» » Kolumbiyalı nazir Azərbaycana niyə gəlib? - Müsahibə

Kolumbiyalı nazir Azərbaycana niyə gəlib? - Müsahibə

Bölmə: Siyasət
Kolumbiyalı nazir Azərbaycana niyə gəlib? - Müsahibə
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Hikmət müəllim, Azərbaycanın son illərdə Mərkəzi və Cənubi Amerika ölkələri ilə əlaqələrini inkişaf etdirdiyi aydın şəkildə müşahidə olunur. Region ölkələri ilə ölkəmiz arasında qarşılıqlı maraqlar nədən ibarətdir?

– Azərbaycanın ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi dövlətimizin başçısı tərəfindən Xarici İşlər Nazirliyi qarşısında strateji tapşırıq kimi qoyulub. Bu tapşırıqlardan biri də Azərbaycan üçün qeyri-ənənəvi regionlarla əməkdaşlığımızın inkişaf etdirilməsidir. Bu əsnada Azərbaycanın Afrika qitəsi, Latın Amerikası, Cənub və Cənub-Şərqi Asiya və Okeaniya ölkələri ilə əlaqələri inkişaf edir.

Azərbaycanla Latın Amerikası ölkələri arasında əlaqələrin inkişafı xüsusi xarakter daşıyır. Azərbaycan bu region, yəni Mərkəzi Amerika və Latın Amerikası ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Əlaqələrimizin inkişafının müəyyən tarixi əsasları da var. Belə ki, hələ sovetlər dövründə həmin regionlardan Azərbaycanda çoxsaylı tələbələr təhsil alıblar. Onlar əlaqələrimizin humanitar əsaslarını təşkil edirlər. Bütövlükdə, Latın Amerikası regionu hal-hazırda qlobal miqyasda “Cənub-Cənub” əməkdaşlığı adlanan prosesdə çox mühüm rol oynayır və beynəlxalq siyasətdə xüsusi təsirə və rola malik bir regiondur. Bu mənada, yəni siyasi dialoq və siyasi əlaqələrin inkişafı nöqteyi-nəzərindən Azərbaycan üçün region ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı region ölkələri Azərbaycanla beynəlxalq təşkilatlarda birgə üzvlüyə malikdirlər. Biz burada BMT-nin ali orqanları da daxil olmaqla Qoşulmama Hərəkatını qeyd edə bilərik ki, Latın Amerikası ölkələrinin əksəriyyəti bu platformada təmsil olunurlar. Bu çərçivədə də ölkələrimiz arasında əməkdaşlıq inkişaf edir. Bütün bunlardan çıxış edərək Azərbaycan ikitərəfli əsasda əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Artıq region ölkələrində Azərbaycanın diplomatik təmsilçilikləri fəaliyyət göstərir. Argentina və Braziliyadakı səfirliyimizi, Uruqvay, Çili, Peru, Kolumbiya, Meksika və Kubadakı diplomatik nümayəndəliklərimizi qeyd edə bilərik. Bu səfirlik və diplomatik nümayəndəliklər Azərbaycanın həmin regionda təmsil olunmasını təmin edir. Bununla bərabər, Latın Amerikası ölkələrinin də Azərbaycanda səfirlikləri və diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Son belə nümayəndəliklərdən biri də Perunun diplomatik nümayəndəliyidir ki, artıq Azərbaycanda fəaliyyətə başlayıb.

İkitərəfli əlaqələrimiz qarşılıqlı intensiv səfərlərlə müşayiət olunur. Xarici işlər naziri Elmar Məmmədyarovun may ayında Kolumbiya və Kosta-Rikaya səfəri həyata keçirildi. İndi Kolumbiyanın xarici işlər naziri Azərbaycanda səfərdədir. İkitərəfli əlaqələrimizdə siyasi dialoqla bərabər iqtisadi-ticarət əlaqələrinin inkişafı da qarşımızda duran prioritet vəzifələrdən biridir. Bildiyiniz kimi dövlətimizin başçısı tərəfindən belə bir tapşırıqlar qoyulub ki, Azərbaycanda istehsal olunan məhsulların, mal və xidmətlərin qeyri-ənənəvi, yeni bazarlara çıxarılması təmin olunsun. Hesab edirik ki, Latın Amerikası regionu bu mənada da özünün böyük potensialı olan, mühüm əhəmiyyətə malik regiondur.

Siyasi əlaqələrimizə gəldikdə isə Latın Amerikası ölkələri Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də bu prinsiplər əsasında həllinə çox ciddi dəstək verirlər. Onu da nəzərə almaq lazımdır ki, Xocalı soyqırımı ilə əlaqədar qəbul edilmiş qətnamələr də ilk dövrlərdə elə Latın Amerikası ölkələrinin parlamentlərində, o cümlədən Kolumbiya və Meksika parlamentində qəbul edilib. Bu ölkələrin parlamentində Xocalı faciəsinin məhz soyqırımı, insanlıq əleyhinə cinayət aktı olması barədə qətnamələr qəbul olunub.

Məhz sadaladığım məqamlar sayəsində Latın Amerikası ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün böyük bir potensial yaranıb və Latın Amerikası ölkələri də Azərbaycanı Avrasiya materikində yeni bazarlara çıxış üçün çox mühüm tərəfdaş və lojistik mərkəz kimi qəbul edirlər. Buna görə Latın Amerikası ölkələri tərəfindən də ölkəmizlə hərtərəfli əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verilir. Qarşılıqlı səfərlər də bunun bariz nümunəsidir. Hesab edirik ki, qarşıdakı dövr ərzində əlaqələrimizin hərtərəfli inkişafı üçün daha böyük perspektivlər açılacaq.

– Qeyd etdiyiniz kimi, Xarici İşlər naziri Elmar Məmmədyarovun mayın sonlarında Kolumbiya və Kosta-Rikaya səfəri gerçəkləşdirildi. Bu səfərdən cəmi iki həftə sonra Kolumbiya xarici işlər nazirinin Azərbaycana səfər etməsi hansı zərurətdən yarandı?

– Bəli, Xarici İşlər naziri Elmar Məmmədyarovun Kolumbiyaya səfəri əsnasında çox genişmiqyaslı görüşlər keçirildi, turizm və mədəniyyət sahəsində əməkdaşlığa dair sazişlər imzalandı. İqtisadi-ticarət və turizm əlaqələrinin inkişaf etdirilməsi üçün bir sıra məsələlər geniş müzakirə obyekti oldu. Həmin məsələlərin konkret müstəviyə keçirilməsi və onların daha da inkişaf etdirilməsi məqsədilə tərəflər arasında dialoqlar və təmaslar davam etdirilir. Bundan çıxış edərək Kolumbiyanın xarici işlər naziri Azərbaycana səfər edib. Bu səfər zamanı onun ölkəmizin yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. O, Xarici İşlər naziri Elmar Məmmədyarovla da görüşəcək. Bu görüşlər zamanı nazirlərin siyasi, iqtisadi-ticarət və mədəni əlaqələrin, həmçinin hüquqi bazanın inkişaf etdirilməsi kimi məsələləri müzakirə etmələri nəzərdə tutulub. Bununla bərabər, kolumbiyalı nazirin regionlara, bu əsnada Kürdəmir, Göyçay, Qəbələ, İsmayıllı, Şəki kimi rayonlara səfərləri nəzərdə tutulub. Burada da məqsəd həmin regionların iqtisadi-ticarət potensialı ilə daha yaxından tanış olmaqdır. Digər məqsəd nəticə etibarilə Kolumbiya və Azərbaycan iş adamları arasında birgə təmaslar yaratmaq və Kolumbiya istehsalçıları üçün Azərbaycanda yeni bazarlar müəyyən etmək, Azərbaycan istehsalçılarının mal və məhsullarının da Kolumbiya bazarına çıxarılması üçün konkret məsələlərə yerindəcə baxmaq, tanış olmaqdır. Hesab edirik ki, bu mənada səfər mühüm əhəmiyyət kəsb edir. Xarici İşlər naziri Elmar Məmmədyarovun Kolumbiyaya səfəri ilə bu səfərlər qarşılıqlı surətdə biri digərini tamamlayır. Belə intensiv şəkildə səfərlərin həyata keçirilməsi ölkələrimiz arasındakı siyasi əlaqələrin mükəmməl səviyyədə olmasının növbəti göstəricisidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler