» » Arzu Nağıyev: Ermənistan gömrük qurumunda Dağlıq Qarabağsız iştirak edirsə, bu, Azərbaycanın qələbəsidir

Arzu Nağıyev: Ermənistan gömrük qurumunda Dağlıq Qarabağsız iştirak edirsə, bu, Azərbaycanın qələbəsidir

Bölmə: Siyasət, SÖHBƏT
Arzu Nağıyev: Ermənistan gömrük qurumunda Dağlıq Qarabağsız iştirak edirsə, bu, Azərbaycanın qələbəsidir


Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev ötən həftə Minskdə təşkil olunmuş, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının iclası ilə bağlı "Region" TV-nin suallarına aydınlıq gətirib.
- Arzu müəllim, ötən həftə Minskdə MDB dövlət başçılarının növbəti görüşü keçirildi. Həmin görüşdə İlham Əliyev də iştirak edirdi. O, bu toplantıda MDB-nin öz potensialını itirmədiyini, bu potensialın davam etdiyini və MDB-nin qarşılıqlı əməkdaşlıq məkanı olduğunu qeyd etdi. Bu barədə nə deyə bilərsiniz?
- Öncə onu qeyd edim ki, Ukrayna hadisələrindən sonra bu görüşə maraq həddən artıq çox idi. Minskdə keçirilən MDB dövlət başçıları şurasının iclasına əsasən MDB üzvü olan Orta Asiya dövlətlərinin prezidentləri, Rusiya və Moldova prezidentləri qatılmışdılar. Ukrayna isə orada səfir səviyyəsində təmsil olunurdu. Məhz buna görə də maraq həddindən artıq çox idi. Eyni zamanda, Prezident İlham Əliyev öz çıxışında göstərdi ki, MDB məkanında müəyyən qeyri-müəyyənlik olmasına baxmayaraq, bu məkan lazımdır və bu məkanda müvafiq işlər görüləcəkdir.
- Prezident potensial dedikdə nəyi nəzərdə tutur?
-Müstəqil Dövlətlər Birliyi deyilən qurumun üzvləri həm də ən yaxın qonşulardır. Prezident birinci məqamda təhlükəsizlik məsələsini qeyd etdi. Unutmaq lazım deyil ki, bizim sərhədlərimizə çox yaxında müharibələr gedir və dünyanın siyasi problemlərinin həll olunması istiqamətində addımlar atılır. İkinci məqamda Prezident loqistika, nəqliyyat və daşıma məsələlərini qeyd etdi. Üçüncü məsələ cinayətkarlıqla mübarizə, narkotrafik və s. idi. Dördüncü məsələ isə humanitar forum məsələsi oldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın MDB məkanında görüləsi işləri var və bu qurumda təmsil olunmamız vacibdir.
- Sazişə imza atılan andan Ermənistanda kütləvi mitinqlər başladı. Bu məqam barədə nə deyə bilərsiniz?
- Ermənistan Prezidentinin bu gün siyasi arenada üzə çıxara biləcəyi bir məsələ var ki, o da Dağlıq Qarabağ məsələsidir. İstər hüquqi, istərsə də faktiki baxımdan da bu torpaq onlarda deyil. Bu gün də bu müqaviləyə Qarabağsız imza atılırsa, demək olar ki, bunlar həm faktiki, həm də hüquqi baxımdan Qarabağı itirmiş olurlar. Orada səfalətin başlıca mənbəyindən biri kimi Avropanın onlardan imtina etmələri ola bilər. Ona görə də saziş imzalanan andan artıq Ermənistanda kütləvi narazılıqlar, mitinqlər başlayıb. Yəni, həm avtomatik olaraq Qarabağdan imtina edirlər, həm də Avropa İttifaqından ayrı düşürlər.
- Bu tədbirdə Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbul olunması məsələsinə də baxıldı və saziş imzalandı. Ermənistanın Qarabağsız, yalnız öz sərhədləri çərçivəsində bu quruma daxil edilməsindən sonra Qarabağın aqibəti necə olacaq, Ermənistan Qarabağla gömrük və digər məsələlərdə hansı münasibətləri qurmalıdır?
- Əgər ərazi bütövlüyü baxımından bu müqavilə imzalanıbsa, Ermənistan bir dövlət kimi bu qurumun üzvünə çevrilibsə, artıq Ermənistan Dağlıq Qarabağla münasibətləri gömrük hüdudları baxımından qurmalıdır. Bu da o deməkdir ki, Dağlıq Qarabağ Ermənistanın tərkibində deyil və faktiki olaraq oradan aralanır.
- Ermənistanın birinci mərhələdəki vəziyyətini məğlubiyyət, Azərbaycanı isə qalib kimi qəbul etmək olarmı?
- Bəli, Ermənistan belə bir gömrük qurumunda Dağlıq Qarabağsız iştirak edirsə, bunu Azərbaycan üçün müharibəsiz qazanılan ən böyük qələbələrdən biri hesab etmək olar.
- Ermənistanın Avrasiya Gömrük İttifaqına qəbulu məsələsində həmin 3 üzv ölkənin o sənədi təsdiqləməli olduğu məqam diqqət çəkir. Sənədin təsdiqlənib-təsdiqlənməyəcəyi isə hələlik məlum deyil...
- Tamamilə düz vurğuladınız, bu müqavilənin imzalanması hələ onun avtomatik qüvvəyə minməsi demək deyil. Bu, ilkin bir prosedurdur ki, başa çatdı. Bundan sonra sənəd hər üç dövlətdə parlament səviyyəsində ratifikasiya olunmalıdır.
- Bu toplantını Rusiyanın qərb tərəfindən sanksiyalara məruz qalması, buna baxmayaraq, yenə də tək olmadığını sübut etməyə çalışması baxımdan necə dəyərləndirirsiniz?
- İndi bütün dünyada qloballaşma gedir. İstər ABŞ, istər Rusiya, istər Azərbaycan hansısa bir quruma üzv olmalıdırlar. Hansısa təcrid olunmuş dövlət heç bir baxımdan təklikdə dözüm gətirə bilməz. Bəli, Rusiya Qərbə və digər dövlətlərə sübut etmək istəyir ki, bizim dövlət olaraq MDB məkanında əlaqələrimiz var və biz bu qurumdan iqtisadi cəhətdən və sanksiyalara qarşı istifadə edə bilərik.
- Vladimir Putinin bütün dövlət başçılarını bir araya gətirmişkən onlara yenidən öz təkliflərini verəcəyi və ya təzyiq göstərəcəyi mümkündürmü?
- Söhbət Azərbaycandan gedirsə, ölkəmiz artıq öz sözünü deyən və artıq belə deyək, alıcı deyil, satıcı rolunda çıxış edən bir dövlətdir. Sanksiyalardan sonra Rusiyanın yenidən Azərbaycana üz tutaraq istər kənd təsərrüfatı məhsulları və digər məsələlərdə müraciət edərək müəyyən müqavilələr bağlaması göstərir ki, Azərbaycana heç bir təzyiq ola bilməz. Rusiyanın təkliflərindən biri Ermənistanın bu sazişə qoşulması idisə, bizim də bu sazişdə təklifimiz Qarabağ məsələsində nailiyyət qazanmağımız ola bilər. Buna görə də Rusiya bizə təzyiq edə bilməz. Digər ölkələr baxımından desək, Qırğızıstanın, Tacikistanın, Özbəkisanın da öz maraqları ola bilər və onlar müəyyən təzyiqlər edə bilərlər.
- Azərbaycan regionda öz siyasi-iqtisadi gücü hesabına, həm Qərblə, həm Rusiya ilə münasibətləri normal saxlayaraq bu siyasəti yeridə bilir. Bu baxımdan Azərbaycanın regiondakı önəmi haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın regiondakı önəmini istər Qərb, istər Şərq, istərsə də ABŞ qeyd edir və etməkdədir. Bu gün regionda lider dövlətə çevrilmiş Azərbaycan artıq siyasi, iqtisadi cəhətdən də öz sözünü deyə bilir. Məhz bu səbəbdən də Azərbaycan regionda atılan mühüm addımlara öz təsirini göstərməyə qadirdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler