» » “Laçın dəhlizinə birgə nəzarət məsələsi aktuallaşıb” - eks nazir

“Laçın dəhlizinə birgə nəzarət məsələsi aktuallaşıb” - eks nazir

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Laçın dəhlizinə birgə nəzarət məsələsi aktuallaşıb” - eks nazir
Sülhməramlıların qarşısından Qarabağa keçən əlisilahlıları ram etməyin tək yolu: “Azərbaycan tərəfi Rusiyanı da məlumatlandırmaqla həmin terrorçu-separatçıların zərərsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyatların həyata keçirilməsinə başlamalıdır”; politoloq: “Rus sülhməramlıları bu yolu - Laçın koridorunu ”su yolu"na döndəriblər"
Bakıda mühakimə olunarkən məhkəmədə ifadə verən erməni diversantlar etiraf etmişdilər ki, onlar Azərbaycan ərazisinə elə Rusiya sülhməramlılarının gözü qarşısında keçiblər və silahlı olduqları halda heç bir müqavimətlə üzləşməyiblər. Bu fakt cəmiyyətimizdə ciddi etirazlar doğurub və sülhməramlıların missiyasından kənar fəaliyyət göstərdiyi haqda haqlı fikirlərin yayılmasına səbəb olub.

Əgər Laçın dəhlizinə bu şəkildə “nəzarət” davam edəcəksə, o halda Xankəndi və digər ərazilərimizdəki ermənilərin günün birində təxribatçı hərəkətlərə əl atmayacağına da kimsə zəmanət verə bilməz. Bu, həm də o deməkdir ki, ötən 8 ay ərzində Rusiya sülhməramlıları silahlı erməni terrorçularının ərazimizə keçməsinə şərait yaradıb. Bu halda Ermənistanın Qarabağa hərbçi göndərmədiyi barədə mövqe də inandırıcı görünmür. Necə olur ki, Ermənistan, hətta üçüncü ölkənin vətəndaşı olan ermənilər “Artsaxın polis qüvvələrində” xidmət adı ilə Qarabağa keçiblər? Əslində Azərbaycan dövləti bölgədə qayda-qanun yaradılması şərtilə sülhməramlıların ölkəmizə gəlişinə razılıq verib. Amma elə dünən yayılan xəbərə görə, sülhməramlılar minaaxtaranlardan atışlar həyata keçirərək hərbi təlimləri icra ediblər. Erməni silahlıların Qarabağa silahla (!) keçidinə göz yuman sülhməramlılar minaaxtaranlarla kimləri hədəfə alacaqlar ki, təlim keçirirlər? Məsələ ilə bağlı narahatlıq mövzuya yenidən qayıdışımızı zəruri edir. Azərbaycanın Laçın dəhlizinə birgə nəzarətlə bağlı məsələni qaldırması da aktuallaşır.
“Laçın dəhlizinə birgə nəzarət məsələsi aktuallaşıb” - eks nazir
Tofiq Zülfüqarov

Xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, həmin hadisə sülhməramlıların bölgədə yerləşməsindən sonra baş verib: “O vaxt ciddi nəzarət gözləmək bəlkə də mümkün deyildi. Amma tamamilə doğrudur ki, Laçın dəhlizinə birgə nəzarət məsələsi aktuallaşıb. Hesab edirəm ki, Laçın dəhlizinə birgə nəzarət mümkündür. Yəni görünür ki, Birgə Monitorinq Qrupu tərəfindən texniki vasitələrlə həyata keçirilən nəzarət yetərincə deyil”.

T.Zülfüqarov hesab edir ki, ilkin mərhələdə Laçın dəhlizinə Rusiya hərbçiləri ilə yanaşı, Azərbaycan və Türkiyə hərbçiləri də nəzarət edə bilər: “Bu, normal haldır. Artıq ilk mərhələ keçəndən sonra biz ardıcıl şəkildə öz nəzarətimizi gücləndirməliyik. Bir yerdə xidmət aparılması normal haldır, müxtəlif münaqişələrdə bu, tətbiq olunub”.

Eks-nazir hesab edir ki, hazırda qarşımızda həlli vacib bəzi məsələlər var: “Birincisi, Qarabağdakı erməni silahlı qüvvələrinin və ümumiyyətlə, ermənilərin identifikasiyası və rədd edilməsi. İkinci mərhələ orada qeyri-qanuni ”yaradılmış" güc strukturlarının buraxılması və müvəqqəti olaraq üç hissədən ibarət olan qurumun yaradılması artıq aktualdır. Amma eyni zamanda strateji əhəmiyyət kəsb edən real qayıdışın daha da sürətləndirilməsi vacibdir. Yəni insanların Kəlbəcərə, Laçına və harada ki, imkan var, digər yerlərə qaytarılmasını sürətləndirmək lazımdır".

T.Zülfüqarov Rusiya hərbçilərinin Azərbaycanla sərhəddə yerləşməsinə də münasibət bildirdi: “Rus sərhədçilərin yerləşməsi onunla bağlı idi ki, guya onlar MDB-nin xarici hüdudlarını qorumaq üçün gəliblər. Yəni buna aid model Ermənistandan əlavə, Tacikistanda da var idi. Ermənilər özləri bilərlər, öz tərəfindən nə istəyir, etsin. Amma bu, onu göstərir ki, Ermənistan çox zəif ölkədir, qorxusundan bilmir hansı ölkənin hərbçilərini öz ərazisində yerləşdirsin. Paşinyan Parisə səfər edəndə demişdi ki, bölgədə Fransadan müşahidəçilər olmalıdır. Görünür ki, ona ”yox" cavabı veriblər və deyiblər ki, get, ala bilirsən, ruslardan al. Ona görə də indi hər yerdə rusları yerləşdirir qorxusundan. Baxaq, görək bunun axırı nə olacaq? Amma inanmıram ki, bu, uzunmüddətli yerləşmə olacaq".

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bildirdi ki, rus sülhməramlıları bu yolu - Laçın koridorunu “su yolu”na döndəriblər: “Buradan istənilən adam Xankəndi və digər yerlərə keçə və burada istənilən hərəkəti edə bilirlər. Ermənilərə qulaq asıram, deyirlər ki, buradakı erməni əhalini saxlamaq üçün dünyanın erməni təşkilatlarını, müxtəlif fondları cəlb edərək Xankəndində ofislərini açmaq lazımdır və məşhur ”Hayastan" Fondu artıq belə bir addım atmağa hazırlaşır. Ermənistanın QHT-ləri də burada şöbələrini yaratmaqla məşğul olurlar. Üçüncü ölkələrdən də burada ayrı- ayrı məqsədlər həyata keçirən onlarca qurumlar var və onlar Rusiya sülhməramlılarının gözü qarşısında bunları etməkdədirlər".
“Laçın dəhlizinə birgə nəzarət məsələsi aktuallaşıb” - eks nazir
Qafar Çaxmaqlı

Q.Çaxmaqlı qeyd etdi ki, ruslar öz missiyalarının kənarına çıxırlar və gələcəkdə belə işlərin qarşısını almaq mümkün olmayacaq: “Dəfələrlə demişik ki, Rusiyanın missiyası təkcə erməniləri buraya daşıyıb onları burada tutmaq deyil, bu missiyaya həm də yerli azərbaycanlı əhalinin köçürülməsi daxildir. Keçən il mənim bir kitabım işıq üzü görmüşdü: ”Dağlı Qarabağ azərbaycanlıları". Tədqiqatlarla ortaya çıxarmışdıq ki, oranı tərk edən soydaşlarımızın sayı 50 mindən yuxarıdır. Demək, indi orada yaşayan erməni əhalidən iki dəfə çoxuq. Bizim birinci vəzifəmiz həmin əhalinin Xankəndi, Xocalı və başqa yaşayaış məskənlərinə köçürülməsidir və bu rusların missiyassının tərkib hissəsi olmalıdır. Biz rus sülhməramlıları ilə işləyib bu işi həyata keçirməliyik. Laçın koridorundan hər əlini-qolunu sallayıb keçməsi faktlarından çıxış edərək məsələ qaldırılmalıdır ki, buraya nəzarət birgə həyata keçirilsin. Yoxsa bura terrorçu düşərgəsinə çevrilə bilər. Ermənilər açıq deyirlər ki, üçüncü Qarabağ müharibəsinə hazırlaşırıq... Müharibəyə isə hazırlaşmağın müxtəlif üsulları olur. Buraya “polis qüvvələri ” adı ilə beynəlxalq terroristlər artıq toplanmağa başlayıb". Politoloq qeyd etdi ki, bunun qarşısını almaq üçün ilk növbədə Azərbaycan qanunları bütün ərazidə tətbiq edilməlidir. Azərbaycan bu ərazidə suverenliyini bərpa etmək tədbirləri görməlidir: “Ciddi bir proqram işlənib hazırlanmalıdır və Rusiyanı və Türkiyəni də bu proqrama daxil etmək lazımdır. Ruslar hələ 4 il yarım burada olacaqlar. Onlarla işimizi qurmalıyıq. Onların ermənilərdən yana burada olduqlarını dərk etməliyik və bəllidir ki, öz maraqları doğrultusunda bir çox işlər bizim əleyhimizə olacaq. Rusların ermənilərə şərait yaratması Azərbaycanın təhlükəsizliyinə təhdiddir və biz bunun qarşısını almaq üçün daha sərt tədbirlər görməliyik”.
“Laçın dəhlizinə birgə nəzarət məsələsi aktuallaşıb” - eks nazir
Elxan Şükürlü

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü isə “Yeni Müsavat”a dedi ki, Rusiya sülhməramlılarının Qarabağdakı erməni terrorçu-separatçılara qarşı sərt mövqe tutmayacaqları və bu prosesin hələ bir xeyli müddət davam edəcəyi gözlənilən idi: “Çünki ruslar Qarabağda yerləşmələrini əsaslandırmaq üçün orada erməni əhalisinin qalıb yaşamasında maraqlıdırlar. Rusların sərt münasibəti isə canına qorxu düşmüş və Qarabağdan qaçıb gedən ermənilərin kütləvi köçünə səbəb olmaqla yanaşı, Ermənistanda da Rusiyaya nifrəti gücləndirərdi. Bu isə Ermənistandakı seçkiqabağı ruslara heç gərək deyildi. Rusiya Ermənistana göstərmək istəyirdi ki, onların yeganə himayəçisi Moskvadır və Moskva olmasa, nəinki Qarabağda, ümumiyyətlə, Qafqazda erməni qalmaz. Rusiya artıq əsas istəyinə nail olub - bir müddət əvvəl Ermənistanı Rusiyadan uzaqlaşdırıb Qərbə yaxınlaşdırmağa və 102-ci bazanı ölkəsindən çıxarmağa çalışan Paşinyan hakimiyyəti artıq Ermənistanın bütün dövlət sərhədlərini belə, tam şəkildə rus hərbçilərinə təslim edib. Eyni zamanda Kremlə sadiq əsas siyasi qüvvələr, xüsusən də gələcək baş nazirliyə potensial iddiaçılar - Köçəryan, Sərkisyan və Vanetsiyan Ermənistan parlamentində yerləşdirilib. Beləliklə, Rusiya bundan sonrakı mərhələdə həm Ermənistanda, həm də Qarabağdakı hadisələri istədiyi şəkildə idarə etmək üçün ermənilərə çox ciddi hərbi-siyasi təzyiq, təsir mexanizmləri əldə edib”. E.Şükürlü qeyd etdi ki, bundan sonra Rusiya Ermənistanda və Qarabağda daha arxayın hərəkət edə biləcək: “Hazırda isə Rusiya üçün ən önəmlisi Ermənistanla Azərbaycan arasında münasibətləri Kremlin nəzarəti altında yeni mərhələyə keçirməyə nail olmaqdır. Bunun üçünsə Rusiya çalışacaq ki, 10 noyabr və 11 yanvar razılaşmalarının indiyədək yerinə yetirilməyən müddəaları yerinə yetirilsin. Çünki bu müddəaların yerinə yetirilməsi zamanı münaqişə tərəflərinin hər ikisinin Rusiyaya böyük ehtiyacı yaranacaq və yenə də Rusiya əsas söz sahibi, təhlükəsizliyi təmin edən zəmanətçi kimi çıxış edəcək”. Siyasi təhlilçinin sözlərinə görə, onsuz da hazırda sərhədlərin delimitasiya və demarkasiyası prosesində hər iki tərəf Rusiyanın verdiyi xəritələr üzrə hərəkət edirlər: “Təxminlərimə görə, gələcək sülh razılaşmasında da elə bir variant seçiləcək ki, Rusiyanın həm Ermənistana, həm də Azərbaycana təsir imkanları qorunub saxlansın. Bu baxımdan, mən gözləyirəm ki, yaxın aylarda 10 noyabr və 11 yanvar razılaşmalarının icrası sürətləndirilsin və bununla Qarabağda qalmış erməni silahlılarının ərazidən çıxarılması problemi də həll edilsin. Ermənilər yenə də süründürməçiliyə yol verərək, süni gecikmələr yaradacaqsa, Azərbaycan tərəfi Rusiyanı da məlumatlandırmaqla həmin terrorçu-separatçıların zərərsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyatların həyata keçirilməsinə başlamalıdır. Azərbaycan Silahlı Qüvvələrinin belə əməliyyatlar üçün hazırlanmış xüsusi bölmələri, qurumları var və onlar çox həvəslə, sevə-sevə bu işi yerinə yetirərlər. Əmin olun ki, bir neçə terrorçu xüsusi əməliyyatlarla ya öldürülsə, ya da həbs edilib ölkəyə gətirilsə, Qarabağda bir separatçı da qalmayacaq”.

Yazı çapa hazırlanarkən Rusiya sülhməramlılarının missiyasından kənara çıxmasında dair daha bir məlumat yayıldı. Bildirilir ki, 44 günlük Vətən müharibəsinin bitməsindən bu günə kimi daha öncə Qarabağda yaşamayan 76 ailə Xankəndinə köçürülüb. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ümumilikdə isə Qarabağda ilk dəfə yerləşdirilən ermənilərin sayı 376-dır. Təkcə ötən ay 8 erməni ailəsi (39 nəfər) Xankəndinə köçürülüb. Daha 10 ailənin isə köçürülməsinə hazırlıq getdiyi bildirilib. Qeyd edək ki, 14 noyabr 2020-ci ildən etibarən rus sülhməramlıları ümumilikdə Qarabağa 52,7 min erməni yerləşdirdiklərini açıqlamışdılar. Bir müddət öncə isə Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının məsuliyyət zonasında hələ də qalmaqda davam edən separatçı-terrorçu Araik Arutyunyan Qarabağda cəmi 35 minə qədər erməni olduğunu açıqlamışdı. Azərbaycan xüsusi xidmət orqanlarına istinadla ölkə mediası isə Qarabağda ortalama 30 min erməni məskunlaşdırıldığını elan edib.

Belə sülhməramlı olmur və bu gedişlə çətin ki, Azərbaycan sonadək bu qanunsuzluqlara sükut edəcək... Ermənilər özləri belə sülhməramlıların öz missiyasından kənara çıxdığını tirajlayır...
İstinad:Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler