rusiya sülhməramlılarının da Qarabağda qalmasına ehtiyac yoxdur. Ona görə də bizi geri qaytarırlar, - Narine Kirakosyan deyib. Belə olan halda sülhməramlıların silahlı erməniləri cəzalandırmaq istəyinin olmaması da təbii görünür, amma çox təhlükəli yanaşmadır. Ermənilərin Ağdamda atəşkəsi pozmasını necə şərh etmək olar? Artıq azğınlaşırlar. Ermənistandakı seçkidən sonra İrəvanın daha da yumşalacağı proqnozlaşdırılırdı, amma əksi baş verir? Azərbaycan tərəfin buna cavabı necə olmalıdır? Özü də hadisə Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin olduğu ərazidə baş verir. Yoxsa Ermənistan və onun Qarabağdakı uzantıları Azərbaycanı və Türkiyəni təxribata çəkir?

Ağdamda pozulan atəşkəs, sülhməramlıların müəmmalı sükutu
Arzu Nağıyev

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistandakı parlament seçkilərindən sonra belə bir hadisənin baş verməsi Paşinyan hakimiyyəti ilə birbaşa bağlı olmaya da bilər: “Çünki hadisə Azərbaycan ərazisində baş verib və separatçı rejimin tör-töküntüləri tərəfindən həyata keçirilir. Əgər Azərbaycan Ordusunun əsgərinə snayperdən atəş açılıbsa, bu, artıq onun öldürülməsi üçün edilir və bunu əmr edən var. Çünki həmin ərazidə, daha dəqiq desək, Əliağalı kəndi istiqamətdə mühəndis istehkam işlərini həyata keçirən və yol çəkən əsgərimizə qarşı qəfildən atılan atəş sülhməramlı qüvvələrin səhlənkarlığı kimi də dəyərləndirilə bilər. Məhz buna görə də artıq aydınlaşır ki, nə quldurbaşı Araik Arutyunyan, nə də digərləri tam nəzarət həyata keçirə bilmirlər. Əlbəttə, bu, bir neçə revanşist ideya ilə yaşayan quldurlar və millətçilər tərəfindən də edilə bilər. Zənnimcə, məsələ tam şəkildə aydınlaşdırılmalı və ictimaiyyətə ilk növbədə sülhməramlılar tərəfindən açıqlama verilməlidir”. A.Nağıyev hesab edir ki, belə hadisə birinci dəfə olsa da, sonuncu olmaya bilər: “Təbii ki, Azərbaycan tərəfi bununla bağlı müraciət edib və cavab da alınacaq. Əks halda, bu proses antiterror əməliyyatı ilə nəticələnə bilər. Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi də bu məsələdə daha ciddi olmalıdır və siyasi rəhbərliyə təqdim edilmək üçün tam araşdırılmış məruzə ortaya qoymalıdır. Yəni atəşkəsə nəzarət edən bütün qüvvələr öz üzərinə düşən bütün funksiyalarını ciddi həyata keçirməli və bütün qaranlıq məqamlara aydınlıq gətirməlidir”. Azərbaycan tərəf atəş açan cinayətkarın təhvil verilməsi üçün tələb irəli sürə, yaxud bu barədə sülhməramlılar qarşısında məsələ qaldıra bilməzmi? A.Nağıyev: “Əvvəlcə onun kim olduğunu və niyə bu hadisəni törətdiyini , kimin əmrini yerinə yetirdiyini aydınlaşdırmaq lazımdır, ardınca digər hüquqi addımları atmaq zəruridir”.

“Qarabağda - Ağdam istiqamətində azərbaycanlı hərbçiyə atəş açılması nə deməkdir? Bu, o deməkdir ki, müharibədə məğlubiyyət erməni separatçılarına dərs olmayıb və onlar cinayətlərinə davam etməyə hazırdırlar”.
Ağdamda pozulan atəşkəs, sülhməramlıların müəmmalı sükutu
Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirdədir. Ekspertin sözlərinə görə, baş verən hadisə o deməkdir ki, bölgədəki rusiyalı hərbçilər nə erməni separatçılarını tərksilah edəcəklər, nə də onların cinayətlərinə mane olacaqlar: “Bu o deməkdir ki, Qarabağda yenidənqurma və inşaat işlərində çalışanlar üçün də təhlükə var. Bu o deməkdir ki, gələcəkdə Qarabağa köçürüləcək həmvətənlərimizi təhlükə gözləyir, 1980-ci illərin ortalarında da erməni separatizmi oxşar ssenari ilə başlamışdı, ermənilər Xankəndindəki SSRİ hərbi bazalarından əldə etdikləri silahlar hesabına kəndlərimizə hücumlar təşkil etdilər və daha sonra işğalı həyata keçirdilər”. E.Şahinoğlunun sözlərinə görə, bütün bunların qarşısının alınmasının yeganə yolu Qarabağdakı erməni separatçılarının tamamən tərksilah olunmasından keçir: “Ermənistanla sərhəddə insidentlər tez-tez baş verir, bu təxribatlara alışqanıq və qarşısını alırıq. Ancaq bu dəfə atəşkəs Azərbaycanın içərisində pozulub və bu bizim üçün daha mürəkkəb vəziyyətdir. Çünki atəş açılan əraziyə nəzarət etmirik. Rusiya hərbçiləri artıq 7 aydan çoxdur ki, Qarabağdadırlar və onların erməni separatçılarını tərk-silah etmək planları yoxdur, çünki Moskvadan müvafiq təlimat almayıblar. Belə bir təlimatın gələcəkdə olacağı şübhə doğurur. Demək, özümüz erməni separatçılarını tərk-silah etməyin planını hazırlamalıyıq, başqa alternativimiz yoxdur. Belə görünür ki, Ağdamdakı Rusiya-Türkiyə monitorinq mərkəzindən də nəticə gözləyə bilmərik. Bu mərkəz, sadəcə, Cənubi Qafqazda Rusiya ilə Türkiyə əməkdaşlığının modelidir. Ancaq bizə bu azdır. Azərbaycan cəmiyyəti nəticə gözləyir. Müharibədə ona görə qələbə çalmadıq ki, erməni separatçıları silahlarını yenə də bizə tuşlasınlar”.
Ağdamda pozulan atəşkəs, sülhməramlıların müəmmalı sükutu
Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev isə bu fikirdədir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulması, hərbçimizin yaralanması birmənalı olaraq Ermənistanın münaqişəni yenidən alovlandırılmasına cəhdi kimi dəyərləndirilməlidir. Ekspert vurğulayıb ki, hadisənin üstündən saatlar keçməsinə baxmayaraq, Rusiya sülhməramlı qüvvələrinin komandanlığı, onların nəzarət etdiyi ərazidə baş verən hadisə ilə bağlı münasibət bildirməyib. “Heç olmasa bu dəfə öz funksiyanızı yerinə yetirib, atəş açan və ona bu əmri verən erməni silahlısını Azərbaycana təslim edin. Qarabağın Azərbaycan ərazisi olduğunu Rusiya prezidenti V.Putin dəfələrlə bildirib, sülhməramlılar da bu fonda Azərbaycan sizin nəzarətinizdə olan ərazisindən açılan atəşlə əsgərinin yaralanması faktına adekvat reaksiya verməlidir. Bu reaksiya rus sülhməramlılarına bitərəf kimi simasını xilas etməyə bəlkə də bir az kömək edəcək. Əks halda, Azərbaycan həmin əraziləri bir həftə ərzində erməni silahlılarından təmizləmək hüququnu özündə saxlayır. Azərbaycan öz suveren ərazisində hərbi qulluqçusunun Rusiya sülhməramlılarının nəzarətində olan məntəqədən açılan atəşlə yaralanması faktına zəruri reaksiyanı artıqlaması ilə verəcəyinə heç kimin, hətta Putinlə gürüşə hazırlaşan Paşinyanın da şübhəsi olmamalıdır. Odur ki, ya vəzifənizi icra edin, ya da kənara çəkilin!”, hərbi ekspert bildirib.

Əminik ki, erməni silahlısının və onun kimi digər canilərin əməli cavabsız qalmayacaq, Azərbaycanın müvafiq qurumları hərbçimizə atəş açan qulduru tezliklə layiqli cəzasına çatdıracaq. Əslində bu kimi xain hərəkətlərlə erməni quldurları qəbirlərini qazmış olurlar. Antiterror əməliyyatları tezliklə gündəmə gələ bilər. O cümlədən məsələyə biganə yanaşan sülhməramlıların nəzərdə tutulduğundan tez ölkəmizi tərk etməsi tələbi də... General Muradovun başçılıq etdiyi heyət bunu istəmirsə, dərhal hərəkətə keçməli, hərbçimizə atəş açan erməni quldur Bakıya təhvil verilməlidir!
İstinad:Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler