“Gənclərin istefasını başa düşmürəm”- BaşqanBölmə: Siyasət
![]() Müsavat Partiyası başqanı Arif Hacılı "16 oktyabr" hadisələrinin ildönümü və partiyadakı kütləvi istefalar barədə "Qafqazinfo"ya müsahibə verib. - Arif bəy, 16 oktyabr hadisələri müxalifətin fəaliyyətinə necə təsir etdi? - 16 oktyabr hadisələri Azərbaycan tarixinin mühüm bir hadisəsidir. 21 illik dövrdə ilk dəfə Azadlıq meydanı müxalifətçilər tərəfindən alındı. Həm də seçki saxtakarlıöğına qarşı hələlik ən yüksək vüsət almış aksiya idi. Ondan sonra başlanan repressiyalar nəticəsində hakimiyyət müxalifəti tam olaraq sıradan çıxarmaq, məhv etmək xətti götürmüşdü. Düzdür, bu hadisələrdən sonra Azərbaycan müxalifətinə və cəmiyyətinə ciddi ziyan dəydi, ancaq müxalifəti tamamilə sıradan çıxartmaq mümkün olmadı. Təəssüf ki, hakimiyyət oxşar siyasəti indi də davam etdirir. 2005-ci ildə müəyyən qədər geri addım atıldı, siyasi məhbuslar buraxıldı və demokratik seçkilər vəd edildi. Amma yenə də 2005-ci ilin parlament seçkilərində saxtakarlıqlar oldu. - 2015-ci il parlament seçkilərində namizəd olacaqsızmı? - Mənim üçün özümün parlament üzvü olmağım həlledici məsələ deyil. Seçkilərin demokratik keçirilməsini, layiq olan şəxslərin seçilməsini arzulayırıq və bunun üçün çalışırıq. Hesab edirəm ki, yaxın zamanlarda ölkədə siyasi vəziyyət müsbətə doğru dəyişəcək. Bir il sonra siyasi vəziyyət indikindən fərqli olacaq. Seçkilərin nəticəsi də həmin siyasi vəziyyətdən asılı olacaq. Təəssüf ki, Azərbaycan hakimiyyətinin demokratik seçki keçirmək üçün siyasi iradəsi yoxdur. Mənim namizəd olmağım isə partiyanın ümumi qərarından asılı olacaq. Partiyanın və cəmiyyətin mənafeləri tələb edəcəksə, təbii ki, mən seçkilərdə iştirak edəcəyəm. - Partiyanın Tovuz rayon təşkilatı tam heyətlə istefa verib. - Təşkilat şöbəsinə tapşırıq vermişik, onlar bu məsələni araşdırır. Bu barədə yekunda mətbuata açıqlama veriləcək. - Sizin tərəfdarlarınız istefalarda Qubad İbadoğlunu, onun tərəfdarları isə sizi və İsa Qəmbəri günahlandırır. Sizcə, günahkar kimdir? - Mən istefalara görə təəssüfləndiyimi bildirirəm. Bunları yanlış addım hesab edirəm. Xüsusilə gənclərin istefasını başa düşmürəm, bu, məni təəccübləndirir. Çünki demokratik bir təşkilatda fəaliyyət göstərirsənsə, həyatın boyu çoxlu seçkilərdə iştirak edəcəksən. Bu seçkilərdə həmişə qalib gəlməyəcəksən. Qalib gəldiyin və məğlub olduğun seçkilər də olacaq. Bir seçkiyə görə üzvü olduğun siyasi təşkilatdan imtina etmək siyasətçi üçün uğurlu addım sayıla bilməz. Mən istefa verən adamların əksəriyyətini şəxsən tanıyıram. Onlar yetkin və müstəqil olan şəxslərdir. Düşünürəm ki, qərarlarını da özləri müstəqil olaraq veriblər. - Yəni günahkar özləridir... - Xahiş edirəm, mənim fikirlərimi dəyişdirməyin. |
|